Zaur İlhamoğlu – “Kəlbəcərdən gəlirəm… ora qar yağırdı”

36395679_1945108362174523_7874856501817376768_nHəmsədr danışır:

“Mən Kəlbəcərdən indi gəlmişəm….
Sevinc hissi ilə demək istəyirəm ki, ora qar yağırdı” 
ATƏT-in Mİnsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

Soyuq, qarlı bir gündə
düzülüb həmsədrlər
jurnalistlər önündə.
Sədr hesabat verir…
Üzündəki təbəssüm dodağına çat verir:
“Kəlbəcərdən gəlirəm…
ora qar yağırdı”
-Əhsən!
-Bərəkallah!
Sözə bax, kəlama bax,
Ehh, bizim taleyimizi həll edən adama bax.
Sən, ey cənab həmsədr!
Sən heç düşünürsənmi, danışdıqların nədir?
Nağıldır, əfsanədir.
25 ildir, sənin həmin Minsk qrupun,
Təşkilatın – ATƏT-in
mənim ana yurdumun halına biganədir.
Bəsdir neçə illərdir, danışıb yalanları
başımızı qatdınız.
Hər gün yalan söz ilə, hər gün yalan vəd ilə,
milləti aldatdınız.
-Bəsdir! Bezmişik daha əfsanədən, nağıldan.
Mənə qardan danışma!
Danış əsirlikdəki
neçə qızdan, oğuldan,
Qul kimi işlədilən neçə ailələrimdən.
Yetimlikdə böyüyən məsum körpələrimdən.
Danış! Ey sədr, danış!
Şahbazımın, Dilqəmin danış mənə halını
Onlar üçün hansı iş görmüsən göstər görüm,
göstər materialını.
Əzizinin məzarın yad edən insanları
tutur, salır zindana.
Hanı sizin o ATƏT?
Niyə bunun səbəbin sormur Ermənistana?
Doğmaların məzarın ziyarət eləməklə
Bir günahmı etdilər, qəbahətmi etdilər?
Qətlmi törətdilər, cinayətmi etdilər?
Əzizinin məzarın yad eləyən oğul-qız
Haçandan cinayətkar sayılıbdır, ay arsız?

“Kəlbəcərdən gəlirəm…
ora qar yağırdı”
Mənim nəyimə gərək Kəlbəcərə yağan qar?!
Sən mənə danış görüm, Kəlbəcərdə nələr var?
Rus şirkəti “Neva Rus” yatırdaraq pulları
Kəlbəcər dağlarında necə salır yolları?
Niyə danışmayırsan, “Base Metals” şirkəti
daşıyır Kələbəcərdən qatar-qatar sərvəti?
“Ağduzdağ”dan ton ilə qızılllar hara gedir?
Hansı ölkəyə gedir, hansı bazara gedir?
Necə talan edirlər “Söyüdlü”nü, “Tuthun”nu?
Niyə demirsən bunu?
Sizin kökünüz bəlli.
Siz oyanmaq istəyən millətlərə, xalqlara
layla çalırsız axı.
Siz onsuz da oyuncaq sanırsınız
əzilən, işğal olan torpağı.
Bütün danışdığının günahı nə səndədir,
nə də səni bizlərə sədr göndərəndədir…
Günah “çıxış et” -deyə
sənin burda əlinə mikrafon verəndədir.

Yazıya 744 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.