Etibar Muradxanlı – FƏRİDƏ NƏNƏGİLİN PƏNCƏRƏLƏRİ (səsli povest)

163413_146525868735886_4645178_nFəridə nənə nə qədər eləsə də, yenə  bütün gecəni çimir eləməmiş, kirpik-kirpiyə vurmamışdı. Elə yenicə yuxuya getmək istəyirdi ki, ağartı satan qadının səsi beyninə işlədi: – Qatıq var! Qatıııq!!! Təzə süd var! Təzə süüüd!!!

Arvad gözlərini acmamış ağzını açdı:

- Səsin batsın, səs yiyəsi! -  yorğanını kənara tullayıb, yerinin içindəcə oturdu: – Elə bil, boğazını gavahınla deşiblər batmışın! – gərnəşib tez-tələsik özünü pəncərəyə catdırdı:

-Ağəz, nolub, nöş bağırırsan səhər-səhərinə? Qoysana gözümüzün acısını alaq!

- Fəridə xala, qaymaq kimi qatığım, yaxşı südüm var. Kənddən indicə gətirmişəm. Qaldırım yuxarı?

- Ağəz, südün də, qatığın da gözünə girsin elə. Kənddən qatıq satmağa gəlmisən, yoxsa camaatı dəli eləməyə?

Qatıqcı ona məhəl qoymadan ücüncü mərtəbədəki mənzilinin pəncərəsindən başını cıxaran gəlinə üz tutub, onun sualını cavabladı:

- Hə, hə, göndər gəlib aparsın. Banka da göndər.

Gəlin uşağı qatıq dalınca həyətə göndərmək üçün pəncərədən çəkildi. Fəridə xala: – Gəl aaz, gəl, bunlara baş qoşsan, gərək bunların tayı olasan! –  deyə otaqda özündən başqa guya kimsə varmış kimi şikayətləndi, pəncərəni əsəbi hərəkətlə örtüb, otağa döndü. Amma qapıya catmamış pəncərənin öz çərçivəsinə dəyib, yenidən açıldığını gördüyündən qatıqçı yadından çıxdı:

- Topal olasan səni, ağəz, ehmal örtsənə!  - deyə geri qayıtdı.

Televizoru yandırıb, mətbəxə keçdi, çaydanı qazın üstünə qoydu. Səhər yeməyini hazırlayanacan çaydan qaynadı. Çayın dəm almasını gözləməyə səbri nə gəzirdi – iki stəkan çay süzüb, otağa gayıtdı. Televizorun qabağında oturub, harasa tələsirmiş kimi qaynar cayı üfləyə-üfləyə içməyə başladı:

- İç, iç, indicə yeməyimiz də hazır olar. – Stəkanı şaqqıltıyla nəlbəkiyə qoydu. Qalxıb mətbəxə keçdi. Tavadakı yağ zəif qazın üstündə artıq ərimişdi. Iki yumurtanı tavaya çırpıb, çalmağa başladı:

- Ay qız, bu bizə bəs eləyəcək?  - öz sualına özü də cavab verdi: – Bəsimizdir, əlbəttə, bəsimizdir, at deyilik, dəvə deyilik. Bəs elər, hələ desən, artıq da qalar…

Qapı döyüldü. Dilbəriydi, qonşusu:

- Çörəyə gedirəm, sənə də alım?

Suala cavab vermədən geri qayıtdı, televizorun üstündən pulqabını götürüb, yenidən giriş qapısına tərəf addımladı:

- Alanda bax ha, qara-qurasını alıb gətirmə!

Min yeddi yüz əlli manat ayırıb Dilbərə verdi. Dilbər pulu götürsə də, qapıdan çəkilməyib, sual dolu gözlərini Fəridə xalaya dikmişdi. Arvad qonşunun nə istədiyini dərhal anladı:

- Hə, zəng eləmişdi, qurban olduğum. Axşam saat on ikidə. Elə təzəcə yatmışdıq ki, zəng gəldi. Amma gecikdik. Biz telefona catanacan zəng kəsildi. – Fəridə nənə uydurdu: – Orda, axı, bizdən bir saat soora axşam olur. Elə həmişə o vaxtlar zəng edir  qurban olduğum.

Dilbər qonşusunun sözlərinə inanmadı. Bayaqdan əlində saxladığı pulu çantasına qoyub, bir söz demədən pillələri düşməyə başladı. Fəridə xala qonşusunun ona inanmadığını başa düşdü, aşağıdakı mərtəbədə gözdən itənə qədər yerindən tərpənməyib, onun ardınca baxdı. Bir yandan inamsızlığına görə Dilbərdən inciyir, o biri yandan da qonşunu inandıra bilmədiyinə görə özünü  qınayırdı. Axı, axşam saat on ikidə, doğrudan da, zəng gəlmişdi. Amma bu da var ki, zəng edənin Nazim olub-olmadığını bilmirdi. Yadındaydı, bir neçə il qabaq da Nazim ona elə təxminən həmin vaxt zəng eləmişdi – gecə saat on ikidə. İndiki kimi yadındaydı, elə bil indicə danışmışdılar, səsi hələ də qulaqlarından getmirdi. Oğlunun uzaqdan gələn xırıltılı səsi sanki indicə qırılacaqmış kimi telefon telinin içindən üzülərək gəlirdi. Nazim anasına orada evləndiyini deyir, işlərinin yaxşı getdiyindən, yaxşı dolandığından danışırdı. Fəridə nənəni isə daha çox oğlunun can sağlığı və təzə gəlini maraqlandırırdı. Nazimin çox danışmağa imkanı olmasa da, anasının butun suallarına cavab vermişdi. Fəridə nənə öyrənmişdi ki, gəlininin adı Tatyanadır, amma oğlu onu Tanya çağırır. Özü də çox gözəldir, onun düşündüyü kimi – sarışın, göygöz yox, ağbəniz, qaraqaş-qaragöz, qarasaçdır…

…Sonra oğlunun səsi kəsildi. Özü də elə vaxtda kəsildi ki, yazıq arvad Nazimə öz halından, əhvalından danışır, vəziyyətinin yaxşı olduğunu, təqaüdünün ona bəsdi deyincən çatdığını, heç nədən korluq çəkmədiyini, təkcə oğul xiffəti elədiyini deyirdi… Xətt kəsildiyindən Nazim anasının sözlərini eşitmirdi, amma Fəridə xala bunun fərqində deyildi, danışırdı. Ona elə gəlirdi ki, oğlu anasının hər sözü, hər kəlməsini yanğıyla, hava kimi, su kimi ciyərlərinə çəkir. O hətta fürsət tapıb, qonşularıyla mehriban dolandığından, qonşuların hər gün Nazimi azı əlli dəfə xəbər aldıqlarından da danışırdı…

Nazimin son zəngindən bir neçə ay sonra Fəridə nənə oğlundan məktub aldı. Məktub da elə eyni məzmundaydı, bircə ata olması təzə xəbərdi. Nazim Tanyayla, qızı Fəridəylə çəkdirdiyi şəkli də anasına göndərmişdi. Bir də əlli dollar pul…

…Yanıq qoxusu arvadı xəyaldan ayırsa da, mətbəxə tələsmədi. Əslində, buna mətbəx demək düz deyildi. İyirmi il qabaq rəhmətə getmiş əri mətbəxi yataq otağı, yataq otağını  qonaq otağı eləmiş, mətbəxi isə birotaqlı mənzilin balkonuna keçirmişdi…

Stola düzdüyü stəkanları  -  öz stəkanını da, dolu qalmış o biri stəkanı da götürüb, asta addımlarla qaz peçini söndürməyə getdi. Mətbəxin tavanı tüstüdən görünmürdü. Pəncərəni açdı ki, evin havası bəlkə bir az dəyişsin. Özünü unutduğundan çay dolu stəkanı pəncərədən həyətə necə atmasından xəbəri olmadı. Pəncərinin altlığına dayaqlandı. Tüstü çəkilənəcən gözləmək, sonra təzədən qayğanaq bişirmək istəyirdi ki, aşağı mərtəbədə yaşayan Nisənin səsini eşitdi:

- Çayı niyə uşağın başına tökürsən, ay kaftar?!

Nə dediyini anlamadı:

- Nə deyirsən, ay qız? – deyə sanki qulağını Nisənin dodaqlarına yaxınlaşdırırmış kimi aşağı dartındı.

- Deyirəm korsan, çayı niyə uşağın başına tökürsən?! – Nisə daha da coşdu. Fəridə xala çaşdığını, çayı əlüzyuyana yox, həyətə atdığını indi anladı. Amma özünü sındırmadı:

- Aaz, yeri, aaz, yeri o yana! Ordan bura bağırmaqdansa, yeri uşağın başını qurula! Görüm elə başın batsın! – Qonşunun səsini eşitməsin deyə pəncərədən çəkildi: – Gəl az, gəl, gəl bəri, bu da adam olub! Ağrım ürəyinə! Qarğa da özünü quş bilir!.. – Qayğanaq bişirməyi də unudub,  qonaq otağına keçdi. Şaqqıltıyla televizorun kanalını dəyişdi. Amma oturmağa macal tapmamış qapı döyüldü.

- Gedək, görək Dilbər bizə necə çörək gətirib.

Gələn poçtalyonuydu.  Fəridə nənə bir söz deməyib, düz onun gözlərinin içinə baxır, nə deyəcəyini gözləyirdi. Artıq bir neçə iliydi ki, yazıq arvad poçtalyondan heç nə soruşmur, həmişəki cavabı eşidəcəyindən qorxurdu. Bu elə poçtalyonun da ürəyincəydi. “Yoxdur” deyib qan qaraltmaqdansa, susmaq yaxşıydı. Küçədə rastlaşanda da bir-birinin yanından yad adamlar kimi sivişib ötür, çalışırdılar ki, baxışları toqquşmasın. Amma bu onlara elə də asan başa gəlmirdi. Sual dolu nəzərlər altında başını aşağı salıb keçmək poçtalyon üçün nə qədər ağırıydısa, onu belə məzlum görmək də Fəridə nənəyə çətin gəlirdi.

Amma poçtalyon ötüb keçəndən sonra Fəridə nənə ayaq saxlayıb, onun ardınca baxmaqdan, köks ötürməkdən özünü saxlaya bilmirdi. Poçtalyon isə qarının nəzərlərini ağır yük kimi kürəyində hiss etdiyindən xeyli uzaqlaşandan sonra belə geri boylanmağa cəsarət etmirdi…

…Gözlərini ev sahibəsinin nəzərlərindən yayındırmaqda sükut ona bəhanə oldu. Üzünü Dilbərgilin qapısına tərəf çevirib soruşdu:

- Bunlar evdə yoxdular?

Fəridə nənə özündə deyildi, sanki ruhu cismindən qopub, göylərdə pərvaz edirdi. Poçtalyonun nə dediyini belə eşitməmişdi. Bu neçə ildə birinci  dəfəydi ki, poçtalyon onun qapısını döyürdü. Həyəcandan bütün bədəni tir-tir əsir, ürəyi az qala yerindən qopacaqmış kimi uçum-uçum uçunurdu. Poçtalyon onun qapısını döydüyünə peşman olmuşdu. Özünü itirdiyindən nə edəcəyini, vəziyyətdən necə çıxacağını bilmirdi.

Aşağı mərtəbədən ayaq səsləri eşidildi və bir an keçmədi ki, Dilbər dördüncü mərtəbənin pillələrini buruldu. Onun bu gözlənilməz gəlişi hər ikisini çıxılmaz vəziyyətdən qurtardı. Poçtalyon sevincək Dilbərin qarşısına yüyürdü:

-        Dilbər xala, sizə İcra Hakimiyyətindən məktub var! – deyə əlini çantasına atdı. Dilbər məktubu alar-almaz poçtalyonun ayaq səsləri artıq birinci mərtəbədən gəlirdi…

-        Canın yansın sənin, canın! – Fəridə nənə Dilbəri gözləmədən, qapını da açıq qoyub, otağa qayıtdı. Dilbər də onu narahat eləmədi.

-        Çörəyi dolabçanın üstünə qoydum – dedi: – Yaxşısını seçmişəm, arxayın ol.

Qonşu qapını astaca arxasınca çəkib getdi. Fəridə nənə kreslodan qalxıb, ayağını çəkə-çəkə yenidən televizora yaxınlaşdı. Televizorda nə getdiyinin fərqinə varmadığı kimi hansı kanala çevirdiyinin də fərqində deyildi. Təki evdən səs gəlsin. Oğlu, gəlini və nəvəsinin birgə şəklini televizorun üstündəki saata dayamışdı. Şəkli götürüb, yerinə qayıtdı, amma yerində qərar tutmadı. Qalxıb servanta yaxınlaşdı, siyirməni çəkdi, axtarıb-axtarıb,  oğlunun bir neçə il bundan qabaq göndərdiyi məktubu tapdı. Zərfi aça-aça gəlib, kresloya əyləşdi.

“Salam ana, biz yaxşıyıq” – ilk dəfə məktubun bu ilk cümləsini oxuyanda “Biz” nədir, ə?  - deyə təəccüblənmişdi. Amma dərhal da yadına düşmüşdü ki, bu barədə hələ məktubu oxumamış xəbər tutub – oğlunun bir neçə ay qabaqkı zəngindən, bir də məktubu açan kimi gördüyü şəkildən. Əvvəllər oğlu ona şəkil göndərməzdi. Məktubunda da ancaq “mən” yazar, yalnız öz adından danışardı. İndi artıq “biz”ə keçmişdi.

“İstəyirəm ki, sən də yaxşı olasan”.

-        Yaxşıyam, qurban olum, mən də yaxşıyam!

“Anacan, gec məktub yazdığıma görə məni bağışla. Axı, mən hərbçiyəm. İxtiyarım öz əlimdə deyil”.

-        Allah bağışlasın, bala! Təki sağ-salamat ol, elə bu mənə bəsdir.

“Anacan, bu şəkildə gördüyün Tanyadır. Əsil adı Tatyanadır. Amma Tanya deyirik”. Oxumağa aram verib, digər əlində tutduğu şəklə baxdı:

- Elə bil heç xaxol deyil bu Tanya. Gözündən, qaşından, sifətindən gör necə də bizimkilərə oxşayır.

“Anacan, Tanya komandirimin qızıdır. Onlar da mənim kimi gəlmədirlər. Ukraynadan gəliblər. Onun da atası hərbi məktəbi qurtarandan sonra burada qalıb. Elə burada da evlənib”.

Yenidən oxumağa ara verdi. Əlindəki  şəkli gözündən xeyli aralı tutub, diqqətlə baxmağa başladı. Arvad yaxından yaxşı görmürdü. Ona görə məktubu elə beləcə uzaq tutub,  oxumağa davam elədi. Amma kağıza baxmadan – məktubda yazılanları o qədər oxumuşdu ki, artıq əzbər bilirdi:

“Bu gördüyün qızcığaz isə balaca Fəridədir. Mən onu “Anam” deyə çağırıram”.

-        Anam deyən dilinə qurban!

“Anacan, balaca Fəridə, doğrudan da, sənə oxşayır. İndidən bilinir ki, böyüyəndə də sənin kimi boylu-buxunlu, gözəl olacaq”.

-        Boooy, düz deyir, az, az, vallah,  gör mənə necə oxşayır eee. Bax, bax – kiməsə göstərirmiş kimi şəkli yana cevirdi. – Gözlərinə bax, burnuna, qaşına, sifətinə bax hələ sən Allah!  Saçları da elə uşaqlığımda olduğu kimi qıvrım- qıvrımdır. Eynən mənəm, eynən,.. yaradanına qurban!..

Telefon zəng çaldı. Rəfiqəsi ona iş tapdığını deyirdi. Fəridə nənə darıxmasın, başı qarışsın deyə rəfiqəsi Xanımdan ona iş tapmasını xahiş eləmişdi. Xanım xala da Politologiya institutunun yataqxanasında ona iş tapmışdı. Girişdə oturub gəlib-gedənləri qeydə alacaq, açarları otaq yiyələrinə verəcək, yataqxanadakı nizam-intizama nəzarət edəcəkdi.

Şəkli televizorun üstünə, zərfi də qaytarıb öz yerinə qoydu. Tələsdiyinə görə yox, məktubu oxuyub bitirmək istəmədiyinə görə. Məktubu oxumaqdan aldığı zövqün bitməsini istəmir, gündə bir neçə dəfə əlinə götürsə də, heç vaxt axıra qədər oxumurdu. Qəfil zəng də bir bəhanə oldu…

 

 

***

 

İlk iş günü çox darıxdırıcı keçdi. Əvvəlcə komendantla tanış oldu, sonra Rəhim kişi, sonra yataqxana, daha sonra da tələbələrlə. Əslində, yataqxanada təkcə tələbələr qalmırdılar. Burda yurd-yuvalarından didərgin düşən qaçqınlar da, evi olmayan institut məzunları və aspirantlar da, hətta hansı yollarla gəlib çıxdığı məlum olmayan alverçilər də varıydı. Bir sözlə, aləm bir-birinə qarışmışdı, it yiyiəsini tanımırdı. Fəridə nənəyə təəccüblü gələn qızların da yataqxanada yaşamalarıydı…

Arvad Rəhim kişiyə tez bələd oldu. Növbəni təhvil götürəndə bir saat, təhvil verəndə isə onca dəqiqə bir yerdə olmaları arvada kifayət elədi ki, Rəhim kişini əməlli-başlı tanısın: “Zalım oğlu elə bil zəhər tuluğudur, gətirib burda qoyublar ki, gələn- gedənin kefinə soğan doğrasın”.

Növbəni təhvil götürəndə onun köməyinə ehtiyacı olduğu üçün bir saat qanının qaralmasına məcburuydusa, təhvil verəndə belə köməyə ehtiyacı yoxuydu. Ona görə də Rəhim kişi yataqxananın qapısından içəri girən kimi yığışdı. Elə bil evdə doğma adamını baxımsız qoyub gəlmişdi. Amma Rəhim kişi onun yataqxananı belə tez tərk etməsinə razı olmadı. Açarlardan tutmuş süpürgələrə, koridordakı stol-stuldan tutmuş hamam otağındakı avadanlıqlara qədər hər şeyi bir-bir yoxlayıb təhvil aldı. Sonra da özünün tərtib elədiyi jurnalı qollayıb, arvaddan əl çəkdi. Yataqxanadan çıxanda Fəridə xalanın çiynindən elə bil ağır yük götürülmüşdü. Yeyin addımlarla dünəndən tənha qoyduğu evinə, mənzilində tək buraxdığı xəyali rəfiqəsinin yanına tələsirdi. Dünəndən ürəyi onların yanında qalmışdı. Hətta gecə uzunu kimsəsiz mənzilinə bir neçə dəfə zəng edib, cavabsız siqnalların üzüntülü səsinə qulaq asmışdı. Sanki uzun-uzadı düyüldəyən bu siqnallardan mənzilinin nəfəsini duymuş, xəyali rəfiqəsindən xəbər tutmuşdu…

- Salam, aaz  - çiyin çantasını elə girişdəcə dolabın üstünə qoyub, içəri keçdi. Qonaq otağında, yataq otağında, mətbəxdə xeyli dolaşandan sonra təzədən dəhlizə qayıtdı. Aralı saxladığı qapını bağlayıb, içəridən kilidlədi. Paltosunu çıxarıb, asılqana keçirdi.

- Gəl, gəl, yeməyimizi hazırlayaq  - mətbəxə adladı. Qazı yandırmazdan qabaq pəncərəni açıb, həyəti nəzərdən keçirdi. Uşaqlar çantalarını sürüyə-sürüyə məktəbə gedirdilər. Universitetdə rus dilindən dərs deyən Tahir müəllim həyətdə durub, pəncərədən boylanan həyat yoldaşına nəsə tapşırıqlar verir, ev dəllalı işləyən Xanlar cib dəftərçəsini varaqlaya-varaqlaya həyətdə var-gəl eləyirdi…

…İki stəkan çay süzüb, elə mətbəxdəcə divara söykədiyi ensiz stolun üstünə qoydu. Pəncərənin şüşəsini həm bayır, həm də içəri tərəfdən silib təmizlədi. Kətili altına çəkib, pəncərənin qarşısında oturdu. Bir gözü həyətdə çayını nəlbəkiyə süzüb, üfləyə-üfləyə içdi.

-        Bax aa, bazarlıq eləmək yadımdan çıxıb!  - qalxıb deyinə-deyinə soyuducuya yaxınlaşdı.

-        Yumurtamız qalıbmı?

Soyuducunun gözündə iki yumurta qalmışdı. O, adətən iki nəfərlik bazarlıq elədiyi kimi yumurtanı da həmişə cüt alırdı.

- Bəsimizdir  – yumurtaları qoyduğu alüminium qazançaya krantdan su alıb, qazı yandırdı, qazançanı qazın üstünə qoydu.  Stəkanları yaxalayıb, yenidən pəncərənin qabağında oturdu. Axşamı yatmadığından yeməyini yeyib, yataq otağına kecəcəkdi. Amma nədənsə tələsmirdi. Yumurtalar hazır olandan sonra bir xeyli qazanda qaldı. Handan-hana özünə gəlib, yumurtalardan birini qabağındakı boşqaba qoydu. Bir gözü həyətdə uzun-uzadı stolun üstünə döyəcləyərək əzdi.

- Gəlmədi, yox, yəqin bir işi çıxıb – Fəridə nənə qatıqsatan qadının gəlişini gözləyirdi. Saat doqquzu keçmişdi. Adəti üzrə o, doqquza işləmiş artıq məhəllədə olardı. Arvad onun səsinə öyrəşmişdi. Əslində qatıqsatanın səsi gəlməmiş Fəridə xala oyanar, amma o, “qatıq vaaar, təzə qatıııq!”  - deyə məhəlləyə səs salmayınca, yatağından qalxmazdı.

Yumurtanı bol-bol duzlayıb, çörəksiz yedi. Stolun üstündəki yumurta qabıqlarını yığışdıranda yeyilməmiş ikinci yumurtanı da qabıqlarla birlikdə götürüb, zibil vedrəsinə atdı. Saat artıq ona qalırdı.

- Gedək, aaz, gedək yataq, bu gələnə oxşamır – qatıqsatanın daha gəlməyəcəyinə əmin olunca yataq otağına keçdi…

 

 

***

 

Rəhim kişi qapıdan içəri girən kimi saatına baxdı – doqquza üç dəqiqə işləyirdi. Fəridə nənə düz üç dəqiqə gecikmişdi. Rəhim kişi növbə yoldaşının təzə olduğunu nəzərə almadı:

-        Gecikirsən aaa,.. arvad, gecikirsən! Çalış, işə vaxtında gəl!

Fəridə nənə elə bilirdi ki, çox gecikib. Çünki evdən çıxmamış pəncərənin qabağında bir xeyli durub, həyəti seyr etmiş, sonra da həyətdə ləngimişdi. Nə sirriydisə, qatıqsatanı görməmiş məhəllədən çıxa bilmirdi. Özü də yaxşı bilə-bilə ki, onun gəlişinə hələ azından onbeş-iyirmi dəqiqə var…

Fəridə nənə dəqiq adamıydı, saat-zad gəzdirməyi sevməz, vaxtı saatsız da bilər, hətta yuxudan istədiyi vaxt durmağı belə bacarardı. Dünən axşamacan arın-arxayın yatmış, axşamçağı isə düz saat altıda yatağından qalxıb, qonşusu Dilbərə baş çəkmişdi. Qapının kandarındaca söhbətləşmişdilər. Fəridə nənə uzaq səfərdən qayıdıbmış kimi evdə olmadığı bir gün ərzində həyətdə nə yeniliklər olduğuyla maraqlanmış, məhəllədəki bütün tanıdıqlarını bir-bir soruşmuşdu. Dilbər də hesabat verirmiş kimi qonşusunun bütün suallarına tələsmədən cavab vermiş, sonra isə Fəridə nənənin işiylə bağlı özü suallara keçmişdi. Fəridə nənə əvvəl-əvvəl könlünə yatmadığı şeylərdən başlamış, Rəhim kişidən danışmış, dünən təzə tanış olduğu dəqiqələrdə Rəhim kişi haqqında ürəyindən nələri  keçirmişdisə, hamısını olduğu kimi dilinə gətimişdi.

…Oğlunun məktubunu oxumağa dünən qaldığı yerdən davam etdi.

“Anam” sözünün mənasını Tanyaya da başa salmışam. O uşağa öz dillərinə uyğyn “Anna” deyir.

- Anam, Anam… Anna, – deyə Fəridə nənə yenidən sol əlindəki şəkli sifətindən xeyli uzaqlaşdırıb, gah elə, gah da belə tutaraq, iynə saplayırmış kimi diqqətlə baxmağa başladı.

- Anna, Anna…  eləcə Nazimin uşaqlığıdı ki durub. – Qalxıb servantın gözündən ailə albomunu götürdü, axtarıb Nazimin bir neçə uşaqlıq şəklini tapdı. Annanın şəklini ortada qoydu, Nazimin şəkillərini onun ətrafına düzdü.

- Bax, bax, aazz, eynən Nazimdir, eynən! – deyə kreslonun bir küncünə qısıldı. Sanki kimsə çiyniylə ona toxunub, özünün baxması üçün bir qədər kənara çəkilməsini xahiş edirdi.

- Oxşayır? – soruşdu.

- Oxşayır da sözdür – cavab da verdi. – Elə bil lap bir almadır, yarı bölüblər – pıçıldadı. Gözlərini şəkillərdən ayırmadan məktubu oxumağa davam elədi: “ Qaynatam da, dostlarım da Fəridəni Anna çağırırlar. Amma hərdən “Farda” da deyirlər. “Anam” sözünün mənasını bildiyindən qaynatamın ona “mamıçka” deməkdən də xoşu gəlir”…

…Fəridə nənə Rəhim kişinin az qala onun gözünə soxduğu saatının əqrəblərinin səkkizi cəmi üç dəqiqə keçdiyini görəndə özünü saxlaya bilmədi:

- Gecikirsən, gecikirsən, altıaylıq-zadsan bəyəm?! Üç dəqiqə gec getsən, xəncərinin qaşı düşməz ki!

Rəhim kişi özünə bab adama rast gəldiyini görəndə söhbəti uzatmaq istəmədi:

- Yaxşı, yaxşı, ay arvad, söz güləşdirmə, mənim səninlə çənə döyməyə vaxtım yoxdur. Gəl, növbəni təhvil götür – deyə dizlərinə dayaqlanıb, ayağa durdu. Dünən təhvil götürüb, qol çəkdiyi kimi, bu gün də hər şeyi bircə-bircə təhvil verib, jurnalı Fəridə nənənin qabağına itələdi. Stolun üstündəki kitabı siyirmədən çıxardığı komandir portfelinə, portfeli də yemək gətirdiyi əl çantasına qoydu.

- Diqqətli ol! – deyə son tapşırıqlarını verib, yataqxanadan çıxdı. Fəridə nənənin diqqətini onun komandir çantası cəlb eləmişdi. Nazim hərbi məktəbdə oxuyandan bəri hərbçilərə hörmətlə yanaşır, bütün hərbi verilişlərə maraqla baxırdı. Hərbçi çantasını görəndən sonra Rəhim kişiyə də marağı yarandı. Komendant gələn kimi onu Rəhim kişi barədə sorğu-suala tutdu. Məlum oldu ki, Rəhim kişi doğrudan da hərbçi olub, ömrünün otuz ilini rus ordusunda xidmət edib, polkovnik rütbəsinə qədər yüksəlib, təqaüdə çıxandan sonra vətənə qayıdıb, darıxmasın deyə yataqxanada növbətçi düzəlib. Komendantın dediyinə görə, işə düzəldiyi elə ilk gündən yataqxanada hərbi qayda-qanun, səliqə- səhman yaratmağa çalışıb. Buna görə də təbiətcə sərt və son dərəcə ciddi olan bu adamı ilk vaxtlar heç kəs sevməyib, amma sonralar halına-xasiyyətinə bələd olduqca, daxilən nəcib, ürəyiyumşaq, sadə və ən başlıcası da mərdanə olduğunu bildikcə hamı ona qəlbən bağlanıb. Komendantın dediyinə görə, o, məhz Rəhim kişinin sayəsində yataqxanada qayda-qanun yarada bilib.

…Fəridə nənəyə elə gəldi ki, növbə yoldaşı gecikir, amma Rəhim kişi vaxtında gəldi. Arvad bu gün nədənsə evə getməyə heç tələsmirdi. Komendantın dünənki söhbətindən sonra növbə yoldaşıyla daha çox ünsiyyətdə olmaq, daha çox söhbət eləmək istəyirdi. Bir növ onda oğlunu görür, oğlunun qocalığını Rəhim kişinin simasında təsəvvür edirdi. Amma Rəhim kişi ona söhbət üçün şərait yaratmadı. Sanki bu kişiylə bağlı hər şey müəyyən bir plan çərçivəsində getdi: proseduraya uyğun olaraq avadanlıq, səliqə-səhman təhvil verilib, təhvil götürüldü; jurnala qol çəkildi; Fəridə nənə çantasını da götürüb, qapını bayır tərəfdən bağladı; Rəhim kişinin yaratdığı təəssürat  altında yataqxanadan uzaqlaşdı. Sıxıntıdan qurtulsun deyə iş yoldaşını unutmaq istəyirdi ki, qatıqsatan yadına düşdü. Dilbər onun dünən də görünmədiyini demişdi. Evə tələsdi ki, bəlkə, bu gün qatıqsatandan bir xəbər tuta.

Payız çoxdan qurtarmış, qışdan da xeyli keçmişdi. Amma nədənsə hələ də qışın gəldiyi hiss olunmur, havalar yazda olduğu kimi günəşli, isti keçirdi. Fəridə nənə günəşi həmişə pəncərələrində görməyə öyrəşmişdi. Hətta onunla qısaca söhbəti də olurdu.

-        Hə, gəlmisən?! Sabahın xeyir, sabahı gətirdiyin yerdə – sonra da gileyə keçərdi:

-        Noolardı ki, bir gün mənimkiləri də gətirəsən – pəncərələri açıb, kimisə içəri buraxırmış kimi xoşgəldin edərdi:

- Gəl görüm, gəl, xoş gəldin!..

Bu gün bozumtul bir bulud Günəşi arxasında gizlətsə də, əl-ayağını yığa bilməmişdi.  Amma şimaldan bir-birinin ardınca axan buludlar günəşin səmada bərq vuran saçaqlarını da Bakıya çox görürdü. Günəşsə arayıb-axtarıb azacıq da olsa özünə bir çıxış yeri tapır, qızıl rəngli şölələrini Xəzərə, Bakının qədimi binalarının üstünə yayırdı…

Fəridə nənə qış, yaz deməz, istiyə, soyuğa baxmaz, yataqdan qalxan kimi hər gün mətbəxin həyətə baxan pəncərələrini açar, otaqların balkona tərəf olan qapılarını aralı qoyub, evin havasını dəyişərdi. Sonra da aynabənddə oturub, saatlarla həyəti seyr edər, öz xəyali rəfiqəsiylə söhbət edərdi. Əslinə qalsa, nənənin xəyalının məhsulu olan rəfiqəsi elə onun özü, bəlkə də, qaraçuxası idi. Amma hər kim olur-olsun, özünü onsuz təsəvvür edə bilmirdi. Bütün məsələlərdə onunla məsləhətləşər, hər işində onu nəzərə alar, hətta bazarlıq edəndə də aldığını bəyənib-bəyənmədiyini soruşar, onunla hesablaşardı. Aldığı şeyi qaytaranda da – yox, yox, xoşumuza gəlmədi. Bu, bizə uyğun deyil – deyə iki nəfərin adından danışırdı. Bəzən də ona  hirslənər, qarğış edər, bir müddət onunla danışmaz, küsü saxlar, amma bu çox da uzun çəkməzdi. Elə həmin o qəzəbli dəqiqələrdə belə barışmağa bəhanə axtarar, fürsət tapan kimi bütün günahları onun üstünə yıxıb, axırda da, – yaxşı, gəl barışaq!, – deyə sülh elan edərdi…

… Evə girən kimi pəncərələri açmış, amma onu həyətdə görməmişdi. O, Fəridə nənə televizoru yandırınca gəlib çıxmışdı. Amma nədənsə adəti üzrə çağırıb məhəlləni oyatmır, müştərilərini səsləmirdi, elə bil fağırın səsi batmışdı. Çantasındakı süd, qatıq dolu bankaları səkinin qırağına düzüb, əlini alnına qoyub, yuxarı mərtəbələrə baxırdı.

- Aazz, səsi batmış, noolub, səsin niyə çıxmır?  - Fəridə nənə təəccübünü gizləmədi. Arvadın sualına qatıqsatan cavab vermədi.

- Fəridə nənə, bir şey lazımdır, gətirim? – deyə suala sualla cavab verdi. Arvad qatıqsatanın əhvalındakı dəyişikliyi dərhal hiss etdi – xırıltılı səsi güclə eşidilirdi. Sualına cavab almaqda inad göstərdi:

-        Aazz, nəyindir? Gözümə bir təhər dəyirsən?

-        Heç, Fəridə nənə, soyuqlamışam bir az.

Müştəriləri qatıqsatana yaxınlaşdılar. Onlar öz alverlərini edib qurtarınca Fəridə nənə pəncərədən çəkilmədi. Qatıqsatan yerdə qalan bankaları çantasına qoyub, üzünü yuxarı tutdu:

- Yaxşı, Fəridə nənə, gedim görüm qalanlarını da o biri məhlədə sata bilirəm – deyə dolu çantalarını qaldırdı. Amma bir-iki addım atmamış başı gicəlləndi, çantasını yerə qoyub, dizlərinə dayaqlandı və elə əyili vəziyyətdəcə qaldı. Nəfəsi çatmırmış kimi acgözlüklə nəfəs alırdı. Süd alacağı Fəridə nənənin sanki indi yadına düşdü:

- Aazz, hara tələsirsən? Bəs, mən süd alacaqdım axı – deyə ucadan səsləndi. Qatıqsatan yerə çöküb, üzünü çəpinə yuxarı tutdu:

- Neçə kiloluq istəyirsən? – soruşdu. Fəridə nənə həftədə bir, ya da iki dəfə ağartı alardı. Onda da qatıqsatan çantasını həyətdəcə qoyub, bankaları özü dördüncü mərtəbəyə, müştərisinin mənzilinə qaldırardı. Bu gün onun ağartı almaq niyyəti yoxuydu, sadəcə, qatıqsatana acıdığından onun vəziyyətini yüngülləşdirmək istəyirdi:

- Dayan, dayan, özüm düşərəm. Onsuz da çörəyə düşəcəkdim – arvad gənc qız çevikliyi ilə aşağı yüyürdü. Qatıqsatan çantasının yanında yerə çöküb gözləyirdi. Fəridə nənə düz onun  gözlərinin içinə baxdı. Yazğın gözlərindən sanki alov çıxırdı – qıpqırmızı qızarmışdı. Arvad onunla üzbəüz cöməltmə oturub, əlinin arxasını qatıqsatanın alnında gəzdirdi:

- Sənə nə oldu, ay qız? Qızdırma səni aparır ki! – əlini qatıqsatanın çiyinlərindən sürüşdürüb, onun əllərini ovuclarına aldı:

- Nə olub sənə, bu halınla kücələrə düşmüsən? Evində otursana!

Qatıqsatan özünü sındırmadı:

- Eh, Fəridə nənə, evdə oturanda daha da ağırlaşıram. Mən qripi elə ayaq üstə keçirirəm.

- Dur, dur, qız, gedək evə, zoğal mürəbbəsiylə bir stəkan çay içib gedərsən.

Qatıqsatan hələ malını xırıd eləməmişdi deyə etiraz etsə də, Fəridə nənə əl çəkmədi, qolundan tutub, təkidlə yuxarı qaldırdı. İçəri girən kimi hələ ayaqqabılarını soyunmamış:

- Sənin adın nədir, qız? – deyə soruşdu.

- Tahirə – deyə qatıqsatan paltosunu soyunmadan ev sahibəsinin ardınca içəri keçdi. Fəridə nənə ona oturmaq üçün yer göstərib, mətbəxə keçdi:

- Ay qız, Sahirə, elə buna görə iki günüydü ki, görünmürdün? – mətbəxdən Fəridə nənənin eşidildi. Bir dəqiqə keçmədi ki, bir əlində çayla dolu stəkan, o bir əlində mürəbbəqabı otağa qayıtdı. Tahirə onun sualına cavab verməmiş ev sahibəsinin səhvini düzəltdi:

-        Sahirə yox, Fəridə nənə, Tahirə.

-        Nə.. Sahirə?.. Hə, hə, elə Sahirə deyirəm də…

Tahirə onu başa sala bilməyəcəyini, buna hövsələsinin çatmayacağını görüb, sualın cavabına keçdi:

- Yox, ay Fəridə nənə, yox. Təki elə xəstə olduğum üçün gəlməyəydim.

-  Aazz, nə olub bə sənə?  – ev sahibəsi ona daha da yaxın oturdu.

- Ermənilər,.. ermənilər qardaşımı öldürüblər, Fəridə nənə!  – elə bil göz yaşları ovcunun içindəydi.

-        Nəə, qardaşını öldürüblər?!

Tahirə anlatdı ki, ermənilər tez-tez Qarabağın kəndləri,  rayonlarına silahlı hücumlar edir, əhaliyə divan tutur, var-yoxlarını əllərindən alıb aparırlar. Onlara qarşı əliyalın, təsadüfi halda ov tüfəngiylə çıxan azərbaycanlıları isə rus hərbçilərinin köməkliyi ilə qanına qəltan edirlər. Bir dəfə, iki dəfə, axırı Tahirənin qardaşının səbri tükənir,  kənd cavanlarından kiçik bir dəstə düzəldir ki, kəndlərini erməni quldurlarından qorusunlar…

Tahirə sakitləşmək bilmirdi. Ermənilərin törətdiyi cinayətlərdən danışdıqca daha da coşur, gözünün yaşını sel kimi tökürdü. Ev sahibəsi ağlayıb yüngülləşsin deyə qonağı sakitləşdirməyə cəhd göstərmir, onun dediklərinə heyrət içində qulaq asırdı. Inana bilmirdi ki, bu gün oğlunun da xidmət etdiyi, Rəhim kişinin ömrünü qoyduğu rus ordusu ermənilərlə birləşib, azərbaycanlılara qarşı belə ədalətsizliyə yol verə bilər..

Tahirə çayını içmədən ayağa durdu, sanki bura dərdini deməyə gəlmişdi. Fəridə nənə də onu saxlamadı, amma süd-qatığın hamısını götürəcəyini dedi. Dərhal da əl çantasından pul çıxarıb, Tahirənin etirazına baxmayaraq, aldıqlarının haqqını ödədi. İş günlərini Tahirəyə bildirib, bundan sonra qalan malını yataqxanaya gətirməsini təklif etdi. Özü satıb, pulunu ertəsi gün verəcəkdi…

Yuxusu qaçmışdı, yemək istəmirdi. Dünəndən stolun üstündə qalan şəkilləri götürüb, kart paylayırmış kimi bölməyə başladı. Nazimin hələ tələbə olanda hərbi formada çəkdirdiyi şəkilləri yanaşı düzdü. Oğlunun şəkli tək, oğlunun şəkli bir  neçə dostuyla birlikdə, bir də oğlunun  da sırada durduğu alay,  oğlu rus əsgərləriylə birlikdə…  Bakının küçələrində yüzlərlə günahsız insanı qanına qəltan edən “humanist” sovet ordusu! Qarabağda ermənilərin törətdikləri saysız-hesabsız cinayətlərə kömək edən, erməni dəyirmanına su tökən sovet ordusu…

Nazim hələ lap uşaqlıqdan əsgər olacağını deyir, böyüdükcə komandir, sonralar isə general olmağı arzulayırdı. Onun bu arzusuna atası da, Fəridə nənə də sevinirdilər. Ən çox ona görə ki, o, hərbə vətəni qorumaq məqsədiylə maraq göstərirdi. Amma onun inandığı, bütün gəncliyini, bacarığını həsr etdiyi ordu indi erməni quldurlarına kömək edir, vətənini düşmənə satırdı…

“Anacan, özümə gəlincə, mən də yaxşıyam. İşlərim də lap əla gedir. İndi artıq rota komandiriyəm, rütbəm də kapitandır”.

-        Kaş nə komandir olaydın, nə də kapitan. Əsgər olaydın, oğlum, sıravi əsgər. Amma vətəndə, Azərbaycanda olaydın…

“Anacan, mənə burada çox qayğı göstərirlər. Yaxşı bir hərbçi, savadlı mütəxəssis kimi həmişə hörmət edirlər”.

-        Hansı hörmətdən danışırsan, ay oğul, ay sənə qurban olum?! Elə sənin ordunun əliylə Bakının küçələrini qana boyamadılarmı?!

“Komandirlərim də mənim gələcəyimə inanırlar. İnşallah, tezliklə qarşında gənc bir general görəcəksən”.

-        Kaş, general yox, əsgər görəydim, oğul, adi, sıravi əsgər. Amma ləyaqətli, vətəninin qeyrətini cəkməyi bacaran, yeri gələndə onun uğrunda ölməyə layiq olan, buna cəsarəti çatan mərd bir əsgər! – gözlərinin yaşını sildi.

“Anacan, yaxın günlərdə xaricə ezamiyyətə gedəcəm. Əsgərlərimizi xarici ölkələrdən köçürməliyik”.

-        Kaş, sən özün də öz vətəninə qayıdaydın…

“Ola bilsin ki, bir müddət səninlə əlaqə saxlaya bilməyim. Darıxma, Allah qoysa, qayıdan kimi zəng edəcəm”.

- Allah qoysun, can bala, Allah qoysun. Amma qurban olduğum nədənsə hələ də məsləhət bilmir, bizi sınağa çəkir…

Qapı döyüldü. Gələn Dilbəriydi. Fəridə nənə gecəni işdə olduğundan yatmasa da, bütün günü yatmaq fikri yoxuydu. Əvvəl qonşusuyla, sonra xəyali rəfiqəsiylə söhbət elədi. Heç vaxt şikayətlənmədiyi taleyindən, heç vədə gileylənmədiyi oğlundan narazılığını bildirdi. Ağladı. Yetmiş illik həyatında heç kəsin görmədiyi göz yaşları axıtdı…

 

***

 

Rəhim kişiylə artıq dostlaşmışdılar. Keçmiş hərbçi daha Fəridə xala işə gələn kimi növbəni təhvil verib evə tələsmir, oturub azı yarım saat söhbət eləyir, öz həyatından, keçmişdən-keçəcəkdən  danışırdı. Fəridə nənə də özü haqqında, oğlu barədə Rəhim kişinin bütün suallarına həvəslə cavab verir, Nazimin tez-tez zəng elədiyindən, məktubu məktuba caladığından, hər ayın başında ona pul göndərməsindən danışırdı. Söhbətlərinin başı-ayağı zəmanənin dönüklüyündən şikayətiydi. Rəhim kişi sovet ordusunun ermənilərlə birgə Qarabağda törətdiklərinə heç cür inana bilmir, 20 Yanvarda Bakıda baş verən hadisələri anlaşılmazlıq adlandırırdı. Etiraf etməyə cəsarəti çatmasa da, həyatını rus ordusuna verdiyi üçün qəlbinin dərinliklərində baş qaldırmış təəssüf hissi gözlərindən aydınca oxunurdu.

Son günlər daha səliqəli geyinir, sanki acıq verirmiş kimi hərbi xidmətdə aldığı medalların bütün simvollarını döşünə taxırdı. Getdikcə daha da qaraqabaqlaşır, tez-tez ürəyini tuturdu. Amma heç vaxt heç nədən şikayətlənmir, ürəyinin ağrıdığını boynuna almırdı.

…Rəhim kişi Fəridə nənəyə çox ayıq yatdığını demiş, amma gözüaçıq yatdığını deməmişdi. İndi onu belə görəndə, arvad Rəhim kişinin o vaxt elə beləcə, gözüaçıq yatmasını nəzərdə tutduğunu düşündü. Amma təəccüb etdi. Adəti üzrə Fəridə nənə gələnə qədər Rəhim kişi tam hazır olar, foyedə var-gəl edə-edə onu gözlər, növbə yoldaşını ayaq üstə qarşılayardı. Amma nədənsə indi oturduğu stulun söykənəcəyinə yüngülcə dayaqlanıb, əllərini də şagird kimi stolun üstünə qoşa qoymuş, nəzərlərini tavanda məchul bir nöqtəyə zilləyib, gözüaçıq yatmışdı.

Fəridə nənə neçə vaxtın narahatlığına, yorğunluğuna tab gətirməyib, nəhayət, kişinin elə iş başındaca yatdığını düşündüyündən, oyadıb onu narahat eləmək istəmədi. Cantasını astaca stulun ciyinliyinə kecirib, Rəhim kişinin öyrətdiyi qayda üzrə növbəni qəbul etməyə başladı. Hər şey qaydasındaydı. Səssizcə gəlib, növbə yoldaşıyla üzbəüz oturdu. “Gör necə yorğundur ki, hələm-hələm oyana bilmir” – deyə düşündü.

- Dur, dur, ay kişi, dur, gedib evdə rahatca yatarsan – narahat olmağa başlayan Fəridə nənə pıçıltıyla səsləndi. Kişidən bir səs çıxmadığını görəndə barmaqlarının ucunda xəfifcə onun sinəsinə toxundu:

-        Rəhim kişi, ay Rəhim kişi!..

Rəhim kişi sanki heykəliydi – sinəsini azca irəli verib, başını dik tutmuş, buz kimi soyuq gözlərini tavana dikmişdi. Fəridə nənə xoflanmağa başladı:

-        Rəhim, Rəhim! – deyə yerində dikəldi, irəli dartılıb, gözlərini kişinin azacıq nəmdən par-par parlayan, artıq rəngini itirməkdə olan göy gözlərinin içinə zillədi:

-        Rəhim, sənnən döyüləm, Rəhim?.. Aaa.. bu kişiyə nə oldu?! – pencəyinin yaxalığından tutub silkələdi. Dayağını itiribmiş kimi Rəhim kişinin boynu arxaya axdı, qolları stolun üstündən sürüşüb, yanlarına düşdü. Fəridə nənə onun artıq çoxdan həyat nişanəsini itirmiş gözlərinin dərinliyindən bir ölü boylandığını gördü.

-        Rəhim… Rəhim! – oturacağa çökdü. Əllərini ağzına basıb, lal bir hönkürtüylə ağladı… Rəhim kişi əsl hərbçi kimi ayaq üstə, iş başında, məğrurcasına ölmüşdü.

Bir azdan sonra komendant gəldi. Yataqxananın bütün sakinləri birinci mərtəbədəki foyeyə axışdılar. Təcili yardım maşını gəlib çıxdı. Kişini ehmalca stuldan qaldırıb, xərəyə uzatdılar. Fəridə nənə yaxınlaşıb, onun böyründəcə cöməltmə oturdu. Titrək əllərini xəfifcə alnından sifətinə doğru sürüşdürüb, gözlərini qapadı. Pencəyinin çiyinlərini dartıb, yerinə otuzdurdu. Gömgöy  damarları çıxmış əllərini sinəsinə, yaxalığına doğru sürüşdürdü. Xidmətləri müqabilində aldığı medallarının simvollarını yerində rahladı…

Həyatını sovet ordusuna həsr etmiş, polkovnik rütbəsinə qədər yüksəlmiş Rəhim kişinin ömür yolu belə sona yetdi. Qüdrətinə və ədalətinə inandığı orduda xidmətdən qürur duyan rus əsgərinin ömrü Azərbaycan Politologiya institutunun yataqxanasında bitdi…

…Və gözlərini gözü yolda qalmış, oğlu rus ordusunda xidmət edən, onun getdiyi yolu gedən bir rus ordusu zabitinin azərbaycanlı anası qapadı…

…Tabutunu isə azərbaycanlılarla birlikdə müxtəlif respublikalardan Azərbaycana oxumağa gəlmiş tələbələr qaldırdı…

Fəridə nənə işdən çıxmaq haqqında ərizə vermişdi. O, dərdlərini unutmaq, başını qarışdırmaq məqsədiylə işə düzəlmişdi, amma əksinə oldu. Başa düşdü ki, evdə oturub özünün, xəyali rəfiqəsinin, oğlunun, qonşularının, kiçik məhəlləsinin fikrini çəkmək bütün cəmiyyətin dərdini çəkməkdən daha asandır… Komendantın ərizəni qəbul edib-  etməyəcəyinə baxmayaraq, qəti fikrini bildirib, yataqxananı tərk etdi.

“Səni görmək üçün burnumun ucu göynəyir, anacan! Sənə qurban olum, özünü qoru!..”

…Qapı döyüldü. Fəridə nənə sonuncu cümlələri bitirməyib, məktubu stolun üstünə qoydu. Gələn poçtalyonuydu. Yazıq arvad qapını açdığına peşman oldu. O daha poçtalyondan heç nə gözləmir, amma hər onu görəndən sonra bir gün özünə gələ bilmirdi. Bir söz demədən qapının kandarında durub, poçtalyonun nə deyəcəyini, indi kimi soruşacağını gözləyirdi. Poçtalyonunsa sanki dili tutulmuşdu, gözləri od tutub yanır, baxışları alov saçırdı. Titrək əlindəki məktubu bir qədər irəli uzadıb:

- Fəridə nənə, Fəridə nənə, Fəridə nənə! – səsləndi. Daha bir söz deyə bilmədi. Fəridə xala onun yaşdan dolmuş gözlərinə, əlindəki məktuba baxıb, qeyri-ixtiyari bir addım geri atdı:

-        Məktub, məktub kimədir?! – xırıltılı səslə soruşdu.

- Nazimdəndir, Fəridə nənə, Nazimdən!

Yerindən tərpənmədi. Çöhrəsində cağlayan sevinc bir andaca ciddi ifadə aldı. Sanki adi, hər gün baş verən hadisə baş vermişdi.

-        Sağ ol, oğul, sağ ol!  – quruca dedi.

Poçtalyon məktubu Fəridə nənənin ovcuna qoydu. Uzaq səfərdən qayıdan atasının qabağına yüyürən uşaq kimi pillələr boyu sevincək üzü aşağı yüyürdü. Fəridə nənə qapını örtməyi belə unutdu. Sanki Nazimin özünü sinəsinə basırmış kimi məktubu köksünə sıxıb, otağa qayıtdı. Özünü yetirib, divana çökdü. Çiskin havada pəncərə şüşələri boyu üzü aşağı sürünən şəffaf şeh damlaları kimi göz yaşları qapalı gözlərindən süzülüb titrəyən yanaqları boyu axırdı…

Fəridə nənə ümidini itirməmişdi. Oğlunu nə vaxtsa görəcəyinə, səsini eşidəcəyinə, nə vaxtsa onun yazdığı yeni sətirləri oxuyacağına inanır, amma həmin anları necə yaşayacağını təsəvvür belə eləmirdi. Onun fikrincə, əsl xoşbəxtliyi elə onda dadacaq, onda biləcəkdi. Və onu dadmayınca, bütün vücudunda hiss etməyincə xoşbəxtliyin nə olduğunu təsəvvürünə gətirə bilmirdi… Təsəvvür edə bilmirdi ki, xoşbəxtlik göz yaşları, az qala yerindən qopacaq ürək çırpıntıları, titrəyən dodaqlar, uçunan, çəkisiz vücudla da yaşana bilər.

… – Ana nədir, anacan?

-        Ana – insanı dünyaya gətirən, ona həyat verən, süd verən, onu böyüdən, tərbiyələndirən, onun qayğısını çəkən qadın.

- Vətən də qadındır? – Nazim ağaca çıxırmış kimi balaca əlləriylə anasının çiyinlərindən tutub, qucağına dırmaşdı.

-        Yox, oğlum, vətən vətəndir. Vətən doğulub boya-başa çatdığımız ölkə, üstündə gəzdiyimiz torpaq, barından, bəhərindən yediyimiz, qanunlarına tabe olduğumuz məmləkətdir! Vətən çox şeydir, oğlum, evimiz də vətəndir, həyətimiz də vətəndir, məhəlləmiz də vətəndir, şəhərimiz də…

-        Məktəbimiz də?  - Nazim anasının sözünü kəsib sual verdi.

-        Əlbəttə, Nazim, məktəbimiz də, hətta sinif otağımız da vətəndir.

-        Bəs, müəlliməm deyir ki, vətən anadır?, – bu söhbət hələ oğlu birinci sinifdə oxuyanda olmuşdu. O zaman Nazim gördüyü hər şeyə, eşitdiyi hər sözə min bir sual qoşar, istədiyi cavabı almayınca, anasından əl çəkməzdi. Amma anasının verdiyi cavablarla kifayətlənməz, axşam atası evə gələn kimi eyni sualları ona da verərdi. Cavablar müxtəlif olduqda isə “- bəs, anam belə deyir, bəs, atam belə deyir?” – deyə hər ikisini məhşər ayağına cəkərdi…

-        Bəli, oğlum, vətən də ana kimi, ana da vətən kimi müqəddəs olduğu üçün bir-birinə bənzəyirlər. Elə şeylər var ki, onu insana yalnız ana verə bilər, elə şeylər də var ki, yalnız vətən. Ana sənə həyat, döşündən süd verdiyi kimi, vətən də köksündə, sinəsində yer verir, hava verir, su verir…

Bax, vətən də, ana da buna görə müqəddəsdir, əzizdir. Amma biz onları təmənnasız sevməliyik!..

Fəridə nənə bir qədər hissiyyata qapılmışdı. Amma axşam atası Nazimə hər şeyi daha sadə yolla başa salmağa çalışdı…

“Salam, anacan!” – Fəridə xala bu sözü bir neçə dəfə oxudu. Amma gözlərini yaş tutduğundan ardını oxuya bilmədi. Ardı Nazimin uşaqlıq simasında yenidən gözləri önündə canlandı.

-        Anacan, əsgər olmaq yaxşıdır, milis?

-        Hər ikisi yaxşıdır, oğlum.

-        Bəs, alim?

-        Alim də yaxşıdır.

-        Bəs, atam deyir ki, elə hər üçü əsgərdir?

-        Düzdür, Nazim, vətənə hərəsi bir cür xidmət edir. Alim də öz elmi ilə. O da elm sahəsində vətənin əsgəridir.

-        Yox, ana, mən avtomatlı əsgər olmaq istəyirəm!, – deyə xəyalında canlandırdığı düşmənləri güllələyirmiş kimi oyuncaq avtomatıyla atəş aça-aça qaçıb, dostlarının yanına getdi.

“Mən yaxşıyam, anacan. Amma sənin necə olduğundan, sağmı, xəstəmi, acmı, toxmu olduğundan xəbərim yoxdur”.

- Mən də yaxşıyam, qurban olum, mən də yaxşıyam. Təki, sən yaxşı olasan.

“Məni bağışla, anacan, bu məşum dəqiqələrdə yanında ola bilmədiyim üçün, vaxtında səninlə ilgilənə bilmədiyim üçün, göz yaşlarını silə bilmədiyim üçün…”

- Canım oğlum!., – Fəridə nənənin bu yaşa qədər nəinki ağladığını, hətta nədənsə gileyləndiyini belə görən olmamışdı. Çoxları onu daşürəkli qadın kimi tanıyır, kişi kimi möhkəm iradə sahibi zənn edirdi. Fəridə nənə ən kədərli anlarında belə özünü möhkəm tutar, dəmir iradə göstərərdi. İndi isə oğlunun hər cümləsini oxuduqca, bulaq kimi çağlayan gözlərinin yaşını silir, yalnız bundan sonra oxumağa davam edə bilirdi.

“Hər şeydən xəbərim var, anacan, hər şeydən. Bakının küçələrindəki qırğından, Qarabağda günahsız azərbaycanlıların ermənilər tərəfindən öldürlüməsindən, əhalinin öz yurd-yuvasından didərgin salınmasından, ermənilərin mənim də xidmət etdiyim rus ordusunun köməyi ilə vətənimə soxulmasından, vətəndə baş verən bütün hadisələrdən…”

-        Bilirsən, oğlum, bilirsən. Amma, nədənsə gümanı təkcə sənə gələn bədbəxt ananın yol çəkməkdən saralmış gözlərini hələ də yollardan yığa bilmirsən. Ananın hələ də ürəyi səksəkədə, gözü yolda, qulağı səsdədi. Hər qapı döyüləndə, hər ayaq səsləri eşidiləndə, bəlkə bu gələn sənsən deyə könlü intizardadı!, – hönkürdü. – Buna görəmi oxutdu səni, Nazim?!, – hıçqırıqlarını boğmağa çalışdı. –Buna görəmi əsgər olmaq istəyirdin, oğlum?!, – titrək barmaqlarıyla ağzını qapadı. – Dilin lal olsun, ay qız, dilin lal olsun! – Sanki kimdənsə utanırmış kimi məktubla sifətini örtdü, kimlərinsə onu gözüyaşlı görməsini istəmirmiş kimi gözlərini oğlundan aldığı kağızın arxasında gizlətdi:

-        Mənim əsgər balam, dərdimi çəkər balam!.. – Hıçqırıqları kəsildi. Amma məktubu sifətindən ayırmadı.

“Mən yazı çox sevirəm, amma yaydan da xoşum gəlir. Payız da pis deyil, amma payızı sevmirəm, çünki payızdan sonra qış gəlir. Qışı isə heç sevmirəm, çünki qışda əsgərlərimizin əlləri donur. Üşüdükləri üçün vətəni yaxşı qoruya bilmirlər.” – Bu inşanı Nazim dördüncü sinifdə oxuyanda “Ən çox sevdiyim fəsil” mövzusunda yazmış, amma bu fikirlərinə görə inşadan üç almış, sonra da ağlaya-ağlaya evə gəlib, anasına şikayət eləmişdi. Anası etirazını bildirəndə müəlliməsi Nazimi mövzudan kənara çıxmaqda, bütün inşalarda mövzunu əsgərlə bağlamaqda qınamışdı…

“Buna görə də mən də, digər azərbaycanlı zabitlər də rus ordusunda xidmətdən imtina etmişik, anacan. Bizim Azərbaycana dönməyimizə mane olurlar, amma heç nəyə baxmayaraq dönəcəyik, anacan, mütləq dönəcəyik! Tezliklə hamımız dönəcəyik. Vətəni düşməndən xilas edəcək, torpaqlarımızı azad edəcəyik!”

Göz yaşı axdıqca dərdi azalır, ağladqıca yüngülləşir, rahatlanırdı. Sevinir, fərəh hissi keçirirdi. Oğlunun onu duymasından, dərdini bilməsindən, yanına gəlmək, onu görmək, yarasına məlhəm qoymaq arzusuyla yaşamasından qürurlanırdı. Fəxr edirdi ki, Nazim kimi oğul böyüdüb. Fəxr edirdi ki, oğlu onu darda qoymayacaq.

“Salamat qal, yeganə arzum gəlib səni sağ-salamat, gümrah görməkdir, anacan! Özünü qoru! İnşallah, tezliklə görüşəcəyik. Oğlun Nazim.”

Xəfif, yüngül külək  hiss etdi, ardınca qapı çırpıldı və yalnız indi yadına düşdü ki, poçtalyondan məktubu alandan sonra qapını örtməyi unudub. Qapını bağlamaq üçün ayağa qalxanda, qəfil səbr gətirdi.

-        Sağlam ol – deyə yenidən kresloya çökdü.

-        Sağ ol – ikincini gətirmək məqsədiylə düyünləmiş ovcunu sinəsinə döyməyə başladı. Gətirə bilməyincə, arxalıgının cibindən dəsmalını çıxarıb, üz-gözünü sildi, qalxıb qapını kilidlədi.

Otağa kecəndə hamam otağından su şırıltısı eşitdi. Nazimin uşaqlıq və gənclik illərinin böyüdülmüş şəkillərinin arasında, evin yuxarı başından asılmış divar saatına baxdı. Altı tamamıydı. Fəridə nənə evdə olanda kranı həmişə açıq qoyardı ki, su gələn kimi şırıltısını eşitsin. Qalxıb əvvəlcə qab-qaşığı, paltarları yuyar, sonra özü də yuyunardı. Hamam otağına keçdi. Çox üşüyən olmasına və adətən qaynar suyla yuyunmasına baxmayaraq, soyuq suyu açdı. Tələsmədən soyuq suyun altında yuyunub qüsul verdi. Hamamdan çıxan kimi saçlarını həmişə fenlə qurulayar, sonra qaynar çay içərdi. Bu dəfə saçlarını dəsmalla yüngülcə qurulamaqla kifayətləndi. Çay içmək isə yadına da düşmədi. Qayçını götürüb, ayaq və əl dırnaqlarını tutdu. Yataq otağına keçib, yatağını açdı, ağları dəyişdirdi. Sonra qonaq otağına qayıdıb, ailə albomunu gətirdi və jurnal masasının üstünə qoydu.

- Bu, rəhmətlik atamdır! – kimisə ailə üzvləriylə tanış edirmiş kimi bir-bir  bütün yaxınlarını təqdim etməyə başladı: – Bu isə rəhmətlik anam! – Salavat çevirib,  pıçıltıyla dua oxudu: – Allah ruhlarını şad eləsin. – Allah kəlamını bitirən kimi ucadan səsləndi: – Bu da bədbəxt qardaşım! – Doluxsundu. Böyük qardaşı hələ yeniyetmə ikən dünyasını dəyişmişdi. Sonra isə Gəncədə yaşayan qardaşını və onun ailə üzvlərini təqdim etdi. Növbə qaraşın, nazik bığlı və gülərüz, ortayaşlı bir kişiyə çatanda xəfifcə gülümsəyib,  başını silkələdi. Nazimin şəkilləriylə bərabər divardan asılmış həyat yoldaşının portretinə baxdı. Həmin portret indi əlində tutduğu şəkildən köçürülmüşdü. Nazim hələ tələbə olanda atası dünyasını dəyişmişdi. İldönümünə qədər Nazim onun portretini çəkdirib, divardan asmışdı. Albomu varaq-varaq çevirib, bütün yaxınlarını bir-bir tanıtdı. Vidalaşırmış kimi onlarla bircə-bircə söhbət elədi. Sonra yenə Nazimin məktublarını götürüb, hər birini bir neçə dəfə oxudu. Şəkilləri səliqəylə albomun içinə yığıb, servantın siyirməsinə, məktubları da albomun üstünə qoydu…

Saat artıq on ikini keçmiş, ömrünün bir günü də dünəndə qalmışdı. Nə edəcəyini bilmirmiş kimi otaqda, mətbəxdə bir xeyli dolaşıb, sonra yataq otağına keçdi, çarpayının başında durub, ani olaraq xəyala daldı.

- Gəl, gəl, qız, gəl – deyə giriş qapısına tərəf qayıtdı, – qapını açıq qoysaq, yaxşıdır – kimisə gözləyirmiş kimi qıfılı açdı. Amma qapını açmayıb, eləcə örtülü saxladı, qayıdıb mətbəxə keçdi. Pəncərənin qabağında durub, qaranlıq həyətə baxmağa başladı. Bu xeyli çəkdi…

- Gəlirəm, gəlirəm! – deyə kimsə onu səsləyirmiş kimi qəfil fikirdən ayıldı, alnını soyuq şüşədən aralayıb arxaya çevrildi.

- Gəlirəm, gəlirəm indi! – dönüb bir daha həyətə baxdı. Pərdələri daha geniş aralayıb, eləcə də saxladı.

- Gəlirəm… gəlirəm!.. – gözlərini pəncərədən ayırmadan arxaya bir addım atdı. Pəncərədən sifəti sapsarı saralmış, sanki dərin bir quyudan baxan, əzab və rahatlıq, qorxu və arxayınlıq, həsrət və məhəbbət ifadə edən gözləri düz gözlərinin içinə zillənmiş bir qadın boylanırdı. Ağappaq gecə köynəyi ilə seyrəlmiş dümağ saçları bərq vuran bu qadın onun pəncərədəki əksi idi…

Otağa keçdi. Nə etmək lazım olduğunu yadına salırmış kimi bir xeyli ortalıqdaca vurnuxdu. Servantın gözünü açıb, kiçik aptek qutusunu götürdü və yataq otağına qayıtdı.

“…Bircə arzum gəlib səni sağ-salamat, gümrah görməkdir, anacan”. – Oğlunun yazdığı son sətirləri dodaqaltı pıçıldadı. Əllərini Allahın dərgahına qaldırib: – Mərhəmətini oğlumdan əsirgəmə, ya Rəbbim! Günahlarından keç! Ona oğul kimi özünü göstərməyə rüsxət ver!!!  – deyə yalvardı. Nazimi qarşısında görürmüş kimi irəli bir addım atıb dayandı. Güclə eşidiləcək səslə: – Məni bağışla, oğlum! – pıçıldadı: – Bağışla ki, arzunu yerinə yetirə bilməyəcəyəm. – Gözlərini yumub, əllərini sinəsinə sıxdı: – Bağışla ki, qıvrım, şəvə kimi qapqara saçlarını bir daha tumarlaya, məsum gözlərini bir daha öpə bilməyəcəm, mənim körpə əsgərim!..

Ustufca qalxıb, qibləyə tərəf qoyulmuş yatağının içində oturdu:

- Rəhmət qapısını üzümə aç, Ya Rəbbim! – əllərini qaldırıb, yenidən dua etdi. Axtarıb dolabın üstünə qoyduğu aptek qutusunun içindən tənzif bükməsini tapdı, ayaqlarını yaxınlaşdırıb, baş barmaqlarını möhkəm-möhkəm bir-birinə bağladı. Kürəklərini üzünü indicə dəyişdirdiyi yupyumşaq döşəyə qoydu. Gözlərini qapayan kimi kiprikləri arasından bir damla yaş süzülüb, gicgahlarından üzü aşağı diyirləndi, ağappaq balınca düşüb getdikcə böyüdü… – “Biz rus ordusunda xidmətdən imtina etmişik, anacan. Amma bizim Azərbaycana dönməyimizə mane olurlar. Heç nəyə baxmayaraq dönəcəyik, anacan, mütləq dönəcəyik. Tezliklə hamımız dönəcəyik. Vətəni düşməndən xilas edəcək, torpaqlarımızı azad edəcəyik…” – güclə eşidilə biləcək səslə pıçıldadı. Dərindən köks ötürdü. Oğlunun sözlərinə cavab verirmiş kimi: – Üstümü ört, oğlum! – deyə xırıldayıb, yorğanı başına çəkdi. Yorğan üstündən sürüşməsin deyə əllərini örtüyün altında ehmalca aşağı sürüşdürdü. Titrək bir səs otaqda xəfif bir musiqi kimi əks-səda verdi:

- Əşhədü ənla ilahə illəllah! Əşhədü ənnə Mühəmmədən Rəsulullah! Əşhədü ənnə Əmir əl mümininə Əliyyən vəliyyullah!..

 

 

 

***

     Bakıya az-az təsadüf olunan quşbaşı qar yağır, amma yerə düşən kimi də əriyirdi. Təkcə səkilərdə adda-budda qar görünürdü. Tahirə ağır çantalarını qoya-götürə, sürüşməmək üçün ehtiyatla Fəridə nənəgilin həyətinə tələsirdi…

…Nəfəsini dərmədən bankaları çıxarıb, bir-bir səkinin qırağına düzdü. Əlini alnına qoyub, üzü yuxarı, beşmərtəbəli binanın balkonlarına boylandı. Heç kəs gözə dəymirdi. Deyəsən, bugünkü qar məhəllə sakinlərinin yuxusuna da yağmışdı. Gözləməyi qərara aldı. Onsuz da hamı artıq onun gəldiyini bilirdi. İndicə bir-bir düşüb, dünən götürdükləri bankaları qaytaracaq, yenisini götürüb,  mənzillərinə tələsəcəkdilər. Amma Tahirə pəncərədə hamıdan çox Fəridə nənənin görünməsini gözləyirdi. O bu gün heç nə almayacaqdı. Amma pəncərədə mütləq görünməliydi. Sonuncu müştərini yola salandan sonra – “yəqin evdə yoxdur” – deyə ürəyindən keçirdi. Boş bankaları çantasına yığıb, artıq xeyli yüngülləşmiş yükünü götürdü, avtobus dayanacağına tərəf yeridi. Amma bir neçə addım atıb dayandı. Yoxluğuna əmin olmaq məqsədiylə qanrılıb, Fəridə nənəgilin pəncərələrinə bir də boylandı. Arvad ordaydı, ağ gecə köynəyində, başıaçıq pəncərədə dayanıb, Tahirəyə baxırdı. Çantaları yerə qoyub, Fəridə nənəyə sarı çevrildi. O, boynu azca bükük, qolları qoynunda eləcə durmuşdu. Tahirə təəccüb etdi. Onun dinib-danışmadığına, pəncərəni açıb, kimisə acılamadığına inana bilmədi. Sanki bunu Fəridə nənə də hiss etdi. Sağ əlini ehmalca yuxarı qaldırdı, köynəyinin qolu sürüşüb dirsəyinə düşdü. Əlini xəfifcə havada yellədi. Tahirəyə elə gəldi ki,  Fəridə nənə onu yuxarı çağırır. Çantalarını həyətdəcə qoyub, rəfiqəsinin mənzilinə tələsdi…

 

***

 

Hava təzəcə işıqlaşırdı. Hərbi səhra formasında olan bir əsgər pillələri iki-bir, üç-bir qalxıb, Fəridə nənəgilin qapısında dayandı. Gözləri sevincdən yaşarmış əsgər əlini tələsik zəngin düyməsinə basdı, amma qapını açan olmadı. Əsgər Fəridə nənənin hələ yataqda olduğunu zənn edib, qonşuları narahat edəcəyini belə düşünmədən qapını döyməyə başladı. İçəridən nə bir səs, nə də soraq gəlirdi. Çiynində çanta peşman-peşman həyətə düşdü. Səkinin qırağında durub, dördüncü mərtəbədəki pəncərəyə boylandı. Pəncərənin şüşələri qapqaraydı, elə bil arxa tərəfdən qara pərdə asmışdılar. Günəş çıxan kimi adətən ən əvvəl həmin pəncərədə əks olunardı. Günəşin çıxmasına isə hələ vardı…

… – Nə şəkli çəkirsən, Annam?

- Bu şəklin adını “Fəridə nənəgilin pəncərələri” qoymuşam. – Qızcığaz cəkdiyi ev şəklini atasına uzatdı.

- Axı, sən heç Fəridə nənənin evini görməmisən, qızım! – deyə təəccüblə uşağın cəkdiyi şəklə baxdı.

- Görmüşəm, ata – qız başını yırğalayaraq sifətinə dağılmış saçlarını kənar elədi. Gördüklərini bir daha xatırlayırmış kimi gözlərini qıyıb, nəzərlərini məchul nöqtədə cəmlədi: – Mən onu yatanda görmüşəm.  –“ Görmüşəm” sözünü uzadaraq elə dedi ki, sanki o pəncərələr indi də gözlərinin qabağındaydı.

Ata susdu. Kişi gah heyrətlə gah qızının hərəkətlərini izləyir, gah da onun çəkdiyi şəklə baxırdı. Uşağın çəkdiyi şəkil eynən onların Bakıdakı evlərinin əksiydi. Qız yol çəkən nəzərlərini yığışdırıb, məsum baxışlarını atasının gözlərində cəmlədi:

-        Sən mənə demədin, axı, atacan! – atasının dizlərinin üstünə cıxıb, çəkdiyi şəklə boylandı  – oxşayır?

-        Oxşayır, qızım, çox oxşayır! – uşağı ehmalca dizlərinin üstündən endirdi. – Amma bu dəmir бarmaqlıqlar artıqdır. – Barmağını ev şəklinin fonunda geniş planda verilmiş pəncərələrin üstündə gəzdirdi. Sanki öz doğma evini görürmüş kimi xəyala daldı.

- Bəs, bu kimdir, qızım? – əli qoynunda, pəncərədən ona incikcəsinə boylanan ağ paltarlı qadını göstərdi.

-        Kim, ata, burada hec kim yoxdur  – uşaq təəccüb etdi. O şəkildə ev və pəncərədən başqa heç nəyi təsvir etməmişdi.

Nəzərlərini şəkildən ayırıb, heyrətlə qızının üzünə baxdı… İndi həyətdə durub, dördüncü mərtəbədəki mənzillərinin pəncərələrinə baxdığı kimi… Dümağ gecə paltarında olan anası pəncərənin arxasında dayanıb, yol cəkən, incik gözlərini ona dikmişdi… Bu, həmin qadınıydı. Qızının “Fəridə nənəgilin pəncərələri” adlandırdığı şəkildən boylanan qadın…

 

10.01. – 21.01.2005

 

 

 

 

Yazıya 608 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.