Akif ABBASOV – NƏCƏFQULUNUN TOYU

AKİF ŞƏKİL İYUN 2014 (hekayə)

Söyüdlü kəndində bir oğlan vardı. Adı da Nəcəfquluydu. Hündürboylu, şaqqalı bir gənc idi.  Qolu zorlu, amma son dərəcə sadəlövh idi.

Bu fani dünyada hərənin bir hobbisi olur, bəyənib bənd olduğu bir şeylə tanınır.

Kimisi cins it, kimisi cins pişik, kimisi də göyərçin saxlayır. Bu  Nəcəfqulunun da mehr saxladığı bir eşşəyi vardı. Bu eşşəkdən ötrü ürəyi gedirdi. Hətta kənddə zarafatla deyərdilər: Nəcəfqulu bu eşşəyi öz dədəsindən də çox istəyir. Bir də Nəcəfqulu başına haranın daşını salaydı? Kasıb ailənin övladı idi, velosiped, at, motosklet, maşın almağa pulu, parası yox idi. Ailənin bir eşşəyi vardı, onu da Nəcəfqulu özəlləşdirmişdi. Ən azından ayağını yerdən götürürdü.

Aylar, illər dolanıb gəldi, Nəcəfqulu həddi-büluğa çatdı, bığ yeri də tərlədi. Anası axtarıb buna bir qız tapdı. Qızı Nəcəfquluya göstərdi. Nəcəfqulu onu bəyəndi. Bir könüldən vuruldu qıza. Başladı ata-anasını tələsdirməyə ki, onun toyunu tez eləsinlər.

Toy günü təyin olundu, qohum-əqrəbaya, kənd camaatına dəvətnamə paylandı. Sevindiyindən az qala qanad açıb uçan Nəcəfqulu geyinib bəzəndi. Bəy hamamına getdi. Gəlib toyxananın baş hissəsində qoyulmuş stolun arxasına keçdi. Sağdışla  soldış hərəsi onun bir tərəfində yer tutdular.

Toyun qızğın vaxtı idi. Nağaraçalanla qarmonçu toyxananı dağıdırdılar. Musiqinin səsi qonşu kəndlərə də gedib çıxırdı. Həzrətqulu, Məmmədqulu, Əhmədqulu ortadan çıxmaq bilmirdilər. Sifarişi sifariş ardınca verir, hey oynayırdılar.

Nəcəfqulu baxıb sevinir, əl çalırdı. Birdən onun kefinə soğan doğradılar. Kim isə xəbər gətirdi ki, bəs Nəcəfqulunun eşşəyi itib. Nəcəfqulu rəqs edənlərə qoşulmaq istəyirdi. Hətta yerindən durmuşdu. Amma heç hənanın yeri idi? Nə oynamaq, nə rəqs? Onun sevimli eşşəyi itmişdi.  Bəlkə kiminsə zavalına gəlib? Bəlkə də meşədə ayı parçalayıb onu?! Nəcəfqulunun gözünə toy görünərdi? Eşşək tapılmayınca o sakitləşə  bilməzdi. Odur ki, dabanına tüpürüb toyxanadan çıxdı. Atasının: “Nəcəfqulu, Nəcəfqulu, ağıllı ol! Eşşək iynə deyil ki, itə tapılmaya! Çor dəymiş görəsən haralardırsa… Gəlib çıxar!” – sözlərinə məhəl qoymadı.

Toy gecə yarısına kimi davam etdi. Amma  Nəcəfqulu gəlib çıxmadı.

Nəcəfqulunun atasının qanı bərk qaralmışdı. Hədsiz dilxor idi. Oğlunun   dostlarını onun ardınca yolladı. Gecə keçdi, dan yeri sökülürdü. Artıq günəşin şüaları adamı yandırmağa başlamışdı. Nə Nəcəfquludan, nə də eşşəkdən xəbər-ətər yox idi. Axtarış  davam etməkdəydi. Axırda gedib Nəcəfqulunu yaxın kəndlərin birində tapırlar. Xoşbəxtlikdən sağ-salamat idi.

Məlum oldu ki, fikri-zikri eşşəyin yanında olduğundan nə toy, nə də gəlin yadına düşüb.  Bütün gecəni eşşəyi soraqlaşıb, yorulub  əldən düşüb. Amma    inadından əl götürməyib. Axırda zəhməti hədərə getməyib. Bir nəfərin samanlığından eşşəyini tapıb. “Bir az uzanım, özümə gəlim, durub gedərəm” fikrilə samanlığa uzanan Nəcəfqulunu yuxu aparıb.  Gərdəkdə Nəcəfqulu gözləməkdə olan gəlinin gözlərinin kökü saralıb. Onu da oturduğu stulda yuxulayıb.  Beləcə səhər açılıb.

Dostları səhər  tezdən gəlib Nəcəfqulunu samanlıqda tapırlar. Eşşək də onun yanını kəsdirib durubmuş. Dümsükləyib Nəcəfqulunu oyadırlar. Nəcəfqulunun key-key baxdığını görən dostu Kazım:

-Boynunu yerə soxum! Ay axmaq,  sən burda – samanlıqda yox başqa yerdə yatmalı idin.

Onun sözlərini eşidən Nəcəfqulu yerindən dik atılır.

-Bəs toy? Bəs gəlin?

Bu dəfə Qafar dostu dillənir:

-Toy oldu qurtardı, amma gəlin hələ qalır. Evindədir. Sənin gözləyir.

Nəcəfqulu tez eşşəyinin belinə sıçrayıb, ayaqları ilə onun yanlarını təpiklədi.   Və evə tələsdi.

O zamandan çox illər keçib. Amma Nəcəfqulunun toyu yaddan çıxmaq bilmir. Binəva öz toyunu da əməlli-başlı görə bilmədi. Amma hər şey xoşluqla qurtardı. Gəlin Nəcəfquluya yaxşı ömür-gün yoldaşı oldu. Onların çoxlu oğul və qızı   oldu.  Xeyli nəvələri var.

Amma həmin hadisə unudulmur. Kənddə bir toy olan kimi Nəcəfqulunun toyu yada düşür.

Bakı şəhəri, 14 iyul 2021-ci il

 

    Yazıya (188) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.