Günay Səma Şirvan — Gəl yadlaşaq

Günay Səma Şirvan

SƏN MƏNƏ YAZMA GƏL MAHNILARINI

“Mən sənə yazmıram mahnılarımı”
Xalidə Türkay.

Gördüyün yuxular yozulmayıbsa,
Vüsal alnımıza yazılmayıbsa,
“Qara gün” bəxtimdən pozulmayıbsa,
Sən mənə yazma gəl, mahnılarını.

Sən uca dağlarda zirvəsən, dinlə,
Enişdə durmuşam mən, həsrətinlə.
Söyləmə:-“gözlərəm yolunu illə”,
Sən mənə yazma gəl, mahnılarını.

Köhnə dəyirmandı bu qoca dünya,
Saldı ikimizi bir borca, dünya.
Bizi qarğıyıbdı, yaxşıca, dünya,
Sən mənə yazma gəl, mahnılarını.

Bu gidi dünyanın torlu işləri,
Bizi sehirləyən sirli işləri,
Açdı başımıza dürlü işləri,
Sən mənə yazma gəl, mahnılarını.

Neçə buz yolları keçdik səninlə,
Cüt ömrə arzular seçdik səninlə.
Heçliyə çevrildik, heçdik səninlə?
Sən mənə yazma gəl, mahnılarını.

Bu sınıq könlümün səndin məlhəmi,
Tapa bilməsəm də səntək məhrəmi,
Çalış unutmağa eşqimi, məni,
Sən mənə yazma gəl, mahnılarını.
Daha mənə yazma, mahnılarını.

***

GƏL YADLAŞAQ

Bu dostluqdan xatirələr qalacaq,
Bu vüsalın yerin hicran alacaq.
Saçımızı həsrət yeli yolacaq,
Gəl yadlaşaq—gec-tez belə olacaq.

Qoy gözlərim öyrəşməsin gözünə,
Ayrılığı dərd eyləmə özünə.
Bir balaca yer saxlayaq dözümə,
Gəl yadlaşaq—gec-tez belə olacaq.

Əllərini tutammadım əlimlə,
Qərq oluram göy sularda gəmimlə.
Çıxış yoxdu geriyə bir dönümlə,
Gəl yadlaşaq—gec-tez belə olacaq.

Sovuşmadıq tələsindən fələyin,
Qovuşmadıq ucbatından kələyin.
Başım dəydi qəm daşına hənəyin,
Gəl yadlaşaq—gec-tez belə olacaq.

 

***

OYY…

Saçın ucun hörməzlər,
Gülü qönçə dərməzlər,
Məni sənə verməzlər.
(“Sarı gəlin” xalq mahnısından).

Bu ev verməz sənə qızın,
Necə qırım nəslin buzun?
Bu sevdada qovğa uzun,
Qovğayla eşq hörməzlər, oyy…

Eşqlə qəlbdən yaralıyam,
Sarı bülbül haraylıyam.
Çıxış yolu arayıram,
Bu yolları görməzlər, oyy…

Düşüncələr üzür məni,
Məskənidir könlüm qəmin.
Oxuyarlar “Sarı gəlin”—
“Məni sənə verməzlər”, oyy…

Yazıya 862 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.