Reyhan Yusifqızı – Üzbəüz (səsli hekayə)

109507226_4006412909431731_6426685665914178026_n(hekayə)

Səhər idi. Şəhər yuxudan oyanmışdı. İşə tələsənlərlə dolu avtobus ləngər vuraraq şəhərin küçələri ilə hərəkət edirdi.

Pəncərənin yanındakı oturacaqlardan birində şıq geyimli gözəl bir qadın oturmuşdu. O, kiçik qara çantasını açıq dizlərinin üstünə qoymuşdu. Boynundakı mavi rəngli zərif yaylıq tünd göy kostyumuna çox yaraşırdı. Qadının üzü, incə cizgiləri, gözlərinin yanında azacıq seçilən qırışlar gənclik dövrünü geridə qoyduğundan xəbər verirdi. O, arxaya söykənərək hərəkətsiz oturub pəncərədən çölə baxsa da, əslində heç nə görmür, fikirlərində öz-özü ilə danışırdı: “Havalar yaman soyuyub, uşağa gödəkçə almaq lazımdır. Bu həftə gərək bu məsələni həll edək, daha uzatmaq olmaz”. O, oğlunun səhər məktəbə gedərkən onu necə qucaqlayıb öpdüyünü, “Ana, bu gün çox gözəlsən”, – deyib göz vurduğunu xatırlayaraq gülümsədi: “Yaman şeydir! Maşallah, boyu da xeyli uzanıb”. Oğlunun məktəbdəki uğurlarını, riyaziyyat olimpiadasında birinci yerə çıxdığını yadına saldıqca ürəyi fərəhlə döyündü. Cavidlə evlənəndən sonra bir neçə il uşaqları olmamışdı. O, bircə balasını çox əzab-əziyyətlə, nə qədər müalicələrdən, iztirablardan sonra, ana olmaq ümidini tamamilə itirtdiyi bir vaxtda tapmışdı. İndi oğlunun hər uğurunu sonsuz sevinc və fərəhlə qarşılayır, ürəyi dağa dönürdü.

Sürücü radionun səsini qaldırdı, müğənninin ürəyəyatımlı səsi salonu bürüdü: “Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim!..” Bu mahnını çox sevirdi, onun gənclik illərinin ən dəbdə olan mahnılarından idi. “Nə gözəl oxuyur. Keçən günlər… Nə tez keçdi! Uşaqlıq, sonra gənclik illəri… Kaş onları qaytarmaq mümkun olaydı! Amma yox, gələn günləri qurban vermək istəməzdim. Gələn günlərimdə nə qədər arzularımın gerçəkləşəcəyini gözləyirəm, ümidlərim, balamın uğurları gələn günlərimlə bağlıdır. Hərəsinin öz yeri var: keçən günlər, gələn günlər…”

Sürücü qəflətən sürəti azaltdı. Bir-birinin üstünə yıxılan sərnişinlər narazılıqlarını bildirərək deyindilər. Oturacaqdan qabağa sürüşən qadın üzbəüzdə oturmuş adamın üstünə yıxılmamaq üçün əlini onun dizi üstündəki portfelə dirədi. Onun üzünə baxmadan başını bulayaraq: “Üzr istəyirəm”, – dedi. Əgər baxsaydı, adamın gülümsəyərək ona necə xoş nəzərlər yetirdiyini görərdi.

Oturacaqda yerini rahatlayıb yenə pəncərədən çölə baxmağa başladı. Səhərdən güclənən külək sanki heç kəsin ona fikir vermədyindən əsəbiləşib tozu göyə sovururdu. Avtobus hasara alınmış yeni bir tikintinin yanından keçirdi. Yenə də “Müvəqqəti narahatlığa görə üzr istəyirik” yazılmışdı. Köksünü ötürdü. – “Bax, burada kinoteatr var idi, biz Cavidlə ilk dəfə kinoya getmişdik”, – nişanlandıqdan sonra gəzməyə çıxdıqları ilk günü xatırladı: – “Mən yaşıl paltar geymişdim, Cavid də təsadüfən yaşıl köynəkdə idi. Nə gözəl vaxtlar idi”. Səhər tezdən vaxt tapıb əri üçün səhər yeməyi hazırladığını xatırlayıb özündən razı görkəm aldı: “Mətbəxdə eşələnməyi heç sevmir. Bu basabasda ona yemək də hazırlamışam – görüb sevinəcək. Yəqin zəng vurub təşəkkür edəcək”. O, ərinin xasiyyətinə yaxşı bələd olduğundan bir-iki gediş əvvəldən onun necə davranacağını bilirdi.

Təsadüfən gözü qarşısındakı portfelə sataşdı: “Amma bayaq yaman sürüşdüm. Bu portfel olmasa, adamın üstünə yıxılacaqdım”. Gözünü qaldırıb üzbəüzdə oturmuş adama – portfelin yiyəsinə baxdı. Bu, qırx beş-əlli yaşlarında, ağlı-qaralı saçlarını arxaya daramış xoşsifət bir kişi idi və ilk baxışdan qadına yaxşı təsir bağışladı. “Yəqin müəllimdir, portfelində də dəftər-kitab var. Ya da ki, idarə işçisidir, portfelindəki də qovluqlardır. Kim bilir? Hər halda mədəni və ziyalı adam olduğu hiss olunur. Beləsinin üstünə yıxılmaq da olar…” İçində güldü. Təsadüfən nəzərləri toqquşdu. Qadına elə gəldi ki, bu adam onun fikrindən keçənləri duydu. O utanıb sıxıldı və üzünü yana – pəncərəyə tərəf döndərdi, nəbzi bərk-bərk vurdu.

“Bərkdən demədim ha! Ürəyimdə fikirləşdim də. Görəsən nədən belə həyəcanlandım?” Yenicə həddi-büluğa çatdığı, hər diqqətli baxışdan alındığı vaxtlar yadına düşdü. “O zamanlar çoxdan keçib, ömür yarı olub. Yarı nədir, ömrümün yarıdan çoxunu yaşamışam. İşləyən qadın üçün vaxt lap tez keçir. Soyuqda da, istidə də, qarda da, yağışda da hər səhər tezdən durub işə getmək lazım gəlir. Hərdən yoruluram. Elə ömrümün axırına kimi beləmi olacaq? Amma işləməmək də bir şey deyil, dünyadan, həyatdan geri qalırsan. Cavanlarla işləmək lap yaxşıdır, adam ruhən cavan qalır”. İş yoldaşlarından birinin dedikləri yadına düşdü: “İşləyən qadının hörməti daha çox olur”. “Doğrudanmı belədir? Geyinib-kecinib bütün günü mağazaları gəzmək daha yaxşı deyilmi? Bilmirəm, hər halda mən belələrindən deyiləm”.

 

Nəzərlərini qaldırıb yenə üzbəüzdəki adama baxdı, onun geyiminə – boz kostyumunun altından görünən ağappaq köynəyinə, dəsti tamamlayan ağ-qara qalstukuna, səliqə ilə daranmış saçlarına fikir verdi. “Gözlərinin rəngi açıq yaşıldır! Çox gözəl və cəlbedicidir, üzünə də qəribə bir ifadə verir. Görəsən o nə fikirləşir? Odamı yarıdan çoxu keçmiş ömrünü incələyir? Yəqin cavanlığında cox yaraşıqlı gənc olub, elə indi də pis deyil…” Nəzərləri yenə toqquşdu, qadına elə gəldi ki, “həmsöhbəti” gülümsədi. “Ay Allah! O niyə güldü? Yoxsa fikrimdən keçənləri həqiqətən oxuyur? Belə şeylər var axı: telepatiya, telekinez… Baxışları çox qəribə idi, nə isə bir məna vardı onlarda. Nədənsə mənə elə gəlir ki, bu adamı lap çoxdan tanıyıram, mənə çox doğma və yaxın gəlir. Onunla danışmaq, hal-əhval tutmaq istəyirəm. Görəsən kimdir, nəçidir, harada işləyir? Bəlkə ona müraciət edim, soruşum? Burada nə var ki, insanıq da?” O, ağlına gələn bu fikirdən tez vaz keçdi: “Ağlımı itirmişəm lap! Tanımadığım kişi ilə nə işim var? Nə fikirləşər mənim haqqımda?” Üzünü çevirib yenə pəncərədən baxmağa başladı.

Həyat yoldaşının fəlsəfəsini yadına saldı: “Qadın kişiyə birinci müraciət edirsə, onda tam əminliklə ona girişmək olar! Qələbəyə heç bir şübhə yoxdur!” “Kişilərin fəlsəfəsi çox sadədir, onların ağlında yalnız bircə şey var. Onlar bizi heç də həmişə başa düşmürlər. Məsələn, mən bu adama marağımı heç cür Cavidə izah edə bilmərəm. Kişi və qadın arasında münasibətləri görəsən niyə belə bəsit bölüblər: məhəbbət və ya dostluq? Heç də belə deyil! Hisslər o qədər müxtəlifdir ki… Məsələn, bu adama qarşı hısslərimə heç bir ad verə bilmirəm, amma aydın məsələdir ki, ona qarşı biganə deyiləm. İstəyirəm ki, o mənə diqqət göstərsin, mənimlə danışsın. Bəlkə də bu, ruhun ehtiyaclarından irəli gəlir, amma heç də o demək deyil ki, mən öz ərimi sevmirəm. Görəsən bu hissə nə ad vermək olar?” Hisslər barədə düşündü. “Mayasında Zen fəlsəfəsi durur. Onun dediyinə görə dünyanı hisslər idarə eləyir – əsas hisslər və qarışıq hisslər var. Qarışıqlar əsas hisslərin üst-üstə düşməsindən yaranır – rənglər kimi. Mənim hiss elədiyim, yəqin hisslərin qarışığıdır…“ Bir neçə gün əvvəl qeyri-səlis məntiq barədə bir verilişdə eşitdikləri də yadına düşdü və sanki hər şey aydın oldu: “Nə qədər sadə imiş! Lütfi Zadə dahidir, dahi. Cürbəcür hisslər eyni anda mövcuddur: sevgi və dostluq, nifrət və rəğbət. Biri çox, o biri az ola bilər. Biri o birini üstələyə bilər. Vəssalam.”. O, qeyri-iradi üzbəüzdəki adama baxdı və nəzərlər yenə də toqquşdu. Bu dəfə qadın gözlərini çəkmədən şəstlə baxdı. Gizləyəcək bir şey olmadığını, “həmsöhbəti” qarşısında alnıaçıq-üzüağ olduğunu göstərmək üçün uzun kipriklərini qırpmadan aydın baxışlarla baxdı. Ona elə gəldi ki, “həmsöhbəti” özünü itirdi və bu dəfə o, nəzərlərini qaçırıb pəncərədən o yana yönəltdi.

“Mən bu adamdan nə istəyirəm? Niyə qoymuram ki, rahat oturub yolunu getsin?” Qadın bir daha bu adam haqqında düşünməmək qərarına gəldi, amma bir neçə dəqiqədən sonra yenidən onu müzakirə etməyə başladı: “Aydın məsələdir ki, ailəlidir. Abırlı adamdır, üzünü çevirməklə mənə dərs verdi, yəni qadın xeylağına yaraşmaz belə hərəkət”. O, pəncərədən baxmaqdan yorulub başını aşağı saldı. Çantasını açıb telefonunu çıxardı, bağlı olmadığına əmin olduqdan sonra yerinə qoydu. Nəzərlərini qaldırıb həmsöhbətinə baxmaqdan özünü saxlayırdı. Onu gülmək tutdu: “Qəribədir, görəsən fikrim niyə onun yanında qalıb? Deyirlər insanları gözəgörünməz tellər bir-birinə bağlayır, yoxsa biz də beləcə bir-birimizə bağlıyıq, auralarımız bir-birini cəlb edir? Əminəm ki, o, indi mənə baxır. Yoxlayaq!” Başını qaldıran kimi səhv etmədiyi aydın oldu. Bu dəfə qadın ona zillənən baxışların aydınlığından, səmimiyyətindən sarsıldı. Sanki köhnə bir tanışı və ya yaxın bır dostu ondan sorğu sormuşdu və cavab gözləyirdi. Ona elə gəldi ki, adam nəyisə təsdiq edirmiş kimi, başını tərpətdi. Sonra ayağa qalxıb kimsəyə toxunmamağa çalışaraq qapıya tərəf yönəldi. Qəflətən geri çevrilib intizarla ona baxan qadına xoş səslə: “Düşərsiniz”, – dedi. Qadın sanki bunu gözləyirdi. Dinməzcə başını tərpədib təşəkkür etdi. Başını çevirib pəncərədən baxanda üzündə xoşbəxt bir ifadə vardı. İnsanı bir anlıq xoşbəxt etmək nə qədər asan imiş və nə üçün insanlar tez-tez bunu eləmirlər?

Səhər idi. Şəhər yuxudan oyanmışdı. İşə tələsənlərlə dolu avtobus ləngər vuraraq şəhərin küçələri ilə hərəkət edirdi.

Pəncərənin yanında, arxa tərəfə baxan oturacaqlardan birində ağlı-qaralı saçlarını arxaya daramış orta yaşlı bir kişi əyləşmişdi. Dizinin üstünə qoyduğu portfel, əynindəki boz kostyum və qalstuk ona çox ciddi görkəm verirdi. Növbəti dayanacaqdan sonra o, avtobusun salonunu nəzərdan keçirib ayaq üstə qalanların arasında yaşlı adam və ya uşaq olmadığını yəqin edəndən sonra üzbəüzdə oturmuş, bayaqdan bəri diqqətini cəlb edən qadına baxdı. Qadın ona tanış gəlirdi. Elə bil onu nə vaxtsa, haradasa görmüşdü. Amma harada – yadına sala bilməyərək düşündü: “Bəlkə bizim idarədə işləyir? Böyük kollektivdir, təzə gələn, gedən – hamını yadda saxlamaq olmur. Amma yox, elə olsa, o da məni tanıyardı. Hər halda baş mühəndisi hamı tanıyır. Bəlkə qohumda-qonşuda görmüşəm? Nə bilim, ola bilər. Gözəl qadındır, çox gözəldir. Səsini eşitsəm, bəlkə də yadıma düşərdi”. O, pəncərədən çölə baxdı. Arabir güclənərək əsib-coşan külək ağacların budaqlarını tərpədir, yarpaqları qoparıb amansızcasına ora-bura çırpırdı. “Yox, belə olmaz, kreditlə yüngülvari bir maşın götürmək lazımdır. Bu məsələni daha uzatmayım. Havalar soyuyur, gedib-gəlmək çətinləşir. Heç olmasa uşaqları səhər dərsə apararam, Sevincə də kömək olar”. Salona yayılan musiqi sədaları onu fikirlərindən ayırdı. Qulaq asmağa başladı. Əvvəllər də bu mahnını eşitmişdi, amma sözlərinə indi fikir verirdi: “Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim!…” “Yaxşı oxuyur. Görəsən keçən günləri qaytarmaq olarmı?”

Yenə üzbəüzdə oturmuş qadına baxdı: “Gözəl qadındır. Hanı mənim cavanlığım? Yaddaşım da korlanıb, əvvəllər bir dəfə gördüyüm adamı heç vaxt yaddan çıxarmazdım”. Sürücü qəflətən sürəti azaltdı. Üzbəüzdəki qadın da özünü saxlaya bilməyib oturduğu yerdən qabağa sürüşdü və onun üstünə yıxılmamaq üçün əlini dizi üstə qoyduğu portfelə dirədi. Qadın çox pərt oldu, nəzərlərini qaldırmadan yavaş səslə: “Üzr istəyirəm”, – dedi. Bir-birinin üstünə yıxılan sərnişinlər: “Belə də maşın sürərlər?!”- deyə narazılıqlarını bildirdilər. O, əlini uzadıb qadına kömək eləmək istədi, amma onun özünü düzəldərək tezcə geriyə,  yerinə oturduğunu görüb əlini geri çəkdi. “Çox məlahətli səsi var, özünə yaraşır. Qadınlar hər yaşda gözəl olurlar”. Qadının mütənasib bədəninə, çantasının üstünə qoyduğu incə əllərinə, açıq dizlərinə baxdı. Çoxdandı qadınlara fikir vermirdi. Yaş ötdükcə hər şey onun üçün adiləşir, öz əhəmiyyətini itirirdi. Gözəl qızların arxasınca baxdığı vaxtlar artıq keçmişdə qalmışdı. İndi o, daha çox ailəsini, uşaqlarını düşünür, oğlunun qız sevdiyini biləndən sonra isə özünü lap ağırtaxtalı ata, qayınata kimi hiss edirdi. İndi birdən-birə qarşısında oturmuş bu qadına niyə belə maraq göstərdiyinə özü də təəccübləndi. Ürəyinin dərinliklərində gizlənmiş hansısa bir duyğu ondan xəbərsiz yavaş-yavaş baş qaldırmağa başladı.

Yolun kənarında inşa edilmiş təzə bina diqqətini cəlb etdi. “Bunu nə vaxt tikib qurtardılar? Bu şəhərdə binalar lap göbələk kimi bitir. Maraqlısı odur ki, evlərin sayı artdıqca qiyməti heç ucuzlaşmır”. Neçə vaxtdır ki, oğluna ev almağı düşünürdü, buna görə də təzə tikilən evlərin keyfiyyəti, qiyməti, kredit şərtləri ilə maraqlanırdı. Oğlunun yaşı hələ az olsa da, arvadı onu: “Vaxt çatana qədər krediti ancaq verərik”, – deyə tələsdirirdi. Əslində o, arvadına haqq qazandırır, onu uzaqgörən, ağıllı və tədbirli hesab edirdi.

Sevinc doğrudan da, yaxşı ana və yaxşı həyat yoldaşı idi. Ailənin yükünü çiyinlərində bərabər daşıyırdılar. Anaları uşaqların yanında atanın nüfuzuna xələl gəlməsinə qətiyyən imkan vermirdi: “Atanın sözü qanundur!” Bəzən arvadı ilə razılaşmasa da, onun problemi həll etmək üsullarını qəbul etməsə də, Sevinc heç vaxt onun kişi qürurunu qırmaz, bununla belə işləri ustalıqla elə düzüb-qoşardı ki, hər şey öz istədiyi kimi olsun. Bu üzdən mübahisələri uzun çəkməzdi və o, ümumiyyətlə, ailəsindən məmnun idi…

Birdən qarşısında oturmuş qadının nəsə düşünərək gülümsədiyini sezdi. Təsadüfən nəzərləri toqquşdu. Qadın nədənsə utanıb sıxıldı üzünü yana – pəncərəyə tərəf çevirdi. “Deyəsən onu narahat eləyirəm” – deyə düşündü, – “Qadınlar utanıb-sıxılanda daha cazibəli olduqlarını bilirlərmi, görəsən? Kişilər belə qadınların yanında özlərini daha güclü, daha sərbəst hiss edirlər”. Qadının yanaqlarına çökən xəfif qızartıdan ürəyində baş qaldirmış incə duyğu yavaş-yavaş güclənərək ürəyinə, beyninə hakim kəsildi. Xəyallar onu uzaq keçmişə – tələbəlik illərinə apardı…

O, Texniki Universitetin dördüncü kursunda oxuyurdu. Yaraşıqlı oğlan olmaqla bərabər ağlına, zəkasına görə qızların diqqətini çəkir, nəzakətli davranışı ilə hamının xoşuna gəlirdi. Universitetdən evə hər gün metro ilə gedirdi. Bir gün dərsdən sonra yenə metroya düşüb qatara əyləşdi. Universitetdə yarım saat ləngidiyindən metroda adamların seyrək vaxtına düşmüşdü.

Üzbəüzdə qırmızı paltolu bir qız oturmuş, dizi üstə qoyduğu kiçik çantasını iki əli ilə sıxıb tutmuşdu. Başını aşağı saldığından gur qara saçları zərif üzünə tökülmüşdü. Gözlərini aşağı dikərək heç kimə baxmasa da, qarşısında oturmuş cavan oğlanın gözlərini ona zillədiyini hiss etdiyindən xəfifcə qızarmışdı. Oğlan isə nəzərlərini ondan çəkmir, onun utanıb-qızarmasından daha da xoşlanırdı. Bütün yolu beləcə getdilər, qız bir dəfə də olsun gözlərini qaldırıb ona baxmadı. Heç nədən çəkinməyərək universitetdə tez-tez ona yaxınlaşan, deyib-gülən, ondan xoşları gəldiyini gizlətməyən, bəzən bir-birinə rəqib kimi atmacalar atan qızlara qətiyyən bənzəməyən bu qız çox xoşuna gəlmişdi.

Bundan sonra o, hər gün metronun girişində həmin qızı gözləyirdi. Onun ardınca yollanır, bütün yolu bir dəqiqə olsun onu gözdən qoymurdu. Bu anlarda özünü son dərəcə xoşbəxt hiss edirdi. Ona elə gəlirdi ki, bütün ömrünü beləcə keçirə bilər, heç nəyi dəyişmədən, heç nə eləmədən. Ürəyi bəzən bərk-bərk döyünür, sanki sinəsindən qopub çıxmaq istəyirdi. Sonra sakitləşir, özünü olduqca gözəl, qeyri-adi bir duyğunun ixtiyarına verirdi. Bu anlarda onun üçün hər şey gözəl idi – həyat da, insanlar da.

Beləliklə,  üç ay keçdi. Bu müddət ərzində qız cəmi bir neçə dəfə başını qaldırıb ona baxmış, bir dəfə nəsə demək istəmiş, amma fikrindən dönmüşdü. Qış sessiyasından sonra yenə hər şey əvvəlki qayda ilə davam edirdi. O artıq qıza yaxınlaşmaq haqqında düşünməyə başlamışdı, amma nə deyəcəyini hələ bilmirdi. Adətən qızlar özləri ona yaxınlaşır, söhbətə başlayırdılar. Birinci danışmaq və ya buna cəhd göstərmək ona çətin gəlir, nədənsə özünü əziyyətə salmaq istəmirdi. Xəyallarında qurduğu dünyada o, bu qızla çoxdan tanış olmuş, hətta sevişmişdi də.  Amma real həyatda hər şey başqa cür idi.

Günlərin birində o, saatlarla gözləməli oldu, amma qız gəlmədi. Sonrakı günlərdə qız yenə görunmədi. O, özündə-sözündə deyildi, nə edəcəyini bilmirdi. İndiyə kimi qıza yaxınlaşmadığı üçün, heç adını da, telefonunu da öyrənmədiyi üçün özünü dönə-dönə danlayırdı, qətiyyətsizliyinə və fərsizliyinə əsəbiləşirdi. Amma artıq gec idi, “Daldan atılan daş topuğa dəyər” – deyirlər. Hər gün saatlarla metronun qarşısında əbəs yerə gözlədi. Bir müddət özündə-sözündə olmadı, həyat onun üçün mənasızlaşdı. Həmin semestri güclə başa vurdu. İmtahanların ikisindən  kəsildi. O utancaq, zərif qızın xəyalını uzun müddət beynindən silə bilmədi…

Sonralar çox qızlarla tanış olub görüşdü. Hər dəfə ehtiraslar coşur, qızışır, közərir, amma alovlanmırdı. Olub keçənlər tez yaddan çıxır, dumanlar seyrəlir və xəyalında yenə o utancaq qız peyda olurdu. Sonra Sevincə rast gəldi. Onun prinsipial xarakteri, qərarlı, təkidli olmasının səbəbinə evləndilər.

Bütün bunları nə üçün yadına saldığını anlamırdı. Ah, bu qadın! O xatırlatmışdı ötüb keçənləri! Onun oturuşu, baxışları, gur saçları, üzündəki xəfif qızartı nə qədər tanış görünürdü! Demək bu qədər zaman keçsə də, heç nə unudulmamışdı, şüuraltı qalaraq özünü büruzə vermək üçün fürsət gözləyirdi.

Yenə nəzərləri toqquşdu. Bu dəfə qadın gözlərini çəkmədən şəstlə baxdı. Uzun kirpiklərini qırpmadan aydın baxışlarla baxırdı. Üzbəüzdə oturan adam bu baxışlara davam gətirməyərək üzünü yana çevirdi. “Bu xanımı əməlli-başlı şübhəyə salmışam, yoxsa niyə mənə belə baxsın ki? Amma onunla danışmaq, tanış olmaq mümkün olsaydı…”. Bir müddət o, başqa heç bir şey düşünə bilmədi: “Bu qadınla tanış olmaq! Bunu necə eləmək olar? Ona necə müraciət edim?” Az sonra özünə acığı tutdu: ”Getdikcə ağlım azalır. Yaşımı, mövqeyimi nəzərə almalıyam axı. Tanımadığım qadınla nə işim var? Kəskin bir söz deyər, biabır olaram. Bircə bu qalmışdı ki, özümü gülünc vəziyyətdə qoyum”. Amma ağlı belə desə də, hissləri başqa şey deyirdi. “Bəlkə elə həmin qızdır, yaşlanıb, dəyişib? Bu barədə soruşsam, necə olar?” Bir qədər düşünüb təəssüflə köksünü ötürdü: “Nəyi soruşum? Soruşmalı bir şey yoxdur”.

İnsan hər anı bircə dəfə yaşayır, hər anın öz hökmü var. Zamanı geri qaytarmaq, olub-keçənləri dəyişmək mümkün deyil. İnsan yaşadığı anların məsuliyyətini hiss eləmir, bu anların hər birində nəyisə dəyişməyin mümkün olduğunun fərqinə varmır. Kaş o zaman kənardan baxmaqla kifayətlənməyəydi, yaxınlaşıb danışaydı, bir söz deyəydi, xəyallarını həqiqətə çevirəydi. Lap rədd ediləcək olsa da, kaş bunu eləyəydı. Sonra arzuları şübhələrə qarışıb ürəyində qalmazdı. Sonrakı peşimançılığın ağırlığını ömrü boyu ürəyində daşımazdı.

Növbəti dayanacaqda düşməli idi. Ürəyini gizildədən, şüurunun dərin qatları altında yatıb qalmış, unudulmuş həyat səhifəsini yadına salan bu qadına son dəfə baxdı. ”Sağ olun, xanım əfəndi! Sizinlə üzbəüz oturduğum bu anlar həyatımın çox qiymətli anlarından sayıla bilər. Təəssüf ki, sizin özünüzə bunu deyə bilmirəm. Təşəkkür edirəm!”

    Yazıya (66) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.