44 MÜQƏDDƏS RƏQƏMDİR, DOSTUM!

425279971_3776080312678602_2992492093031290673_njpg-1708446257(44 illik dostum, eloğlum Rəfail İncəyurdun 70 illik yubileyinə ürək sözlərim…)

 Rəfail İncəyurdu düz 44 ildir ki, tanıyıram. 44 müqəddəs rəqəmdir, düşərli rəqəmdir. 44 gün ərzində Azərbaycan ordusu 30 ildir ki, istehkamlar quran, yan-yörəsindəki xainlərin hesabına ordusunu gücləndirməyə çalışan düşməni yerlə-yeksan etdi. Elə bu 44 rəqəminin qutsallığıyla yola çıxaraq Rəfailə yubiley təbriki yazıram və arzu edirəm ki, əziz dostuma da bu yeni sini, yeni dönəmi qutsal, düşərli olsun!

Söz vədəsinə çəkər, 1980-ci ilin allı-güllü bahar çağıydı. Təbiətin qanının qaynadığı kimi bizim də qanımızın coşan vaxtıydı. Dostum Daşdəmir Musazadə ilə birlikdə şair Vəlinin evinə xəngəl qonaqlığına getmişdik. Getdik ki, söz adamları – İslam Turkay, Vəli Xramçaylı,  Qərbi Azərbaycandan gələn rəhmətlik Yavər və bir neçə başqa dost bizdən qabaq masa ətrafına toplaşıblar. Bilirsiniz ki, söz məclisi sazsız olsa, duzsuz olar. Sazımız da əskik deyildi. Masada Qazax mətbəxinə yaraşan, Qazağın üzünü ağ edən xəngəl, gözlərdə coşqu, hərarət var idi. O gecə səhərə qədər davam edən şeir məclisində Qazax rayonunun Kəmərli kəndində doğulub-boya başa çatan eloğlum Rəfailin odlu-alovlu şeirləri alqışlarla qarşılanırdı, məni isə sözün həqiqi mənasında heyrətləndirirdi. Onun şeirləri ilə gec tanış olduğuma görə özümü qınayırdım. Əslində gec də deyildi, onda Rəfail Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini cəmi 3-4 il idi bitirmişdi və müəllim işləyirdi.

Sonralar biz tez-tez görüşməyə, xeyrimizdə-şərimizdə bir-birimizi axtarmağa başladıq. Rəfailin səsi müxtəlif yerlərdən gəlirdi, əvvəl Azərbaycan Dövlət Universiteti Hesablama Mərkəzində proqramçı işlədi, sonralar redaktor müavini, redaktor, “Müəllim nəşriyyatı”nda redaktor, Bakı Dövlət Universiteti nəşriyyatında kompüter proqramçısı, Odlar Yurdu və Diplomat nəşriyyatlarında baş redaktor və s. vəzifələrdə çalışdı. Ən maraqlısı da o idi ki, fizika-riyaziyyata dərindən bələd olan dostum daha çox ədəbiyyatla məşğul olurdu. Onun şeirlərini mətbuatda tez-tez görür, fəxrlə “Rəfail mənim dostum, eloğlumdur” – deyirdim.

Son illərdə onunla canlı ünsiyyətim az-az olsa da, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin təsis etdiyi qəzetlərdə, kitablarda, jurnallarda tez-tez rastlaşırıq. Rəfail İncəyurd el sənətkarlarımız, şairlər, aşıqlar, yaradıcı gənclər haqqında yazdığı dəyərli fikirləri ilə qəzet və dərgilərimizin səhifələrini bəzəyir.

Əziz dostum, eloğlum Rəfail!

Sənin qutsal insan, qutsal dost olduğunu bilirdim. Adının çəkildiyi yerin də qutsallığına inandım. Hal-hazırda bu təbriki sənə müqəddəs torpaqlarımızdan – Qarabağdan yazıram. Burnuma rəşadətli oğulların – Şəhidlərimizin, Qazilərimizin qanı qarışan torpağın ətri gəldikcə duyğulanır, kövrəlirəm. Ayaqlarımı yerə basmaqdan çəkinsəm də, ayaqda qürurla dururam. Bilirəm ki, ulduzları bərq vuran səmaya boylananda torpağını azad edən, Qarabağ səmasında ulduz-ulduz parlayan oğullarımızın nurlu-işıqlı gözlərini görəcəm. Ürəyim qürurla dolur, bu dəfə də sevincdən kövrəlirəm…

Əziz dostum!

Şeirə, sənətə, folklora bağlı birisi olsam da, təəssüflə bildirim ki, qiraətçilikdən uzağam. Oturduğum məclislərdə, iştirak etdiyim tədbirlərdə həmişə sənin yaradıcılığını yada salır, aşıqlardan, qiraətçi dostlardan şeirlərindən səsləndirmələrini xahiş edirəm. Sənin ən çox sevdiyim, əzbərimdə olan, söz məclislərinin şahı bir şeirinlə bu mübarək ilini təbrik edirəm! Arzum budur ki, bundan sonra yazacağın şeirlər də 44 il əvvəlki kimi odlu-alovlu, sevgi dolu olsun!

 

Hər zaman açıqdı Haqqın qapısı,

Eşq ilə döysən də, döyəmməsən də.

Hökmü bir ayrıdı sözün, qadası,

Gerçəyi desən də, deyəmməsən də.

 

Yarar gur selləri, qarı, yağışı,

Aşar sıldırımı, çıxar yoxuşu…

Allahın gözündə yaxşıdı yaxşı

Sən onu öysən də, öyəmməsən də.

 

Ya döşən daş üstə, ya şumda tərlə,

Ya başlar başı ol, ya başı girlə.

Yanaşı dayanır sevinc kədərlə,

Mizanı əysən də, əyəmməsən də.

 

Hər işi vaxtında görəsən gərək,

Əməlin gülsün ki, güləsən, gülək.

Onsuz da key başa döşəyir fələk,

Axırda döysən də, döyəmməsən də.

 

Nə gözlər yumulur, nə susur dillər,

Hər yaşa ayrıca güzgüdü illər.

Sonuncu libası geydirir ellər,

Vaxtında geysən də, geyəmməsən də.

 

İncəyurd, əyilmə fəna dərdinə,

Sevinci ara sən, uyma hər dinə.

Ömür bir dəfədi, dünya bir dənə

Sevib bəyənsən də, bəyəmməsən də!..

 

 WhatsApp Image 2024-04-24 at 10.28.32 (1) WhatsApp Image 2024-04-24 at 10.28.32 WhatsApp Image 2024-04-24 at 10.28.33 (1) WhatsApp Image 2024-04-24 at 10.28.33Çingiz Abbasov, Azərbaycan Auditorlar Palatası Ağsaqqallar Şurasının sədri, “Tərəqqi” medallı auditor, “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini

Yazıya 36 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.