Süleyman peyğəmbəri məftun edən məlakə…

Quranda və İncildə adı keçən Bilqeys (Səba Mələkəsi) kimdir?

Afrika, Asiya və Avropa xalqlarının yüzlərlə əfsanəsi Səba ölkəsinin sirli mələkəsindən bəhs edir.

Əksər hallarda da mələkənin Süleyman peyğəmbəri məftun etdiyi söylənilir. Səba Mələkəsi müxtəlif xalqların rəvayət və əfsanələrində, həmçinin dinlərdə (yəhudi, xristian və İslam) rast gəlinən personajdır. O, Süleyman peyğəmbərin xanımı hesab olunur.

Süleyman və sirli Bilqeysin sevgi hekayəsindən İncil və Quranda da danışılır.

Bu eşq hekayəsi şairlərə, rejissorlara və böyük bəstəkarlara gözəl əsərlər ərsəyə gətirməyə ilham verib. Amma tədqiqatçılar indiyə qədər bu sevginin mövcudluğu haqqında mübahisə edirlər.

Bəzi mənbələrə görə Süleymanla Bilqeysin münasibətindən yüz il sonra Babil hökmdarı Nabukko dünyaya gəlib. Mələkənin tarixi şəxsiyyət olması sübut edilməsə də, onun obrazı Avropa, Şimali Afrika və Yaxın Şərqin bir çox xalqlarının folklor və ədəbiyyatına əhəmiyyətli dərəcədə təsir göstərib.

Bibliyaya görə Süleyman peyğəmbərin 700 arvadı və 300 kənizi olub. Bəzi əfsanələrdə Səba Mələkəsini də onların sırasına aid edirlər. Sonralar meydana gələn ərəb rəvayətlərində onun adı Balkis və ya Bilkis kimi qeyd olunub. Həbəş (Efiopiya) əfsanələrində isə mələkənin adı Makedadır. İngilisdilli mənbələrdə isə Bilqeysin adı, ölkəsi Səbanın ismi ilə tez-tez səhv salınaraq, şəxsi ad kimi qəbul edilir.

Ərəbistanda yerləşən Səba diyarının sakinləri qızıl və ətir ticarəti ilə məşğul olub. Bilqeys qədim dövrün insanları tərəfindən «Xoşbəxt Ərəbistan” adlandırılan ölkəni idarə edib. Onun torpaqlarında möhtəşəm məbədlər, zəngin şəhərlər, təmtəraqlı yaşıl bağlar və abad yollar vardı. Xalq isə öz müdrik qadın hökmdarını tərifləməkdən doymurdu. Səba Mələkəsi iddia edirdi ki, onun ölkəsi dünyada ən zəngin dövlət, özü isə ən müdrik hökmdardır.

Müsəlman xalqlarının folklorunda Səba Mələkəsi ilə bağlı bir neçə əfsanə var. Həmin rəvayətlərə əsasən Süleyman peyğəmbər, həddən artıq zəngin Səba ölkəsinin, qiymətli daşlarla bəzədilmiş qızıl taxtda oturan və günəşə sitayiş edən hökmdarı Bilqeysin mövcudluğu haqqında şanapipikdən (hop-hop quşundan) öyrənib. Belə ki, bütün canlıların hökmdarı olan Süleyman bir gün quşları və heyvanları bir yerə toplayıb. Lakin bircə hüd-hüd (şanapipik) quşu gəlməyib. Peyğəmbər onun tapılması haqqında əmr verib. Quş tapıldıqda, Səba ölkəsi və onun mələkəsindən danışıb. Bundan sonra Süleyman Bilqeysə məktub yazıb. Naməni Səba mələkəsinə elə hop-hop quşunun özü yetirib.

Məktubu alan mələkə Süleymana bahalı hədiyyələr göndərib. Lakin o, hər şeyi rədd edib. Bu zaman Bilqeys Süleymanın görüşünə özü getməyə qərar verib.
Eyni zamanda Süleymanın müdrikliyi haqqında eşidən Bilqeys, onu «tapmacaları ilə sınaqdan keçirmək” istəyib. Minlərlə xidmətçinin müşayiəti ilə mələkə qızıl, qiymətli daş-qaşlar, ekzotik bitkilər, ətirli yağlar, fil sümüyü və digər hədiyyələr yüklənmiş dəvələrlə Süleymanı görmək üçün yola düşüb. Əfsanəyə görə Bilqeys 7 illik yolu 3 il ərzində qət edib. Səba Mələkəsini müşayiət edənlər arasında peyğəmbərin müdrikliyini sınağa çəkmək üçün eyni ildə, ayda, gündə və saatda doğulmuş, eyni boy və bədən quruluşuna malik bir çox yeniyetmə oğlan və qız da olub. Hədiyyələr arasında ərəb atlarının əcdadlarından biri hesab edilən «Təmiz» adında cins ayğır da vardı. Əfsanələr görə Bilqeys Süleymana gümüş də gətirib. Həmin gümüş sikkələr haqqında isə sonralar rəvayət də yaranıb.

Bilqeys gözəl, parlaq və ağıllı bir qadın idi. Süleyman əcnəbi qonağı qızıl taxtında oturaraq, özünün zər biçimli libasında qarşılayıb. Səba Mələkəsi müdrik hökmdarla qarşılaşdıqda, ona elə gəlib ki, önündə dayanan altın heykəldir.

Süleyman gözəl Bilqeysi gördükdə, yerindən qalxaraq ona yaxınlaşıb və mələkənin qoluna girərək, öz taxtına doğru aparıb. Deyilənlərə görə o, həmin zamana qədər bu cür şəkildə hələ heç bir qonağını qəbul etməyib. Yola düşməzdən əvvəl isə Bilqeys öz qiymətli taxtını qalada gizlədib. Lakin cinlər hökmdarı Süleyman, həmin varlıqların köməyi ilə taxtı öz sarayına gətirdib və xarici görünüşünü dəyişdirib. Mələkəyə onu göstərdikdə isə sual verib ki, Bilqeysin taxtı beləmi görünür. Oturduğu taxtı mələkə dərhal tanıyıb.

Süleymanın bütün bu qonaqpərvərliyinə və nəzakətli qəbuluna baxmayaraq, Bilqeys öz fikrindən əl çəkməyib. O, peyğəmbərə tapmaca tapmağı təklif edib: «Tapsan, mən səni müdrik adam kimi tanıyacam, tapmasan, onda biləcəyəm ki, sən adi bir insansan».  Bəzi mənbələr Süleymanın 3, bəziləri 4, bəziləri isə hətta, 19 tapmaca ilə sınağa çəkildiyini deyir. Bütün sınaqlardan sonra Səba mələkəsi, Süleyman peyğəmbərin ondan daha müdrik olmasını qəbul etməyə məcbur olub. Bəzi əfsanələrdə Səba Mələkəsinin qeyri-adi ayaqlarından danışılır.

Mələkəsini sarayına dəvət edən Süleyman, onu şüşə (bəzi mənbələrə görə büllur) döşəməsinin altında suda balıqlar üzən otağa salıb. Bu zaman içəri daxil olan Bilqeys, su üzərində yeriməli olacağından qorxaraq, donunun ətəyini qaldırıb.
Rəvayətə əsasən bu addımı ilə Süleyman, Bilqeysin ayaqları haqqında gəzən söz-söhbətə son qoymaq istəyib. Həbəş əfsanələrinə görə Efiopiyanın kral sülaləsi öz başlanğıcını Süleyman peyğəmbər və əfsanəvi mələkə Bilqeysdən götürüb. Deyilənlərə görə, Süleyman peyğəmbərin mələkəyə cavab hədiyyələri arasında Həbəşistanda (Efiopiyada) saxlanan Səba Mələkəsinin kitabxanası adlanan kitabxana da olub.

Cəlaləddin Rumi, Hafiz, Nizami Gəncəvinin əsərlərində də Süleyman peyğəmbər və Bilqeys haqqında məlumatlara rast gəlinir. Ərəb tarixçilərindən bəziləri isə mələkənin cin nəslindən olmasından bəhs edir. Sasani sultanı Mənsurun vəziri isə Bilqeysin atasının zadəgan, anasının isə pəri olmasını qeyd edir. Bəzi ərəb rəvayətlərində Bilqeysin adı tamam başqa cür keçir. Qərbi Avropanın təsviri incəsənətində Səba Mələkəsi mövzusu elə də məşhur olmayıb. Orta əsrlərdə Avropada Balkis (Bilqeys) bəzən qaradərili qadın kimi təsvir olunub. Ona olan maraq İntibah dövründə artmağa başlayıb.

Efiopiyada (Həbəşistanda) Səba Mələkəsinin şərəfinə orden təsis olunub. Əvvəlcə yerli kral ailəsinin xanımları üçün nəzərdə tutulmuş mükafatla, sonralar kraliça Mariya (ingilis kralı V Georqun xanımı), Fransa prezidenti Şarl de Qoll, ABŞ prezidenti Duayt Eyzenhauer də təltif olunub.

2002-ci ildə Somalidə dövriyyəyə üzərində Səba Mələkəsinin təsvir olunduğu 100 şillinq nominalında sikkələr buraxılıb. Baxmayaraq ki, bu ölkəni Bilqeyslə heç bir əfsanə bağlamır. Fəzada iki asteroid də mələkənin şərəfinə adlandırılıb.

istinad: Fedai.az

Yazıya 465 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.