Sabir Rüstəmxanlı – Göydən üç alma düşə (şeirlər)

sabir r Xalq Şairi  Sabir Rüstəmxanlının bir dəftərçədə əlimizə keçən,  kitablarında rastlaşmadığımız şeirlərini təqdim edirik. Müəllifdən icazəsiz yaydığımıza görə üzrxahlığımızı qəbul edəcəyinə ümidvarıq. 

 

Dürrü, incisiylə incəni sevdim,

Şehini əmdiyim qönçəni sevdim,

Səni yetişdirən Gəncəni sevdim,

Qayıdıb gələrəm, gözlə, nə olar!…

 

Baxma dərd çəkməkdən saçım bəyazdı,

Sevgin ürəyimdə əbədi yazdı,

Bir ömür gözümdən axan Arazdı,

Gözünü silərəm, gözlə, nə olar!…

 

İstəsən bu qəddar mürgüdən oyat,

Dediyim hər sözə həsrətini qat,

Bir qönçə  gülüm var, sənə əmanət,

Mən onsuz ölərəm, gözlə, nə olar!

20.08.07

***

 

Dağlar çiçəklə dolu,

Tək səni bulamadım.

Sənlə yaşamaq yasaq,

Sənsiz də olamadım.

 

Qəm sarayı aşınmaz,

Hicran yükü daşınmaz,

Burda ömür yaşanmaz,

Orda da qalamadım.

 

Bir perikmiş quş idin,

Yuvandan uçmuş idin,

Taleyimə tuş idin,

Uçurdum, calamadım.

 

Allah verən bir paydın,

Yaram sağaldasıydın,

Mənə bir bağça qıydın,

Qoxladım, talamadım.

 

Beləymiş göylər yazan,

Sənsizlik sonsuz cəza,

Adamam, dilim qısa,

Qurd olub ulamadım!

23.09.2007

***

 

Başımdan keçən rüzgarlar,

Sevincdən, ya ahdan gəlir.

Əzabımız şeytanınsa

Sevgimiz Allahdan gəlir.

 

Yediyimiz Onun malı,

Getdiyimiz Onun yolu,

Biz məzlumlar qanun qulu,

Qanunsuzluq şahdan gəlir.

 

Bir qismət var dərəcəyi,

Bir qapı var girəcəyi,

İnsanın hər görəcəyi

Etdiyi günahdan gəlir.

13.10.07

***

 

Ömür elə gözləməkdir, neyləyək,

Əsir torpaq öz elini gözləyir.

Dəli dağı necə Çermux çağırsın,

O Murovun sərt yelini gözləyir.

 

Nə vecinə əyri yönum, düz yönum,

Ocaq çatan çalışır ki tez yanım,

Qabağında əl açsa da yüz xanım,

Yazıq Sabir öz gülünü  gözləyir.

 

***

 

Qar yağır…

Heç yerə tələsmə, ürək,

Belə səssizlikdə daş olmağım var.

Səmadan süzülən qar işığıtək

Bu sonsuz axına qoşulmağım var.

 

Bir gün yetişəndə ömrümün qışı,

Üstümə səpəndə illər qarını,

Sən məni o qızdan soyut ki, Allah,

Qoy şaxta vurmasın arzularını!

08.11.07

 

Zaman yox,

Həsrətindi ötürən günü, ayı,

Qovuşdum –

Qovuşmadım

Tanrının mənə payı.

Gözüm kimsəni görməz daha səndən savayı,

Cismim cisminə təşnə, ruhum ruhuna möhtac!

 

Biz bu yerin deyilik,

Qopmuşuq yerimizdən.

Evimiz, sarayımız –

Ocağı şeirimizdən.

Heç ölüm də ayırmaz bizi bir-birimizdən,

Eşqin sonsuz, əbədi,

Həm dərd verib, həm əlac!

20.10.07

***

 

Göydən üç alma düşə

Yeyən hür adəm ola,

Açıb Cənnət qapısın

Gələn bir Adəm ola,

İçərəm şərbət kimi

Dünya dolu qəm ola,

Cəhənnəm də gözəldir

Orda

yar Adəm ola!

14.10.07

***

Gün-günə, ay-aya calanıb gedir,

Fəsillər boy atır ilimə doğru.

Zirvəni bir gündə fəth elədi qar,

İndi hücum çəkir telimə doğru.

 

Necə çiçəkləyək, üstümüz qardı,

Necə qanad açaq, bu qəfəs dardı,

Bütün xoşbəxtliklər yaşananlardı,

Qalanlar hamısı zülümə doğru…

 

Əl açıb, yalvarsaq ötən çağlara,

Sözümüz kar etməz, ayrılıqlara.

Payız sarısını çəkmiş bağlara,

Xəzanı sürünür gülümə doğru…

 

Soyuq yuvasında üşüyən sərçəm,

Sevgilim, sevincim, ocağım, bircəm,

Yenə sənsiz keçdi bu uzun gecəm,

Yenə də bir addım ölümə doğru!

07.10.07

***

Təkcə bir otaqda, bir şəhərdə yox,

Bu boyda dünyada o gözəl təkdi.

Ağacda birinci açılan yarpaq,

Ya da ki, sonuncu solan çiçəkdir.

 

Yalqızdır dağların ucalıq tacı,

Gözəllik sultanı gözlərdən qaçır.

Yerdə quruyardı Cənnət ağacı,

Mənim ürəyimə əkiləcəkdi.

 

İtən bir dünyanın susmaz qəmidi,

Sonsuz həsrətimdə azan gəmidi,

Dünyanın ən uzun sarı simidi,

Qəlbindən qəlbimə çəkiləcəkdir.

 

Gözünün həsrəti dəryadan dərin,

Əlində əsirdi düşüncələrin,

Orda gözlərinə dolan kədəri,

Burda gözlərimdən töküləcəkdir.

06.10.07

 

Sən Göylərdən gələn işıq,

Ay telisən, Gün telisən.

İstəyimin tək ünvanı,

Ürəyimin min telisən.

 

Şair ömrü min xəyallı,

Xanım ömrü qeylü-qallı,

Gündüzləri ən ağıllı,

Gecələri ən dəlisən.

 

Doğma olan qandan belə,

Şirin olan candan belə,

Qurumazsan bundan belə

Gözümün yaş məndilisən.

 

Mən də köçdüm yana-yana,

Bundan sonra ümid sana.

Dünya evi zülmətxana,

Sən onun tək qəndilisən.

05.10.07

 

Sabir Rüstəmxanlı

Yazıya 601 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.