Akif ABBASOV – İYNƏ NƏ OLDU?

akif abbasov(hekayə)

         Diş həkiminin qəbulunda idilər. Nəhayət, Kələ Kötürovun növbəsi gəlib çatdı. Dişi neçə gün idi ona zülm edirdi. Gündüz gəzib-dolanır, başı işə-gücə qarışdığından ağrını o qədər hiss etmirdi. Elə ki, axşam düşürdü, səhəri diri açırdı. Daha bilmirdi canını hara qoysun. Bu neçə gündə həkimə də getmirdi. İynədən, kəlbətindən qorxurdu. Evdə onun ah-naləsindən təngə gəlmişdilər: “Dur, həkimə get”.

-Gedəcəyəm.

-Nə zaman? Artıq beşinci gündür, nə özün yatırsan, nə də bizə imkan verirsən.

-Əyləş.

Kələ Kötürov oturdu. İndi həkim iynə vuracaq, kəlbətinlə çəkib dişini çıxaracaqdı. Axır ki, canı dincələcək, yediyini-içdiyini biləcəkdi.

          Kələ Kötürov büzüşdü. Diş çəkdirmək məgər asandır? “Ağzını aç”. Açırsan. İynəni yanına vuranda adam dözə bilmir, onda qala dişinin dibi ola. Sonra da həkim kəlbətini salır ağzına, çək ki, çəkəsən.

Həkim telefonla danışırdı. Həyəcandandır nədəndirsə Kələ Kötürov hiss elədi ki, dişinin ağrısı kəsib. İstədi durub əkilsin. Amma gecikdi. Həkim başının üstünü kəsdirmişdi.

-Ağzını aç.

“Bəli, başlandı”.

Dişinin ağrısı başlamışdı.

Kələ Kötürov ağzını açdı.

-Hansı dişindir?

Kələ Kötürov dedi.

Həkim əlindəki alətlə onun dişini qurdaladı.

-Zalım balası, gör dişini nə günə qoymusan? Ağrıdığı neçə gündür?

-Beş gün olar.

-Bunun ağrısına neçə dözmüsən? Dözə bilmisənsə, qoçaq adamsan. Problem yoxdur, bir azdan olacaqsan anadangəlmə. İnşallah.

Həkim əl saxlayıb şprisi götürdü. İynə vurmaq istəyəndə Kələ Kötürov tərpəndi, əli həkimin qoluna dəydi və iynə şprisdən çıxıb onun ağzına, oradan da boğazına düşdü. Başladı çabalamağa, nəfəs də ala bilmirdi. Həkim nə billah elədisə, iynəni çıxara bilmədi.

Poliklinikanın həkimləri yığılıb gəldilər. Kələ Kötürov hələ də əl-qol atırdı. Az qalırdı nəfəsi kəsilsin. Allahın həkimə yazığı gəldiyindən idi ki,  Kələ Kötürov  canını tapşırmamışdı. Birdən o, sakitləşdi, dərindən nəfəs aldı. Özünə gəlmişdi.

Sevincək:

-Həkim, dişimin ağrısı kəsdi.

Həkim onun ağzını açıb baxdı. Əsəbi halda:

-Ay bədbəxt, – dedi. -Hansı gününə sevinirsən, iynəni udmusan e… İndi cərrahın yanına gedəcəksən.

Bunu eşidən Kələ Kötürovun ürəyi getdi, tir-tap yerə gəldi.

 

    Yazıya (115) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.