Budur gəldi bahar vaxtı

baharNizami Gəncəvinin “İskəndərnamə” poemasında Nüşabənin İskəndəri Novruz bayramında qonaq çağırmasından, tonqal qalamasından və süfrəyə cürbəcür nemətlər qoymasından söhbət açılır. Novruz bayramı rəngarəngliyi ilə seçilir. Ərəb istilalarından sonra bu bayramın kütləvi şəkildə keçirilməsinə qadağa qoyulmuşdu. Buna baxmayaraq, müxtəlif əyalətlərdə bu bayramı yaşatmışlar. İstilaların kəskin dövrü arxada qaldığı zamanlarda Novruz bayramı, əvvəlki kimi olmasa da, kiçik çevrədə, məhəlli səviyyədə yenidən keçirilməyə başladı. Lakin artıq bu zaman bayramın bəzi simvolları sıradan çıxmış, əvəzində müxtəlif dini elementlər əlavə olunmuşdu. Hətta sonralar islam alimləri bu bayramı imam Əlinin hakimiyyətə gəldiyi günlə əlaqələndirmişlər.

Novruz Azərbaycanın qədim mədəniyyət nümunələrinin arasında xüsusilə seçilir. Ancaq maraqlıdır ki, daha bir mədəniyyət hadisəsi, eləcə də tarixi və coğrafi bir fakt olan “Kitabi-Dədə Qorqud” dastanında Novruz bayramından söz açılmır. Bildiyimiz kimi, bu dastan təxminən islam dininin yarandığı dövrlərdə meydana gəlmişdi. Dastanın müqəddiməsində qarşımıza çıxan ilk cümlə bunu açıq göstərir: “Rəsul əleyhissəlam zamanına yaxın Bayat boyunda Qorqud ata deyilən bir kişi vardı…” Novruz bayramı isə islamdan daha öncə yaranmış, Yaxın Şərqdə və Orta Asiyada geniş yayılmışdı. “Kitabi-Dədə Qorqud” kimi fundamental bir dastanda xalqımızın qədim bayramı olan Novruz haqda söhbət açılmaması qəribə görünsə də, səbəbi aydındır. İslam mədəniyyətinin yayılması (daha çox zorla qəbul etdirilməsi!), xilafətin müstəmləkəyə çevirdiyi ölkələrdə xalqların mədəniyyətinə, adət-ənənəsinə qadağalar qoyması Azərbaycan adət-ənənələrindən, şifahi və yazılı ədəbiyyatından da yan keçməmişdi. Bunun nəticəsində bir çox mədəniyyət nümunələrimiz sıradan çıxmış, yaxud dəyişikliyə uğramışdı. Zaman keçdikcə bunların əksəriyyəti tarixin yaddaşından silinmişdi. Zamanın toz basmış arxivinə boyun əyməyən Novruz bayramı nəsildən-nəsilə ötürülərək yaşamını sürdürmüş, ilkin gözəlliyini və ecaskarlığını qoruya bilmişdi. Qeyd etdiyimiz kimi, bu bayram, günümüzə gəlib çatana qədər bir çox dəyişikliyə uğrayıb. Bu dəyişikliklərin ən ədalətlisi son dövrlərdə Dədə Qorqudun bir obraz olaraq Novruz bayramına daxil edilməsidir. Bu, nə ərəblərin, nə də rusların işğalı zamanı mümkün idi. Sovet dövründə də Novruza qadağalar qoyulmuşdu. Bu bayramı keçirməyə təşəbbüs göstərənlər hökumət tərəfindən təqib olunurdu.

Qorqud oğuz elinin atası, ağsaqqalı, yol gösətərəni, boy boyluyanı, soy soyluyanıdır. Ağsaqqalsız bayram keçirilməz. Şənlik olacaqsa, ağsaqqal başda əyləşdirilməli, xüsusi ehtiram göstərilməlidir. Dədə Qorqudun Novruzla vəhdəti tarixi ədalətsizliyin bərpası deməkdir. Dədə Qorqud da, Novruz bayramı da Azərbyacan xalqının qədimliyini, qəhrəmanlığını, qonaqpərvərliyini göstərən ən vacib mədəni hadisələrdəndir.

“Kitabi-Dədə Qorqud”dan sonra daha bir mədəni abidəmiz olan “Koroğlu” dastanında da birbaşa Novruzla bağlı məqamlara çox az rast gəlinir. Burada qarşılaşdığımız şeir və ya nəsr nümunələrində daha çox baharın gəlişindən bəhs olunur. Bu bayramın dastanlarımızdan kənarlaşdırılması yuxarıda qeyd etdiyimiz kimi, yadellilərin qoyduğu qadağalarla bağlıdır.

Müşahidə edəndə görürük ki, ozandan aşığa keçid dövründə Novruz bayramı da tədricən öz qayıdış mərhələsinə qədəm qoymuşdur. Bu, daha çox baharla, bayram ovqatıyla, xüsusən də eşqin, məhəbbətin çaylar kimi çağladığı qanqaynadan bir fəsillə bağlı şeirlərdə müşahidə olunur. Aşağıda ard-arda gətirdiyimiz nümunələrdən sözümüzün mabədi bir daha aydınlanacaq.

XVII əsrdə yaşamış, aşıq sənətinin olmazsa olmazı, ustadların ustadı sayılan Abbas Tufarqanlı yazır:

 

Duman, gəl get bu dağlardan,

Bahar gəldi, qar əylənməz.

 

XVIII əsrdə ustadnamələriylə adını aşıq şeirinə qızıl hərflərlə həkk etdirmiş Xəstə Qasım yazır:

 

Budur gəldi bahar vaxtı,

Sinəm oldu yarın taxtı,

Soyuldu bülbülün rəxti,

Gül, başına dolandığım.

 

XIX əsrdə aşıq sənətinin ikinci və daha parlaq mərhələsi sayılan Aşıq Ələsgər yazır:

 

Bahar fəsli yaz ayları gələndə,

Süsənli, sümbüllü, lalalı dağlar…

 

Bunlardan əlavə aşıq şeirində ənənəvi olaraq “Bayram günləri” rədifli şeirlər də mövcuddur. Bir çox aşıq-şairlər bu rədifdə divanilər yazmış və elin toy-düyünlərində, bayramlarda şövqlə çalıb-oxumuşlar. Bu divanilərdən bir neçəsini diqqətinizə çatdıraq:

Aşıq Şəmşir:

 

Aşıq gərək xalqa tərif yaza bayram günləri,

Əlində saz, şirin avaz gəzə bayram günləri.

El nəfinə yaxşı danış, eşidən əhsən desin,

Gülür yenə novbahartək üzə bayram günləri.

 

Aşıq Əsəd:

 

Yadında, güzar eylədim sizə bayram günləri,

İstəyirəm ləblərindən məzə bayram günləri.

Sən Leylinin Məcnunuyam, gözlərəm bu dağları,

Cismi canım yandırırsan közə bayram günləri.

 

Şair Vəli:

 

Ay nazənin, xoş gəlibsiz qoşa bayram günləri,

Qaydadırmı vəsmə çəkmək qaşa bayram günləri?

Təzələndi qəmli könül, ruhum pərvaz eylədi,

O vaxt ki, səsiniz gəldi qoşa bayram günləri.

 

Koroğlu aşığı Aşıq Umbay:

 

Necə də şirin yaraşır sözə bayram günləri,

Nə qədər sevinc gətirir üzə bayram günləri.

Yaranandan insan oğlu azadlığa təşnədir,

Səadətnən qismət olsun sizə bayram günləri.

 

Azərbaycan aşıq şeiri o qədər zəngindir ki, gətirə biləcəyimiz nümunələri bir mətnin içərisinə sığdırmaq mümkün deyil. Yuxarıda göstərilən şeir parçaları aşıq şeirinin ovqata təsir gücünü ifadə eləyir, dinləyicini bayram əhval-ruhiyyəsinə kökləyir.

Aşıq tarixən şaman funksiyasını yerinə yetirmiş, yaxşı gündə də, pis gündə də el-obanın ümid yeri olmuşdur. Aşığın sələfi olan ozan qolca qopuzunu sinəsinə basmış, igidləri öymüş, oğuz elninin birliyi, xoşbəxtliyi üçün Tenqriyə dualar etmişdir. Aşıq el xanəndəsidir. Bu baxımdan el şənliklərini, bayramlarını aşıqsız təsəvvür etmək çətindir. Xüsusən də Novruz bayramını. Çünki hər ikisi qayım-qədim ənənələrdən, eləcə də folklordan qaynaqlanır və hər ikisi milli-mənəvi dəyərimizdir.

 

Pərviz Axund

Yazıya 567 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.