İmarət Cəlilqızı – “GÜNƏŞ KİMİ SÖNMƏZ”

nesimi31(“Adlar və adamlar” silsiləsindən)

Xisləti ali olanlar namərdlərə ağız açmaz,
Tənin sərpa soysalar da, inandığı həqdən qaçmaz!

Bir körpə gəldi dünyaya, Əli deyə ad qoydular,
Bir kimsəyə baş əymədi, tutub dərisin soydular.
Əli–yüksək ,üstün, nəcib, çox ağıllı, həm mötəbər,
Xislətində cəm olmuşdu sadalanan bu sifətlər.
Insanlara həqiqəti qandırmağa çalışdı o,
Insan zülmə boyun əyib əzildikcə alışdı o.
Dərdi, qəmi tutuşaraq ürəyində közə döndu,
Közdən qopan qığılcımlar qələmində sözə döndu.
Özünü dərk eylədikcə kainat dar gəldi ona,
Düşüncəsi, əzəməti sığışmadı bir cahana.
Şöylədi ki, “bax, ey insan, Allah sənin üzündədir,
Əgər insan kamildirsə, Allah onun özündədir.
Dur ayağa, haqqını qan, zülmü, zoru bir yan eylə,
Sən böyüksən, sən ucasan, birləş, vuruş, üsyan eylə!”

Bu sözlərdən qeyzə gəldi can alanlar, can satanlar,
Azadlığa meyl edənə divan biçib toy tutanlar,
Məhv etdilər vücudunu, tab gətirdi dəyanətlə,
Ona tənə edənlərə cavab verdi cəsarətlə.
Vücudundan axan qanı damcıladı gilə-gilə,
O dönüb haqdan qaçanı acıladı gülə-gülə:
“Qorxusundan haqqı danıb barmağını qıymayan kəs
Haqq yolunda fəda olub ölmək nədir duya bilməz!”
(Ləkələnən bir barmaqmı, ya bir damla qan oldumu?!
Əsl kafir fitva verən, ya soyulan can oldumu?!)
Son anadək sarsılmadı, məramından dönməz oldu,
Əbədiyyət üfüqündə günəş kimi sönməz oldu.

 

    Yazıya (146) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.