44 günlük zəfər tariximizin qəhrəman şəhidi Pencalı Hüseynov

huseynov pencali(2)Ayağımızı torpağa rahatlıqla basırıq, havanı ciyərlərimizə ürəklə çəkirik, hər yerdə ucadan və qürurla söyləyirik: Mən Azərbaycandanam! Düşməni atəşiylə yandıran od ürəkli Azərbaycandan! Tarixi qalaları, kökü eramızdan əvvələ çatan, budaqları dünyaya yayılan Azərbaycandan! Əsrlərlə təzyiqlərə, təcavüzlərə məruz qalsa da, külündən doğulan, Cavanşirin, Babəkin, Mübarizin, Poladın qılıncından sıyrılan Azərbaycandan! Dara düşəndə bir olan, pir olan Azərbaycandan! Torpağı qanıyla qarışdırıb vətən edən oğulların məkanı Azərbaycandan! O oğulları – Şəhidlərimizi, Qazilərimizi, sinəsini düşmən gülləsinə sipər etməkdən çəkinməyənləri göz bəbəyi sanan, sevən, unutmayan Azərbaycandan.

13 aprel 2024-cü il tarixində 44 günlük zəfər tariximizin şir ürəkli, od baxışlı qəhrəmanı – Şəhid Pencalı Hüseynovun müqəddəsləşən, pirləşən ocağında qonaq olduq. Bizim ziyarətimizin vasitəçisi kənd-kənd, oba-oba dolaşan, Şəhid və Qazi ailələrinə maddi və mənəvi dəstək olan, Şəhid və Qazi övladlarının mənəvi babası, Tovuz rayonunun Qandallar kəndindən olan, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini, Respublika Aiditorlar Palatasının Ağsaqqallar Şurasının sədri Çingiz Abbasov idi. Biz Pencalı Hüseynovun ocağına – Neftçala rayonunun Qaralı kəndinə çatanda qəhrəmanımızın başqa ziyarətçiləri də var idi – Dövlətimiz tərəfindən inşa edilən evdə Qaralar kəndinin Icra nümayəndəliyinin və Bələdiyyə orqanının rəsmiləri… Onları görəndə qürurumuz birə-beş artdı, sadə xalqla yanaşı, dövlətimizin də daim Şəhid və Qazi ailələrinin üzərindəki qayğısı bizi sevindirdi.

Qonaqlar Azərbaycan Vətən Müharibəsi dönəmində ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna ehtiram və sayğılarını bildirdilər, Şəhidimizin atası Bəhmən Hüseynova Pencalı kimi oğul boya-başa çatdırdığına görə təşəkkür etdilər. Respublikanın Əməkdar artisti Ağalar Bayramovun vətənpərvərlik ruhundan doğan çıxışı, qəhrəmanlarımızın şərəfli ömür və döyüş yoluna həsr edilmiş epik nümunələri səsləndirməsi ailənin və ziyarətçilərin könlüncə oldu.

Biz bu gün Azərbaycan səmasında azad ruhlu bir Simurqu – Pencəli Bəhmən oğlu Hüseynovu daha yaxından tanıdıq. Baş tacımız 7 may 2001-ci ildə Neftçala rayonunun Qaralı kəndində anadan olub.  2007-ci ildə Qaralı kənd məktəbində 1-ci sinfə gedib.  Orta məktəbi bitirəndən sonra 02 iyul 2019-cu il tarixində Neftçala RHK-dan hərbi xidmətə yollanıb. Xidməti müddətində fəal, qorxmaz və intizamlı olması ilə komandir və zabitlərin rəğbətini qazanıb. Pencalının təlimlərdə və hərbi hissənin tərkibində göstərdiyi davranışına görə ailəsinə 2 dəfə (26.06.2020 və 12.09.2020-ci il tarixlərində) təşəkkür məktubu göndərilib.

2020-ci ilin avqustunda türklərlə olan təlimlərdə snayperçi olaraq göstərdiyi nəticəyə görə yenidən hərbi xidmətə dəvət alıb. 26 sentyabr 2020-ci ildə Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı cəbhə bölgəsində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat bölümündə snayperçi olaraq iştirak edib. Ovu gözündən vuran snayperçimiz Murovdağ və Kəlbəcərin azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. 28 sentyabr tarixində Murovdağ istiqamətindəki döyüşdə qəhrəmancasına vuruşaraq həlak olub və oktyabrın 2-də Neftçala rayonunun Qaralı kəndində dəfn olunub.

Pencalı Hüseynovdan sonraya azad vətəni, müzəffər xalqı və qanıyla qazandığı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə verilmiş təltifləri – “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni qaldı…

Başın sağ olsun, Vətən!

WhatsApp Image 2024-04-24 at 09.27.18 (2)WhatsApp Image 2024-04-24 at 09.27.18 (1)

437529042_974670194065925_7839886050358500603_n

WhatsApp Image 2024-04-24 at 09.27.19

WhatsApp Image 2024-04-24 at 09.27.18kultur.az

Yazıya 23 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.