Qalmır düşmən izi bərədə, bənddə,
O əsgər bərəyə, bəndə yol çəkir,
Bir ana gözləri yol çəkir kənddə
Bir şəhid arzusu kəndə yol çəkir.
.
Özü gedən yollar daşlı-kəsəkli,
Qan seli üstündən körpü də yoxdu.
Qalxdığı zirvələr çənli-çisəkli,
Axı hamar yollar hərbidə yoxdu.
.
Onun baxışıyla çəkilir duman,
Onun atəşiylə gecə nurlanır.
Onun addımıyla dəyişir zaman,
Çəkməsi altında yol hamarlanır.
.
Özü əzəl gündən haq yolçusudu,
Ucalır yolları Tanrıya doğru.
Onun son diləyi yol arzusudu,
Üzündə təbəssüm oynadır ağrı.
.
Şirin gülüşləri, nurlu bənizi,
Silir dərd yolunu, aman yolunu.
Axırda göylərdə görünür izi,
Tapır süd yolunu, Saman yolunu.
.
Qalmır yağı ləpri bərədə, bənddə,
O Gizir bərəyə, bəndə yol çəkir.
Bir ana gözləri yol çəkir kənddə,
Bir şəhid arzusu kəndə yol çəkir
..
22 sentyabr 2023-cü il
Yazıya 2875 dəfə baxılıb