Cavidan — Lənkəranda Novruz adətləri

21032014 lenkeran  Lənkəranda Novruz adətlərini  Lent.az-a Cavidan yazır… 

Nənələr belə deyərdilər:
«O vaxtlar bir hökmdar buralarda baharın gəlişi şərəfinə nemət xonçası yarışı elan edir, adamlar da min-bir nemətlə dolu xonçalarını onun pişvazına aparırlar. Evində yeməyə çörəyi olmayan bir kişi isə bütün günü əzab çəkir ki, hökmdarın qarşısına aparmaq üçün heç nəyi yoxdur. Kişinin ağıllı arvadı bir boş məcməyinin üstünə bir tirmə şal ataraq, onu zorla evdən saray meydanına yollayır: “Əsas olan sənin özünün gözə görünməyindir, orada minlərlə adam olacaq, kimdir bütün xonçaların içini yoxlayan? Özünü elə apar ki, guya elə ən dolu xonça səninkidir, yeri-göyü yaradan özü bilir ki, ürəyin təmizdir, səni pis vəziyyətdə saxlamaz».
Kişi, sayı bilinməyən xonçalı adamların arasında ürəyini yeyə-yeyə dua edirmiş ki, onun boş gəlməsini kimsə anlamasın. Elə bu vaxt hökmdar o qədər adamın içində məhz onu öz hüzuruna çağırır. «Aç görüm, mənə nə gətirmisən» – deyir. Kişi öz üstündə ölür, o dünyanı görüb qayıdanda isə hökmdarın səsi bir daha gurlayır: «Aç xonçanı!» Kişi ölümünü və rüsvayçılığını gözünə alıb, tirmə şalı məcməyinin üzərindən çəkir və… Və onun xonçasında yeddi cür bir-birindən gözəl, dadı, ətri və görünüşü ilə hamını valeh edən nemət görünür. Hökmdar üstü-başından kasıblıq yağan kişinin onun qarşısına bu qədər hörmətlə yanaşmasına dəyər olaraq, onu var-dövlət və torpaqla mükafatlandırır, “Adın nədir sənin?” soruşanda, bayaqdan səssizcə ağlayan kişi bircə kəlmə «Novruz» deyə bilir. Hökmdar bu günün bundan sonra Novruz bayramı kimi qeyd edilməsini, hər il bütün evlərdə Novruzun xonçası kimi süfrələr açılmasını əmr edir…

Novruz xonçasına qədər qadınlar
Novruza hazırlıq işləri 8 mart beynəlxalq qadınlar bayramından həmən sonra başlanır.
Martın doqquzundan etibarən evlərdə, həyətlərdə hərtərəfli genişmiqyaslı təmizlik və abadlıq işlərinə start verilir. El arasında bu dövrə «arvadların dəli olan vaxtı» deyilir zarafatla. Kişilər isə, əlbəttə ki, evdən ən çox məhz bu gülərdə perik düşməyə başlayırlar, evdə olduqları zaman isə ya başlarını aşağı salıb susur, ya da narazılıqlarını mütləq bir formada bildirirlər. Sökülmüş pərdələr, yığışdırılmış xalçalar, içi-üstü boşaldılmış mebellər, günə verilən, çırpılan yorğan-döşək dəstləri, evdəki qadın qisminə aid üzvlərin üst-başından fəhləlik yağması və adətən bütün bunların fonunda yola verilən nahar, şam yeməkləri kişiləri də dəli edir.

Bəs kişilərin payına nə düşür?
İlk növbədə bahar təmizliklərinə baş vurmuş qadınları anlamaq, onların zəhmətlərini dəyərləndirmək və əlbəttə ki, bütün maddi ağırlığı öz üzərinə çəkmək, ilin ən böyük bazarlığına hazır dayanmaq.
İnsafən, indi qlobal kompüterləşmə kişilərin Novruzofobiyasını qismən yüngülləşdirib. Əvvəlki illərdə uzağı çayxanalara yığışıb futbol və ya film izləyən, hay-küylə ölkə və dünya siyasətini müzakirə edən, yeməyə pulu çatarsa, xaşdan-kababdan yeyə bilən, çatmazsa, gəlib altı üstünə çevrilmiş evdə vaxtında hazır olmamış yeməyə görə əsəbiləşən kişilər indi facebookda, odnoklassnikdə vaxtlarını rahat və sakit şəkildə öldürmək imkanı qazanıblar, vaxtla birlikdə isə stress və aqressiyaları da sönmüş olur, təbii ki. Bundan başqa, kafelərin, dönərxanaların, ayaqüstü yemək yerlərinin demək olar ki, hər addımda olması da qadınların xeyrinə işləyir.
Əlbəttə, ağır günlərin sonunda skype ilə yad ellərdəki qohum-əqrabanı aramaq, onlarla bayram hazırlıqlarını müzakirə etmək keyfi var bir də…

Məktəblər bayramdan qabaq
Novruz bayramına düşən tətil günlərindən qabaq məktəblərdə də bir ajiotaj yaşanmağa başlayır. Bayram tədbiri üçün hazırlanan mədəni-kütləvi proqramlardan başqa, müəllimlərin, valideynlərin, şagirdlərin birgə təşəbbüsü ilə siniflərdə məxsusi bayram təmizliyi günü ayrılır, oğlanlar partaları, stulları yerbəyer edir, qızlar silir, süpürür, bəzəyir…
Bir də gözəl bir ənənə var məktəblərimizdə: Valideynlər Novruz payları ayırırlar, uşaqlar onları məktəbə gətirirlər, müəllimlər isə siniflər adından bir yerə toplayırlar və bu paylar xonçalar şəklində hazırlanaraq, hərbi hissələrə, əsgərlərimiz üçün göndərilir.

Atalar belə deyərdilər:
«Əvvəllər dərviş kimi tək-tək, cüt-cüt «bahar-əhməd»lər dolaşardılar kəndləri, onlar hər həyətə girər, hər evin qonağı olar, qəzəllər deyər, Novruza hazırlaşan ev sahiblərindən pay-puş alar, xeyir-dua verərdilər. Saçlı-saqqallı, adətən bu yerlərdən olmayan adamlar olardı onlar, Sovetlərdən qabaq daha çox görünsələr də, Sovetlər dövrünün səksəninci illərinədək də onları görən, tanıyan, xatırlayan çoxları var. Gecələr «bahar-əhməd»lərin gəldiyi evə axışarmış məhəllə sakinləri, başqa ellərdən olan xəbərləri, başqa xalqlar haqqında rəvayət və hədisləri onlardan dinləyərmişlər. Hündür boyları, gur, gözəl, ürəyə axan səsləri varmış, həyətlərə girib, evlərin qarşısında əsalarına söykənərək, oxuyarmışlar: “Gəl, gəl ey mən həsrətəm bir sənə, Novruz bayramı, Bahar Aməd, Bahar Aməd, Xoş Aməd, Sizin bu təzə bayramınız mübarək!»
El arasında da elə bu «Aməd» sözü «Əhməd» kimi tanınıb qəbul edilibmiş.
Daha o «Bahar-əhməd»lər yoxdur, çoxdan tarixə çevriliblər»…

Bir də var «Kosa-gəlin»lər
Bəli, bir də var «kosa-gəlin»lər. Onlar adətən, əhalinin kasıb təbəqələrinə məxsus ailələrdən olan yeniyetmələrdir və qadın paltarları geyinib, yaylıq bağlayıb, üzlərini gizli saxlayaraq, qaranlıq düşəndən gecəyə kimi ətraf kəndlərin həyətlərini gəzir, onlara verilən xırda pulları ( hal-hazırda bir manat civarında) toplayıb, sonra öz aralarında bölərək, analarına təhvil verirlər, anaları da təbii ki, bu pulları qarşıdakı bayram xonçası üçün xərcləməyə ayırır.
«Kosa-gəlin»lər adətən baraban, tütək, bəzən qarmon əlavəsiylə çıxırlar gəzməyə, demək olar ki, heç vaxt da bəlli bir melodiya ifa etmirlər, sadəcə baraban döyüb, tütək üfürməklə yaratdıqları qarışıq ritmin altında elə qarışıq hərəkətli rəqslərini də edirlər və iş bitir.
Bəzən bir-birinə yad kəndlərin «kosa-gəlin»ləri arasında davalar düşə bilir, bəzən tanımadıqları kəndlərdə döyülmək, qovulmaq, talan edilmək qismətləri də ola bilir.
Bəzən isə həqiqi musiqi alətləri ilə əsl rəqs havaları ifa etməyi bacaran ortayaşlı kişilər özlərinin əylənməsi xətrinə tanışlarının evlərinə «kosa-gəlin» kimi gedir, əsl bayram ab-havası yaradırlar.

Bayram bazarı və balıq
Adətən, Novruz bayramı ərəfəsində bazar özünün bolluğu, rəngarəngliyi və eyni zamanda bahalığı ilə seçilir.
Xüsusən də ziyad balığı başqa vaxtlarda olduğundan qat-qat baha satılmağa başlayır.
Lənkəranda inanırlar ki, İlaxır çərşənbə süfrəsində mütləq balıq olmalıdır və bu balıq mütləq ziyad olmalıdır. «İlaxır çərşənbədə külmə yeyən il boyu küllənər (toyuq kimi yem gəzərək), çəki yeyən il boyu çəkər (zülm, əziyyət), ziyad yeyən ziyadə olar, artar, çoxalar (ruzisi)» deyə inanırlar lənkəranlılar.
Burada ortabab bayram balığının altmış manat civarında satıldığı günlər də olub.
Və İlaxır çərşənbənin ertəsi günü bazarda balığın qiyməti qəfil də düşərək, minimuma enir.
İnsafən, bu il balıq bazarında ucuzluq və bolluq müşahidə olunurdu, üç ortabab balığı on manata satanlar belə vardı, iki böyük balığı doqquz manata deyənlər də.
Bundan əlavə, son illərdə bazarda bayram süfrəsi üçün qırmızı xırda akvarium balığı satmaq da dəb düşüb, İlaxır çərşənbəsini ziyad balığı nuş edə-edə, səməninin yanındakı şüşə qabda üzən diri balığa baxmağı sevənlər də az deyil.
Balıq, göyərti, çərəz, şirniyyat, unla bərabər, geyim bazarı da bayram ərəfəsində xüsusi olaraq canlanır.
Evdə hər kəsin əyin-başı yenilənməlidir deyə, hamı təzə paltar almağa çıxır.
Qızıl dükanları da bu ərəfədə daha çox müştəri görmüş olur, çünki bütün nişanlı qızlar üçün oğlan evləri tərəfindən ağzında qızıl üzük olan içi ləvəngili ziyad balığı xonçası getməlidir, yanında da təzə geyimlər, şirniyyatlar olan xonçalar.
Un satışı məntəqələri daha həvəslə işləyirlər, çünki başqa vaxtlarda özü çörək bişirməyə ərinib, təndir çörəyini də, zavod çörəyini də hazır alan adamlar belə, Novruz bayramı üçün mütləq evlərinə un kisəsi alıb aparırlar, bütün evlərdə bayram şirniyyatları bişməlidir deyə.
«Evdən iy çıxartmaq» kimi bir ifadələri var lənkəranlıların, hər evdən görünməli işıq kimi, hər evdən gəlməli olan kişi səsi kimi, bu iy məsələsi də çox vacibdir, nəslin dünyasını dəyişmiş üzvlərinin ruhları üçün nəzərdə tutulur, bu ruhların bir qidası da evlərində bişmiş nemətlərin qoxusudur mütləq, deyə inanılır.
Qovurğa, balıq, plov, çörək, səbzi qoxusu kimi…

Ləvəngi balıq, bişi, şirin qoğal, qənd külçə, tərə, sirkəli şərbət
Lənkəranın Novruz yeməkləri fərqli olur.
Balıq mütləq kürülü olmalıdır, bu kürü ləvəngi və xırda doğranmış cincəfil adlı spesifik ətirli otla qarışdırılır, içi təmizlənmiş balığın qarnına yığılır, sapla tikilir, tavada aypara şəklində, qarnı yuxarıya saxlanaraq ( bunun üçün balığın burnu ilə quyruğunu müəyyən məsafədə sapla saxlayırlar) ya sobada, ya da təndirdə bişirilir.
Bayram süfrəsinə əksərən, ev sahibəsinin qızıl üzüyü ağzında olaraq verilir.
Bişi əsasən yeddi qat üst-üstə yağlanaraq yığılmış nazik yuxaların bir barmaq enliyində zolaqlarla kəsilib, bu zolaqların dairəvi yığılmasından və əl içi ilə yastılanmasından alınan kökədir, bu kökələri qaynar yağda bişirib, soyuq şirəyə salır, sonra şəkər tozu səpirlər.
Qoğal – Lənkəranda içi şirin olaraq bişirilir. Yağ, un, şəkər tozu qatışığından olur.
Qənd külçə adlı nar formasında bişirilən lənkəransayağı bayram kökəsinin digər adı Partdamadır. İçi tam ovulmuş qənd tozu, yağ və un qarışığından hazırlanır, bişərkən ortasından partlayır və elə nar formasını da bu partlamış ahlı ilə alır.
Tərə – olan yerdə yazın ilk ərəfəsində bitən yeməli otlardan, olmayan yerdə isə parnikdə bəslənmiş ispanaqlardan bişirirlir. Bütün növ göyərtilərlə qarışdırılır, azca düyü əlavə edilir, yağına düşənə kimi bişir, ən axırda içinə çalınmış yumurta atılır.
Sirkəli şərbət isə çox qədim içkidir və ancaq İlaxır çərşənbə süfrəsində içilir. Bu, su ilə üzüm sirkəsinin qarışığından hazırlanır, şəkər əlavə edilir və içinə çıx xırda doğranmış göy sarımsaq tökülür. Əsasən, kəndlərdə hazırlanır və getdikcə unudulan nemətlərdən sayılır.

Süpürgə, bardaq, üzərlik, səməni
İlaxır çərşənbəyə qədərki Lənkəran bazarına gələn hər kəs buradakı rəngarəngliyin əsas səbəbkarlarından olan təzə süpürgələri, qırmızı boyalı bayram bardaqlarını, üzərlik dəstələrini və beli qırmızı bağlanmış səməniləri görə bilər.
İlaxır çərşənbədə evlər mütləq təptəzə süpürgə ilə süpürülməlidir, deyə bir inanc var, təzə süpürgə köhnə ilin ağırlıqlarını daha yaxşı aparırmış.
Bardaqlar isə İlaxır çərşənbə səhərində axar suyun üstünə gedib, əl-üzünü yumaq, dərdini-ağırlığını elə bu bardaqlarla birlikdə daşlara çırpıb sındırmaq, problemlərinə qalib gəlmək ritualı üçün nəzərdə tutulur.
Hər adamın öz bardağı olmalıdır və bu bardaqlar hər il yeni alınmalı, çərşənbədə sındırılmalıdır.
Üzərlik isə İlaxır çərşənbə axşamı süfrəyə yığışmazdan əvvəl evdə yandırılmalıdır, hamı tonqallardan atılan vaxt evin sahibəsi üzərlik gəzdirməlidir otaqlar və qapılar boyu, süfrənin üzərindən keçirib, sonra da hamını çağırmalıdır.
Səmənidən nə danışım?
Köhnə ilin ağırlığı cücərən bu yaşıllıq baharın on üçüncü günündə (dörd gün çahar-fəsl, bir həftə də ilk bahara gedir) axar çaya buraxılır, çaya getmək imkanı olmayanlar isə onları evlərinin damına atırlar, quşlar dən-dən aparsınlar acıları deyə.

Yeddi yanan tonqal, papaqatdı
Lənkəranda İlaxır çərşənbə axşamında həyətlərdə yeddi tonqal qalanır, bütün ailə üzvləri bu tonqalların hamısının üstündən ən azı üç dəfə o yana-bu yana keçməlidir.
İlaxır çərşənbə axşamında hər kəs öz evində olmalı, hər kəs öz süfrəsindən yeməlidir. Şər qarışdımı, kimsə kimsəyə heç nə verməməli, kimsə kimsədən heç nə istəməməlidir.
Elə bu adətə görə də, Lənkəranın kəndlərində İlaxır çərşənbədə evlərə qonaq getmək, papaq atmaq kimi adətlər yoxdur, bunlara Lənkəranın şəhər əhalisi əməl edir.
Ümumiyyətlə, kəndlərdə papaq atmaq adəti yox idi əvvəllər, yalnız Novruz bayramı axşamı dəsmal atardılar evlərə, şəhər əhalisindən papaq yox, dəsmal atmaları ilə fərqlənirdi kənd camaatı, indilər isə kəndlərdə də papaqlar atılır. Lakin, əvvəlki kimi hay-küylü və çoxşaxəli deyil, yalnız ən yaxın çevrələrdə, məhəllə içlərində baş verir bunlar.
Böyüklər deyirlər ki, Sovet vaxtında daha güclü, daha ürəkli, daha qədim adət-ənənəli və ağır-batman və dəqiq qeyd olunarmış Novruz bayramı.

Su üstü ritualı
İlaxır çərşənbə günü, səhər tezdən adamlar qırmızı-bəzəkli bardaqlarını götürərək, Lənkəran çayının sahilinə axışır, burada ilin ən böyük, ən möhtəşəm xalq gəzintisini görmək mümkündür.
Bahar qızı, kosa, keçəl, bir çox başqa nağıl qəhrəmanları da burada olurlar.
Suyun üstündəki körpü ilə üç dəfə o yana-bu yana keçməlidir hər kəs.
Tıxacların əlindən çay sahilindəki Su üstü ritualına qatıla bilməyənlər isə şəhər kənarındakı bulaqlara üz tuturlar. Ailəliklə çıxılan bu gəzinti zamanı qızlar saçlarından kəsib axar suya atır, arzularını pıçıldayırlar, kağız parçalarına dilək yazıb suya buraxanlar kim, axar sudan üstünə-başına çiləyən kim…
Bu ritualın ən gözəl və ən möhtəşəm cəhəti isə onda olur ki, adamların hamısı müsbət, xeyirxah, şən, ağzıdualı, arzu dolu, inam, ümid, sevgi niyyətli ovqatda olurlar.
Sadəcə uzaqdan seyr etmək belə həyat eşqi və enerji bəxş edir.
Və bardaqlar qırılır, çilik-çilik edilir, ilboyu insanların yükləndiyi bütün ağırlıqların cin kimi dustaq edilib, ən axırda daşlara çırpılması kimi bəlkə də…
Bayramınız mübarək!!!

Cavidan, Lənkəran şəh.

 

21032014 lenkeran 3

 

21032014 lenkeran 4

 

 

21032014 lenkeran 5

Yazıya 1357 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.