Akif ABBASOV – NEVZƏT MƏYUS OLDU

                    akif abbasov   (“Fateh Sultan Mehmət” romanından)

Nevzət evə buraxılmışdı. Sultan II Muradın hədiyyələrini evdəkilərə, sevgilisi Nurcana göstərəcək, onları da sevindirəcəkdi. Dost-tanışa qızılları göstərməyə dəyməzdi, onlara təkcə qılıncı verəcək di baxmağa. Hərənin bir nəfsi var. Yoxsul adamlardır, bir qarın ac, bir qarın tox dolanırdılar. Qızılları görüb niyə qanları qaralsın, niyə dolanışıqlarına lənət yağdırsınlar? Həm də var-dövlət, çoxlu pul-para, qızıl, zinyət şeyləri adamın başının bəlasıdır.

Zarafat deyildi, hədiyyələri şəxsən əlahəzrət özü ona təqdim etmişdi. Evdəkilərə də, Nurcan da, qohum-əqrəba da, tay-tuşları da, sözsüz maraqlanacaqdılar. Bilmək istəyəcəkdilər ki, niyə görə Nevzət mükafatlandırılıb. Durduğu yerdə kimə belə qiymətli hədiyyələr verirlər? Ozü də Sultan!

Yolda rastına bir ata-araba çıxdı. Başqa kəndə gedirdi, amma onların kəndindən ötüb keçəcəkdi. Allah yetirmişdi bu ata-arabanı ona, oturdu. Arabaçının ovcuna gücü çatan məbləğdə para basdı. Fağır, əzabkeş adamdır. Əziyyətdən savayı bir qazancı yox. Yenə bu xırda-xuruş para bir dərdinə, bir işinə yarıyar. Həm də Nevzəti mənzil başına çatdırmaqda marağı olsun.

Kişi paraya baxmadan yamaqlı sırığlısının cibinə dürtdü. Başı ilə razılığını bildirdi.

Hevzət hərbi geyimdə idi. Sağ yanından da bir qılınc sallanırdı. Çiyninə aşırdığı çantanı çıxarıb arabaya səpələnmiş küləşin üstünə atdı. Ondan başqa arabada yaşlı bir kişi ilə bir qarı vardı. Danışıqlarından bəlli olurdu ki, ər-arvaddırlar. Nevzatdan soruşdular:

-Orduda idin?

-İdim.

-Necədir vəziyyət?

-Vuruşurduq. İndi sakitlikdir. Evə buraxdılar.

-Sultanımız yaxşı sərkərdədir. onun sayəsində belə azad gəzib-dolanırıq. Onun qorxusundan Osmanlı diyarına ayaq basan olmur.

-Elədir.

Nevzət arabanın bir küncünə sığınmışdı. Yuxusuz idi. Gözlərinin nə zaman yumulduğunu bilmədi. Bir də onda ayıldı ki, kimsə onu dümsükləyir:

-Ay bala, ay oğul, satmısan.

Nevzət key-key ona baxdı. Kişi zarafatla:

-Özün bil, ötüb keçsən, gedərik bizə.

Nevzət tez ayağa qalxdı, çantasının kəmərini çiyninə keçirdi. Arabadan atılıb yerə düşdü. Üzünü arabaçıya tutaraq:

-Yaxşı yol! – dedi. -Allah köməyin olsun!

Sonra sərnişinlərə:

-Dəyərli insanlar, siz də sağ olun!

At-araba yola düşdü. Nevzət ər-arvadın dediklərini eşitdi:

-Allah saxlasın! Qanacaqlı, mərifətli cavandır! Yerini biləndir!

Nevzət sürətli addımlarla evlərinə sarı gedirdi. Birdən arxada qaçaraq   gələn bir nəfərin addım səslərini eşitdi. Onun kim olduğunu görmək üçün geriyə çevrilməyə macal tapmamış həmin şəxs Nevzətin boynuna sarıldı, onu öpməyə başladı:

-Gəldin, oğlum? Şükür! Sağ-salamar evə dönmüsən.

Atası Bəyazid idi, tarladan gəlirdi. Birlikdə evə sarı getdilər. Bu dəfə anası Nilufər, bacısı Baycan onun boynuna sarıldılar. Nilufər:

-Can bala, gəldiyin yollara qurban olum! – dedi. -Darıxırdıq, özümüzə yer tapmırdıq.

Nevzət qonşular, qohum-əqrəba onun başına yığışmamış hədiyyə qızılları anasına verib, tapşırdı ki, etibarlı yerdə gizləsin. Onlar barədə evdəkilərdən başqa keç kim xəbər tutmasın.

Ailə üzvləri Nevzətin qılıncına baxıb ona görə fərəh hissi keçirdilər. zarafat deyildi, Nevzət Sultan II Muradı sui-qəsddən qurtarmışdı. Sultanın özü, baş vəziri, sərkərdələr tanıyırdı Nevzəti. O, hökmdarın sevimlisi olmuşdu.

Söhbət, sorğu-sual bitdi. Nevzət qonşu həyətə doğru boylandı. əlüstü başa düşdülər. Nurcan sorağında idi. Çoxdan idi qızı görmürdü, üzünə həsrət qalmışdı. O, ayağa qalxıb həyətə düşmək istəyəndə Nilufər Bəyazidə qaş-göz elədi. Nilufərə Aycan çıxdılar. Bəyazid Nevzəti saxladı:

-Əyləş, oğlum.

Nevzət təəccüblə atasına baxıb yanını yerə qoydu.

-Ata, xeyirdir?

-Şər deməsən, xeyir gəlməz. Nurcanla görüşməyə gedirdin?

Nevzət başı ilə təsdiq etdi.

-Oğlum, təfsilatı ilə danışım, yoxsa kəsəsini deyim.

Nevzət narahat oldu. “Görəsən Nurcana nə olub? Xəstələnib, yoxsa başına bir iş gəlib?”

Bəyazid söhbəti uzatmadı:

-Kəsəsi, Nurcan yoxdur?

-Nə vaxt rəhmətə gedib?

-Rəhmətə getməyib. Sağ-salamatdır. Sadəcə evdə yoxdur.

-Hara gedib axı? Qayıdar da.

-Qayıtmayacaq.

Nevzət mat-məəttəl qalmışdı. “Bu kişi niyə ikibaşlı danışır?! Deyirəm rəhmətə gedib? Deyir yox. Deyirəm hara gedibsə, qayıdar, deyir, qayıtmayacaq…”

-Ata, mən uşaq deyiləm. Olanı de.

-Nurcanı qaçırıblar.

-Kim qaçırıb, ata? Necə olub? Bəlkə özü gedib?

-Yox, o tacir oğlu vardı. Hə idi onun adı?

-Maksut.

-Hə, gecəykən Maksut aparıb. Yerini-yurdunu bilən yoxdur. Atası, qardaşı neçə aydır axtarıb, axırda yorğun düşdülər. O vaxtdan xəbər-ətər yoxdur.

Nevzət ayağa qalxdı.

-Bu necə olur? Bizi müharibəyə aparırlar. Osmanlı torpaqlarını quruyuruq. Gələndə görürük sevgilimizi götürüb qaçırıblar. Belə çıxır ki, biz Maksut kimi harınlanmış adamlar üçün qan tökürük ki, onlar da bizim haqqımızı tapdalasınlar. Müharibədə aldığımız yaranın üstündən daha ağır, sağalmaz yara vursunlar?!

Bəyazid nə deyəcəyini bilmirdi. Nevzət:

-Neynək, atacan, – dedi. -Axtarıb o yaramazı taparam. Bircə əlimə keçsin…Mən bilərəm nə etdiyimi. Bu qılıncla cəhənnəmə vasil edərəm onu!

-Qızışma, oğlum. Adamın başına iş gələr. Sənin heç bir hüquqi əsasın yoxdur ki, iddia qaldıra biləsən. Nurcan nə nişanlındır, nə də arvadın. Axtarıb adını nə qoyacaqsan? Deyəcəksən kimi gəzirsən? Maksut üç aydır Nurcanı qaçırıb. İş də yəqin işdən keçib. Hələ üstəlik qızın boynuna uşaq da düşüb. Lap elə Maksutu tapdın. Deyəcək Nurcan mənim arvadımdır, bəs sən kimsən, o sənin nəyindir? Deyəcəksən onu sevirdin? Deyəcək: nə olsun sevirdin, qismətin ki, olmadı, sənə ərə getmədi. İndi onunladır. Əl çək.

Nevzat lal-dinməz dayanıb baxırdı.

Bəyazid davam etdi:

-Hə, belə-belə işlər. Ağıllı ol, oğlum. Düz-dünya qızla doludur. Bir qızdan ötrü özünü bədbəxt eləmə. İndi belə oldu da, nə edək?!

Nevzət həyətə düşdü. Atasının sözlərində həqiqət vardı. “Mən Nurcanı tapanda yanında neçə yaşlı uşağı da olacaq yəqin”.

Nevzət əlini yelləyib çay kənarına yollandı. Söyüd ağacının altında əyləşib düşüncələrə daldı.

 

    Yazıya (208) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.