AKİF ABBASOV – ZİRSATAN

AKİF ŞƏKİL İYUN 2014(hekayə)

Fatma arvad oğlanlarını evləndirmiş, qızlarını köçürmüşdü. Kişinin başını da çoxdan yemişdi. Oğullu, qızlı, imkanlı olsa da, bu qoca yaşında özünü tənha hiss edir, gəzib-dolanır, amma özünə yer tapmırdı. Ev işlərini gəlinlər görürdülər. Ailənin güzəranı yaxşı idi. Övladları qazanıb gətirirdilər. Amma Fatma arvad darıxırdı. Bekarçılıq onu sıxır, rahatlığını əlindən alırdı.

Amma belə baxanda Fatma arvad da Fatma arvad idi. Bacarıqsız deyildi. Cavanlığında qızlar nədir, oğlanlar belə onunla bacarmazdılar. Qurşaq tutub güləşdiyi oğlanların kürəyini yerə qoyduğu günlər çox olmuşdu.

Xeyli fikirləşib axırda başını qatmaq üçün özünə iş tapdı. Həyətin küçəyə baxan tərəfindən bir qapı açdırdı. Şəhərə gedib gündəlik işlənən məişət avadanlıqları, siqaret, alışqan, bunlara bənzər bir xeyli şey alıb gətirdi. Çöldə bir stol qoydu, başladı alış-verişə. Onun bu işi imkanlı oğlanlarının xoşuna gəlməsə də, Fatma arvadın üstünə getmədilər. Bildilər ki, onsuz da xeyri yoxdur.

Kənddə bir zir satan kişi də dolaşırdı. Hansısa kənddən, ya da şəhərdən gəlmişdi, zir satmaqla başını girələyirdi. Naxçıvanlılar nəlbəkiyə zir deyirdilər. Biz də zir deyək.

Həmin kişi gəzib-dolanır, yorulub əldən düşəndə gəlib Fatma arvadın yanındakı daşın üstündə oturub dincini alırdı. Fatma arvadla söhbətləri tuturdu. Dağı Arana, Aranı dağa aparırdılar. Hey danışırdılar. Fatma arvad insafa gələndə ona çay da süzürdi.

Zirsatanın anaları ilə mırt vurmağı Novruzun da, İbadla Qubadın da xoşuna gəlmirdi. Amma Fatma arvada söz demək olardı?

Zirsatanın da, Fatma arvadın da hayı gedib vayı qalmışdı. Heç kim heç nə düşünə bilməzdi. Bu iki yaşlı adamın sadəcə söhbətləri tuturdu, söhbətləşməklə vaxtlarını keçirirdilər. Sonra zirsatan durub öz kəndinə yola düşür, Fatma arvad da şey-şüyləri yığaraq gətirib əl damına qoyur, səhər tezdən yenə onları satışa çıxarırdı.

Günlərin birində Fatma arvadın nəvəsi altı yaşlı Gülzar atasına yaxınlaşaraq:

-Ata, sənə bir tapmaca demək istəyirəm, görüm tapa biləcəksən? Olar?

Novruz qızının başını sığallayaraq dilləndi:

-Olar, qızım, niyə də olmur. De, çalışaram açmasını deyim. Tapa bilməsəm, sən özün deyərsən nədir.

Gülzar sözə başladı:

-Hə, ata. Bax, belə bir tapmaca:

Bizdə bir kişi var,

Nənəmlə işi var.

Novruzu gülmək tutdu. Tez dedi:

-Açması: Zirsatan.

Bu dəfə Gülzarı gülmək tutdu. Tez nənəsinin yanına qaçdı:

-Nənə, nənə, ay nənə?

Nəvəsini görən nənənin üzü güldü:

-Nədir, mənim ağıllı balam?

Gülzar dilləndi:

-Sənə bir tapmaca demək istəyirəm. Görüm tapa bilərsən.

Fatma arvad onu qucaqladı:

-De, başına dönüm.

Gülzar başladı:

Bizdə bir kişi var,

Nənəmlə işi var.

-Qızım, bunun açmasını kim bilmir ki: kəfkirdir.

Gülzar başını buladı:

-Yox, nənəcan, tapmadın.

Fatma arvad təəccüblə ona baxdı:

-Bunun həmişə açması belə olub. Başqa açması da var?

Gülzar başı ilə təsdiq etdi:

-Var, nənəcan.

-Nədir, de mən də bilim.

Gülzar aydınlaşdırdı:

-Bu tapmacanın açması: zirsatandır.

Fatma arvad yerindən dik atıldı:

-Bunu sənə kim deyib?

-Atam.

Fatma arvad yun çubuğunu götürüb Novruzun üstünə getdi:

-Ay vələdüzna, o nədir qızına demisən?

Bizdə bir kişi var,

Nənəmlə işi var.

Məgər sən bilmirsən ki, bunun açması: kəfkirdir? Məni dolamaq üçün qızına elə demisən? Mənə sataşırsan? Sənin adın Novruzdur. Novruz bayramında doğulduğun üçün atanla sənə bu adı vermişik. Camaat Novruz bayramında tonqalın üstündən tullananda mən səni doğurdum. Budur sənin sağ olun???

Fatma arvad yun çubuğunu başı üzərinə qaldırdı. Onun xasiyyətini bildiyindən Novruz götürüldü.

Bakı şəhəri, 09 mart 2021-ci il

 

    Yazıya (77) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.