SƏNƏTİYLƏ ÖYÜNMƏYƏ HAQQI VAR
Xalq şairi Zəlimxan Yaqub şeirlərinin birində yazır ki, “millətimi saz anladar, saz anlar, saza baxsın tariximi yazanlar”. Ölməz şairimizin bu kəlmələrində böyük hikmət var. Doğrudan da, saz bizim tariximizdir, dünənimizdən soraq verib, sabahımıza ayna tutan milli sərvətimizdir. Zəngin ənənəyə əsaslanan aşıq sənəti böyük bir əxlaq və tərbiyə məktəbidir, əsas ideyası insanın mənəvi kamilləşməsidir. Bu sənət insanı böyük kamilləşmə yoluna aparır, haqq yolunda yüksəlişinə təkan verir.
Böyük tarixə malik olan bu zəngin milli-mədəni sərvəti əsrlərin o üzündən bu günə daşıyanlar isə, təbii ki, aşıqlarımızdır – bəzən gün-güzəran xətrinə əlinə saz götürüb, baş girləyənlər yox, sözün əsl mənasında özlərini sənətə fəda edən ustad aşıqlar! Sənət məhz belə ustad sənətkarların sayəsində öz dəyərini qoruya bilib, zaman-zaman sərt sınaqlarla üzləşsə də, mahiyyətini dəyişmədən bu günümüzə gəlib çıxıb.
Bu gün ölkəmizin müstəqilliyi dövründə mədəniyyətimizin digər sahələri kimi, aşıq sənətinə də dövlət səviyyəsində göstərilən qayğı öz bəhrəsini verməkdədir. Sənətə münasibət köklü şəkildə dəyişib. Bir vaxtlar əsasən əyalətlərdə yaşayan bu sənət bu gün paytaxt Bakıda da öz halal haqqını almaqdadır. Paytaxtdakı əksər musiqi məktəblərində saz sinifləri var, bu sənət universitet səviyyəsində tədris olunur. Aşıq sənətiylə bağlı respublika və beynəlxalq miqyaslı müxtəlif tədbirlər həyata keçirilir, sazımızın səsi dünyanın müxtəlif ölkələrindən gəlir. Bir sözlə, dövlət bu sənətə böyük qayğı göstərir.
Ancaq dövlətin qayğısı ilə yanaşı, sənətin inkişafı üçün bu yolda canını belə fəda etməyə hazır olan ustad sənətkarlar da olmalıdır ki, göstərilən qayğıdan yararlanaraq sənəti yaşatsınlar, gələcək nəsillərə ötürə bilsinlər. Belə sənətkarlar isə, həmişə olduğu kimi, barmaqla sayılsa da, bu gün də var.
…Görünür, həm də işimlə əlaqədar olduğundan tez-tez aşıq sənəti və aşıqlarla bağlı müxtəlif söhbətlərin şahidi və iştirakçısı olur, sənətlə bağlı bəzən haqlı narahatlıq, irad və gileylər eşidirəm. Hərdən hətta narazılıq səviyyəsində ifadə olunan bu irad və gileylər daha çox bu gün saza marağın çox olmasına baxmayaraq, peşəkarlıq səviyyəsinin aşağı olması, heç bir ustad görməyib 3-4 hava çalanın da ustad aşıq kimi təqdim olunması, belələrinin sazın və saz havalarının başına min bir oyun açması ilə bağlı olur. Belə məqamlarda cavabım yalnız bu olur ki, sənət belə oyunbazların yox, əsl sənətkarların çiynində yaşayır.
Klassik aşıq ənənələrini yaşadan, sənətin dünəni ilə sabahı arasında canlı körpü olan azsaylı ustad sənətkarlarımızdan biri də Aşıq Tərmeyxandır. Tərmeyxan aşıq sənətinin inkişafında hər zaman özünəməxsus rolu olan Borçalı aşıq mühitinin yetirməsi və bu gün Azərbaycan aşıq sənətinin çox layiqli nümayəndəsidir. Səsi-sorağı nəinki Borçalının, eləcə də Azərbaycanın hüdudlarını çoxdan aşıb.
…Tərmeyxan Sədi oğlu Qurbanov 1959-cu il mart ayının 4-də Borçalıda – Marneuli rayonunun Qasımlı kəndində anadan olub. Dünyaya gəldiyi ocaq saza-sözə bağlı olduğundan, gözünü açandan beşiyi başında saz görüb, necə deyərlər, mayası sazla yoğrulub. Atası Sədi kişi, əmisi Aşıq Nurəddin Qasımlı hələ körpəlikdən onun üçün böyük örnək olublar. Elə ilk ustadı da atası olub. Artıq 6-7 yaşlarında saz çalmağı bacarıb. 12 yaşında məclislərə çıxıb. Dədə Əmrahın vurğunu olub, Əmrah dəryasına baş vurub.
Gənclik illərindən Bakıda yaşayıb fəaliyyət göstərən Aşıq Tərmeyxan sadəcə olaraq ifaçı, dolanışıq, gün-güzəran xətrinə əlinə saz götürən aşıqlardan deyil. O, neçə-neçə unudulmuş, bu gün yaddan çıxmaq təhlükəsində olan saz havalarını üzə çıxarıb yeni nəfəs verən yaradıcı aşıqdır. Onun ifasını dinləyən hər kəsdə bir əminlik yaranır ki, bu gün Borçalı aşıq məktəbinin layiqli davamçıları var və bu məktəb hələ neçə-neçə korifey sənətkarlar yetişdirəcəkdir.
Öz sazı ilə dünyanı dolaşıb Tərmeyxan. Almaniyada olub, 2003-cü ildə Fransada Dünya azərbaycanlılarının qurultayında məlahətli ifası ilə soydaşlarımızı salamlayıb. Dəfələrlə qardaş Türkiyədə və İranda keçirilən aşıq festivallarına qatılıb və hər səfərdən də mükafatla qayıdıb Vətənə. Hara gedibsə, sazının və səsinin sehri ilə tamaşaçılarını ovsunlayıb, minlərlə könüldə özünə yuva qurub.
Tərmeyxanın sazının və səsinin sehri dünənimizi bu günümüzlə birləşdirən, sabahımıza uzanan, özü də möhkəm təmələ söykənən bir körpüdür. Elə bir körpü ki, min illərin sınağına mətanətlə sinə gərərək bu günümüzə gəlib çıxıb. Onun ürəyindən su içib, barmaqlarının ovsunu ilə dinləyiciyə, tamaşaçıya çatdırılan saz havaları gah ana laylasıdır, gah düşməndən qisasa səsləyən Koroğlu cəngisi, Vətən yanğısı, el-oba, yurd həsrəti, gah da “Vətənin qıraqda qalan yerlərinin” nisgili. Səsinin şirinliyi, ahəngi, ağır məclislər aparması, ustad aşıqlarsayağı şirin ləhcəsi isə özgə bir aləmdir. Başqa cür ola da bilməzdi. Şeirlərinin birində özü belə deyir:
Borçalı elinin yetirməsiyəm,
Sənətimlə öyünməyə haqqım var.
Ustad kəlamıynan, ustad yoluynan,
Yeriyirəm, yeriməyə haqqım var.
Bəli, o, Borçalı aşıq məktəbinin yetirməsidir və özünün də dediyi kimi, “ustad kəlamıynan, ustad yoluynan” yeriyir. “Minillərdən gələn” və “canda nəfəs” olan bu sənət onun üçün müqəddəsdir, əzizdir. Çünki, şair Əlləz Novruz demiş:
Avazı şirindir, əlləri mahir,
Zəkası, nəslindən zatından gəlir.
Tərmeyxanı bir sənətkar kimi bəzilərindən fərqləndirən həm də odur ki, bəzən maddi cəhətdən ehtiyacı olsa belə, sənəti heç vaxt urvatdan salmır, özünün və sözünün yerini bilir. Ekranda görünmək xətrinə hər ucuz şou proqramlara qatılmır, hər məclisə getmir. Oxuduğu dost məclislərində də əsl sənət dünyası yaradır. Şəxsiyyət kimi də əvəzsizdir. Sözü ilə əməli bir olan kişilərdəndir. Yalandan söz verməz, söz verdisə, mütləq əməl edər. Gözütoxdur, dünya malına tamah salmaz. Umacaqsızdır. Bəzən hətta haqqı olanı belə nəinki dilinə gətirməz, heç bunu kiminsə xatırlatmasını da istəməz. Ötən ilin bu vaxtları – 2019-cu ilin martında anadan olmasının 60 illik yubileyi ərəfəsində bunun bir daha şahidi oldum. Yubileyinin qeyd edilməsi, fəxri ada təqdim olunması halal haqqı olsa da, buna görə bəziləri kimi, qapılar döymədi, kiməsə ağız açmadı. Aşıqlardan yazılanda, ustad aşıqlardan söz açılanda hansı səbəbdənsə adının dilə gətirilməməsi də onu əsla narahat etməyib heç vaxt. Çünki yaxşı bilir ki, sənət adamını yaşadan ucuz təriflər yox, onun sənətidir. Ancaq bütün bunlar onun haqqının tapdanmasına əsas olmasın gərək.
Bilmirəm nədəndir, böyük sənətkarların, böyük şəxsiyyətlərin qədrini vaxtında bilmirik. Biləndə isə, gec olur. Zəlimxan Yaqub demiş:
Böyük istedadı itirəndə xalq,
Bir dizə çırpanda, beş başa çırpar.
Aşıq Tərmeyxan o böyük sənətkarlardandır ki, bu gün repertuarı lentə alınmalı, sinəsindəki dastanlar yazıya köçürülməli, bir sözlə, öyrənilməlidir. Ən azından bu sənətin sabahı naminə bu işlər görülməlidir, özü də bu gün görülməlidir ki, digər böyük ustadlarımıza münasibətdə olduğu kimi, sonra yenə də təəssüflənməyək.
Borçalı aşıq məktəbinin bu günkü layiqli davamçısı, ustadların yoluynan yeriyən və sazımızın-sözümüzün sadiq keşikçisi olan Aşıq Tərmeyxan bu gün ömrünün və sənətinin yetkinləşən, püxtələşən və kamilləşən dövrünü yaşayır. Sənətin bu çətin yollarında qarşıda onu hələ daha böyük uğurlar, zirvələr gözləyir. Və mən inanıram ki, hər zaman özünə və sənətinə hörmət qoyan, bütün varlığıyla sənətinə bağlı olan ustad aşıq Tərmeyxan Qurbanov sənət yollarında umacaqsız addımlarıyla bu zirvələri də fəth edəcək.
Sonda, sənətiylə öyünməyə haqqı olan ustad qardaşıma xatırlatmaq istəyirəm ki, həyat da nərd oyunu kimidir – şeş qoşası da var, dü-biri də. Nərddə udmaq da olar, uduzmaq da, təki həyatda uduzmayasan! Və əslində bir il əvvəl – 60 illik yubileyinə təbrik kimi yazılmalı olsa da, 61 yaşına hədiyyə etdiyim bu yazını Xalq şairi Osman Sarıvəllinin sözləri ilə tamamlayıram:
Şan-şöhrət dalınca qaçmaq əbəsdir,
Ləyaqətin varsa, tapallar səni!
“Ədalət” qəzeti, 29 fevral 2020
Yazıya 242 dəfə baxılıb