Musa Nəbioğlu – “Saza baxsın tariximi yazanlar”

musa

 

 

“SARILDIĞIM SAZDI MƏNİM”

 

Milətimi saz anladar, saz anlar,

Saza baxsın tariximi yazanlar.

Z.Yaqub

 

Zəlimxan Yaqubun yaradıcılığında çox mühüm yer tutan bir qol da aşıq yaradıcılığına, bütövlükdə ozan-aşıq sənətinə və bu sənətin daşıyıcılarına bağlılıqdır. Bu barədə şairin özü belə deyir: “Təkcə mənim dillərdə gəzən lirik şeirlərim deyil, irihəcmli əsərlərimin hamısı saz üstündə bəstələnib, havacat üstə deyilib, sonradan vərəqlərə köçürülüb”.

Hələ 1978-ci ildə Xalq şairi Osman Sarıvəlli yazırdı: “Zəlimxanın şeirləri, əsasən, xalqımızın həyat, məişət ənənələrindən, onun yaradıcılığından, şeir dilindən qidalanır. Müəllifin xalq yaradıcılığına böyük məhəbbəti, dil, ifadə, ruh yaxınlığı, forma yaxınlığı folklorun, aşıq şeirinin əsla kor-koranə təqlid və təkrarı deyildir. İstedadlı gənc şairin əsərləri mövzuları, fikir və mülahizələri, arzu və diləkləri etibarilə tamamilə orijinaldır”. Xalq şairi Hüseyn Arif isə belə deyib: “Zəlimxanın mayası sazla yoğrulub. Sazın bağrından qopan od-alovu, simlərdən süzülən zümzüməni onun şeirlərində eşitmək olar. Sazla Zəlimxan baş-başa verib pıçıldaşanda, mənə elə gəlir ki, iki şeir-sənət vurğunu bir-biri ilə dərdləşir, bir-birinin hoyuna çatır, dadına yetir”.

Akademik Kamal Talıbzadə isə yazırdı: “Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir. Bu iki sənət dünyasının vəhdəti Zəlimxan şəxsiyyətində Azərbaycanı təmsil edir”.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov yazır: “Zəlimxan Yaqub Dədə Şəmşirdən Dədə Qorquda doğru gedir. Gedir və geri qayıdanda artıq öz saldığı yolla – tarixlə müasirliyin vəhdəti ilə işıqlanan yeni bir yolla qayıdır”.

Zəlimxan Yaqub özü isə yazır: “Mənim şeirlərimin hamısında musiqinin sehirli qanadları var. Nəğmələrim nə qədər uzağa uçur uçsun, heç vaxt yorulmaq bilmir. Müxtəlif ölkələrdə, müxtəlif qitələrdə şeirlərimi əzbər oxuyan yüzlərlə poeziya vurğunu görmüşəm. Sərhədləri aşan şeirlərim öz qırılmaz qanadları ilə gedib dünyanın o başından öz həvəskarlarını, öz oxucusunu tapır. Bu uzaq uçuşların bir hünəri şeirin gücüdürsə, bir hünəri də o şeirin canındakı saz musiqisinin gücüdür”.

Bəli, Zəlimxan Yaqub şeirinin gücü, qüdrəti bir tərəfdən onun fitri istedadı ilə bağlıdırsa, digər tərəfdən saza bağlılığındadır. Təsadüfi deyil ki, Z.Yaqub “Saza Allah demədim, ancaq onu Allahı sevən kimi sevdim”, mən sazdan doğulmuşam, “sarıldığım sazdı mənim”, – deyir:

 

Əl açıb göylərə çox yalvarmışam,

Qoy bu gün saz olsun Allahım mənim.

İstəyim Tanrının xətrinə dəysə,

Gərək bağışlana günahım mənim.

 

13 cildlik “Əsərləri” külliyyatının birinci cildinə yazdığı ge¬niş müqəddimədə şair özünün aşıq sənətinə bağlılığı və bunun yaradıcılığına təsiri haqda belə yazır: “Ömrümün körpəlik və uşaqlıq çağlarından böyük sənətkarların danışdığı dastanları yad-daşıma köçürməyim, mənim o dastanların qəhrəmanlarına bənzəmək həvəsim sonralar mənə o imkanı verdi ki, “Saz”, “Yunus Əmrə”, “Ələsgər”, “Aşıq Hüseyn Saraçlı”, “Əbədiyyət”, “Pey-ğəmbər” kimi lirik-epik əsərlər, dastanlar yaratdım. Əgər vaxtilə çox böyük təsir gücünə, dil gözəlliyinə malik olan dastanları qəl-bimə, ruhuma köçürməsəydim, məndə zərrə qədər şübhə yoxdur ki, yuxarıda adını çəkdiyim əsərlərin heç biri dünyaya gəlməzdi”.

Və Zəlimxan Yaqub deyir ki, “mənim şeirlərimin dili çaldığım sazın dilidir”. Bu səbəbdəndir ki, onun poeziya dili “heç vaxt pəltək olmur, dolaşmır, dolaşdırmır, əllaməçilik eləmir, nə varsa, necə varsa, xalq necə yaradıbsa, o şəkildə çatdırır”. Bu şeirlərin dili təmiz, duru, təbii, gözəl, aydın və səlis, rəvan və axıcıdır, elə buna görə də yaddaqalandır, seviləndir. Çünki:

 

Büdrəməz köhləni, yorulmaz atı,

Nağıldı, dastandı ömrü, həyatı.

Zəlimxan nə yazsa qoşma, bayatı,

Zəlimxan nə desə saz dilindədi.

 

Ədəbiyyat adlı böyük bir yolda ilk addımlarını atdığı gündən saza bağlanıb, “mən havacat Məcnunuyam”, – deyib, saz onun “əbədi Leylisi” olub. Aşağıdakı misraları yazanda şair 23 yaşlı bir gənc idi:

 

Az yandırsan, dərdim azmı?

Heç bilmirəm qışmı, yazmı?

Saz aşığı tanımazmı,

Zəlimxanam, ay “Sarıtel”.

 

Sonrakı illərdə yazdığı bir şeirdə isə, məni başqa yerdə axtarmağa gərək yoxdur, ünvanımı sazdan soruşun deyir:

 

Əl atmaq nə lazım kağız qələmə,

Heç kəsə demərəm yaz ünvanımı.

Kimə gərək olsa sözüm, söhbətim,

Ona göstərəcək saz ünvanımı.

Sarıldığım sazdı mənim, – deyib, sazın dili kimi dillənib, teli kimi danışıb, zili kimi yüksəlib, onu ana kimi əzizləyib, sona kimi sığallayıb. Həqiqəti, doğrusu da saz olub, məşəqqəti, ağrısı da. Bəzən Qərib olub – saz onun qürbətinə çevrilib, Məcnuna dönüb – saz həsrəti olub, Kərəm kimi yanıb – sazı hicrəti sayıb. Sazı Tanrının şah vergisi bilir, Qorqud quran bir yuvada Yunusdan qalan havanı dərk etməyənləri binəva hesab edir, “Zəlimxan saz-dan doğulub”, – deyir:

 

Çiçəklər yazdan doğulub,

Gözəllər nazdan doğulub,

Zəlimxan sazdan doğulub,

Sarıldığım sazdı mənim.

(“Sarıldığım sazdı mənim”)

 

“Qorqudam, Abbasam, Ələsgərəm mən, könlüm çalmasınmı saz havasını”, –  deyən Zəlimxan Yaqub sazın-sözün beşiyi olan Borçalıda dünyaya gəlib, XX əsr aşıq sənətinin nəhənglərindən olan Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev və digər  ustad aşıqların əhatəsində böyüyüb, aralarındakı yaş fərqinə baxmayraq onların hər biri ilə dostluq münasibətində olub. Şeirləri mətbuata yol açmamış bu böyük ustadların dilində eldən elə yayılıb. Z.Yaqub yazır ki: “Ozan-aşıq dünyasıyla bağlı mətləblərin çoxunu oxuduğum kitablardan daha çox Borçalı aşıq məktəbinin çox ünlü şəxsiyyətlərindən – Əmrah Gülməmmədovdan, Kamandar Əfəndiyevdən və Hüseyn Saraçlıdan öyrəndim. Onlar böyük ustadlar kimi, eyni vaxtda məni Tanrının üç müqəddəsliyi ilə qovuşdurdular. Göylər aləmindən enib gələn, torpaqda ilahi ucalıq yaradıb yenidən uca göylərə qalxan səslə, sözlə və sazla tanış etdilər. Onların çaldığı havalar, oxuduğu sözlər, danışdığı dastanlar mənə elə bir xəzinə, sərvət bağışladı ki, onu dünyanın heç bir maddi xəzinəsi ilə almaq olmaz! Ömrümün ən coşqun vaxtında üç böyük ozanın taleyimə yazılması, beşiyimin başında durması mənim üçün Allahın ən böyük lütfü, hədiyyəsidir.

Onlar bütövlükdə şərqin müqəddəs üçlüyü kimi mənim varlığıma köçdü – məndə yaşamaq, məni yaşatmaq üçün”.

Bakı ədəbi mühitində əhatə dairəsi daha da genişlənən, Os-man Sarıvəlli, Hüseyn Arif, Süleyman Rəhimov, Xəlil Rza, Tofiq Bayram və digər böyük şair və yazıçılarla sıx ünsiyyətdə olan Zəlimxan Yaqub eyni zamanda Dədə Şəmşir, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Aydın Çobanoğlu və digər ustad sənətkarlarla da tez-tez təmasda olub. Ustadlar da həmişə onu özlərinə doğma sanıb, yeri gələndə ürəklərini ona boşaldıblar. Aşıq Şəmşirə, Mikayıl Azaflıya, Hüseyn Saraçlıya, Əmrah Gülməmmədova, Aşıq Kamandara, Xanlar Məhərrəmova və digər ustadlara onlarla şeir ithaf edib.

“Könlümdə yaşadıb könül varını, sazımı eşqinlə çalmışam, ustad”, – dediyi ustadlar ustadı Aşıq Ələsgərin yurdu ulu Göyçəni qarış-qarış gəzib, ona həsr etdiyi “Göyçədən gələn səslər” poeması vaxtilə həm də səhnələşdirilib. “Saz”, “Yunus Əmrə”, “Ozan evi – saz evi” poemalarını, “Hüseyn Saraçlı dastanı”nı yazıb, Hüseyn Bozalqanlıya poema həsr edib. Aşıq sənətinə və ustad aşıqlarımıza aid onlarla məqalənin müəllifidir, ustad aşıqlardan bir çoxunun kitabı məhz onun xeyir-duası, məsləhəti və redaktorluğu ilə işıq üzü görüb.

Zəlimxan Yaqubun aşıq sənətinə dərindən bələdliyi ilə yanaşı, ustad aşıqlarla dostluq münasibəti, yaradıcılıq əlaqələri də yaradıcılığında öz əksini tapıb. XX əsrdə yaşayıb-yaratmış ustad sənətkarlara şeir həsr etməklə bərabər, onlar haqqında bir sıra publisistik məqalələr, xatirə yazıları yazıb.

Onun Dədə Şəmşirlə olan doğmalığı hər ikisinin yaradıcı¬lı-ğında da ifadə olunur, bu gün şirin bir xatirə kimi yaddaşlarda yaşamaqdadır.

“Allah Kəlbəcəri Şəmşirə, Şəmşiri də Kəlbəcərə xəncərə gümüş kimi yaraşdırmışdı”, – deyən şair “Şəmşirli, Şəmsirsiz günlərim” adlı məqaləsində XX əsr Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri və rolu olan Dədə Şəmşir haqqında yazır: “Kəlbəcər və Şəmşir sözləri mənim üçün su ilə torpaq kimi, közlə ocaq kimi, sözlə dodaq kimi bir-birinə yaxın və doğma sözlərdir. Çünki Allah-Təala Kəlbəcəri xəlq edəndən bu günə kimi Kəlbəcər heç bir aşığın, şairin, ziyalının dilində Aşıq Şəmşirin dilində olan qədər poetik yüksəkliyə, mənəvi ucalığa qalxıb, poeziyanın mənəvi sərvətinə çevrilməyib”.

 

Bir bağın var, bayatılı, qoşmalı,

Xəzan görməz, talan olmaz, ay ustad.

Götürəndə Ələsgərin sazını,

Çaldığın tək çalan olmaz, ay ustad.

 

– deyə müraciət edib bu böyük ustada. Yeni şeir yazanlara üzünü tutaraq deyib ki, çox da öz döşünə döymə,  “yeri, öz borcunu ödə Şəmşirə”.

Aşıq Ələsgərdən sonra sözün-söhbətin naxışının, xalının getməsindən narahatlığın ifadəsi kimi, böyük ustada “Dədələr azalır, ay Dədə Şəmşir”, – deyə xitab edəndə, ustad da ona belə cavab verib:

 

Fikir ver Şəmşirin çəkdiyi aha,

Söz ağır getməsin qadir Allaha.

Vurğunu çağırmaq çətindir daha,

Qövr edir sinəmdə yara, Zəlimxan.

 

XX əsr Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən olan Mikayıl Azaflını “sənət dağlarının qoca qartalı”, “Füzulinin “Şikayətnamə”sindən sonra ən böyük şikayətnamələr müəllifi”, “həqiqət carcısı”, “həsrət-hicran nəğməkarı”, “dərd dağı, qəm dəryası”, “xalqın dərd daşıyan qocası” olan Haqq aşığı adlandıran Z.Yaqub “Azaflı çinarı” adlı məqaləsində yazır:

“Mikayıl Azaflı sənəti, onun şəxsiyyəti və şəxsi keyfiyyətləri öyrənilməyə və öyrədilməyə layiq olan bir məktəbdir. O məktəbin şagirdi, tələbəsi nə qədər çox olsa, bir o qədər xalqın, millətin, sənətin, ruhun, yaddaşın və gələcəyin xeyrinədir”.

Aşıq Əkbər Cəfərovun sənətinə məhəbbətini, səsinə vurğunluğunu, şəxsiyyətinə hörmətini belə ifadə edir:

 

Əkbər əmi, ucalsa da göylərə,

Səsin, yerə məhəbbətin səsidir.

Oxuyursan, bulaq düşür yadıma,

Bu zümzümə təbiətin səsidir.

 

Çiçək kimi qoxladıqca ətrini,

Zəlimxan da əziz tutur xətrini.

Ellər bilir qiymətini, qədrini,

Bu qəhqəhə o qiymətin səsidir.

 

Zəlimxan Yaqub böyük məmnunluqla dövrümüzün böyük ustadlarından olan əvəzedilməz sənətkar Ədalət Nəsibov sənətinə vurğunluğunu “Ədaləti dinlədim” adlı şeirində tərənnüm edir.

Aşıq Xanlar Məhərrəmova da şeirlər ithaf edən Z.Yaqub onun haqqında “Göynərtili xatirə” və “Onun yaşadığı ömür” adlı məqalələr də yazıb və haqlı olaraq deyir ki: “Aşıq Əmrah və Aşıq Ədalət kimi saz tanrılarından sonra o yüksəkliyə ucalmaq, özünəməxsus yol seçmək, seçilmək, əzizlənmək, xalq sevgisi, el məhəbbəti qazanmaq hər oğulun yox, ər oğulun işidir. Bu misilsiz işi Xanlar bacardı, özü də yaxşı bacardı”.

O, deyir ki, “Xanların üçcə havasına qulaq asmaq kifayət idi ki, dumduru durulub dağ çeşməsinə dönəsən”. Xanlar iddialı adam deyildi, dünya malında gözü yox idi, özünün və sözünün yerini bilirdi. Sazını da, sözünü də urvatdan salmaz, baha satardı.

“Havacatdan zəri, saz adlı səngəri, dağ kimi ləngəri olan” aşıq Xanlar Məhərrəmovun ölüm xəbəri şairi sarsıdır, qəlbini göynədir:

Həyat yalan, ölüm doğru,

Zəlimxanın yandı bağrı.

Canımdakı nisgil, ağrı,

Saçımdakı dən Xanlarım.

Şimşək vuran, sel aparan,

Əlimdən gedən Xanlarım.

 

Özünü “aşıqlı, şairli, ağbirçəkli, sərkərdəli, ozanlı, dədəli Bor-çalı dünyasının” bir parçası sayan Xalq şairi sazın müqəddəs beşiklərindən olan Borçalı aşıqları haqqında belə deyir: “Borçalı aşıqalrı ifadəsi mənim üçün həyat sözü, tale sözü qədər əziz, şirin və müqəddəsdir”.

Və yazır: “Bəxtim onda gətirib ki, üç böyük sənətkarın – Aşıq Əmrahın, Aşıq Kamandarın və Aşıq Hüseyn Saraçlının  tərlan kimi qıy vuran vaxtı mənim dəliqanlı gənclik illərimə təsadüf edib. Onların üçünün də balını arı çiçəkdən şirə çəkən kimi çəkmişəm”.

Sənətdə ilk addımlarını Borçalıda atıb, sonradan bütün Türk dünyasının ünlü sənətkarlarına çevrilən bu və digər ustadlar haqqında silsilə şeirlər, dastan və məqalələr yazıb.

“Borçalı aşıqlarının fəaliyyəti, ifaçılıq mədəniyyəti, sazla sözün vəhdətinin yaratdığı emosional duyğu bizim dilimizin saflığını yaratdı”, – deyən Zəlimxan Yaqub eyni zamanda yazır: “Borçalı aşıqlarının üstün və uğurlu bir cəhətini də deyim ki, onlar Borçalı aşıq məktəbini təmsil etsələr də, Azərbaycan aşıq məktəblərinin hamısına böyük hörmətlə yanaşıblar. İstər Göyçə-Kəlbəcər aşıq məktəbi olsun, istər Şirvan məktəbi, istər Təbriz məktəbi olsun, istər Qazax-Gəncəbasar məktəbi – hamısına hörmətlə yanaşıblar”.

XX əsr Azərbaycan aşıq sənətinin çox böyük simalarından biri Xındı Məmmədi “öz səsiylə, avazıyla Tanrı dərgahından gələn, Allahın avazı, möcüzəsi” adlandırır, Əmrah Gülməmmədovdan danışanda deyir ki, Əmrah əsrlərdən gələn səs, “tel gücünü sel gücünə döndərən” sənətkardır, yerin yeddi qatından şirə çəkib mayalanan kökümüzdür. Əmrahın hər barmağının bir cür xalı varıydı, hər xalında bir Borçalı varıydı: “Özünün saz dünyası ilə havalara yenilik gətirən, Azəbaycan tarixində ilk dəfə olaraq sazı püxtələşdirən, kamilləşdirən, on bir telli saz şəklinə salan, onu Tanrı dərgahına qaldıran şəksiz və şəriksiz, müdaxiləsiz və müdafiəsiz, tərəddüdsüz Aşıq Əmrah Gülməmmədov olub”.

Əmrah kimi ölməzlərin önündə “gəlib diz çökənləri” də görən şair onu yurdun dədələşən övladı adlandırır, “Əmrah ömrü ömürlərə paylanan bir danılmaz həqiqətin ömrüdür”, onun ayrılığı dağdan ağır yükümüzdür, “onun səsi qulağımda qalmasa, mənim səsim yer üzünə yayılmaz”, –  deyir, mən aşığam deyib, sənətdən xəbərsiz naşılara məsləhət görür ki:

 

Əlli il taxtaya, simə döyüncə,

Bircə gün sazını çal Əmrah kimi.

Şair deyir ki, Dədə Qorqud zirvəsiylə tən duran aşıq Əmrah zirvəsi elə bir zirvədir ki, çox boylara öz boyundan boy verəcək. Onun sənətini Haqqın vergisi adlandırır:

 

Min ömür uzadıb, ömür üzməyib,

Yersiz oynamayıb, yersiz süzməyib.

Usta bağlamayıb, zərgər düzməyib,

Sənə Haqdan gəlib saz, Əmrah dayı.

(“Əmrah dayı”)

 

Çox ustadlar görən Zəlimxan Yaqub deyir ki, Aşıq Əmrah pərdə-pərdə, xana-xana ruha hopdu, qana keçdi, yana-yana ocaq oldu, təbi daşqın Araz oldu,  telli sazın meydanında şir gəldi, şir getdi,  pir gəldi, pir getdi, bir gəldi, bir getdi:

 

Başımıza gəldi nələr,

Ay Zəlimxan, qaldıq mələr.

Açıldı çox möcüzələr,

Əmrah sirr gəldi, sirr getdi.

(“Aşıq Əmrah”)

Hüseyn Saraçlıdan bəhs edəndə Zəlimxan Yaqub deyir ki, “O, mənim Şəmsim oldu, mən onun Mövlanası”. Həyatının mə-nası “ozan ömrü, saz ömrü” olan, sazdan yaranıb, sözdən doğulan, sazının laylasında neçə aşıq, könüllərdə sənət adlı sönməz işıq böyüdən Hüseyn Saraçlı yurd-mahal aşığıydı, meydanda Koroğluydu, Rüstəm-Zalıydı.

Hüseyn Saraçlıya dastan da həsr edən Z.Yaqub məqalələrinin birində bu böyük ustad haqda belə yazır: “Aşıq Hüseyn Saraçlını Allah əsl ozan kimi yaratmışdı. Ona baxanda elə bilirdin Yunus Əmrə də budur, Dadaloğlu da budur, Aşıq Veysəl də budur, Xəstə Qasım da budur. Yerişi, duruşu, gəzişi, danışığı, əlini bığına çəkməsi, nəmli dəsmalla aradabir alnının tərini silməsi – hamısı o qədər ölçülü-biçili, nizamlı, səliqəli, insanı heyrətə gətirən bir gözəllik mücəssəməsi idi”.

Hüseyn Saraçlının ölümündən təsirlənən şair yazır:

 

Yüz dəfə çək, yersiz ahdan nə çıxar,

Qəlbi yasda saxlamaqdan nə çıxar.

Ay Zəlimxan, ağlamaqdan nə çıxar,

Az sızılda, az inildə, az ağla!

Saraçlının taleyindən əsər yaz,

Saraçlının dastanını yaz, ağla!

 

Şeirlərindən da göründüyü kimi, 1987-ci ilin baharında Borçalıda XX əsr Azərbaycan aşıq sənətinin iki ünlü simasının – Əmrah Gülməmmədov və Hüseyn Saraçlının dünyasını dəyişməsi onu təsirləndirir, “sözü ürəkdə, sazı köynəkdə” qalan “bir mahalın mahal boyda dərdi var”, – deyir. Haqlı olaraq deyir ki, analar bir də Xan Əmrahı doğmaz, Saraçlını zaman bir də yetirməz, bu ustadların həyatdan köçməsi bütövlükdə Azərbaycanın itkisi olsa da, onların varlığından sazın ömrü qazandı:

 

Nə qazandı sazın ömrü qazandı,

Nə itirdi, Azərbaycan itirdi.

 

Bu iki böyük ustadın dünyasını dəyişməsindən hədsiz təsirlənən, qəlbi göynəyən, Əmrah Gülməmmədovun ölüm günü yazdığı şeirdə “Aman ellər, xan Əmrahı itirdik, sənət mülkü Kamandarsız qalmasın”, – deyən Zəlimxan Yaqub Aşıq Kamandar Əfəndiyevlə də sıx dostluq münasibətində olub, onun sənətini hər zaman yüksək dəyərləndirib:

 

Ruhunla Qorqudtək qocalardasan,

Ahınla tüstülü bacalardasan,

Bəndə dərgahından ucalardasan,

Tanrı dərgahını haxla, Kamandar.

 

Aşıq Kamandar sənətini ovsun, tilsim, sehir, cazibədarlıq dünyası adlandıran Z.Yaqub yazır: “Aşıq Kamandar təzənəni tellərə yox, ürəklərə çəkirdi. Aşıq Kamandarın səsi boğazdan yox, ürəkdən gəlirdi. Aşıq Kamandar dərsini kitablardan yox, qırxlar pirindən, ələst aləmindən, ərənlər məclisindən almışdı. Boyu-buxunu da, yerişi-duruşu da, durumu-qırımı da, səs diapazonunun genişliyi də, nəfəs mənzilinin uzaqlığı da, avazı-laylası da, on bir telli, uzunqollu, gen sinəli tavar sazı da bəndənin yox, Allahın əsəridi.

…Kamandarın ömrü sazın, saz üstündə köklənən sözün ömrüdür. Qurbanidən Dədə Şəmşirə və bu günə qədər gələn ozan-aşıq dünyasında olan böyük sənətkarların hamısının birgə yaşadıqları ömürdür”.

Məqalələrinin birində şair yazır: “Saz mənim üçün Türk ru-hunun şəksiz və şəriksiz, tək və müqəddəs alətidir. Saz mənim üçün ana laylası, beşikdən məzara qədər ömür yolunda yol yoldaşım, könül sirdaşım, həyatım, varlığımdır”.

Sazın “ruhundan qopan”, sazın “ruhuna hopan”, sazı “özündə tapan”, özünün təbirincə desək, dili söz tutub, ağlı kəsəndən Ələsgər çağırırb, Ələsgər deyən, “el məclisi görməsə, şair könlü saz olmaz”,  “sənsiz mənim bir məclisim, bir şənliyim olarmı heç”, – deyən şairin qəlbi kövrələndə, tənha qalanda  həmişə ümid yeri, pə¬nahı saz olub, dərd-ələm üstünə yeriyəndə “Cəngi”, “Misri” onun silahına çevrilib, özü “havacat Məcnunu”, saz isə əbədi Leylisi olub, varlığını sazda görüb, sazın gücünə, sehrinə inanıb, ona güvənib:

 

Sən varsan, həyatda mən varam demək,

Səsimi hər yana yetir, ay sazım.

 

Saz adlı, sənət adlı bir yola könül verən Zəlimxan Yaqub deyir ki, bu yol məni duru və diri saxladı, “baxışımda haqq odunu, qəlbimdə nuru saxladı”. Bəli, bu yol onun gözünü yaşdan, yazını qışdan qoruyub, külündə qoru saxlayıb:

 

Haqdan, nahaqdan ölmüşdüm,

Qılıncdan, oxdan ölmüşdüm,

Vallah, mən çoxdan ölmüşdüm,

Saz məni diri saxladı.

(“Saxladı”)

 

Bəşəri qanunlardan fərqli olaraq, sazın müqəddəs qanunları dəyişməzdir. Saz duyanları uca göylərə qaldırır, duyğusuzlara divan eyləyir, insana öz ilkini, kökünü, tarixini  tanıdır.

Ədəbiyyatşünas alim Azər Turan yazır: “Eiraf etməliyik ki, Azərbaycanda muğamın dərki müstəvisində ədəbiyyatın timsalında Bəxtiyar Vahabzadənin “Muğam” poeması hansı işi görübsə, Zəlimxan Yaqubun “Saz” poeması da saz havalarının dərki müstəvisində eyni işi görüb”.

“El havası” – “Qaraçı”yla ellərimizi gəzib dolanan, “Sarıtel” çalınanda Qul Abbası, Xəstə Qasımı xatırlayan, “Mansırı” nakam aşiqlərin sorağı, könülləri göynədən qəmli bir dastanın varağıdır deyən, “Divani”ni dənizə bənzədən şair “Təcnis” söz meydanında sınaqdı, – cinas yarışıdı, söz imtahanıdı deyir. “Yanıq Kərəmi”dən söz açanda deyir ki, Kərəmi yandıran təkcə keşiş deyil, həm də dağılan, bölünən torpağımızdı, Vətənimizdi. “Ənəlhəq” deyən Nəsiminin dərisi soyulanda, Babəkin qolları kəsiləndə “ağrıdan göynədi tellərin səsi”:

 

Məni dilləndirmək Dədə Qorqudun,

Yandırmaq Kərəmin bəxtinə düşdü!

 

“Dübeyti” havasından söz açanda şair deyir ki, bu hava “bir az dərddi, bir az dəva”, bu, dağılan yurddu, uçan yuvadı, nisgil, ağrı, həsrət, qərib, qürbət havasıdı. Havaların sultanı “Ruhani” çalınanda isə saz ürəkləri kitab kimi varaqlayır. “Dilqəmi” elin dərdidi, elin qəmidi. Ocaqdan, alovdan, qılıncdan yaranan, ildırımdan od alan “Misri” mənim özümə sığmazlığım, döyüşüm, mübarizəmdir, bu dünyaya alovlu gəlib, ər kimi yaşamağım, kişi kimi ölməyimdir deyir:

 

“Misri” mənim nəyimdir?

Kamalda bitkinliyim,

Sınaqlarda dözümüm,

Döyüşdə yetkinliyim!

Mən onu çala-çala,

Qeyrətimi qorudum,

Mərdliyimi yaşatdım!

İnadımı qorudum,

Sərtliyimi yaşatdım!

 

Sənətdə varisliyə böyük əhəmiyyət verən şair deyir ki, dünə-ni, keçmişi bilməyən aşıq sabaha üzüağ gedə bilməz. Dədə Şəmşir, Mikayıl Azaflı, Əkbər Cəfərov, İmran Həsənov, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Kamandar Əfəndiyev, Ədalət Nəsibov, Xanlar Məhərrəmov, Aydın Çobanoğlu və digərləri kimi böyük ustadlarla daim sıx ünsiyyətdə olub onların ifalarını dinləməkdən doymayan Zəlimxan Yaqub aşıqlara qarşı olduqca tələbkardır:

 

Zəlimxan sevəndi kamil ustadı,

Kamil ki, deyilsən, batırma adı.

Yoxdu sözlərinin ləzzəti, dadı,

Gözünə qatmağa duz qəhətdimi?

(“Qəhətdimi”)

 

“Hər pərdənin ahəngində bir ölümsüz halallıq” olan, telləri susmaq nədir, lallıq nədir bilməyən, “yerli-yersiz zərbələrə tuş gəlsə də”, heç zaman sınmayan saza biganə olanlara, onu bəyənməyənlərə “sən mənim sazımla oynama, bala,” – deyərək özünəməxsus qətiyyət və inamla cavab verir:

 

Çör-çöp deyil, küləklərə yem ola,

Yerin-göyün görkəmidi, görküdü,

Təbiətin sevgisidi, ərkidi.

Yaxşılığa dəvətidi dünyanın,

Yamanlığın birdəfəlik tərkidi.

Dodağında Türk adlanan millətin

Şirin səsdi, xoş avazdı, türküdü.

Bəndəsindən Allahına yol gedər,

Yaranmışın yaradanı dərkidi,

Mənim sazım sındırılan saz deyil.

(“Mənim sazım sındırılan saz deyil”)

 

 

Musa NƏBİOĞLU

Azərbaycan Aşıqalr Birliyinin katibi,

Əməkdar mədəniyyət işçisi.


    Yazıya (158) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.