Bir ağac itirir bağımız hər gün.
Kimlər uzaq olur gör aramızdan,
Çoxalır ağrımız-acımız hər gün.
Elə dağlar görür sinəmiz, elə –
Nə yaman seyrəlir sıramız belə…
.
Dostların əzizdən əzizi gedir,
Adamın yaşamaq həvəsi qalmır.
Safdan saf, təmizdən təmizi gedir,
Nəsiri, Vurğunu, Ramizi hanı…
Hansı-birisini gətirim dilə –
Sıramız nə yaman seyrəlir belə…
.
Dərd yeyib, içindən söküləni var,
Payız yarpağıtək saralıb düşür.
Bir göz qırpımında verilir “qərar”,
Qəfil, özündən də aralı düşür…
Qopur kirpiyindən sonuncu gilə,
Sıramız nə yaman seyrəlir belə…
.
Yolu açıqlardır – əl-qolu bağlı,
Yol bağlı, əl açıq olaydı təki…
Kim bilir… bəlkə də Dəmirçioğlu,
Yenə dostlarının rəsmini çəkir.
Heç belə fürsəti düşməsin ələ,
Sıramız nə yaman seyrəlir belə…
.
Ölənlə ölmürük… ömür tükənir,
Tarıma çəkilir səbrlərimiz…
Hərəsi bir məktub dalınca gedir,
Gedir aramızdan Sabirlərimiz.
Asan işimiz də dönür müşkülə,
Sıramız nə yaman seyrəlir belə…
.
Hanı bir qocaya, cavana baxan,
Sayan yox dualı tövbəmizi də.
Qınayan olmasın bizi bir daha,
Tanrı özü pozur növbəmizi də.
Açıb deyəmmirəm çoxunu hələ,
Sıramız nə yaman seyrəlir belə…
.
Nə ola… dilini bağlayan ola, –
Yamanca qalmışıq fələk ağzında.
Bizi diri-diri ağlayan ola…
Azər də yoxdu ki… qara sazında
Çəkə həzin-həzin mizrabı telə,
Sıramız nə yaman seyrəlir belə…
.
Seyrəlir beləcə, sıramız hər gün,
Sıxlaşan yenə də məzarlar olur.
Sızlayır beləcə, yaramız hər gün,
Qalansa… gileylər-güzarlar olur:
Ya həyat oyundur,
ya zaman tələ,
Nə yaman seyrəlir sıramız belə…
25.12.23
Yazıya 75 dəfə baxılıb