Aytən Qasımqızı — Bahar oğlan

12516438_499087513611450_186233821_n

Uşaqlıqda Novruz bayramında ən çox arzuladığım papaq atmaq olardı. Amma atam nədənsə bizə papaq atmağa icazə verməzdi. Nədənsə deyəndə ki,nənəmin sözü olmasın,qiz uşağının nə işi vardı axı qapılara papaq atsın. İsti yay gunlərində saat 8-dən sonra 30 sot həyətdə oturmağa qadağa qoyan atamın Novruz bayramında saat 10-11-də papaq atmağa icazə verməməsi çox normal idi.

Amma o il-birinci kursda oxuyanda necə olurdusa olsun, papaq atmağa qərarlı idim. Atamın həssas nöqtəsini də tapmışdım. Yalandan dedim ki, universitetdən Folklorşünaslıq kafedrasından bütün tələbələrə bir mövzu əsasında məqalə hazırlamağı tapşırıblar. Mənə də “Novruz bayramında papaqatdı” mövzusu düşüb. Mənsə nə yazacağımı bilmirəm.Atam dedi ki, bilmirəm nə deməkdi? Axşam gedib papaq atarsan,mövzunu da qəşəng yazarsan.

Atam daha bilmirdi ki, mən işimi əvvəlcədən planlamışam. Hətta papaq atmaq üçün dayımın oğlundan əsgər çantasını da alıb gətirmişəm. Hələ papaq atacağım qonşunu da seçmişəm, ora gedəcəyim trayektoriyani da cızmışam.

Axşamkı səfərım çox yaxın qonşumuz, uşaqlıq rəfiqəm Laləgilə  idi.

Laləgillə bizim həyəti alçaq hasar ayırırdı. Hasarın tən ortasında əncir ağacı var idi. Ağac bizim sahədə bitmışdi, amma budaqları qonşunun həyətinə əyilmişdi. Özümü tanıyandan və Laləgil bizə qonşu olandan onlara getmək üçün bu əncir ağacından isifadə edirdim. Elə axşam papaq atmağa da bu ağaca dirmanib getməyi düşünürdüm.

Hətta qonşuya bayram təbriki etməyi də unutmamışdım.Böyük bir təbrik məktubu yazıb atdım əsgər çantasına.Yaxın rəfiqəmi isə xüsusi təbrik etmişdım məktubda.Sonda da “Bahar oğlan” deyə imza da qoymuşdum.

Havanın qaralmasını gözlədim. Saat 10 olardı. Çantanı çiynimə keçirib əncir ağacına dırmanıb tullandım qonşunun həyətinə. Çantanı eyvana tullayıb bağın küncünə toplanan çırpıların arxasında gizləndım.İlk papaq atmağımın keyfini yaşayırdım. Hər şey əla idi. Özümə söz verdim ki, bundan sonra hər bayram papaq atacam. Uşaq kimi sevinirdim:”Bu əsgər çantasını papaq əvəzi atmağım lap əla oldu. Bayram axşamı qonşuları belə təbrik etməyim ürəklərindən olacaq. Lalə də onu mətkubla təbrik etdiyim üçün sevinəcək”. Elə bu vaxt…

Eyvanda bir vurhavur düşdü ki, gəl görəsən. Lalə ağlayır, qardaşı Seymur onun saçlarından tutaraq eyvanda sürüyür, anası qarğışın hər formasından istifadə edərək çox qəribə cümlələr qurur, Müzəffər dayı kimi sakit adam özündən çıxıb, qışqıra-qışqıra həyətdə vargəl edirdi. Nə baş verdıyini anlamağa çalışırdım, amma bir şey anlaya bilmirdim. Bu vaxt Müzəffər dayının səsini eşitdim: “Qapı bağlıdı, köpəkoğlu hələ də həyətdədi. Bir əlimə keçsin,qol-qıçını sındıracam” deyə həyət-bacanı axtarırdı.

Deyəsən, nə isə  anlaşılmazlıq olmuşdu axı. “Köpəkoğlu kim idi bele? Yeni həyətdə indi məndən başqa da papaq atan var?” deyə düşünməyə başladım və elə bu vaxt Seymurun əlindəki çantaya gözüm sataşdi. Dayım oğlundan aldığım əsgər çantası idi. Seymur əlindəki qayçı ilə çantanı kəsməyə başlayanda artıq nə baş verdiyini anlamağa başlayırdım…

Qonşuluqda bir oğlan vardı. Əsgərlikdən yeni gəlmişdi. Lalə seviridi. Dəfələrlə Seymurla yumruq davasına da çıxmışdılar. Qonşularımın məntiqinə görə gəcə saat 10- da qapı bağlı ola-ola hasarın üstündən həyətə keçib əsgər çantasını papaq əvəzi atan, məktubla Laləni xüsusi təbrik edən ancaq o ola bilərdi.

Siftəmin belə kor olaması dəhşətli hiss idi. Allaha yalvarmağa başladım ki, sağ-salamat burdan eve gedim, bir də papaq atmayacam.

Artıq qonşularımın əsəbləri tarıma çəkilmışdı. Gizləndiyim yerdən çıxmalı olduğumu anladım.Yavaş-yavaş işığa doğru irəliləyib asta səslə “Müzəffər dayı, mənəm” dedim. Müzəffər dayının üzündəki hirsə balaca, lap azca sevincə bənzər bir sey əlavə olundu. Sanki bir az sevindi ki, o çantanı qonşunun oğlu atmayib, o məktubu o yazmayib. Qulağımdan tutub “18 yaşın var, hələ də uşaqlıq edirsən”,-deyə qulağımı burdu. Əncir ağacına yaxınlaşıb “Bəs çantam?” dəyəndə Seymurun əsəbi səsi gəldi: “Çantanı sabah bahar oğlanla yollayariq”.

Bayram gecəsi aşlarına soyuq su qatdığımı anlamışdım.Amma mənə də ziyan dəymışdı o gecə. Dayım oğlundan min bir yalvar-yaxarla alıdığım çanta parça-parça edilmiş,mənə olunan qarğışla həyatımın qarğış limiti dolmuşdu.Bayram səhəri yıxılıb sol qolumu sındıranda bir az təskinlik tapmışdım ki, bir qolla bu qarğışlardan qurtardimsa, buna da şükür.

Amma çantamı Bahar oğlan gətirmədi.Mənsə hələ də dayim oğlunun yaninda xəcalətliyəm.

 

 

Yazıya 1093 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.