İlham Salmanlı – Çatarmı əlim

42314576_1928231240557043_2268915967029411840_oİnsan kimi yorulmuşam-
Bəlkə, dönüm torpaq olum?
Ağac kimi bitim yerdə
Üstündəki yarpaq olum?

İnsan kimi yorulmuşam,
Gedim, bəlkə, şimşək olum.
Buludlarla qoşalaşım,
Şimşəklərə kömək olum.

İnsan kimi yorulmuşam,
Şimşək olum, göydə çaxım.
Dönüm göylərin sirrinə,
Yağış olum, yerə axım.

Bəlkə, buludlar istəyir
Mənimlə qoşa uçmağı.
Məni göstərmək istəyir-
Səmaya gələn qonağı.

Yorulmuşam, yorulmuşam,
Gedim göylərin qatına.
O yerlərdə at oynadım,
Minim göylərin atına.

Gedim göylərin göyünə,
Sirlərinə sirdaş olum.

Axı qardaşım ordadı,

Qardaşıma qardaş olum.

Hər nəyim var, burda qoyum,
Gedim dünyanı o başa.
Yerdə qalan kölgəmə mən
Göydən eyləyim tamaşa.

İnsan kimi yorulmuşam,
Axıb çayda suya dönüm.
Çöllər keçib, düzlər aşıb

Yeni bir dünyaya dönüm.

Ulduzlara əl eləyim,
Göydən nərdivan sallasın.
Yerlər yaman qaranlıqdir,
Ay yolumu işıqlatsın.

İnsan kimi yorulmuşam,
Mən-mənsiz dünyanı gəzim.
Tapıb öz dünyamı bilim.
O yerlər məni sevməsə,
Qayıdım dünyama gəlim,
Qayıdım dünyamda ölüm…

Yol qaranlıq, sonsuz yoldu,

Hardan keçim, hardan gəlim?

İnsan kimi yorulmuşam,
Gəzim dünyanı, dincəlim …

Cadulanıb, sehirlənib,
Sirr içində möhürlənib.
Dabanımdan asılmışam,
Sonsuz olan bu dünyanın
Ümidinə qısılmışam,
İnsan kimi yorulmuşam…

Saflaşmışam, durulmuşam.
Dünyada az-çox olmuşam,
Aparın hər yerdə gəzim,
Qalsın bu dünyada izim….

İnsan kimi yorulmuşam,
Gedim göylərdə dincəlim.
Ayılanda əl uzadım:

Allaha çatarmı əlim?…

***

DÜNYA

.
Kədəri çox, sevinci az,
Sığal çəkər, edər pərvaz.
Şərik olmaz, dərdi qanmaz,
Öz xeyrini güdər dünya.

Bülbül kimi edər cəh-cəh,
Hamı uyub deyər “bəh-bəh”.
Baxıb gülər, edər qəh-qəh,
Öz yoluyla gedər dünya.

Günəşiylə yandırar hey,
Ruhlandırar, qaldırar hey.
Nə möcüzə bu yer bu göy?
Ömrü sonsuz qədər dünya.

Qonaq edər əhvalına,
Dəymişinə, həm kalına.
Yığıb bizi sirr damına,
Sevinci də kədər dünya.

Parıltılar göydə ulduz ….

Kainat da deyil yalqız….
Həyat keçmir qalmaqalsız -

Axır yolu hədər dünya.

***

Oldu

.
Özümüzə atdıq daşı,
Axdı gözümüzün yaşı.
Namərd ilə yedik aşı,
Yediyimiz zəhər oldu.

Soruşmadıq bu nə gündü,
Gün üstünə bulud endi…
Dinənlər də cox gec dindi,
Gör nə qara səhər oldu.

Biganəlik basdı bizi,
Hər gün bir-bir asdı bizi.
Əlimizlə kəsdi bizi,
Dünyamız nə təhər oldu?

Gec ayıldıq, gecikdik biz,
Bağlı oldu hər cığır, iz.
Dilimizə basıldı köz,
Neçə ömür qəhər oldu.

Gətirdikcə zülmə tabı,
Eyləmədik haqq hesabı.
Önə çıxdı taytaq yabı,
Uduzansa kəhər oldu.

***

Suallar

.
Mən qəməm, sevincəm, kimin dostuyam?

Bu canı, görəsən, kimə borcluyam?

Bu canı kim verib? Qəm, yoxsa sevinc?

Sevincə borcluyam, qəmə borcluyam?

Canı can eyləyən sirr axtarıram,
Ruha sirr deyirlər, bəs sirri nədir?
Məni danışdıran, məni coşduran
Gəzdiyim dünyadır, son yeri nədir?

Sonsuzluq içində nədir çalxanır?
Fırlanan dünyanın fırladanı kim?

Bəs məni yaradan nədən yaranır?
Canlının, cansızın yaradanı kim?

Yolların içində qərib yolçuyam,
Harda istəsələr, əkirlər məni.
Ömrümü yollara girov qoymuşam,
Gah saga, gah sola çəkirlər məni.

Bu günəm, dünənəm, yoxsa sabaham?
Ahımı içimdə boğub gedirəm.
Günahsız bəndəyəm , yoxsa günaham
Qalıram, yoxsa ki çıxıb gedirəm?!

Sabaha uzanmış qolam, ələm mən
Əlimdən əllərə nə qədər yol var?

Əlləri əlimə çatana kimi,
Nə qədər əngəl var, nə qədər sol var.

Səhərin axşamın yolları açıq,
Gedirəm nəfəsim təngiyir niyə?
Gözlərim tor görür, ruhum qarışıq
Köçürəm, yoxsa ki kimsəsizliyə?

Qəribəm qəribi kimdi axtaran ?
Kimdi qəriblikdə dost tapıb məni?
Bu qərib yollardan məni aparan
Kimdi mən qəribin qərib sevəni?

Bu qərib yolçunu yollar yoracaq
Varmı bir nişanə, bir ocaq ondan?
Bu qərib yolçunu yol aparacaq,
Yoxsa ki qəriblik qalacaq ondan?

 

Qərib axşamların qərib yolçusu
Qərib səhərlərdən nəsə umacaq …

Ömrünə bəxt yazan qərib falçısı
Bəlkə, qəriblikdir son dayanacaq!?

 

Yazıya 1365 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.