Aqşin Xəyal – Araq şüşəsindəki dua (hekayə)

36861890_353120681890027_7463987397567447040_nHadisə vaqeə olub Bakının Məhəmmədi kəndində. Adını çəkdiyim kənddə xalamgil yaşayırdı. O zamanlar mən uşaq idim və hər tətillərdə orda qalırdım. Səhv etmirəmsə payız tətili vaxtıydı, mən yenə də orda idim. Bir gün xalamın əri bir neçə inək alıb gətirmişdi. İnəklərdən biri tövləyə salınandan sonra oturdu durmadı. Buynuzundan dartdılar, dalına barmaq elədilər, neylədir inək dedi ki, “vur öldür durmaram”. Bir həftəyə yaxın inək bu vəziyyətdə qaldı. Axır naəlac qalan xalamgil, inəyi kəsməyə hazırlaşırdılar ki, kənd camaatında biri bundan xəbərdar olub, özünü tənginəfəs yetirərək dedi ki:

- Ay qonşu, kəsməginən. Keçən illərdə Allahverdi kişinin inəyi də belə olmuşdu, çağırdı Seyidi, Seyid cəddinə qurban olduğum da gəlib inəyin qulağına nə oxudusa inək şappıltıynan durdu ayağa.
Xalamın əri bir az alnını ovuşdurub, fikirləşəndən sonra oğlanlarından birini göndərdi ki:
- A gədə, get o cəddinə qurban olduğumu çağır gəlsin.
Seyid deyilən adam bütün kənd camaatının, hətta ətraf kəndlərin belə itaət etdiyi, ağsaqqal bir kişiydi. Demək olar ki, Bakının bütün kəndlərindən onun yanına Quran açdırıb fala baxdırmağa, uşağı olmayan uşaq istəməyə, xəstə olan şəfa tapmağa gəlirdi. Kənddə ən imkanlı şəxslərdən biri olaraq, elə ən böyük ev də onunuydu.
Xülasə, bir saat sonra Seyid əynində qəhvəyi palto, başında buxara papaq, təsbehi əlində gəlib çıxdı. Bilmirəm bunu məndən başqa sezən oldu, ya olmadı, amma Seyidin paltosunun hər iki cibində nəsə ağır bir şeyin olduğunu hiss elədim. Cəddinə qurban olduğum tövləyə girib, inəyin başına bir-iki dövrə vurduqdan sonra dedi ki, bəs inəyi cin vurub. Bunun məsələsi ağırdır. Xalamın əri də dedi ki:
- Seyid sən qaldır bu inəyi ayağa, narahat olma nəzirin məndədir.
Nəzir sözünü eşidən kişinin sanki bığları güldü. Yenə inəyin başına bir-iki dövrə vurandan sonra camaatı çıxardı çölə ki, gərək inəklə tək qalam. Qulağına dua oxuyacam duracaq ayağa. Hamı çıxdı çölə, tövlənin qapısın örtdülər və gözləməyə başladılar. Bilmirəm uşaqlıq marağıydı, ya nə idisə cəld özümü verdim tövlənin arxasına. Ayağımın altına bir daş qoyub, dırmaşdım tövlənin pəncərəsinə və gizlincə Seyidin inəyə necə dua oxuyacağına baxmağa başladım. Seyid gözünə döndüyüm paltosunun hər cibindən içi suyla dolu, yarım litrlik bir araq şüşəsi çıxartdı. Qapaqlarını açıb, hər şüşəni soxdu inəyin bir burun dəliyinə. Su inəyin burnuna dolduqca, inək ha çalışdı ki, başını qaçıra, amma Seyid buna imkan vermədi. Axırda inək gördü ki, belə getsə Seyid bunu diri-diri suyla boğub öldürəcək, məcbur qalıb birtəhər qalxdı ayağa. Kişinin bu dəfə bığlarıyla bərabər gözləri də güldü. Araq şüşələrinin ağzını bağlayıb, qoydu cibinə. Paltonun qoltuq cibindən bir əski çıxarıb, inəyin ağzının, burnunun suyunu silib, qapını açıb, camaatı çağırı ki, gəlin dua oxudum inək durdu ayağa. Xalamın əri də yadımda deyil nə qədər, amma Seyidin bığları və gözləriylə bərabər saqqalını da güldürəcək məbləğdə pul basdı cibinə. Mənim dərslərim başlayana qədər, yəni mən kənddə qaldığım müddətcə bütün kənd Seyidin o məharətindən ağız dolusu danışdı.
Bu yaxınlarda yenə Məhəmmədiyə yolum düşmüşdü. Dedim gəlmişkən eləxalamın qəbrini də ziyarət edim. Kənd qəbirstanlığına çatanda gördüm böyük bir məqbərə var qəbirstanlığın girişində. Soruşdum kimindir, dedilər rəhmətlik Seyid babanındır. Məqbərənin yanında böyük bir nəzir qutusu da varıydı. Seyidin məqbərəsinə və digər qəbirlərə göz gəzdirib gördüm ki, sağ ikən kənddə ən böyük ev Seyidin olduğu kimi, öləndən sonra qəbirstanlıqda da ən böyük və təmtəraqlı qəbir elə onundur.

Yazıya 789 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.