Şakir XANHÜSEYNLİ – SABAHIN XEYİR (şeirlər)

şakir xPəncərəmdən düşən işıq,

xoş hava, sabahın xeyir.

Tutun hündür budağında

ay yuva, sabahın xeyir…

 

salam, çəngəllər, bıçaqlar,

dərman içdiyim qaşıqlar…

Ay sarı samovar nə var,

mis tava, sabahın xeyir…

 

bildim həmişə haqq səni,

etdim əldə çıraq səni;

ay qələm, atdım, bax, səni,

qal soyxa… sabahın xeyir…

07.05.2020

 .

NƏ DEDİK

 

Çəkdik torumuzu, yığdıq,

qurudan yaşa nə dedik.

Dilimizdən bir kəlmə pis

söz çıxmaz, haşa, nə dedik…

 

Əyri düzdən kəsib gedir,

belə məndən küsüb gedin…

Ala gözləri seyr edin,

ya qara qaşa nə dedik…

 

Dolaşıq kələfdi, nəydi;

kim açdı, kim düyün düydü…

Yerdə başımıza dəydi,

göydəki daşa nə dedik…

01.05.2020

 

****

sinən üstü ocaq yeri, küllənə,

eşib, eşib küldə bir köz tapasan…

başı lovda, ruhu, qəlbi alovda

adamlardan özünə dost tapasan…

 

nə oddu ki, gecə-gündüz can yanar,

muğayat ol, itirərsən canı ha…

hey qoxlayıb sindirəsən canına,

çiçək kimi narın bir üz tapasan…

 .

ŞEİR

(ötənlər üzərinə yazılmışdır)

 

O dağlarsız bağrım şan-şan olubdu,

Çəmən-çiçək, çöl yadıma düşübdü…

SÜCAƏT KƏLBƏCƏRLİ

 

…xatirdən çıxırmı tüstülənməyi

uzaqdan qoruqçu kümələrinin…

görmüşəm cücərib bar verdiyini

daşın üstünə də düşən bir dənin…

 

bir bulaqdan damcı-damcı axaraq

gölə su yığılantək

fikir də eləcə

yığılır qəlbə.

salmaq olmur bir qəlibə hissləri-

bu qəribə hissləri…

 

kəndin ayağı da, başı da birdi,

amma o da vardı

çox ayaq biləni başlar bilmirdi…

necə xoşbəxt idik?

-ən azından , bax,

bir sinədolusu nəfəs alaraq!..

 

***

Adilik nədi,

hünər qeyri-adilikdədir.

Səsindən bəlli olur

sazın hansı kökdədir…

 

Sözü birinə deyib

yüzünə eşitdirdin…

Dizdə taqət arama,

əngəlin ürəkdədir…

 

Sür atını hər yerə-

dağa, arana var get.

Un çox qalır, ya kəpək,

İş, sanma ələkdədir…

 

Gülü sevdin, tikanı?

gözünü döyüb baxma…

Böcək də böyüyür ey,

söhbət böyüklükdədir…

 .

NƏŞƏ

 

Bəzən

güzgüdəki adam

diqqətimi çəkir, soruşuram:

-niyə kədərlisən?

ruhun üstündə deyil

elə bil…

bircə biriylə salamlaşanda

duyulur üzündə

bir sevinc  titrəyişi;

bir dəfə də olsa,

azca

nəşələnsən ya…

 

***

…Bu dünyaya dəvət edildim,

Hicrət etmişəm bura,

əcr gözləyirəm iblislərdən ha!..

bir ömür mühacirətdəyəm-

əbədi həsrətdəyəm…

Bir mühacirin sevincini yaşayıram, yəni kədərini,

Boğazımda gəzdirirəm mühacir kəndirini…

Bir mühacirin qolunda döymə “VƏTƏN”  sözüdü alın yazım,

günü günüm,

ünü ünüm…

Mən bir nəfəsəm, gedib-gəlirəm,

əsrlərin dibinə hərdən bir daş atıram,

diksinir ötən çağlar…

Mənə bir meyvə əta elə, viranə bağlar,

sanki səs-səsə verib viranəlik bayquşları ötər,

bir ana şəfqətiylə üstümü kim örtər?..

 

bir karvanam, sarvansız…

 

bir fikirəm,

bir şeirəm

ayrılıq qoxuyan, həsrət qoxuyan,

yarı oyaq, yarı uyuyan,

yarı yaş, yarı quru,

yarı ölü, yarı diri,

ay dili-dili…

Yazıya 1257 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.