ŞAKİR ELDAYAQ XANHÜSEYNLİ – Şeirlər…

ŞakirBir-birinin ocağından həmişə

od alan gördük

evlərimizi-

qonşudan-qonşuya

köz gedirdi,

çörək,duz gedirdi.

Yaxşı söz çatırdı qulaqdan-qulağa,

heç kəsin dilində

bir-birinə batan tikan yoxuydu.

Adamlar beləydi-

əl-ələydi,

bel-beləydi.

Arada sayğı,sevgi vardı;

hamı əlini

bir-birinə

çiçək kimi,gül kimi uzadardı…

ŞƏHİD ANASI

Üzünə açılan qapını san ki,

bir çiçək,ya sübh açılır…

Bir ana təmizlər həyət-bacanı

süpürgə edib saçını…

Niyə kirpikləri nəmlənir hərdən?

yanağında işıq sönüb…

Haçandı onunla bir həsrət gəzir,

şalının gülləri solub…

Bir yanıq yeritək izi torpaqda,

od alıb yer,ayağından…

Sinəsi sanasan quru taxtadı;

birdən alışar ahından…

Nəyi soraqlasa,kimi haylasa,

cavab yox ki sorğusuna.

Yeməyi neçə yol yoxlar,baxmaz ha

heç göz yaşının duzuna…

Qapının ağzında danışar çox vaxt

bir cüt ayaqqabı ilə;

Onlar həm göz dağı,həm də göz nuru-

şəhid oğlundan xatirə…

DÖRD DİVARlı şeir

dörd divar,dörd divar

qal-qalacaq yerim dörd divar

dur-duracaq yerim dörd divar

qalam,kaşanəm

sanki xalı-xalçalı bir qaç otaqlı xanəm dörd divar

fikir beynimi yeyir

bir hörümçək məni tora salmaq istəyir,dörd divar

nə çəkirəm gör,divar-

ox şəkli,ürək şəkli,dörd divar

günləri,ayları saydım

daş üstə daş qoydum-

daş üstdə daş oldum

özümü yüz yerə böldüm,divar

dörd divar,dörd divar

dörd yanım divar

dörd divar arasında

bir də uçuq bir divar

var,

dörd divar…

***

görürəm ki,

əzilmiş otlar yavaş-yavaş baş qaldırır,

pislik çöküb,

hamı ətəyindəki daşı yerə töküb görürəm.

görürəm salam verir hündür evlər alçaq damlara,

elə bil vəhy gəlib adamlara…

çörək,aclığı öldürüb,

su

susuzluğu.

görürəm heç kəs heç kəsin kitabını oxumur sözü

düşüb qüvvədən,

əmin-amanlıqdı,sahidən…

şeirlər kədərli,

nəğmələr hüznlüdü niyə bə…

görürəm düyünü çözülüb bütün dolaşıq işlərin,

hökmü yerimir şərin…

alınların qırışığı açılıb görürəm,

dodaqlar gülür;

görürəm,görürəm,görürəm də…

HƏR SƏTİRDƏ NƏFƏS

Baxıb bir çəngə buluda,

bir tala yaşıllığa

gözlərinlə nəfəs al,

ayaqlarının yollarla nəfəs aldığını bilirsən.

ovcunu,yağışda damcı altına tutursan,

ovcun nəfəs alır,

yaza-yaza qələmin ucu nəfəs alır…

Sözlə,

səslə,

təzə bir nəfəslə nəfəs al…

Bir yerə söykənirsən kürəyin,

bir şeir oxuyursan ürəyin

nəfəs alır.

Odunla-ocağınla,

sonsuz qayğınla,

bəzən bir yaxşılığınla nəfəs alırsın,

belə də qal;

adam,xoşdu ku,haqqıyla nəfəs ala,

doğruluğu,paklığıyla nəfəs ala…

Bir doğman,əzizin-onnan nəfəs al,

bil ki,var sənlə də nəfəs alanlar!

SOR

Hər gediş son,hər gəliş son,

gördüyümüz hər bir iş son…

Bu yoxuş son,bu eniş son,

bunu dağdan sor,daşdan sor…

Gün nur saçır,batıb gedir…

sis dərəyə yatıb gedir.

Can olubdu bitab,gedir,

üzündəki qırışdan sor.

Hər dediyim söz sonuncu,,

bir sonuncu,yüz sonuncu…

Hər gecə,gündüz sonuncu,

bu giriş,o çıxışdan sor.

Bir anı götür,son andı,

min yol içmişəm son andı..

Bu sonlar harayacandı,

o ağappaq qumaşdan sor…

ŞEİR

(alnımın qırışları üstünə yazılmışdır)

Həsrət yaxşı yatır şeirə,yazdın,

cızdın özünə bir dairə,yazdın.

Sən sözü dərdinə bir çarə yazdın,

daha nə təbiblik,həkimlikdi iş…

Nərgizdən,lalədən,süsəndən uzaq

bir acı ötürmü,gör,səndən uzaq…

Yek varkən,nə ki şeş,dü səndən uzaq,

Allahlıq deyilsə,bəs kimlikdi iş…

Atını dördnala çapana baxdın,

baxdı,sənə baxdı çəpinə,baxtın…

Şərab şüşəsinin dibinə baxdın,

guya ki,

bir-iki qurtumluqdu iş…

Adam da alına,satıla bilər,

ocaq ürəkdə də çatıla bilər…

Hamı bir bəlaya tutula bilər,

əsas bu bəladan qurtulmaqdı iş…

ŞEİR

( Müəllim günü üstünə yazılmışdır )

…birdən əllərimlə qaçıb getdim,

ayaqlarımla tutdum bir əldən,imistiydi…

saatımı vurdim döşümə,

biləyimə gül taxılmışdı.

bir şagird dəftəri yoxlayıb qırmızıya boyadı məni…

tamam ağappaq səhifələri

oxuyanda anladım ki,

sözsüz yazmaq nə qədər çətinmiş…

tapdıqlarımı bir də axtarmayacağam,

səhər yatıb gecə yarısı oyandım,günəş

yandırıb-yaxırdı,ağaclar balta götürüb adamları yıxırdı

və susuz yerlərdə təzədən insan əkirdilər…

yükdən büsbütün azad oldum;

fikirdən təntiyirəm,yahu,necə çəkəcəyəm qəlbimdəki bu boşluğu…

ŞEİR

(duyğu üzərinə yazılmışdır)

Şeir oxuyanda niyə hər dəfə

istəyirəm qəlbim titrəsin,əssin.

Xəyala qərq olub itim gözlərdən,

dost-tanış məni bir sətirdə gəzsin.

Ya da ki,səsimin ən gur çağında

daş kimi susaraq yerimdə qalım…

Zirvədən aşağı dağ ayağında,

dayazdan yuxarı dərində qalım .

Sözlərdən bir çınqı qoparcasına;

zənn elə bir közdü sinəmdə ürək.

Könlümüz sevinə kaş bir acıyla:

-mən səni sevirəm,bax,bir şeirtək!..

    Yazıya (245) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.