Musa Ələkbərli – “SALAM, YETMİŞ YAŞIM…”

musa ə25 aprel şair, filoloq Musa Ələkbərlinin doğum günüdür.  O, 1950-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olub. Orta məktəbi Böyük Qaramurad kəndində bitirib. ADU-nin filologiya fakültəsini bitirib. Gənclik nəşriyyatında yeniyetmələr üçün ədəbiyyat redaksiyasının redaktoru vəzifəsində işləyib. Ədəbi fəaliyyətə orta məktəbdə oxuyarkən başlayıb. “Pərvanə ” ədəbi dərnəyinin rəhbəri olub. Bir neçə tərcümələr edib. “Məndən şer istə”, “Ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım ay işığı”, “Gözümdə ağlayan bulud” və s. kitabların müəllifidir. Bir çox kitabların redaktoru olub, ön sözyazıb. Hazırda ədəbi yaradıcılığını davam etdirir. “Şur” nəşriyyatının direktorudur.

Musa Ələkbərlini bu mübarək gün münasibətilə təbrik edir, sağlam, gümrah ömür arzulayırıq. Təqdim etdiyimiz şeirlər şairin yeni yaradıcılıq nümunələridir.

Salam yetmiş yaşım, ay üzü nurlum,
Ömrümə-günümə xoş gəldin, salam.
Ay sevda həvəslim, şeir qürurlum
Yadıma saldın ki, mən ağsaqqalam.

Düzü qocalıqdan bir az halıyam,
Yuxusuz gecəm var – fikir tarımı.
Daha mən düşünüb daşınmalıyam,
Ölçüb-biçməliyəm addımlarımı.

Gəl məni ağılla, kamalla dinlə,
Ağılsız fikrimin yolunu kəsim.
Bəlkə yetmiş dəfə artıb səninlə
Sevilmək istəyim, sevmək həvəsim.

Hardandı de səndə bu od, bu atəş,
Bəs niyə gözəllər indi yan durur?
Son bahar qüruba yollanan günəş
Yandırır, bir az da artıq yandırır.

Hələ yetərincə aşıb-daşmamış
Xəzan yeli kimi üstümdə əsdin.
Çılğın gəncliyimlə vidalaşmamış
Tələsik qapımın ağzını kəsdin.

Tərifə qərq edim, öyüm nəyini?
Sən mənə nə şöhrət, nə şan gətirdin.
Bir kənd uşağının saf ürəyini
Ahıl bir qocaya nişan gətirdin.

Sorma nə qazandım, demə nəyim var?..
Yazdığım şeirlər bardı, bəhərdi.
Enişdə, yoxuşda büdrəməyim var,
Səndən o tərəfdə yol nə təhərdi?!

Dəryalar, ümmanlar çıxıb qarşıma,
Qorxum yox, xilaskar Nuhla gəlibsən.
Sağlam can nə gəzir, ondan danışma,
Sağlam ovqat, sağlam ruhla gəlibsən.

Başında bir dünya fikir yığını,
Qarabağ deyəndə dolur gözlərin.
Vətən istəyini, torpaq yanğını
Ruhu yaşadacaq Mübarizlərin.

Ömür ilahidən gələn baratdı,
Çox şeyə çatmısan, düşünsək dərin.
Yetdiyin arzular dağmı yaratdı,
Sinəndə dağ olsun yetmədiklərin?!

Salam yetmiş yaşım, ay üzü nurlum,
Ömrümə-günümə xoş gəldin, salam!
Ay sevda həvəslim, şeir qürurlum
Yadıma saldın ki, mən ağsaqqalam.

***

Nə deməkdir

Səndən sevgi uman kəsə
Biganəlik nə deməkdir?
Kaş biləydin sevmək nədir
Divanəlik nə deməkdir?

Bu yaşında niyə təksən
Sevgisizmi öləcəksən?
Qəlbinə bax görəcəksən
Viranəlik nə deməkdir.

Eşqindən dönən deyildin,
Yandınsa sönən deyildin.
Ay pir olmuş, axır bildin
Piranəlik nə deməkdir!

O közlənən həsrəti yor,
Sinəndədi saldığı qor.
Kimsədən yox, Musadan sor,
Pərvanəlik nə deməkdir!

***

Bu ömrü

Fərqinə varmadım ötən illərin,
Dəli köhlən kimi çapdım bu ömrü.
Qorxunc bir uçqunun qarşısındayam –
Ağrıda-acıda tapdım bu ömrü.

Sevilmək istəyim necə zor oldu,
Eşqin atəşindən sinəm qor oldu.
Hədəfdən yayınan gözüm tor oldu,
Gah sağa, gah sola sapdım bu ömrü.

Ürək hökm edəndə ilham gəlmədi,
Mən deyən istəyə o yüksəlmədi.
Həyatdan qazancım beş-on kəlmədi,
Beş-altı kitaba yapdım bu ömrü.

Mən piyada oldum, ehtiyac atlı,
Boy verən arzumu o qırdı-çatdı.
Başımın altında ilan da yatdı,
Əjdaha ağzından qapdım bu ömrü.

Xəzan yarpağıtək yellənməkdədi,
Düşsə künc-bucaqda küllənməkdədi.
Gördüm gözlərindən göllənməkdədi,
Ümmanlar qoynuna atdım bu ömrü!

Yanvar 2020

***

SÖZÜ

Şeirimə, sözümə kəsilib yağı,
Hissimi, duyğumu qarışdıran var.
Yalan söz gəzdirib, ara vurmağı,
Öz “kişi” adına yaraşdıran var.

Ara vuran, tələ quran namərdə
İnanmıram çatar olsun mərd sözü.
Beləsinə kişi adı haramdı,
Bundan artıq necə deyim sərt sözü?!

Dilimdə dönürsə alova, közə,
Bir sirri-xudadır, nə deyim sözə?
Bu bir dərd olursa paxıl dargözə,
Gərək səndən uzaq olsun dərd sözü.

İstəmirəm heç bu söhbət uzansın,
Pislər çətin pisliyindən usansın.
Qoy ilhamlı sözlərimdən utansın,
İlhamsızın peşman sözü, pərt sözü.

Bəd fikirdən beyinlərə qan sızdı,
Haqq sözünə, yağı çıxan qansızdı.
Diqqət elə gör canlıdı, cansızdı
Sınaq üçün bir yerindən çərt sözü.

Hirslisənsə bulaq suyu iç, Musa,
Qan qaraldan bu söhbətdən keç, Musa.
Sən sözlərin gözəlini seç, Musa,
Yaxın qoyma qaba sözü, qart sözü!

Yanvar 2020

***

GEDİM

Könlüm gözəlliyə olsa da mail,
Qismət deyilənə qailəm, qail.
Bir şərtim var canım-gözüm əzrayıl,
Ömür boyu gəzdiyimi tap, gedim.

O qədər ki, inamlıyam sabaha,
Doğulmağa gümanım var bir daha.
Sidq-ürəklə yalvarıram Allaha
Dərgahına sağlam gedim, saf gedim.

Doğan günəş, bəs mən niyə doğuldum
Axar çaylar, gözlərimdən soğuldum.
Aman həyat, adilikdən boğuldum
Qeyri-adi bir möcüzə yap, gedim.

Yaddaşımda Füzulitək dahi var,
Ürəyimdə Məcnunların ahı var.
Dağ dalında əsir düşən ahu var
Tişə götür, qayaları çap, gedim.

Bu döyüşdür, kim yıxıla, kim yıxa,
Dözəcəkmi?! – dərd amansız, qəlb yuxa…
Duyğularım çəkildikcə çarmıxa
Sinəm üstə sıralansın Qaf gedim.

Əldən çıxan neçə-neçə fürsətə
Mən yandıqca Vətən dönür qürbətə.
Tanrım, son qoy bu dözülməz həsrətə
Bu dünyanın sonunacan lap gedim!

İyul 2019

***

YAZMALIYAM

İlham – ay bəxtimin tacı,
Çox düşünmə acı-acı.
Məni üzən ehtiyacı
Sıxıb küncə yazmalıyam.

Bizimdir o batan gəmi,
Qurumaz gözlərin nəmi.
Göynədib dünya aləmi
Kövrək, incə yazmalıyam.

Tufan güclü, dərya sayıq,
Bir avarsız qayıqdayıq.
Bir az sağlam, bir az ayıq,
Düşününcə yazmalıyam.

Nə sonsuzmuş bu qayğılar,
Yox olsa dünya dağılar.
Qəlbimdəki bu duyğular,
Tükənincə yazmalıyam.

Var olmasın bu varlıqlar,
Boğdu bizi qaranlıqlar.
Gözümüzdə toranlıqlar,
Sökülüncə yazmalıyam.

Qoruyuram hələ canı,
Qarşıdadı Nuh tufanı.
Torpağımda düşmən qanı
Tökülüncə yazmalıyam.

Boş ötüşdü qərinələr,
Nələr çəkdik, Allah, nələr…
Yer üzündən şər qüvvələr
Çəkilincə yazmalıyam.

***

BU SƏNİN DEDİYİN SEVGİDİ

Seyrələn saçların ağına gəlir,
Boranlı, çiskinli dağına gəlir.
Ömrünün ixtiyar çağına gəlir
Demə daşan selim səngidi vallah,
Bu sənin dediyin sevgidi vallah.

O gülü bu sayaq üzə bilməzdin,
Arxayın, təmkinli gəzə bilməzdin.
O boyda sevincə dözə bilməzdin
Onunçün yollarda ləngidi vallah,
Bu sənin dediyin sevgidi vallah.

Bilməzdim “hə” imiş dilindəki “yox”,
Onluğa hədəfmiş kipriyində ox.
Mən elə sevirəm bu sevgidən çox
Ömrün qocalıqla cəngidi vallah
Bu sənin dediyin sevgidi vallah.

***

Mənim Qarabağdan şeir yazmağım

Bir iynənin ulduzundan keçməkdi,
Ağrıların ağırını seçməkdi,
Diri gözlə cəhənnəmə köçməkdi,
Mənim Qarabağdan şeir yazmağım.

Dağ çayını gerisinə üzməkdi,
Yanar qordan sapa təsbeh düzməkdi,
Ən dözülməz işgəncəyə dözməkdi
Mənim Qarabağdan şeir yazmağım.

Ucu doğanağa çatmır örkənin,
Axır çatlayacaq qabı sirkənin.
Hücum əmri olsun qoy bu ölkənin,
Mənim Qarabağdan şeir yazmağım.

Nəhayət dikəltsin millət qəddini,
Yarsın öz səbrinin bu daş səddini.
Yurdumdan yağının silsin rəddini
Mənim Qarabağdan şeir yazmağım.

18.12.2019

***

MƏNİM SEVGİM RUH SEVGİSİ

Can əriyib, nəfəs qalıb,
Gözümdəki həvəs qalıb.
Qulağımda bir səs qalıb;
Mənim sevgim ruh sevgisi –
İnsanlığa Nuh sevgisi…

Gözəllik gözümün yağı,
Gözəllik sinəmin dağı.
Su üstə söyüd budağı
Mənim sevgim ruh sevgisi –
İnsanlığa Nuh sevgisi…

Başımda bir sorğu gedir,
Çəmənimdə solğu gedir,
Yaş yetmişə doğru gedir,
Mənim sevgim ruh sevgisi –
İnsanlığa Nuh sevgisi…

Göydən gələn bu ilham, təb,
Əsil sevgi, əsil məktəb.
Müxtəsəri budu mətləb
Mənim sevgim ruh sevgisi –
İnsanlığa Nuh sevgisi…

Sevgi yanan tanrı şamı,
Sevgi, həyat tapdı hamı…
Mən olmadım yer adamı
Mənim sevgim ruh sevgisi –
İnsanlığa Nuh sevgisi…

Təbəssümlü üzə bəndəm,
İsti, ilıq sözə bəndəm.
Bir çınqıya, közə bəndəm,
Mənim sevgim ruh sevgisi –
İnsanlığa Nuh sevgisi…

Haqq yolunu tapsan əgər,
Mələk sevər, tanrı öyər.
Ən ağrısız, ən bəxtəvər
Yerin, göyün şux sevgisi,
Mənim sevgim ruh sevgisi –
İnsanlığa Nuh sevgisi…

***

BİLMİRƏM

Ürəyim dönübdür ağlar bir neyə,
Hardan tapdı məni qəza, bilmirəm?
Göylərlə əlaqəm yoxdumu deyə
Yerin yer dərdini yaza bilmirəm?!

Əlimdən, dilimdən daş asılıb daş,
Sözümdən tez gəlir gözümdəki yaş,
Elə yazılıb ki yazım, a qardaş,
Ömrüm sona yetir, poza bilmirəm.

Qocalıq günbəgün qəddimi əyir,
Yanımdan yel ötsə dizim titrəyir.
Yaş artır, önümə daş diyirləyir,
Daha düz yolda da gəzə bilmirəm.

Tanrıya çatmırsa səsim, xitabım,
Deməli bağlanıb şeir kitabım.
Daha bu hicrana qalmıyıb tabım,
Daha bu həsrətə dözə bilmirəm.

Musa, su üstündə susuz qalmışam,
İçmək yasaq olub, içdən yanmışam..
Təşnə olduğumu ancaq danmışam
Varmı bundan ağır cəza, bilmirəm?!

***

Dünya insan ağacı

Dünya insan ağacı
Nəsil-nəsil bar verir.
Hər kəsə qəlbi boyda
Vəfa, etibar verir.

Hər insan nəsli ilə
Dünya təzə rəng alır.
Doğulan hər körpədən
Qırılmaz ahəng alır.

Dünya yalan deyənlər
Yalan bizik, dünya yox.
Ayırılıq havasını
Çalan bizik, dünya yox.

Gəldi-gedər bizlərik,
Dünya qalan dünyadır.
Hər kəsi son ayaqda
Başa salan dünyadır.

Dünya beşgünlük deyən
Beşgünlük sən özünsən.
Ona vəfasız deyib
Bu böhtana dözürsən.

Dünya vəfalı dünya,
Zövqü-səfalı dünya.
Hər işdən baş çıxaran,
Hər sirdən halı dünya.

Yetərincə çəksək də
Dürlü-dürlü cəfanı.
Ancaq görə bilmədik
İlqarını, vəfanı.

Sənə vəfasız dedik,
Dünya, bağışla bizi.
Gəl yuyundur, pak elə,
Qarla, yağışla bizi.

Dünya, varlı dünyasan
Şah vüqarlı dünyasan.
Sözün hər məqamında
Etibarlı dünyasan!

Səkkiz milyarda yaxın
Qucağında adam var.
Sən vəfalı dünyasan,
Vəfasızdı adamlar.

***

***
Sən taleyin bəxş etdiyi töhfəsən,
Bir təkrarsız, bir ilahi lövhəsən.
Şairini aparanda məhvə sən
İnsafı da, mürvəti də unut get
Üzündə ay, saçlarında bulud get.

Nə şumalsan, rəndədənmi çıxmısan,
Allahdanmı, bəndədənmi çıxmısan?
Aymı, günmü yoxsa sənmi çıxmısan?
Dünya belə yaraşığı görməyib,
Üzündəki bu işığı görməyib.

Səni gördüm huşum çıxdı başımdan,
Bir qərinə yaşım çıxdı yaşımdan.
Alov qalxdı torpağımdan, daşımdan,
Közlənərsən, alışarsan çıxıb get,
Mən fağırı birdəfəlik yıxıb get.

Mən üzülsəm möcüzədən, sehirdən
Sənin kimi tanrı yazan şeirdən,
Əzrail da gəlib çıxar böyürdən.
Varağından qaralayar adımı,
Gözlərimdə kül eləyər odumu.

Musa, bəlkə sözün çatdı hədəfə,
İnci düzdün, ürək üzən sədəfə
Nişangahda əlin əsir hər dəfə,
Ömrün boyu vurammırsan onluğu,
Sona qədər izləmirsən sonluğu!

***

 

Yazıya 423 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.