Bəxtiyar Hidayət – “KİLSƏ MƏCLİSİ”

bəxtiyar-hidayet(hekayə)

Sonrakı peşmnlığın faydasız olduğu gör Yetimoğluna harda əyan oldu-ölümlə üzbəüz yox e, lap burun- buruna bir vəziyyətdə. Əlbəttə Yetimoğlu ölümdən qorxub peşman olmamışdı- onun peşmanlığı hardasa  azacıq ziyana düşmüş tacirin peşmanlığı kimi idi. Amma bir yandan da nə uğursuzluq, mayasına pul verməmişdi ki- bir erməni  dığası idi , tutub gətirəndə  əziyyəti də çox olmamışdı.  Quzubala kimi qabağına düşüb gəlmişdi- hətta Yetimoğlu onu geri qaytarmaq istəsə də qorxub o tərəfə aşmamışdı.

  Mal-qoyun deyildi ki, teyim- teyim teylənəydi – iki odun arasında. Bilib eləyən də yox  dalınca vedrə bağlaya, lağlağı eləyə. Bir növ ziyan idi düşmüşdü və ziyanın ortasından qayıtmağı da qazanc hesab edirdi.  Allahın günü qurtaran deyil, kopolunun ermənisinin də malı, qoyunu, atı. Düzdür, o tərəfdən donuz gətirmək də olardı- amma bu işin üstü tez açılardı. Çünki bu tərəflərdə donuz saxlayan yox idi.  Donuzun biri o həndəvərdə göründümü vəssalam- demək Yetimoğlu ermənidən oğurlayıb. O dəqiqə bizim polislər töküləcək. Di gəl qazancından tulapayı ver onlara. Yoxsa “erməni dəyirmanına su tökən” adı verib basarlar içəri və elə işgəncələr  verərələr  heç dəyirmanda daş daşı elə yeməz.

Yetimoğlu elə iş görürdü bizim polislər bilmirdi. Erməninin polisi isə iş işdən keçəndən sonra bilirdi.

  Yetimoğlu deyilən 50- 55 yaşlarında, ortaboylu, dolubədənli,ağıryana bir adam idi. Işi- gücü ermənidən mal-qoyun oğurlayıb xırıd etmək idi ki, bu tərəflərdə bu işə təkcə o baxmırdı. Belə dəstələr çox idi. Hətta qonşu erməni kəndlərində az qala hər tövlənin qabağında iki polis keşik çəkirdi. Amma bu oğrular yenə də dam yarıb dana çıxara bilirdilər. Bəzən elə olurdu erməni komandirin şəxsi fermasını da boş qoyurdular.

  Yetimoğlunun özəlliyi onda idi ki, o tək işləyirdi. Digər mal oğrularının bir qədər şöhrətpərəstliyi də vardı- istəyirdilər onların qəhrəmanlıqlarını bilən çox olsun. Məhz buna görə də başları ağrıyırdı, işə düşürdülər. Yetimoğlu isə istəyirdi onun işlərindən bir ins- cinsin xəbəri olmasın. Tək- vəssalam. Allah da təkdi. Allaha qurban olum!

  Buna görə də öz kəndində Yetimoğlu kimi tanınsa da, rayonda Yalquzaq kimi tanınırdı. Amma o yalnız oğruluğa gedəndə yalquzaq olurdu- qazancını pay- püş edəndən sonra  ətrafı dost- danışla dolu olurdu. Hətta dostların yemək- içməyi bir yana, arvadbazlığına da pul buraxırdı- a bədbəxt oğlu, bu- gün sabah prostat olacaqsan, get həyatın dadını çıxart. ”Eşqidir mehrabı uca göylərin…”

  Özü də bu işlərə qol qoyurdu- amma bu işdə də Yalquzaqlıq edirdi- harda kiminlə gəzdiyini  bilən olmurdu. Ona nə vardı- əlinə pul düşdümü pul qurtarana qədər kefində- damağında idi.

Köhnə kişilərdən idi Yetimoğlu. Elə köhnə dövrdəki kimi də oğruluq edirdi. Köhnədən də- yəni Sovetin vaxtında da ermənidən oğurluq edirdi, indi də. Onun aləmində kişi gərək öz el- obasından oğruluq etməyəydi. Belə oğruluğu it də edə bilərdi. Amma əsl oğru canavar kimi olmalıydı- yuvasının həndəvərində ziyankarlıq etməməliydi.

Hətta gedib gürcülərdən də oğruluq edib elə gürcü sallaqxanalarına da ucuz qiymətə mal- qara vermişdi. Düzdü, bu işdə tək olmamışdı- Gürcüstan azərbaycanlılarından  da oğru dost- tanışı vardı.

 Rayondakı digər oğru dəstələrinin başçıları haqda məhşur bir söz deyirdi- özü yaxşıdı, ətrafı pis.

Indi ölkənin şahı haqqında  da deyilən bu fikirə onun öz yanaşması vardı- apar bağda bir armud şitilinin qırağına dörd akasiya basdır, gör 3-4 ildən sonra armudun axırı noolacaq.

Elə siyasətdən bildiyi bu idi- hər halda siyasətə qarışmadığından bəlli idi. Amma hərdən elə söz deyirdi, deyərdin əlli ilin siyasətçisidi. Məsələn:

-Avropa bizimkilərdən rüşvət alıb demokratiya haqda qəzəl oxuyur, sonra da o rüşvətin “semiçkapulu”nu ötürür müxalifətə ki, qəzəllərə qabaqaytarma elə, xalqa ürək- dirək ver. Amma Rusiyada vəziyyət başqadı- ordan bura fəqir- füqaranın qazandığı pullar gəlir, halal pullar. Amma sonra rus padşahı gəlib ordan gələn pulun on qatını bizim padşahdan rüşvət kimi alır. Rusun pulu belə dövr edir. Avropanın isə burda pulu olmur- burda onlar öz pulumuzu dövr elətdirirlər. Bax fərq budu. Rusun pulu burda dövr edib Rusetə qayıdır, bizim pulumuz Avropada dövr edib it- bat olur, qır- qırıntısı bizə qalır. Rusun ölkəsinə bizim qara camaat gedir- işləməyə. Avropaya isə “ağ adamlar” gedir, dincəlməyə.

Dindən də buldiyi bir cümlə idi- qurban olum o kişiyə- hara qədər yazıb ora qədər yaşayacağıq, harda qırılar qırılar. Arada mollalar artıqdı- Allah onların sənətini özlərinə qismət eləsin.

Oğlu öylü, qızı göylü idi- onlara da əli atırdı. Kənddə bir arvad idi, bir özü. Arvad da bir az xəstəhal.

  4 il əvvəl evləndirmişdi oğlunu.  Onda toyun əti “özündən” olmuşdu. Iki div kimi congə gətirmişdi erməni tərəfdən. Sonra da ermənidən bir sürü qoyun gətirib satmışdı- pulu da yığıb oğlunu dənizə neft işinə düzəltmişdi. Indi oğlu özünü dolandıra bilərdi- 2 minə qədər maaşı vardı. Amma sən demə oğlu bakılı olmaq istəyirmiş. Ipoteka ilə ev almalı imiş- ən azından təcili 15 min pul lazım imiş. Oğlunun Bakı sakini olmaq istəməsi elə özünün də istəyi idi.

… Sonuncu dəfə ovu  uğurlu olmuşdu, bir sürü qoyun gətirmişdi. Əvvəlini kasıb- küsuba payladı. Bir- iki “rumka dostu” da qənimətdən pay götürdü. Evdə yaxşı yemək- içmək məclisi quruldu. Elə o yemək – içmək əsnasında dostu Sərdar başladı lağlağı eləməyə:

-A qarayığval, ayə bu nə arvaddı saxlayırsan? Tərpənənə qədər gün- günorta olur. O sürünün içinə bir mamlı- matan haxçıx da qatıb gətirərdin, sənə yaxşı qulluq eləyərdi, yaxşı arvadlıq eləyərdi. Arağını çəkərdi, qışın turşusunu qoyardı, elə fırnı çörəyi bişirərdi, ətiri kəndi bürüyərdi. Bəlkə bizim qırılmış da ona baxıb əlli tərpənərdi. Yoxsa nədi ee, axşama kimi seriala baxmaqdan savayı işləri yoxdu. Çörək bişirmillər, paltar yumullar- paltaryuyan indi həm də quruda bilir. Nə bilim tozsoran hazır, su qapıda. Boşluqdan yorulanda da üç- dördü yığışıb qeybət edirlər, vəssalam.

 Zarafatla deyilmiş bu söz Yetimoğluya əslində təzə bir ideya vermiş oldu.

Fikirləşdi  “ayə- iki tərəfin ordusu, polisi ilə üz- üzə qalmaqdansa elə bir erməni tut gətir- onsuz da gətirilən malın pulunun 10-da biri mənə qalmır. Mal- heyvan gətirəndə el- oba da bilir, it qurd da bilir. Bir erməni əsirindən milyon qazanmaq olar. Ağzıbır millətdi onlar- kənd yığılıb pul toplayar, vəssalam. Daha mələşməsi yox, hürüşməsi yox, qorxusu yox. Qabağına qat gətir- lap elə xayasında iplə bağla,özü qaça- qaça gələcək sənin dalınca. Aşağısı 100 min qiymət oxu- uşaq da ipotekadan canını qurtarsın, öləndə rəhmət oxusun.”

   Bir neçə gün plan qurdu- yaxın kənddən əsir gətirmək olmazdı. Yolu tanıya bilərdi. Qaçanda bizim sərhədçilər tuta bilərdi. O da açardı sandığı- tökərdi pambığı. Di gəl cavab ver. Deyəcəklər erməni dəyirmanına su tökürsən, agentsən, nə bilim beşinci kalonsan. Hərbçi də gətirmək olmazdı. Erməni tərəfi o saat aləmi qatacaqdı bir- birinə. Bizimkilər də məsələni bilsə, sonra  ən yaxşı halda deyəcəklər gəl dövlətlə əməkdaşlıq elə. Di gəl qoca vaxtında KQB-yə işverənlik et. Sabah arxivlər açılanda nəvələrin utansın ki babanız işverən olub.

  Amma bizimkilərdə belə istək olası deyildi- yoxsa neçə- neçə oğullar vardı ki, iki keçinin qiymətinə bir erməni zabiti gətirə bilərdilər. Amma çoxunu doldurdular dama- polisə pulu az verdiklərinə görə. Get özünü ölümə ver mal gətir, pulu da yarılığa böl polislə. Guya bu da əziyyət çəkib. Bəlkə elə buna görə  bizimkilərə erməni hərbçisi gətirtmək sərf eləmir- dövlət hərbçini o dəqiqə əllərindən alır. Amma oğrular mal- qoyun gətirəndə dövlət işə qarışmır, polisin də qazancı bir xeyli olur.

 Uzaq bir erməni kəndindən adam gətirmək lazım idi- bəs hansı kənd?

  Nəhayət Xoşkotanın üstündə dayandı. Demək qonşu God kəndini Porsuqlu dərəylə keçib səhər açılanda Xoşkotanın üstünə çıxır, orda başlayır kəşfiyyata. Həm də o kənd bir qədər sərhəddən aralı olduğuna görə əsgər də az olardı, polis də. Mal otaran, yer şumlayan, bostan sulayan- hər hansı bir çöldə əlləşəni götürüb gətirir. Sonra da gedir Gürcüstana. Gürcüstanlı  oğrulara məktub verir. Onlar məktubu çatdırırlar Xoşkotana. Xoşkotanlılar da yığılıb pulu düzəldir- verirlər həmin gürcü oğruya. Vəssalam- o gürcü də nə istəsə götürsün, qalan da Yetimoğluna bir neçə il bəsdi- aşağısı 70- 80 min qalacaq ona.

Gürcüstanda ən etibar etdiyi mal oğrusu Şirxan idi- onunla da oğruluqları olmuşdu. Gürcülərin mal- qarasını tökmüşdülər Tiflisin sallaqxanasına. Nə diş bilmişdi, nə dodaq.

 Şirxan  oralarda olmasa gürcülərdən kimisə tapardı. Əvvəl Şirxanla məsləhətləşməli idi. Yəqin ki belə bir asan işə boyun olardı. Lap elə Şirxan bir Tiflis ermənisindən göndərərdi məktubu. Qoy 2-3 min də o Tiflis ermənisi götürsün özünə- o da adam deyilmi, ona da pul lazım deyilmi?

  Yetimoğlunu rayonda gəzərkən görsəniz elə bilərsiniz tənbəlin, yerindənqalxmazın biridi. Guya belinə daş yüklənib. Amma onu oğurluğa gedən yerdə görsəniz elə bilərsiniz alıcı quşdu- şiğiyıb ov üstünə. Həm də gözləri sanki gecə daha yaxşı görürdü. Qorxusu da yox olurdu gecələr. Deyirdi minanı hiss edirəm, Allah bu barədə vergi verib mənə. Dəfələrlə minalı sahədən keçib getmişdi, qayıtmışdı.

 Hərdən deyirdilər- beş- üç manatdan ötrü özünü ölümə vermə.

O da cavabında:

-Əşşi, Əzrayıl  müəllim məni tez aparmaz. Bu dünyada bircə mənəm ona yazığı gələn, məni də tezmi aparacaq.

-Necə yəni?

-Vallah ondan bəxtiqara bir varlıq yoxdu. A kişi, dünya binnət olandan bəri İsrafil bom- boş dayanıb, nədi- nədi milyon ildə bir dəfə sur çalacaq. Amma yetim Əzrayıl bir saniyədə min yerdə olur. Bir saniyə boş vaxtı yoxdu. Mənim ona yazığım gəlir- o da yəqin bunu bilir, məni lap vaxtında aparacaq. Adım kimi əminəm buna.

Yetimoğlu “uğura gedəndə” arvad kənddə qızıgildə qalırdı. Anası axşam- axşam onlara gəldimi qız o dünyalıq olurdu. Demək dədəsi yenə ölümlə oynamağa gedib. Nə qədər yalvarmışdı yenə xeyri olmamışdı. Əslində Yetimoğlu bu səfərində onu da düşünmüşdü- biryolluq sənətin daşını atıb sözün hər iki mənasında pensiyaya çıxacaqdı. Həm oğruluqdan “pensiyaya çıxacaqdı”, həm də vaxtilə hərbidə olmuşdu, ona görə. Elə tapançası da o illərdən bir yadigar idi. Öldürdüyü erməni döyüşçüsünün belindən açmışdı.  Indi erməninin pulundan bir qədər də həkimlərə verib yaxşı pensiyaya çıxmaq istəyirdi. Bəs nədi, dağdağandan yıxılan, öz ayağına güllə vuran olmuşdu Qarabağ əlili, amma o iki dəfə yaralansa da hələ heç  veteran ola bilməmişdi. Üstünə düşəcəkdi bu məsələnin.

… Xoşkotanlı   Bağdasarın oğlu Aşot 25 yaşında, ucaboy, cantıraq bir cavan idi. Əlindən ustalıq da gəlirdi, fəhləlik də. Əsgərlikdən gələndən bəri neçə il idi Rusiyaya getmək istəsə də atası mane olmuşdu- bir oğulsan, ol gözümün qabağında, gedib oralarda ilişəcəksən. Bir belə təsərrüfat sənə baxır. Nə olsun iş yoxdu. Tövlədə bir- iki inək, çöldə beş- on donuz- oğul istəyir artırıb idarə eləsin.

 Amma Aşot bunlarla razı düşmürdü. Nəsə çatmırdı və o çatmayan nəsə Aşota elə gəlirdi Rusiyada idi. Buna görə də qəti qərara gəlmişdi- gedib oraları görməli idi. Azadlıq gəzirdi.

 Plan da tökmüşdü- gedib orda həmkəndlilərini tapacaqdı, qohumlarının yanında işləyəcəkdi. Onsuz da kənddə cavan qalmamışdı, hamı Rusiyada gün- güzəran keçirirdi. Çayxanada qocalarla nə qədər söz güləşdirmək olardı?

Uzun çək- çevirdən sonra evdən razılıq da alınməşdı- bir illiyinə icazə.  Hələ baş qəhrəmanı məlum olmayan toy- nişan üçün artırıb yöğdığı min dolları da götürüb hardasan Rusiya deyib yola düşdü. Guya min dollarla gedib 5-10 min dollarla geri dönəcəkdi.

    … Həmin gün ala qaranlıq kəndin girəcəyindəki dayanacaqda taksi gözləyirdi . Bu arada Yetimoğlu da gəlib oralara çıxmışdı və planını bir qədər dəyişmişdi. Daha suçu, malotaran aparası olmayacaqdı- elə bu dayanacaqdan kimisə aparmaq ən sərfəlisi idi. Beləcə meşəliyə yaxın olan bu dayanacağı marıtlamışdı və Aşotun geyim- gecimi də onu cəlb eləmişdi- kopolunu aparsam xeyli pul eləyər. Görünür imkanlı adamdı.

 Beləcə də yaxınlaşıb Aşotu əsir götürdü. Havanın çən- duman olması da işinə yaradı.

“ Vı aristovan, ya azerbaydjaneç, ruki vverx,  malçat, suka!”

Bir anda Aşotun əlini də, ağzını da bağladı. İllərdi onunla yoldaşlıq edən, amma hələ də kimsəyə atəş açmadığı tapançanı təpəsinə dirəyib meşəyə tərəf getməsini əmr etdi.

Aşot şokda idi. Özünü elə itirmişdi sanki belə də olmalı idi. Yetimoğlu nəyi necə başa salırdısa elə də edirdi. Bir qədər gedəndən sonra Yetimoğlu Aşotun arxa cibində telefon olduğunu fərq etdi. Yadına erməni əsirliyində olan Dilqəm və Şahbaz düşdü. Hansı ki onlar da Yetimoğluna görə telefonun sayəsində tutulmuşdular. Buna görə də telefonu götürüb uzağa atmaq istədi. Amma baxdı ki, bu bahalı telefona oxşayır- xeyli qiyməti var. Fikrindən vaz keçdi- o yan- bu yana baxıb yaxınlıqdakı ağac koğuşunu fərq etdi. Birtəhər telefonu söndürüb ağac koğuşuna qoyub Aşota dedi:

-Smotri, daraqoy, vot tebe telefon. Pomnit eto dereva, eto mesto.

Təbii ki Aşot heç nə başa düşmədi- amma ağaca tərəf baxdı. Hələ heç nə anlamırdı, həyatının ən böyük şokunu yaşayırdı…

 20 dəqiqə meşənin dərinliyində irəliləmişdilər ki, onlar istiqamətdə 5-6 it hürməyə başladı və səslər getdikcə yaxınlaşmaqda idi. Yetimoğlunu qorxu bürüdü- demək burda da əsgərlər vardı. Buralarda heyvan yatağı yox idi- 5-6 it də bir həyədə ola bilməzdi. Həə, əsgərlər yaxınlaşacaq. Heyif deyilmi gecənin oğurluğu. Yaxşı ki dumanlıqdı, yoxsa aradan çıxmaq çətin olardı.

Adam səsi də eşidildi- cavan səslər idi. Demək erməni əsgərləridir. Amma əsgər səsləri yerindəcə sayırdı-demək onlar yaxınlaşmır. Yəqin çaqqal, canavar zənn ediblər onları. Qoy belə olsun.

Amma səslər getdikcə yüksəlirdi- Mxitar deyə birini çağırırdılar:

-Ara Mxitar heyyyy.

Yəqin o da başqa postun adamıdı- olmaya qabağımızı kəsəcəklər. Xataya düşmədik? Heyif deyilmi gecənin oğurluğu. Bu nə axmaqlıq idi mən elədim? Lap elə gecəynən bir evə girib adam aparardım. Ən yaxşısı bu idi. Ya da ay axmaq, bir belə gəlibsən, burdan da o yana get, şəhərdə gecəynən bir qızıl maqazinini yar dəə. Yoxsa bu nədi. Eybi yox, o planı da yoxlayarıq, qoy hələ bu xatadan qurtaraq.

Ermənidən soruşmaq qərarına gəldi- nə deyir onlar bir- birinə. Aşoton ağzının sarığını açdı- sanki sarıq indi açılmasa Aşot öləsi idi, elə tövşüyürdü. Yetimoğlu soruşmağa macal tapmamış Aşot:

-Qorxma ay türk, cana… cana…volk, volk.

-Nə? Sən kimsən? Olmaya yuxu zaddı bu?

-Yuxu nədi? Saldatlar elə bildi canavardı. Itlər səs etdi ona… canavara.

-Hardan bilirsən bizim dili?

-Saldatlıqda öyrədibdi hökmət. Bizim afiçerlər öyrətdi mana sizin dili. Razvetkada svyazda durdu mən.

-Həə, bəs o Mxitara nə dedilər?

-Mxitar kənd pasdux. Inək otaran. Ona dedilər canavar var, çoxlu canavar. Astarojnu ol dedi saldatlar.

-Həə, lap qorxmuşdum. Davay, davay, getdik…

-Hara? Mən yolu tanımır.

-Hələ bu dərədə tanımaq lazım deyil, razvedçik. Gördün analar necə razvedçiklər doğub?

-Yazıq onlar, yazıq analar.

Dərə aşağı getməyə başladılar. Yetimoğlu onun əllərini də açdı- hara qaçası idi, üzündən oxuyurdu qaçmayacağını. Aşot bəzən budaqları tuturdu ki, Yetimoğlunun üzünə dəyməsin.  Yetimoğlu öz- özündə- mərifətli uşağa oxşayır, 10 min də onun mərifətinə keçirəm, 90 min qiymət oxuyacam Xoşkotanlılara. 90 min, vəssalam!

Nəhayət meşənin sonuna vardılar.  Duman hələ də çəkilməmişdi. God kəndinin hərbçiləri də onları fərq eləmədilər. Ordakı postun itləri də onlar tərəfə tənbəl- tənbəl hürdülər, vəssalam. Qalırdı biz tərəfin hərbçilərindən yayınmaq. Duman çəkilməkdə idi, axşama da hələ 10-12 saat vardı. Hardasa dincəlmək lazım idi. Bütün bunları əvvəlcədən planlayan Yetimoğlu Aşota dar cığırı göstərib:

-Burdan qalxacağıq lap dağın başına, orda xaraba kilsə var. Davay, getdik.

-Yest!

Kilsəyə qədər də kimsə onları fərq eləmədi. Baxımsız kilsə biz tərəfdə olsa da erməni mövqelərinin lap ovcunun içində olduğundan 30 ilə yaxın idi kimsə baş çəkmirdi. Yalnız Yetimoğluna ildə bir- iki dəfə lazım olmuşdu. Burdan Godu əməllicə kəşfiyyat eləmək olurdu. Bəzən Yetimoğlu yemək- içməyini də götürüb bu kilsəyə gəlir və burdan Godun sürülərini güdüb canavar kimi zəif yeri müəyyən edirdi. Bəzən gecələr də burda qaldığından 2-3 köhnə odeyal da gətirib burda gizlətmişdi. Hətta propan qaz balonu da gətirmişdi. Qab- qaşığı da vardı bu kilsədə. Burda bir çala da qazmışdı- ərzağı çaqqal, tülkü fərq etməsin, həm də yayda ət xarab olmasın, su qızmasın deyə.

Kilsəyə daxil oldular. Aşot:

-Ara bu kimin kilsəsi?

-Bizim, bizim kilsədi. Albanlarındı.

-Məssəb haqqı bizimdi. Sizdə Vaçaqan var? Uşaq adı olar Vaçaqan? Sən qoyar Vaçaqan ad?

-Yox, öz adlarımıza nə gəlib? Vaçaqan niyə? Uşağa erməni adımı qoyum?

-Ara, Vaçaqan alban prezdent olub. Indi bizdə Vaçaqan var, sizdə niyə yox?

-Əşşi mən nə bilim. Bu yetim kilsə fakt indi heç kimindi. Bircə mənəm baş çəkən. Siyasəti burax, bir qismət Allah verəndən yeyək.

Yetimoğlu bu sözləri deyib   üstü qanqal yarpaqlarını bir qırağa atdı və çalanın üstündəki taxta qapağı qırağa çəkdi. Dolu bir torbanı ortaya gətirdi. Süfrə çıxarıb yerə sərdi. Unutmuşdu Aşotu. Aşot yerdən götürüb başına daş vura da bilərdi. Amma sanki Yetimoğlu Aşotun belə etməyəcəyinə əmin idi. Öz işində idi. Iki də qavyadina çıxartdı. Pendir, çörək, turşu və iki rumka, bir meyvə arağı.

-Həə, zemlyak, axşama kimi burdayıq, narahat olma, sən…

-Ara məndə də var  zakuska, vodka. Rasiya aparır mən. Poyezdə lazım.

Yetimoğlu məhz indi bildi ki, Aşotun kürəyində veşmeşok da varmış. Adam yola üç zoğal arağı götürübmüş. Donuz salası isə lap əla oldu. Bu arada bir qədər ürəklənən Aşot min dolları çıxarıb:

-Noolar, məni öldürmə. Tək oğul mən. Ana gözlər, bacı gözlər… Yazıq onlar.

-Ayə, pulu cibinə qoy, mənə haram pul lazım deyil.

-Yox, öldürmə.

-Ayə, qorxma dana, pulunu cibinə qoy, mən halal oğruyam. Haram pulda işim olmaz.

Aşot pulu cibinə qoyub:

-Mən ela bildI slujbada razvedçik oldum üçun sən apardı mani.

-Əşşi, mən  səni aparıb hökumətə təhvil verib özümü zibiləmi salıram. Adamın dərisini soyarlar. Atəşkəs dövrüdü deyəllər. Nə bilim. Özümü çıxardarlar erməni agenti. Hələ bir otur.

-Mən sir bilir- sizinkilərin əlaqə vardı.

-Əşşi, məni qatma o işlərə. Adama elə işgəncə verərlər heç ağlına da gəlməz. Mənim nəyimə lazım. Guya əvvəl vuruşdum nə qədrimi bildilər ki. Buda- sinəsini açıb güllə yerini göstərdi- müharibədə olmuşam, amma veteran da vermədilər, pul istədilər. Ayağımda da yara yeri var- ayağının da yara yerini göstərdi.

Sonra da propan qaz balonunu , qab- qaşığı gətirdi.  Aşot mat qalmışdı.

-Mat- mat baxma- burda tüstü qalxsa sizinkilər də, bizimkilər də maraqlanacaq. Heç nədən narahat olma, axşama kimi burdayıq. Kayf elə, zemlyak. Hələ bir iç, qorxun zad getsin. Termosda çay da var.

Bir azdan yemək- içmək məclisi başladı. Yetimoğlu Aşotun arağının birini açdı:

-Həə, iyisinə bax. Bizdə indi zoğal arağını belə çəkən arvad qalmayıb. Əladı, əladı.  Çərtdəyini çıxarıb çəkiblər. Çəkən əllər var olsun.

-Sağ ol, ağsaqqal, ana çəkib, mənim ana.

-Narahat olma, qovuşduracam sizi.

Bir- birinin sağlığına aiçilər. Qafqazın sağlığına içdilər. Aşot özü haqda xeyli danışdı. Yetimoğlu da olan- keçəndən bir az danışdı. Sovetin vaxtında erməni dostları olduğunu dedi. Ən yaxın  əsgərlik yoldaşının erməni olduğunu dedi. Adı yadından çıxıbmış- familiyası Markaryan. Noyemberyandan imiş. Aşot da familiyasının Markaryan olduğunu dedi. Yetimoğlu həmin Markaryanın qara, hündür adam olduğunu, dalaşqan olduğunu dedi. Aşot:

-Nə bilim. Bəlkə mənim papam o.

-Ha, ha, ha. Yox əşşi, nəysə, bunu da içək sənin papanın sağlığına. Qoy sənə toy eləsin, xoşbəxt ol. Oğul nəvəsi görsün. Dünyada nəvədən şirin şey yoxdu. Sağ əlim sənin başına. Mərifətli oğlana oxşayırsan. Mənim oğlum da mərifətli oğlandı. Istəmirəm kəndə gəlsin. Ürəklidi, qorxmazdı. Qorxuram o da mal oğurlamağa gedə siz tərəfə. Inan gedər də, bir fermanın malını qabağına qatıb gətirər də. Buna görə də istəyirəm Bakıda qalsın. Mənim atam- anam ölüb, onlar bilmir bu işlərlə məşğul olmağımı. Yoxsa qoymazdılar. Indi səni dəyişib pul alacam. O pula da uşağa ev, özümə pensiya düzəldəcəm, vəssalam. Bizdə pensiya göyqurşağı kimidi. Getdikcə o da gedir. 65 yaş.

-Ara, o qadar yaşamaq asanmı, ha, ha, ha.

Bir sözlə axşama kimi dostlaşdılar. Aşot mahnı da oxumaq istədi-deyəsən ikinci araq Aşotu əməlli- başlı kefləndirmişdi. Bir azdan Aşotu yuxu basdı. Axşama qədər də ayılmadı.

Yetimoğlu onu belinə alıb kəndə tərəf yol aldı. Yolda ayılan Aşot yenə mahnı oxumaq istədii:

-Saçı ucu hörmezler.. Sari gelin, amaaaan.

Yetimoğlu onun ağzını yenə bağladı. Yetimoğlu Aşotu bir belə içitdiyinə peşman oldu- cavan oğlandı, bir belə harda içib ki? Bizim tayımız deyil küpünə girə meyvə arağının. Indi gəl bu kopolunun piyaniskasını çiynində daşı. Heç balalı inəyin buzovunu çiyində daşımaq bunun qədər çətin deyildi. Buzovu vur çiyninə, inək özü gələcək dalınca. Bu kopolu 5 buzov ağırlıqdadı- elə bil cöngədi.

Yolun yarısını Aşotu yedəyində, yarısını da kürəyində daşıdı.

 Axşam gəlib kəndə çıxdılar.

-

Telefonu olsa iş lap asan başa gələrdi. Elə burdanca Şirxanı yığıb al dilinən başa salardı vəssalam. O da gedib oralarda iş düzəldərdi və yaxud düzəldə bilməzdi. Indi gərək özü ermənini evdə qoyub gedəydi Gürcüstana. Nə qədər demişdilər bir telefon al, yaxın qoymamışdı:

-İndi cib telefonu, cib telefonu deyirlər, amma mən baxıram insan cib insanıdı, telefon yox. Telefon insanı cibinə qoyub, insan telefonu yox. Kimə baxırsan başı qarışıb telefona.  Zalım uşağı adamı çay qonaqlığına çağırıb telofon oynadırlar. Kopolunun dünyası nə günlərə qaldı. Bir azdan ər arvadnan telefonda yatacaq- görərsiniz elə bir şey də icad olacaq.

 Indi baxdı ki, telefon lazım şey imiş. Lap qulaq asan olsa da elə şifrəli danışa bilərdi kimsə nəsə anlaya bilməzdi.

-

Aşot qorxusu götürülmüşdü. Səhər tezdən arvad da gəlib çıxdı. Bu Yetimoğlunun parolu idi- evdən tüstü qalxdımı arvad bilirdi kişi uğurdan gəlib. Yetimoğlu arvada- aaz qonağımız var, tez xəngəl tök, xəngəl bişənəcən turşu, əppək pendir çörək gətir, araq gətir- zoğaldan. Bir əlli tərpən, gürcü əsgər yoldaşım vardı, onun oğludu, mal alver eləyir, bir- iki gün bizdə qalacaq. Nə gözünü döyükdürürsən? Gürcü görməyibsənmi? O dağılmışa gedəsi olmadım-Gürcüstana getmişdim.

 Aşot dünyada hələ belə dadlı yemək yemədiyini vurğulayıb əsirlikdə, girovluqda olduğunu 3-cü badədən sonra unutmuşdu.

Yetimoğlu birdən gedib əsgərlik albomunu gətirdi.

-Bax ara, burda şəkil var, xoşkotanlı saldat yoldaşımla.

Aşot şəkilə baxıb ağladı:

-Ara, bu mənim papa. Bax dakumentə.

Cibindən xarici pasportu çıxartdı- Markaryan Aşot Baqdasaroviç.

-Həə, Baqdasar idi adı. Demək Baqdasarın oğlusan. Neynir Baqdasar?

- Şoferdi. Bednıy şofer- kasıb adam.

-Elədi, şoferdə pul nə gəzir. Gedəndə salam de ona. Orda desən heç belə eləməzdim. Bəs Bağdasar Xoşkotanlı deyildi axı? Niyə orda olursuz?

-Orda baba olub- gedib Noyambryana. Ev qalıb. Mənim papa qayıdıb kəndə. Sonra əmi gəldi, bibi gəldi, hamı gəldi.

-Bunu qabaqdan deyərdin.

-Orda ağzımı bağladın.

-Əşşi mən nə bilim, daha oldu, mən də keçdim 40 min. 10 min meşədə keçmişdim. Qaldı 50 min.

-Ara insafın olsun. Əlli min heç bizim familiyada yox.

-Yaxşı 40 min.

-Ara, 40 min olsa Rusetdə nə gəzir mən.

 –Yox, bundan aşağı olmaz. Amma baxarıq.

Yenə sağlıqlar başladı. Bağdasarın sağlığına içiləndə Aşot hönkür- hönkür ağladı.

-Ara, papa dedi getmə Rasiyaya. Ana dedi pis yuxu gördü o. Eşitmədi mən. Sən yaxşı adam. Yaxşı adam sən. Kişi adam.

 Yetimoğlunu da kövrəltmişdi. Gözündən yaş süzülürdü. Qəti qərara gəldi ki, uşağı aparıb qaytarsın, yaxşı deyil. Bağdasarla neçə dəvə davalara düşmüşdülər. Bir- birini qoyub qaçmamışdılar. Yox, aparıb uşağı qaytaracaqdı.

Bu an Sərdar özünü məclisə yetirdi:

-Bu hara şeyidi a Yetimoğlu. Buralar adamına oxşamır. Hanı tövlədə mələşmə zad da yoxdu? Sən ki boş qayıdan deyildin? Olmaya qocalıbsan?

-Gəl, xoş gəlibsən. Sirrimi sənə açacam. Arvad bilməsin, nə qədər olmasa hülqumu yoxdu. Hələ bir  paxmelini aç, sonra deyərəm.

Sərdar da məclisə qoşuldu. Yetimoğlu əhvalatı nəql elədi. Uşağı qaytarmaq istədiyini bildirdi.

-Dəlisənmi əə, dəlisənmi? O boyda əziyyət çəkibsən. 100 min, lə lap milyon istə. Düşməndi bunlar. Mənim əsgərlik yoldaşım eloğlu idi, o da 2 min pul atdı mənə. Nə əsgərlik yoldaşı? Ağlını başına yığ.

-Ayə, məni günaha batırma, erməni olanda noolur, çörək çörəkdi.

-Yox başın haqqı. Bəlkə gedib heç sağ qayıtmadın? Yetimlərə nəsə qalmasınmı? Sənin meyidini ordan pulsuz gətirməkmi olar?

Bu an Aşot da dilləndi:

-Düz deyir, ağsaqal, pul da lazımdı. Amma az pul.

-Bax, Sərdar, mən Gedirəm Gürcüstana. Arvadı yenə göndərəcəm qızımgilə. Burda bir sən qalırsan, bir də Aşot. Darvaza bağlı olacaq. Axşama qayıdıram. Qoy uşaq bir məktub yazsın, sən də importnu telefonunu çıxart bir- iki şəklini çək, inansınlar. Gedim məktubu da şəkilləri də göndərtdirim Xoşkotana.

-Yaxşı, arxayın ol, Yetimoğlu. Amma de sənin adını, əsgərlik məsələsini yazmasın. Bizim dili də biir. Elə bizim dildə yazsın, onsuz da şəkillərə görə inanacaqlar. Öz dillərində yazsa bəlkə elə şey yazdı sputniknən evi vurdular. Vallah ola bilər. Kosmos əsridi indi. Ermənilər rusa vurdura bilərlər sənin evini.

-Əşşi uşaq burda olsa niyə vursunlar. 3 min evlik kənddə mənim evimi nə tanıyıllar.

-Yəqin əsgərlikdə evin səmtini demisən Bağdasardı nədi ona. Bu da şifrəli məktub yazar, nə bilim təsvir eləyər də birtəhər. Qoy məktub bizim dildə yazılsın.

-Yaxşı, nə deyirəm. Gəl Aşot bala, otur yaz.

Sərdar:

-Yaz ki salam. Qorxmayın, mən Azərbaycandayam. Vəziyyət yaxşıdı. 100 min məktubu gətirən…

Yetimoğlu:

-Əşşi nə 100 min, kişi kimi danışmışıq, deyəsən 30 minə barışdıq Aşotla.

-Dəlisənmi əəə?

Aşot:

-Vallah bizdə o pul yox.

Sərdar:

-Kənd yığılıb verər.

-Mənim papa deməz. Onda, onda, onda…

-Nə onda- onda salmısan?

-Hə, onda qordost var, qordosts. Deməz. Qardaşa da deməz.

Yetimoğlu:

-Düz deyir. Qürurlu oğlandı Bağdasar. Bizim bir erməni komandir vardı…

-Əə, sənin başın xarabdı vallah. Noolsun ki əsgər yoldaşındı? Mən sənə görə deyirəm, neçə yazdırırsan yazdır. Bəlkə erməni komandirə görə də 10 min keçəsən.

-Yox, elə demək istəmədim. Bağdasar ondan istifadə eləmədi. Heç Qarabağ ermənilərinə də yaxın getmirdi. Elə məni tapmışdı- “zyoma, zyoma” deyib əl çəkmirdi.

Aşot:

-Ağsaqqal, bizim 10 min güc var.

-Yox bir bir min. Kopolu rola girib. Nə mən olaydım! Bir milyon oxuyardım, adin mil- yon!

  Məktub yazıldı- Aşot kiril əslifbası ilə Azərbaycan dilində yazdı məktubu. Əvvəl 30 min məbləğ yazıldı- sonra Yetimoğlu məktubu dəyişdirdi-20 min bəsdi dedi. 15 min oğluna, 5 min də öz pensiyasına.

Sərdarın telefonu ilə 1-2 şəkil də çəkildi. Aşot arxası Odun dağına tərəf dayandı. Dedi anam ağlamasın, süfrə də şəkilə düşsün. Arxası Odun dağına tərəf, qabağında süfrədə naz- nemət bir neçə şəkil. Bu sübut idi.

Amma Yetimoğlu həyətdən geri qayıtdı. Sərdarla mübahisə edə- edə son qərarı 10 min etdi.

Və Yetimoğlu yollandı Gürcüstana.

Orda Şirxanı rahatlıqla tapdı. Əhvalatı danışdı. Razılaşdılar. Şirxan özü Ermənistana keçməyəcəkdi- sizinkilər sonra tamojnuda adamı incidir. Deyirlər pasportunda erməni peçatı var. Bir erməni göndərəcəm getsin. Amma o ermənini inandırmaq olmayacaq. Inanmayacaq ki, cəmi 10 min pula görə sən həyatını iki dəfə risqə qoyursan.

-Əşşi, harda qırılar, qırılar. Heç məndən olsa aparıb qaytarardım. Dostum dedi bəlkə ölüb elədin o dığanı qaytaranda, evdə pul- para qalsın səni dəfn eləməyə, meyidini almağa. Mən də ölümü vecimə alan deyiləm, amma nə bilim ee, həyatdı, Allah harda deyib, orda da qurtaracaq.

… Aşotun telefonuna zəng çatmamağını Kəkil dağından görən Bağdasar da, arvadı da hökumətin dalınca deyinirdilər:

-Bir dağla bacarmırlar, Böyük Armeniya yaradacaqlar. Ay- hay. Heç Kiçik Armeniyada gün yoxdu bizə.

Iki gün keçmiş Bağdasar Rusiyaya  zəng elədi. Kimə sordu, Aşotu gördüm deyən olmAdı. O da Aşotun südünə söyüb, elə bildi hansısa qız yanında vaxt keçirir.

Məktub yola salındı və bir həftəyə cavab gələsi idi. Bundan ötrü Yetimoğlu Gürcüstana getməyəcəkdi. Gercüstandan Xoşkotana gedəcək  adam öz pulunu götürüb yerdə qalanını verəcəkdi Şirxana. O da  pulu gətirib verəcəkdi Yetimoğluna. Özünə isə pul götürməyəcəyini israrla bildirmişdi. Ola bilər bəlkə bir həftəyə lap kasıblasa beş- on dollar xərclikpulu götürə bilərdi….

Bağdasar məktubu alanda özünü itirmədi. Bazar gününə qədər vaxt istədi. Məktub gətirən erməni razılıq etdi. Bağdasar bilirdi kimlərə ağız aça bilər. Məktub gətirən evə- eşiyə baxıb bir istədi öz payına düşən puldan vaz keçsin. Amma sonra fikrini dəyişdi. Şirxan bəlkə inanmadı ona. Bazar günü gəlib  on min dolları gtürəcəkdi…

  Nəhayət Şirxan gəlib çıxdı. 5 min pul gətirmişdi. Xoşkotana gedən erməni  ayağını dirəyib beş min almışdı. Demişdi mənə dəxli yoxdu- 100 min də desəniz 5 min alacaqdım, ağlınız olaydınız, çox deyərdiniz. Səni dostun deyəsən köhnə dünyada qalıb. Elə də adammı olar?

  Bağdasar iki inəyini satmışdı. Qohumlardan da mal- heyvan satanlar olmuşdu. 10 min düzəlmişdi-amma hökumət bu barədə məlumatsız qalmışdı.

Yetimoğlu pulun min dollarını Şirxana zorla verdi- əşşi, ola bilməz ee, sən öl götürməlisən. “Slujba slujba, drujba drujba”.

 Beləliklə qaldı 4 min pul. O pulun az qala 100 dollarına bazarlıq elədi Yetimoğlu. Yenə kilsəyə qalxacaqdılar və səhərdən axşama kimi orda məclisi davam etdirəcəkdilər.

Qalan pulu da cibinə qoyub Aşotu alaqaranlıq evdən çıxartdı Yetimoğlu. Işıqlaşana kimi gəlib kilsəyə çatdılar. Aşota xüsusi tapşırıq bu oldu- günortaya qədər nə boyda içir, içsin. Sonra içmək olmaz. Xataya tuş ola bilərlər.

Aşot razılaşdı.

Kilsədə yenə propan qaz balonu işə düşdü. Bahalı fin arağı, bahalı qavyadinalar, bahalı turşular, salatlar, soklar, naz, nemət süfrəyə düzüldü. Ikisinin gücü zorla çatacaq qədər “süfrə neməti” qaldırmışdılar kilsəyə.

Sağlıqlar başladı bir- birini əvəz etməyə.

-Mən inanmazdı Azerbaycanda səni kimi adam ola, Yetim dayı. Məssəb haqqı, siz yaxşı millət. Allah Qarbaçovun evini yıxsın.

-Amin, bala, amin!

- Mən deyir, vayna qurtara, səni qonaq çağırmaq bizim evə. Bütün Xoşkotanı çağıracaq mən- gəlin nastayaşı Kafqaz kişi görün. Ara, mənim bir dyadya var-Sinasar. Qnida, padles adam. Mənim papanın evini aldı əldən.Oğlu da qnida. Polkovnik oğlu-ayda 2 min dolları var. Arvadı finansda işləyir rayonda- pulu çox. Amma evi aldı papadan.  Ev getdi. Yeni evƏ çox pul getdi. Sinasar qnida,Yetim dayı zor dayı, kişi adam. Gəl bir öpüm səni.

Günortaya qədər Aşot Yetimoğlunu bir xeyli beləcə öpdü. Günorta o yatdı, Yetimoğlu da keşik çəkdi.

Amma axşama dönəndə Yetimoğlunun ürəyi yumşaldı. Aşotun israrlı xahişlərindən sonra 100 qram araq verdi ona. Elə o 100-ün dalı da xeyli uzandı. Şər qarışanda məlum oldu ki, Aşotu apara bilməyəcək. Özü də çox sərrast qalmamışdı. Axmaqlıq olardı belə qorxulu səfərə çıxsa.

Kilsədə odeyallara bürünərək bir- birinə qısılıb o gecəni yola verdilər. Səhər tezdən yola düşdülər. Düz gəldilər Aşotun telefonu qoyulan ağacın yanına qədər. Postun itləri üç- dörd dəfə hürüşüb kiridilər. Telefon yerində idi.

Qucaqlaşıb ayrıldılar. Ayrılan kimi də Yetimoğlu 3900 dolları qoydu Aşotun cibinə.

-Yox, Yetim dyadya.

-Sən öl götürməlisən.

Həə, “sən öl” nə deməkdisə, hökm kimi bir şeydi. Aşot pulu götürüb Yetim dayısını bir də öpdü. Ayrıldılar.

 Və Yetimoğlu ilk dəfəydi belə uğursuz ova çıxırdı. Sonrakı peşmanlığı hiss edirdi. Elə o koğuşlu ağacın yanındaca çöməlib olanların yuxumu, həqiqətmi olduğunu götür-qoy etməyə başladı. Bəlkə buralarda gizlənib şəhərin yollarını kəşfiyyat eləsin? Gecə gedib qızıl maqazini yarsın. Bəlkə geri qayıtsın. Görən uşağın atası Bağdasar olmasa, başqa erməni olsa neçə qiymət oxuyardı.

Belə düşüncələrdən onu fit səsi ayıltdı. Əli həmən tapançaya getdi.

Geri qanrılanda Aşotu gördü:

-Noolub Aşot?

-Mxitar ölüb.

-Nəə?

-Mxitar ölüb.

-Cəhənnəmə ölsün Mxitar. Deyəsən hələ piyansan. Məni dəli eləmişdin. Ödüm qopdu, Allahsız!

-Dyadya, yox ee, inək, inək.

-Nə inək?

-Pasdux yox, inək var, çoxlu inək.

-Əşşi, God olsa aparmaq olar, burdan necə aparım?

Aşot onun yanına gəldi:

-Dyadya,mən baxdı inəklərə. Hamı özü gətirdi çölə. Hamı da getdi. Bir- birinə dedilər Mxitar ölüb. Kənd qaldı yetim. Mən də baxdı, xalanın bir inəyi yox, Baqdasarın iki inəyi yox, bibinin iki inəyi yox, dayının iki inəyi yox. Hamısını satıb  Tiflisə göndəriplər. Amma o padles Sinasarın inəkləri hamı qalıb. Dörd inək, beş dana var. Apar onları. Sən bilmir, o təpənin arxası meşə. Ora gedib Goda çatır. Ordan apar. Mxitar ölüb, inəkləri apar.

-Allah Mxitara rəhmət eləsin.

Aşot malları göstərdi. Sinasarın malları naxırdan onsuz da ayrılmışdı.

  Sonuncu dəfə qucaqlaşıb ayrıldılar.

 Bu gecə Sinasarın evində vay- şüvən olacaqdı. Sinasar komandir oğlunu daha kəndin mərkəzində tərifləyə bilməyəcəkdi.

Və bu gecə Bağdasarın evində şənlik olacaqdı. Yəqin ki o məclisə Sinasar gəlməyəcəkdi.

Bağdasar isə qorxacaqdı- birdən Sinasar da, onun polkovnik oğlu da aça sandığı, tökə pambığı. Amma ortada sübut yox idi. Yetimoğlu sübut buraxmayan oğru idi.

 

 

Yazıya 918 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.