Akif Abbasov – ARILAR NİYƏ GƏLİB ÇIXMADI?

                AKİF ŞƏKİL İYUN 2014 (hekayə)

Taleh kişi arı saxlayırdı. Arıçılıqla məşğul olmaq sizə asan gəlməsin. Çox zəhmət tələb edir. Tək adamın işi deyil. Evdəkilər də ona kömək edirdilər.

Hər işin bir çətinliyi olsa da, bir çəmi var. Çəmini tapmaq lazımdır. Arı saxlamaq çox maraqlı işdir. Hələ bal süzən vaxtı lap qiyamət olur. Ağır zəhmətin bəhrəsini görəndə bütün ağrı-acın yadından çıxır.

Təmiz, saf bal adı çəkiləndə deyirdilər Taleh kişini gör.

Taleh kişi hər il arıları da, ailəsini də götürüb  yollanırdı Qaxın İlusu kəndinə. Oralar cənnət idi. Payız gələndə dönürdülər geri. Evdəki uşaqlar da arılara qulluq göstərdiklərindən, balın süzülməsində iştirak etdiklərindən xalis balı qondarmasından ayıra bilirdilər.

O zamandan illər keçib, amma indinin özündə də balı iyindən tanıyırlar.

Yaxşı növ arılar yetişdirsin deyə   Taleh kişi sifariş verib Rusiyadan ana arı gətirdirdi. O arılardan buralarda yox idi. İki ana arının Rusiyadan buraya gətirilməsi üçün həm vaxt,  həm də yaxşı pul lazım idi. İki ana arının sayəsində Taleh kişinin arıları düzü-dünyanı tutdu: arılar  əvvəlcə bir yeşik, sonra üç-dörd yeşik oldu. Yaxşı da məhsul verirdi.

Bir müddət keçdi.  Balın, gəlirinin artdığını görən Taleh kişi yenə iki ana arı sifariş verdi. Arı Rusiyadan poçtla bağlama şəklində gəlirdi. Kibrit qutusuna oxşar balaca qəfəsin içinə iki  ana arı qoyulurdu. On günlük yemi də yanında. Hər şey nəzarətdə idi. Hesablayırdılar, ana arılar mənzil başına neçə günə çatacaq? Günlərə görə yem qoyulurdu.

 

Əlqərəz. Günlər ötürdü. Taleh kişi səbirsizliklə gözləyir, ana arılardan isə  xəbər-ətər yox idi. Artıq xeyli keçmişdi. Taleh kişi Rusiyaya teleqram vurdu. Xəbər gəldi ki, bəs on beş gündür ana arılar yola salınıb.

Söyüdlü kəndinin Qənbər adında bir əhlikef poctalyonu vardı. Taleh kişi barmağını dişlədi: “Arılar Qənbərin zavalına gəlib”.  Belə düşünüb,  tez özünü poçta çatdırdı.

Sən demə, doğrudan da arılar on beş gün əvvəl balaca bağlamada yola salınıbmış. Bağlamanın içərisində nə olduğunu bilməyən Qənbər onu bir kənara atıbmış ki, qəzet-jurnallarla bir yerdə sahibinə çatdırar: “Qaça-qaçdır məgər?    Qab-qacaq deyil ki, sına. Ərzaq deyil ki, iyiyə, qoxuya. Balaca bir qutudur da”.

Nə isə, Taleh kişi Qənbərin başının üstünü kəsdirdi:

-Hanı?

Qənbər key-key onun üzünə baxdı:

-Nə hanı?

Qaçaraq gəldiyindən Taleh kişi qan-tər içində idi. Boyun-boğazının tərini silib:

-Mənim arılarım? – dedi. –Hanı?

Qənbəri gülmək tutdu:

-Taleh dayı, sənin arıların, çöldə, düzdə, çəmənlikdə, gül-çiçəyin içində. Ağlı başında olan arının bu mal tövləsinə oxşar poçtda nə azarı? Yoxsa sənin başına hava gəlib?

-Başıma hava gəlməyib. Rusiyadan arı gəlib, poçtla gəlib.

Qənbər bu dəfə Taleh kişiyə  çox təəccüblə baxdı: “Yazıq kişi. Havalanıb”

Taleh kişi Qənbərin yaxasından yapışıb:

-Mənim ana arılarım haradadır?- deyə qışqırdı.

Adamlar səs-küy eşidib gəldilər. Qənbər birtəhər yaxasını onun əlindən qoparıb üzünü toplaşan insanlara tutdu:

-Bu kişinin cini tutub, vurub məni öldürəcək. Aparın onu buradan.

Birdən Taleh kişinin gözü pəncərənin artırmasına sataşdı. Qutunu tanıdı. Tez gedib onu götürdü:

-Burda olmalıdır ana arılar.

Qənbər onu göstərərək yavaşca camaata:

-Görürsünüz? Mən deyəndir. Başı xarab olub.

Bağlamanı açan Taleh kişi bağırdı:

-Ay əclaf, bu bağlamanı atmısan bir kənara, vaxtında gətirib mənə çatdırmamısan. Ana arılar acından ölüblər.

Qənbər də, camaat da yalnız indi vəziyyəti başa düşdülər və Taleh kişiyə acıdılar.

 

 

 

Yazıya 211 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.