Borçalı Cəmiyyəti Əsəd Cahangirin 60 illik yubileyini qeyd etdi

İyunun 18-də Atatürk Mərkəzində Borçalı Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə ədəbi tənqidçi, esseist, şair, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə Borçalı Cəmiyyətinin rəhbərliyi və üzvləri, ziyalılar, şair və yazıçılar, media nümayəndələri, oxucular və ədəbiyyatsevərlər iştirak edirdi.

Tədbiri açıq elan edən Borçalı Cəmiyyətinin sədri Ramiz Həsənov əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Ramiz Həsənov çıxışında Əsəd Cahangirin Azərbaycan ədəbi mühitində, xüsusilə Borçalı ədəbi mühitinə diqqəti və Borçalı Cəmiyyətində həyata keçirdiyi fəaliyyətindən bəhs etdi. Daha sonra o tədbiri aparmaq üçün sözü Borçalı Cəmiyyəti İdarə Heyətinin üzvü, şair-publisist Vəli Qaraçaylıya verdi.

Vəli Qaraçaylı Əsəd Cahangirin həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edərək onun müasir Azərbaycan ədəbi tənqidində, tərcümə sahəsində və ədəbi əlaqələrin inkişafında xidmətlərindən danışdı. Sonra söz çıxışçılara verildi.

Filologiya elmləri doktoru Salidə Şərifova, tərcüməçi İmir Məmmədli, jurnalist Elşad Həsənov, yazıçı Sadiq Qarayev, Qəni Camalzadə, “Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə” İctimai Birliyinin sədri Fizuli Kərimov, şairlər Nicat Ərtürk, Güləmail Murad, Rəfail Həbiboğlu, Lətifə Oruc, Cəvahir Qaraqızı, Şərafəddin İlkin və başqaları çıxış edərək yubilyarın çoxşaxəli yaradıcılığı, ədəbi tənqid, publisistika və tərcümə sahəsindəki xidmətləri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri kimi gördüyü işlər barədə fikirlərini bölüşdülər. Çıxışçılar Əsəd Cahangirin müasir Azərbaycan ədəbi fikrinin inkişafında, milli-mənəvi dəyərlərin təbliğində, dünya ədəbiyyatı ilə əlaqələrin genişlənməsində və gənc qələm sahiblərinin yaradıcılığının dəstəklənməsində mühüm xidmətlər göstərdiyini vurğuladılar.

Tədbirdə Borçalı Cəmiyyəti tərəfindən yubilyar Əsəd Cahangirə xüsusi ehtiram əlaməti olaraq onun əks olunduğu xalça-portret və Oğuz türklərinin qədim milli-mənəvi dəyərlərini, türk kimliyini və soyköklərinə bağlılığı ifadə edən rəmzlərdən sayılan papaq hədiyyə olundu.

Bədii hissədə Borçalı Cəmiyyətinin üzvü, aşıq Ramin Qarayev sazın müşayiəti ilə Əsəd Cahangirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr etdiyi “Xoş gəldin” şeirini səsləndirdi. Aşığın ifası və saz havaları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.

Sonda yubilyar onun 60 illik yubileyinin keçirilməsində əməyi olan təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirdi və özünün yubiley münasibətilə qələmə aldığı şeirini səsləndirdi.

Tədbir xoş ovqat və səmimi ab-hava şəraitində başa çatdı.

Yazıya 13 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.