Zərif varlıqların “İşıq” yolu – Kəmalə Həsənova yazır…

IMG_3889 (1)Qadın kimdir? Qadın incə, zərif, amma mənəvi cəhətdən güclü olan bir varlıqdır. Qadın bir ana, bir bacı, bir övladdır… Həyatı öz gülüşü, sevgisi və  qayğıkeşliyi ilə rəngləndirib gözəlləşdirir. Eynilə gül bağçasında açan güllər kimi… O bağçanı digərlərindən fərqləndirən, ona o adı verən gül kollarının üzərindəki çiçəklərdir. Əgər bu çiçəklər olmasa, onun gözəlliyi və insanı məst edən ətri olmasa, nə o gül kollarının, nə də o bağçanın bir mənası olar. Düzdür, qadın incədir, zərifdir, kövrəkdir, ancaq zəif deyildir. Bunu tarixə nəzər saldığımız zaman dəfələrlə müşahidə etmişik. Xüsusən də, Cümhuriyyət dövründə yaşayıb və bir çox insana örnək olan qadınların nümunəsində…

Rusiya İmperiyasının süqutundan sonra azadlıq mübarizəsinin güclənməsi nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti yaranıb. Bu dövr Azərbaycanın tarixinə çətin və mübarizə dövrü kimi iz qoyub. Bildiyimiz kimi, həmin dövrdə mətbuat sahəsində işləmək təkcə qadın üçün deyil, həm də kişilər üçün də çox çətin olub. Hələ də bir mətbu əsəri olaraq öz fikir və ideyası ilə bir çox insanın diqqətini çəkmək daha çətin idi və bunu  hər bir qəzet və jurnal bacara bilməyib. Ancaq “İşıq” qəzeti buna nəinki nail olmağı, həm də indiki dövrdə də özü haqqında müsbət fikirləri saxlamağı bacarıb.

Bu qəzetin əsas ideyası və məqsədi qadınların maarifləndirilməsi və daxilindəki gücü hiss edib, zərif olsalarda zəif olmadıqlarını göstərmək idi. Məncə, bunu məqsəd olaraq seçmək heç də absurd deyildi. Çünki biz insanlar qadınları diqqətlə müşahidə etsək, onların təkcə incə və zərif olduğunu deyil, həm də daxilindəki gücü də görərik. Real həyatda qadınlarımız minbir əziyyətin, əzabın içində öz ailəsinin qayğısına qalmaq, övladlarını böyütmək üçün bir çox çətinliyə dözmürlərmi? Ancaq bəzən bir çox kişi bunu görməz, bəzən də qadınlarımız isə öz daxilindəki bu gücü hiss etməz. Amma “İşıq” qəzetinin işçi heyəti bu gücü görmək istəməyən və unudanlara göstərib, xatırladıb.

Qadınlarımızın cəmiyyətdə yer tutmasında ən böyük rol valideynlərin üzərinə düşür. Bunu “İşıq” qəzetinin qurucusu Xədicə xanım Əliyevanın timsalında görə bilərik. Onun atası Ələddin Sübhanquliyev Tiflisin sayılıb-seçilən ziyalarından biri olub, Qafqazın ruhani idarəsinin üzvü kimi fəaliyyət göstərib. Qadın üçün oxumağın əhəmiyyətini başa düşən Ələddin bəy qızını Tiflis qız gimnaziyasında təhsil almasına şərait yaradıb. Xədicə xanım gimnaziyadakı təhsilini bitirdikdən sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstituna daxil olub və 1907-ci ildə  İnstitutu dərəcəli mama-ginekoloq ixtisasına yiyələnərək bitirib.

Xəticə xanım İnstitu bitirdikdən sonra hüquqşünas, ictimai xadim və publist olan Mustafa bəy Əlibəyovla ailə həyatı qurub.  Evlilik həyatı Xəticə xanımın ictimai fəaliyyətinə kölgə salmayıb, əksinə yoldaşının dəstəyi ilə daha da fəal iştirak etməyə başlayıb. Xəticə xanım Bakı Müsəlman Qadın Xeyriyyə cəmiyyətin üzvü olaraq fəaliyyət göstərdiyi zaman bir şeyi dərindən başa düşdü ki, qadınları yatmış olduğu qəflət yuxusundan oyatmaq lazımdır. Çünki o dövrdə qadınlarımız cinsi ayrıseçkilik səbəbindən təhsildən uzaqda saxlanılır, öz hüquqlarını bilməyinə icazə verilmirdi. İllərlə bu şəraitdə yaşayan qadınlar elm, təhsil, ictimai alanda öz sözlərini demək yerinə təkcə ailənin qayğısına qalıblar. Ancaq Xədicə xanım həm yaxşı həyat yoldaşı, həm yaxşı ana, həm də elm və ictimai sahədə öz sözünü deməyi  bacaran qadın olmağın mümkünlüyünü izah etmək üçün yoldaşı Mustafa bəylə birlikdə qadın qəzeti açmağı qərar aldılar. Çünki onlar yaxşı bilirdilər ki, istənilən azərbaycanlı qadın öz ayaqları üzərində dayanmağı bacaracaq. Çünki bizim kişilərin qolunda axan qan necə ki, Qaçaq Nəbi, Koroğlu kimi igidlərimizlə eynidirsə, qadınlarımızın qolunda axan qan isə Həcərin, Nigarın qolunda axan qanla eynidir.

Xədicə xanım və Mustafa bəyin səyi nətincəsində 1911-ci il yanvarın 22-də Bakıda “İşıq” adlı qəzet işıq üzü görüb. Bu qəzetin baş redaktoru Xədicə xanım, naşiri isə Mustafa bəy olub. Qəzet 8-12 səhifə həcmində, həm rus, həm də azərbaycan dilində məqalələr dərc olunmaqla, həftədə bir dəfə nəşr olunub. Bu qəzetin ilk dərci ilə bağlı Kaspi qəzetində yazılıb, – “Dünən Bakıda  Xədicə xanım Əlibəyovanın redaktorluğu ilə həftədə bir dəfə çıxan “ İşıq” qəzetinin ilk nömrəsi tatar dilində çapdan çıxmışdır. Qəzet müsəlman qadın uşaqların tərbiyəsinə xidmət edən bir orqandır.”.

“İşıq” qəzetinin çıxması təkcə Azərbaycanda deyil, həm də Qafqazda da böyük marağa səbəb olub. “Kavkazskaya kopeyka” qəzeti bu haqda yazıb: “22 yanvar 1911-ci ildə yeni müsəlman qadın qəzetinin –“İşıq” ın ilk nömrəsi çıxdı. Qəzet qadın məsələlərinə həsr olunur( “Kavkazskaya kopeyka”, №18, seh:3).

Qəzetin üz səyifəsində adına uyğun yerləşdirilən şəkildə bir qadın uşağının əlindən tutaraq ətrafa nur saçan günəşi göstərdiyi təsvir edilib.  İlk nömrədə qəzetin yaradılma məqsədi haqqında qeyd edən Xədicə xanım bildirib: “ Qəzetin qarşısında duran əsas məqsəd vacib olan maarifləndirmə yolu ilə ümumi inkişafa çatmaqdır. Qəzetin elm, ədəbiyyat, təbabət və hüquqa dair, başlıcası – evdarlıq və uşaqların tərbiyəsi şöbələri olacaqdır. Bundan başqa, qəzet bütün həyati məsələlərə öz münasibətini bildirəcəkdir”( “İşıq”, №1, səh:1).

Qadınları maarifləndirməyi özünə hədəf qoymuş “İşıq” qəzeti bir çox ziyalını  – M.Hadi, Y.Çəmənzəmənli, B.Şaxtaxtinski, İ.Məlikov və başqalarını öz ətrafına toplayıb.  B.Şaxtaxtinski bu qəzetlə bağlı fikirlərinin “Yeri gəlmişkən” adlı məktubunda əks etdirərək yazıb: “ Yalnız tərbiyəli, savadlı və bizi əhatə edən həyatı gözəl tanıyan ana övladına yaxşı tərbiyə verib, onun həyatını yaxşı təmin edə bilər… Bu həyat qanunu elə onların vasitəsilə müsəlmanlara maarif arasında bir körpü qurdu”(İşıq”, № 7, 1911). Şaxtaxtinskinin fikirlərində gördüyümüz kimi qadının maariflənməsi Azərbaycanın gələcəyi olan övladlarımızın maariflənməsi deməkdir. Ona görə də, qadınlar elm və ictimai sahədə fəal olmalıdır. Elə bu fikirlər də “İşıq” qəzetin əsas ideyasıdır.

“İşıq” qəzetinin əhəmiyyəti haqqında öz elmi işində məlumat verən tədqiqatçı L.Əliyeva bu qəzetin 68 nömrəsinin işıq üzü gördüyünü və fonda isə 1911-ci ildə çıxan 34 nömrəsi, 1912-ci ildə isə çıxan 13 nömrəsinin saxlanıldığını qeyd edib. Həm də elmi işində müsəlman qadınları üçün vacib olan bu mətbu orqanın bağlanma təhlükəsi ilə üz-üzə qaldığı zaman bunun qarşısını almaq məqsədilə Xədicə xanımın qəzetin komplekt halını Rusiya imperatoru II Nikolayın xanımı imperatriça Aleksandra Fyodorovnaya hədiyə göndərməsini də əlavə edib.

İlk qadın mətbuat orqanı olan “İşıq” qəzeti cəmi iki il – 1911-ci il yanvarından 1912-ci il dekabrına qədər fəaliyyətdə olsa da, o  nəinki XX əsrin əvvəllərində Azərbaycan qadınlarının gözlərinə işıq, zəkalarına nur olub, o həm də Azərbaycan mətbuatı tarixində qadın mətbuatının bünövrəsini, ənənəsini yaradıb, qadın problemlərinin mətbuatda həllinin zəmini olub.

 

 

 

    Yazıya (374) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.