Allahşükür Ağa – “Durna olmaq istəyirəm” (şeirlər)

FB_IMG_1569592041357Gecələrin ulartusuna qoşulub getmək,
Yazdan qışa,
Qışdan payıza, yaya
Qəfil düşüb
Uzaqlığın üzündən öpüb
Bir durna səsi tək yerə
Enmək, necə gözəldi.
 
Daş kimi yox,
Bir az yayına – yayına,
Yellənə – yellənə
Bir şəhid atasının qulağına düşmək:
-Balan sağdı,
Gələcək,
Qurbanlığını hazırla söyləmək,
Necə gözəldi.
 
Ulduzların işığına qoşulub getmək,
Yığışmaq yer üzündən,
əl – ayağını,
ağırlığını çəkmək yer üzündən.
Lap acıqca dan üzünü dişləmək,
Qan süzülsün yanağından səs kimi.
O səs ensin bir səhər tamarzı qulaqlara:
Müharibə bitdi, müharibə bitdi-
Nə gözəl!
.
Bu səsi gətirmək üçün
getmək istəyirəm uzaqlara.
Ağac haqqında nağıl
 
Bu ağacın kölgəsi o qədər dərindi ki,
Boğulmaq olar.
Bu ağac o qədər doğmadır ki,
Qoynunda quş kimi
Doğulmaq olar.
Bəlkə, bu ağac qadındı elə,
Öpmək olar yarpağından.
Bəlkə, bu ağac ölümdü elə,
Asılmaq olar budağından.
 
Bəlkə bu ağac axşamdı,
Şam yandırmaq olar altında…
Bu ağacın kölgəsi yağışdı,
Şamı söndürər onda.
 
Bu ağac da şəhərdi,
Elə ağac adında…
Biz də onun yadında…
Yaddaşında, huşunda…
.
TƏZAD
 
Gözümdə ildırım çaxır,
Ürəyimdə günəş doğur.
Təzad deyilmi?
olum və ölüm kimi.
 
Və yaxud
Əlil arabasında əyləşən qızın
ayaqqabı hirsi,
harasa çıxıb gedən ayaqlarının
yaddaşını yandırır indi.
 
Bəzi adamlar bilmir,
əlil arabası ilə qolboyun olan həyatın şirinliyini.
Ayaqları olanla yerimir həyat,
Amma şikəst ayaqları ilə
Dördnala çapır həyat.
Nə qəribə təzad.

Yazıya 468 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.