Vasif SÜLEYMAN – “Misraya dönürsən mənə çatınca”

received_227001174846148

 

 

 

 

 

 

 

 

 

 

ÇATINCA

 

Bir ömrə dəyərdi tək səni sevmək,

Sevərdim imana, dinə çatınca.

Uzaqdan baxanda mələksən-mələk,

Misraya dönürsən mənə çatınca.

 

O dünya varımdır, bu dünya yoxum,

Yanımda nə qardaş, nə bacı, qohum…

Bəlkə harayını eşidər ruhum,

Halımı sorarsan yenə, çatınca.

 

Birdən sən gəlincə çiçəklər solar,

Barı, son anımda ləngimə, nolar…

Onsuz da mələklər aparmış olar,

Sən gəlib mən adda qəmə çatınca.

 

YAZMIŞAM

 

Bu mənəm, bir düşün, sınama yüz yol,

Sən məni gətirdin dinə, yazmışam.

Taledən yoluma çıxdığın günü,

Qismətə yazılan günə yazmışam.

 

Bu eşqin  vüsalı olamı, bilməm,

Yolsuzmu çıxmışıq yolamı, bilməm.

Sən nəsən, sevgimi, bəlamı, bilməm…

Yazmaram demişəm, yenə yazmışam.

 

Söznən yaratmışam dövlət, varımı,

Sevdim səndən gələn intizarımı.

Bütün ömür boyu yazdıqlarımı,

Elə bilirəm ki, sənə yazmışam.

 

TƏRƏFİMDƏ

 

Günəşmi nur salır dörd bir yanıma,

Yox… Yox… Üzün gülür hər tərəfimdə.

Gendən boylanıram Tanrı payına,

Nə olsun dayanıb yer tərəfimdə…

 

Birimiz divanə, birimiz dəli,

İndi bizim üçün hər şey  təsəlli.

Aşikar olanım ellərə bəlli,

Pünhan nağılımsan sirr tərəfimdə.

 

Səssiz harayımı indi kim duya,

Budurmu dediyin əlçatmaz röya…

Görürsən, bir yanda bu boyda dünya,

Təkcə sən durubsan bir tərəfimdə.

 

OLURSAN

 

Elə sən boydadı, dünya dediyin,

Gözümdə-könlümdə hər an olursan.

Adın çəkiləndə dönərgəm dönür,

Adım çəkiləndə viran olursan.

 

Tanrı yazdığına neyniyəsiyəm,

Bu boyda saflığın divanəsiyəm.

Mən bu məhəbbətin azan səsiyəm,

And içmək istəsəm, Quran olursan.

 

Haqqın dərgahından keçdi, ələndi,

Canım bu sevdaya çoxdan bələndi.

Vədəsiz bu sevgi haqdan gələndi,

Bəs niyə, sən mənə haram olursan…

 

PÜNHAN

 

Nə yazdın, İlahi, ələ düşməsin,

Mələkdi, mələyin dilə düşməsin.

Saxla ürəyimdə, hələ düşməsin,

Aparım məzara adını pünhan…

 

Sevgindən yaranıb bəşər dediyin,

Bəlkə də halaldı bu şər dediyin.

İlahi, budurmu məhşər dediyin,

Sinəmə çəkirəm odunu pünhan.

 

Bir azca su çilə, bir azca dən ver,

İstəsən sevinc ver, istəsən qəm ver.

İki divanəyə iznini sən ver,

Saxlarıq bu eşqin dadını pünhan.

 

Üzünü solduran çəkdiyi qəmmi,

Tərsinə getdiyim yolu… Dönəmmi…

Aşikar ömürdə Yarəb, mənəmmi,

Ya da göndərdiyin odumu pünhan.

 

TƏK ÖZÜM OLSAYDIM, NƏ VARIYDI Kİ…

 

Bu şirin bəlanın iki canı var,

Tək özüm olsaydım, nə varıydı ki…

«O» adda, «mən» adda bir həyanı var,

Tək özüm olsaydım, nə varıydı ki…

 

Bir yolun üstündə bu alov, o nəm,

Bəlkə də taleyin qarğışı mənəm.

Yaxşı düşünməyin məni, cəhənnəm,

Tək özüm olsaydım, nə varıydı ki…

 

Yaşanmaz sevgidir – uludan-ulu,

Nə olsun, həsrətdən düşübdür yolu.

Bir körpə mələk var, ölüm arzulu,

Tək özüm olsaydım, nə varıydı ki…

 

Ömrü hara çəkə, hara çəkməyə…

Taleyin üstündən qara çəkməyə.

Hazırdı özünü dara çəkməyə,

Tək özüm olsaydım, nə varıydı ki…

 

Birlikdə çəkirik şirin bəlanı,

Bizsiz yazılanın yoxdur yalanı.

Kimsə ovudammaz mənsiz qalanı,

Tək özüm olsaydım, nə varıydı ki…

 

BOYUNCA

 

Çox şey istəmədim, Tanrı adından,

Tək səni istədim qədər boyunca.

Gecənin zülməti yaxır adamı,

Elə hər açılan səhər boyunca.

 

Mələksən, imansan, pirsən, bilirsən,

Mənə möcüzəsən, sirsən, bilirsən.

Səni yazdığımı bir sən bilirsən,

Sevinc axtarıram kədər boyunca.

 

Dondurub ruhumu, donu görünmür,

Dərdin biri üzdə, onu görünmür.

Eşqə aşinayıq sonu görünmür,

Sonsuzluq gəzirəm səfər boyunca.

 

Bu ömrü bu eşqin yolunda sərəm,

Ağrıdan usanmaz, dərddən küsmərəm.

Göydə quşlara da nəmər verərəm,

Adını gətirən xəbər boyunca.

 

SEVGİNİN DİLİNİ DUYANDAN BƏRİ

 

Elə həsrətin də bəs eylər mənə,

Hələ ki, eşqinlə dinə bilirəm.

O dünya, bu dünya, fərqi nədir ki,

Ölsəm də çatmaram sənə, bilirəm.

 

Nə vüsal görmüşük, nə kam almışıq,

Yazdığım bir yarpaq şeirdi sənə.

Ölüb getməyimmi ovudar səni,

Qalıb yanmağımmı xeyirdi sənə…

 

Bu zülmət ömürə nə lazım axşam,

Toranı qovuşur hayandan bəri.

Dünyanın dilini yadırğamışam,

Sevginin dilini duyandan bəri.

 

NƏ OLUR, OLSUN

 

Alın yazısıdır, tale qisməti,

Axarı-baxarı nə olur, olsun.

Ölümnən olumun mənzilindəyik,

Əvvəli, axırı nə olur, olsun.

 

Eh, nəyim gedibdi, eh, nəyim qalıb,

Bircə yol Allahı grməyim qalıb.

Yarısı dağılmış ürəyim qalıb,

Bu ömrün çıxarı nə olur, olsun.

 

Üzündə zülmət var, əlində çıraq,

Bir ömür verilib, qismətinə bax.

Üstü başdaşıdır, ayağı torpaq,

Ta ondan yuxarı nə olur, olsun.

 

NƏYİMƏ LAZIMSAN …

O qız özgəsinin fikrini çəkir,

Nəyimə lazımsan, mənim ay şer

Səməd QARAÇÖP

Ömürdə sonuncu ana bənzəyir,

Sadağa verdiyim cana bənzəyir.

Narın göz yaşınnan sıxıram onu,

Di gəl, ağ vərəqdə qana bənzəyir-

«Nəyimə lazımsan, mənim ay şeir…»

 

Daşıdın varımı-yoxumu, neynim,

Apardın ruhumun çoxunu, neynim.

Bir qızın eşqinə yazırdım səni,

O da yazdığımı oxumur, neynim-

«Nəyimə lazımsan, mənim ay şeir…»

 

Dərdi gəlişindən tanıyıram mən,

Bəxtə düşən bəxti qınayıram mən.

Son dəfə, son dəfə şairliyimi,

Sonuncu şerdə sınayıram mən -

«Nəyimə lazımsan, mənim ay şeir…»

 

BİR AZCA

 

Göyçək tellərini oxşamaq hədər,

Yel olub üstündən əsəm bir azca.

Bir azca sevincsən, bir azca kədər,

Bir də Allah bilir nəsən, bir azca.

 

Bizə qismət yazan haqdan küsmüşəm,

Dünyanı sevdiyim vaxtdan küsmüşəm.

Mən öz taleyimdən çoxdan küsmüşəm,

Necədi, səndən də küsəm bir azca.

 

Yüyürüm dumana, sisə deyirsən,

Mətləbi nə yaman qısa deyirsən…

Deməyə-deməyə nəsə deyirsən,

Nolar, deyə-deyə desən, bir azca.

 

SOLANDI YANAĞIN YAŞ OLAN YERİ

 

Ömrümdən ehtiyac keçdi, səngidi,

Qapandı dərdimin boşalan yeri.

Göz dağı dağların ən nəhəngidi,

Bir də talelərin qış olan yeri.

 

Gördüm ağlamamış ürək kiridi,

Onda yerin-göyün dərdi biriydi.

İlahi, dünyanın xoş bəxt yeridi.

İlk eşqin ürəyə tuş olan yeri.

 

Həsrəti özümə gərək bilmişəm,

Onu duz bilmişəm, çörək bilmişəm.

Yanmaya-yanmaya ürək bilmişəm,

Sinənin altında daş olan yeri.

 

Sevincdən daşındım, qəmdən daşındım,

Göz yumub-açınca yandım, yaşandım.

Torpağa su düşsə, yaşıllaşandı,

Solandı yanağın yaş olan yeri.

 

AXTARIRAM

 

Çən tutub ömrümün üstünü, ya da,

Dağların döşündə çən axtarıram.

Bütöv tapammıram səni dünyada,

Hərədə bir azca “sən“ axtarıram.

 

Nə vardı canımda eşqin adına,

Nə var, halalındır, sənindir, apar.

Bəsimdir, arada düşüm yadına,

Axı kim deyibdir, – axtaran tapar.

 

Tanrı yaratmışdı yaratdığını,

Birdə də yaratmağa bəhanə ola.

Yüz yol səcdəsinə dayanmağım var,

Kimdəsə balaca nişanən ola.

 

Hər yanı zülmətdir, irəli, geri,

Axı nə gəzirəm, qaranlıq boyu…

Ağrıma-acıma yaşanan ömrü,

Çəkib aparıram viranlıq boyu.

 

Onda nə göydəydim, nə də ki yerdə,

Səni itirəndə sənə yetirdim.

Elə bilirdim ki, tapacam bir də,

Səni axtarırdım, ömrü itirdim.

 

Çən tutub ömrümün üstünü, ya da,

Dağların döşündə çən axtarıram.

Bütöv tapammıram səni dünyada,

Hərədə bir azca “sən“ axtarıram.

 

 

BU NECƏ HƏSRƏTDİ

 

Bu necə həsrətdi, gözləri duyuq,

Ürəkdə kədərmi, qəmmi, bilmirəm.

İş elə gətirib od qonşusuyuq,

Sənmi köçməlisən, mənmi, bilmirəm.

 

Ürəyim ovcumun içində hər gün,

Xəyalım göylərin qatından keçir.

İşə baxırsanmı, sənin yolların,

Mənim pəncərəmin altından keçir.

 

Bizi mənziləmi gətirdi yollar,

Bura havasızdı, yer nə, göy nədir…

Səni qucağına açılan qollar,

Məni üz qoyduğum balınc göynədir.

 

Ləngiyən vüsala tuşmu olmuşuq,

Yoxsa bu, taleyin çaşdığı yoldu.

Ayrılıb təzədən qonşu olmuşuq,

Ta bunun harası ayrılıq oldu…

 

Sevgisən, həsrətsən, gəlmirsən dilə,

Ürəkdən yüz hissin təlaşı keçir.

Hər səhər, hər axşam yanımdan belə,

Sevgim həsrətimnən yanaşı keçir.

 

Bu necə həsrətdi, gözləri duyuq,

Ürəkdə kədərmi, qəmmi, bilmirəm.

İş elə gətirib od qonşusuyuq,

Sənmi köçməlisən, mənmi, bilmirəm.

 

DOĞMALARIMA

 

Ay anam, ay bacım, nə düşünürəm,

Bizi ölənəcən yaşadar ölüm.

Uzağı, bir səhər çıxıb gedərəm,

Uzağı, bir dəfə daş atar ölüm.

 

Mən deyən olsaydı, düşməzdi yönüm,

Bəndə olammamış pir olanlara.

Məni tay eyləmə, başına dönüm,

Sevinci dünyayla bir olanlara.

 

Mənim ağrılarım-acım bu gündə,

Hələ yolmamışam, saçım bu gündə.

Bu gündə gəlmişəm bu günə kimi,

Ay bacım, haraya qaçım bu gündə…

 

Mənim sevinclərim qaçır sazağa,

Kədər isinməyə oda axtarır.

Dərdə yer vermişik aramızdaca,

Boynuna minməyə adam axtarır.

 

Yuxulu başların ayılmağı var,

Gəbəni yeyəcək güvələr hələ.

Mən deyən səmadan axar buludlar,

Bir ovuc suyuna güvənər hələ.

 

Ay anam, ay bacım, nə düşünürəm,

Bizi ölənəcən yaşadar ölüm.

Uzağı, bir səhər çıxıb gedərəm,

Uzağı, bir dəfə daş atar ölüm.

 

BU NƏ BƏLA İDİ

 

Bu nə bəla idi aldı başımı,

Mən axı, bu qədər naşı deyildim.

Sənə yol gəlirdim doğulan gündən,

Üç günün, beş günün işi deyildi.

 

Qəlbimə xal salıb gördün işini,

Demədin ürək var o xalın altda.

Arada bir dəli sevgi üşüyür,

Hərəmiz bir əlin sığalı altda.

 

Biz nəyi sayırdıq, tale nə saydı,

Qəmimmi yoxuydu, dərdmi azıydı…

Vədəsiz sevgilər doğulmasaydı,

Həsrət şeirləri yazılmazıydı.

 

Bu yerdə nə göy var, nə də ki, günəş,

Gedirəm, torpağa, daşa gedirəm.

Dünyadan köçməyə bir yer vədələş,

Bilim ki, səninlə qoşa gedirəm.

 

Bu dünya yar olmaz bizə, bilirəm,

Əllərim uzanmaz telinə qənşər.

Hələ yer üzündə gəzə bilirəm,

Gedim hazırlaşım ÖLÜMƏ QƏNŞƏR.

 

DƏRDİ OLMAYANLAR

 

Dərdi olmayanı gedib taparsan,

Hələ nə yaşındı, hələ nə vaxtdı…

Dərdi olmayanı gedib tapınca,

Ay zalım, hamını dərd tapacaqdı.

 

Bağla, pəncərəni keçim küçədən,

Bu küçə nə sənin, nə də mənimdi.

Məni çəkən dərdin dünyası böyük,

Sənin saxladığın dərd düyünçəsi

Dərd edib adına göndərənindi.

 

Mən ulduz olanda sənə can atdım,

Sən ulduz olanda qaçırdın niyə…

İstəyin kədərli çiçək açıbmış,

Mənim nəzərimdə puçurdun, niyə…

Arxamda dağ kimi dayanan dağı,

Əridib qarşıma uçurdun, niyə…

Bağla pəncərəni keçim küçədən,

Bağla, heç olmasa birini bağla,

Bağlı pəncərənin gününü ağla.

 

Beləcə güləsən ömrün uzunu,

Yoluna tələsən dərdli dəliydi.

Süzülə-süzülə gələn səadət,

Üzülə-üzülə keçinməliydi.

 

Dərdi olmayanlar, harda var, zalım…

Nazını çəkəsən hədər gülənin.

Qədrini bilmədin dərdi bəllinin,

Dərdini bilməzsən qədirbilənin.

 

Dərdi olmayanı gedib taparsan,

Hələ qərənfilsən, hələ nə vaxtdı…

Dərdi olmayanı gedib tapınca,

Ay zalım, hamını dərd tapacaqdı.

 

SƏRÇƏ

 

Sənə qoşulub uçmaq, nə yaraşır yaşıma,

Məndə qanad açmağa hava nə gəzir axı…

Sən mənim ürəyimə gəl, çör-çöpü daşıma,

Yuvasızın qəlbində yuva nə gəzir axı…

 

Özünəmi yurd yeri gəzirsən axşam-axşam,

Mənəmi rəhmin gəlir, kədərlənmə sən baxıb.

Baxdığın pəncərəni nə qədər daşlamışam,

Baxdığın pəncərədən indiyəcən qəm baxıb.

 

Yaxşı ki, əlindəki çör-çöpünə yiyəsən,

Qurbanıyam, verdiyim şirin andın qurbanı.

Bir gün gələn bir gün də qurban gedər nəyəsə,

Qurbanlıq nəyin qalıb, ay sapandın qurbanı…

 

Dərdini nə bilirsən gördüyün adamların,

Dərdsiz bildiklərinin sağalmaz yarası var.

Hələ çiyinlərində getdiyimiz yolların,

Bir gün də çiynimizdə aparmaq bəlası var.

 

Mən Allahın bəndəsi, sən Allahın quşusan,

Ya mən qanad açmalı, ya də sən yeri, gedək.

Mən əcəl gözləməyim, gəl gözləmə daşı sən,

Torpağın o üzünə bu dəfə diri gedək.

 

Sənə qoşulub uçmaq, nə yaraşır yaşıma,

Məndə qanad açmağa hava nə gəzir axı…

Sən mənim ürəyimə gəl, çör-çöpü daşıma,

Yuvasızın qəlbində yuva nə gəzir axı…

 

Yazıya 554 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.