Akif Abbasov – BU ÇƏR DƏYMİŞ HİNDUŞKALAR

                             akif abbasov (hekayə)

             Şura hökumətinin can verən illəri idi. Ərzaq çatışmazlığı vardı. Şəhərlərdə, rayon mərkəzlərində insanlar yağ, ət, toyuq, yumurta və daha nələr tapmaq üçün özlərini ora-bura vurur, mağazaların ağzını kəsdirirdilər. Növbə baş alıb gedirdi, saatlarla dayanırdlar. Talonla verilən ət, yağ ailələri görmürdü.

Şəhərlə, rayon mərkəzləri ilə müqayisədə kəndlərin vəziyyəti nisbətən ala-babat idi. Kənd camaatı mal-qara yemində, istilik sarıdan əziyyət çəksə də, qapılarında on beş-iyirmi qoyun-keçi, inək, camış, qazdan, hinduşkadan, toyuqdan var idi.

Kənd özünün adi günlərini yaşayırdı. Fatmanisə arvad çoxlu hinduşka saxlayırdı. Evin ruzisi idi bu hinduşkalar. Hərəsi neçə kilo gəlirdi. Amma son günlər arvadın qanı bərk qara idi. Lap məətəəl qalmışdı. Nə dəyişmişdi axı? Əvvəllər bu çər dəymiş hinduşlar həyətdən çıxıb çay qırağına yollanır, tapdığından yeyir, qayıdıb hinlərinə giririrdilər. Amma son günlər bir-bir yoxa çıxırdılar. Çayın o tərəfi meşəlik idi. Fatmanisə arvad meşəliyə doğru boylanır: “Yəni hunduşkaları tülkü daşıyıb aparır? İnanılması deyil. Hələ indiyə qədər belə şey olmayıb. Tülkü aparırsa, niyə hər gün birini? Bu, əliəyrilərdən kiminsə işidir. Aclıq kimi isə oğurluğa vadar edib ”

Fatmanisə arvadın soraqlaşmadığı yer qalmamışdı. Hinduşkaları gördüm deyən yoxuydu. Arvadını halı pərişan görən Murad kişi dedi:

-Özünü həlak eləmə. Kiminsə zavalına gəlir. Gec-tez oğru tapılacaq.

Fatmanisə arvad yanını yerə qoyub:

-A kişi, necə yəni özünü həlak eləmə?! – deyə soruşdu. -Gör neçə hinduşkamız yoxa çıxıb! Bu, bir ətək pul deməkdir.

Murad kişi:

-İndi deyirsən özümüzü öldürək? Sən belə elə, onları həyət-bacadan çölə buraxma. Çər dəymişlər qoy qarınlarını elə buradaca doydursunlar. Qorxma, qırılmazlar. Dən verərik, ot biçib gətirərəm.

Murad kişi sözünü bitirib evdən çıxdı. Çayxanaya gedirdi ki, qardaşı oğlu Əlisahibə rast gəldi. Əlisahib:

-Əmi gözümə bikef dəyirsən, – dedi.

Murad kişi:

-Heç, – deyə cavab verdi.

Əlisahib üz vurdu:

-Yenə də olsun.

Murad kişi odlandı:

-A kişi, hansı əclafdırsa dadanıb bizim hinduşkalara. Gündə birini çırpışdırır. Axırda arvada tapşırdım ki, hinduşkaları həyət dustağı eləsin.

Əlisahib şaqqanaq çəkdi. Murad tərs-tərs ona baxdı:

-Əminə kömək etməkdən, hunduşka oğurlarını tapmaqdansa, mənə gülürsən? Məni ələ salırsan?

Əlisahib tez özünü yığışdırdı:

-Ay tövbə, əmican. Bu nə sözdür?

-Bə nə?

Əlisahib dedi:

-Oğrunun kim olduğunu bilirəm.

Murad tez:

-Kimdir, ay Əlisahib, – deyə xəbər aldı.

Əlisahib soruşdu:

-Əmi, desəm acığın tutmaz ki?

Murad kişi:

-Sən ol, yox, – dedi.

Əlisahib əmin olmaq istədi:

-Yəni vurub öldürməzsən ki, ya da qıçını qırmazsan ki?

Murad kişi söz verdi:

-Ə, mən adam öldürənəm?

Murad əzilib-büzülərək, bir növ üzrxahlıq edərək:

-Əmi, hinduşkalar mənim zavalıma gəlib, – dedi. -Meşədə dostlarımla kabab çəkib yemişik.

Bu dəfə Murad kişini gülmək tutdu:

-De sən öl.

Əlisahib inanmadı ki, əmisi onun sözlərini vecinə almayıb. Odur ki, çəkinə-çəkinə dedi:

-         Özüm ölüm, əmi.

Əlisahib əhli kef adam idi. Dünya vecinə deyildi. Qıtlığın hökm sürdüyü bu günlərdə də kefindən qalmışdı. Murad qardaşı oğluna nə deyəcəkdi? Əlini onun çiyninə qoyub:

-Lap yaxşı eləmisən, qardaş oğlu, – dedi. -Elə bildin hinduşkadan ötrü sənin xətrinə dəyəcəm? Narahat olma. Mən də boş dayanmamışam. Hinduşkanın acığını qonşu Bünyaminin qaz və ördəklərindən çıxmışam. Mən də hər gün onun qazının, ya da ördəyinin başını üzmüş, dostlarımla yemişəm.

Bakı şəhəri, 27 fevral 2012-ci il

 

Yazıya 365 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.