Fərid İbrahimli – Fikir (tək şeir)

fərid ibrahimliBəzən ona dost, bəzən düşmən fikir

Bəzən keçmişə yol alır, bəzən gələcəyə,
Keçmişdə axtarır,
itirdiklərini, qədrini bilmədiklərini.
Sorğulayır,
ağlını, zamanı, yaddaşını,
Bəzən ona dost, bəzən düşmən fikir.

Gələcəyə gedir,
bir ümidlə, pənahla,
Orda özünə isti yuva qurur,
Sadə, rahat, səssiz.
meşənin kənarında, dağın yamacında,
Elə bir yuva olsun,
Unutsun hər şeyi,
dostu, düşməni, sevgisini.
Uzansın,
yağışın döyəclədiyi pəncərəsinin altında.
Bəzən ona dost, bəzən düşmən fikir,
Aparsın onu uzaqlara.

Əl götürsün dünyadan,
Düşünsün yerdən, göydən,
Görmədiyi, getmədiyi yerlərdən,
Aşsın məkanın, zamanın sərhədlərini.

Külək olsun fikirləri,
Qarı nənənin yundan yumağı kimi
Diyirləsin bu ulduzdan, o ulduza,
Əl götürsün dünyadan,
lap yunan filosofu kimi,
Dionisin özü kimi.

Gecədən xeyli keçənə qədər,
Seyr edə bilsin ulduzları,
Dinləyə bilsin səssizliyi,
musiqi olsun qulağında,
Meşənin dərin sükutu.

Dəniz sahili uzaqda olmasın,
Əlində bir radio,
Gəlsin dənizin sahilinə,
Dinləsin ləpələrin qeybətini,
Dalğalı dənizin səsi gəlsin radioda,
Alsın onu, götürsün onu
uzaqlara,
Qonaq olduğu  evlərə, ürəklərə,
Çatsın fikri kamına,
həsrətlə sevgilisini gözləyən qızın yatağına.
Bir ruh olsun, bir külək olsun,
Duymasın onu, görməsin onu,
Şahidi olsun onun intizarının, həyəcanının,
Çatsın fikri kamına.

Bəzən ona dost, bəzən düşmən fikir,
Ümid verir ona, yaşamağa  çağırır,
Bəzən də tərk edir onu,
Tək qoyur həqiqətlə baş-başa.
O qorxur həqiqəti görməkdən,
Görsə həqiqəti,
kasıb, nimdaş evini,
xalçada şəkilləri asılmış,
anasını, atasını,
Görəcək…
Cehizlik donu hələ əynində olan,
Sevgisini görəcək.
Görəsən o xoşbəxtdir, ya bədbəxt?
Cəsarət etsinmi, soruşsunmu?
Fikir çatdı köməyinə,
Xatırladı o günləri,
Xatırladı sevib-seçdiyi günləri,
Bir də qurduqları xəyalları.

Bəzən ona dost, bəzən düşmən fikir.
Düşmənə çevrildi elə bu an,
Hiylələr qurdu keçmişin yaddaşından.
Xatırladı toy gününü,
Sınmışdı gəlinin güzgüsü,
Qırmızı lent bağlamış üstünə,
Könlünü  almışdılar  güzgünün.
İndi o necə soruşsun?
Xoşbəxtsənmi, bədbəxtsənmi!?
Necə sınasın güzgünün qəzəbini?
Yaxşısı  budur,
Yenə  qayıtsın dəniz sahilinə,
Yenə qayıtsın meşədəki evinə,
Tək olsun bu həyatda,
Kimsəsiz olsun,
fikirlərin qucağında.
Aldatsın fikirlər onu,
Hərdən qayğısız uşaq,
Hərdən qocaman filosof etsin,
Sorğulasın ağlını, zamanı,  yaddaşını,
Bəzən ona dost, bəzən düşmən fikir.

Yazıya 65 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.