Mehmet RIHTIM (PROF.DR) –ŞİRVANDAN ANADOLUYA AXAN İRFAN NƏHRİ

10525644_870063553037944_6570094359930094832_nNƏQŞİBƏNDİ TƏRİQƏTİNİN TARİXİ KÖKLƏRİ

Azərbaycan-Şirvan kültür coğrafiyası tarix boyunca Anadolunu bəsləyən elm, sənət və mədəniyyət qaynaqlarımızdan biri olmuşdur. Səlcuqlu və Osmanlı təsəvvüfünün bəsləndiyi qaynaq bölgələrin başında Xorasandan sonra Azərbaycan gəlir. Təsəvvüf tariximizdə silinməz izlər buraxan Şəmsi Təbrizi, Əxi Evran, Geyik Baba, Nemətullah Naxçuvani, Gülşəhri, Sinanəddin Ərdəbili, Nəqqaş Ata, Əbdülməcid Şirvani, İsmayıl Şirvani, Mir Həmzə Nigari kimi ariflər bu bölgədən Anadoluya hicrət etmişlər. Həmçinin Bakı və Ərdəbildə gələrək burada Seyid Yəhya Şirvani, Sədrəddin və Hoca Əli Ərdəbili kimi mürşidlərin məna iqlimində yetişən Həmidüddin Vəli, Bəhaəddin Ərzincani, Dədə Ömər Rövşəni, Həbib Qaramani Əlaəddin Rumi kimi haqq aşiqləri, Anadolunu mənən fəth etmişlər.

XƏLVƏTİLİYİN MEMARLARI

Sührəverdilik, Əbhərilik və Zahidilik təriqətlərinin bir davamı olaraq XIII əsrin sonlarında Şirvanda təsis edilən Xəlvətiliyin tarixi təşəkkül prosesi araşdırıldıqda, bu təriqətin quruluşunda dərin təsirləri olan dörd böyük məna memarının adı qarşımıza çıxır ki, bunlar:
Əbun-Nəcib Əbdülqadir Sührəverdi (v. 563/1168), İbrahim Zahid Gilani (v. 681/1282), Ömər Xəlvəti (v.750/1350) və Seyid Yəhya Şirvanidir (v.1464). Bu dörd şeyxin həyat tarixçələrinə qısa bir nəzər salsaq görərik ki, Səlcuqlular dövrünün mütəfəkkirlərindən Əbdülqahir Sührəverdi, Zəncan yaxınlığındakı Sührəverd diyarından bir çox böyük alim, filosof, sufi və xəttat kimi nadiri-fitrət çıxarmış bir ailəyə mənsub böyük bir şəxsiyyətdir. Bağdadın Nizamiyyə mədrəsəsində həm tələbə, həm də müdərrislik edən Şeyx Əbun-Nəcib, bəzən qarşılaşdığı maddi çətinliklər qarşısında saqalıq (su satan; suçu) edərək elm-irfan xidmətindən uzaq qalmamışdır. Məşhur sufi, Şihabəddin Əbu Hafs Ömər Sührəverdinin həm əmisi, həm də mürşidi olmaqla yanaşı İşraqi fəlsəfənin qurucusu Şihabəddin Yəhya Sührəverdi (Məqtul) ilə də qohumdur. Şeyx Əbun-Nəcibin yetişdirdiyi məna sultanları Ömər Sührəverdi, Sührəverdiyyə təriqətini Bağdadda, Qütbəddin Əbhəri (v.622/1225) isə Əbhərilik təriqətini Şamda təsis edəcəkdir.
Elmi təsəvvüfün nümayəndələri olaraq islam dininin lədunni məna ölçüsünü təmsil edən bu alim-sufi şəxsiyyətlər, Hindistandan Anadoluya, Azərbaycandan Afrikaya qədər yayılan irfan mədəniyyətinin təsisində öncül olmuşlar. Əbhəriyyə məktəbi, bu bölgədəki səhifələrini Rüknəddin Sincasi (v. 628/1230?) və Şihabəddin Təbrizi (v. 702/1302?) ilə Azərbaycanda davam etdirmiş, Təbrizli Seyid Cəmaləddin (v. 652/1255?) ilə Araz çayının kənarına, yəni Cənubi Qafqaza keçərək Xəlvətiliyin toxumlarını bu bölgəyə səpmişdir. Seyyid Cəmaləddinin yetişdirdiyi İbrahim Zahid Gilani, Lənkəranın Siyavərud diyarında doğulmuşdur. Son dərəcə təqva və zöhd içində yaşadığı üçün zahid deyə adlandırılan şeyx, Xəlvətilik və Səfəviliyin atası sayılır. Səfiəddin Ərdəbili və Əxi Məhəmməd Xəlvətinin müəllimi olan bu böyük sufi, Xəlvətilik və Səfəvilik təriqətlərində mürşidi-amm [əsas mürşidi/baş mürşidi] olaraq qəbul edilir. Çünki bu iki təriqətin ən mühüm amili olan “Əsmayi-səba” zikrini, yəni Allahın yeddi adı ilə seyri-süluk prinsipini ilk tətbiq edən odur. Şafii məzhəbinə mənsub olan şeyxin biri Lənkəranın Şıxakəran kəndində, digəri isə Gilanın Lahican diyarında iki qəbri vardır və hələ də ziyarətgahdır.
İbrahim Zahidin xəlifəsi Əxi Məhəmməd (v.713/1313) Xəlvəti adını alan ilk şeyxdir. Lənkəran və ya Lahicanda yetişdikdən sonra Xarəzmə göndərilir. Orada xidmət etdiyi üçün Xarəzm Xəlvətiliyinin qurucusu qəbul edilir. Xəlvətiliyin piri Əbu Abdullah Ömər Xəlvətini özü ilə apararaq burada yetişdirir. Hər ikisi də Şirvanın məşhur Şeyxzadələr nəslindəndir.

PİRİ-ƏVVƏL ÖMƏR XƏLVƏTİ HƏZRƏTLƏRİ

Digər təriqət pirləri ilə müqayisədə Xəlvəti pirinin həyatı haqqındakı məlumatlar daha az və mübhəmdir. Belə ki, Pir Ömərin doğulduğu, yaşadığı və vəfat etdiyi yerlər haqqında məlumatlar ziddiyyətli, hətta qəbrinin yeri də tam olaraq müəyyən deyil.
Təsəvvüfə intisabına səbəb olan hadisəni Hulvi “Ləməzat” adlı əsərində belə nəql edir. “Gəncliyində at minməyə və hərbə böyük marağı olub bu səbəblə bəzən hərbi səfərlərdə iştirak edərmiş. Bir döyüşdə birliyi məğlub olar və hər kəs kimi o da canını qurtarmaq üçün qaçarkən pusquya düşür. Ölümlə üz-üzə gəldiyi anda bir hal gəlir, cəddinin ruhaniyyəti qarşısında peyda olaraq ona xitabən: “Ey Ömər! Ya yolumuzda olarsan ya da bu quldur sənin başını kəsər!” deyir. Ömər Xəlvəti, irfan yolunu seçdiyini bildirərək əcdadının ruhaniyyətindən aman diləyir. Bu vəziyyətdən xilas olub bütün gecə at sürərək səhər vaxtı Əxi Məhəmmədin tələbələrilə birlikdə söhbət etdiyini yerə çatır. Şeyx onu “Əlhəmdülillah, səni bizə bağışladılar. Biz də səni dərvişliyə qəbul etdik” deyərək qarşılayır…”. Bu mənqibə onun gənclik həyatı haqqında bəzi məlumatları ehtiva etməkdədir. Mənqibədə keçən hadisənin, şeyxin gənclik zamanı və məkanı nəzərə alınarsa, Elxanilər dövründə olması ehtimal daxilindədir.
Pir Ömər təbiətlə çox yaxın olan bir şəxsdir. Onun dağlarda və meşələrdə keçirdiyi xəlvətləri məşhurdur. Yalnız təkkədə ibadət etməklə kifayətlənməz, tez-tez dağlara çıxar, çöllərdə ibadət edər və xəlvətə çəkilirmiş. Bu şəkildə zikr etdiyində dağlardakı quşlar və digər heyvanlar, ətrafında dövrə vurub halqa əmələ gətirərək, sonuna qədər dinlərmişlər. Mənqibədə onun təbiətlə iç-içə olmasını əks etdirən rəvayətlər çoxdur. Hətta şeyx olmasında da belə bir hadisə rəvayət edilir ki, Əxi Məhəmmədin vəfatından sonra şeyxin vəsiyyətinə uyğun olaraq müridləri, Ömər Xəlvətiyə tabe olmaq istəyərlər. Ömər Xəlvəti bu təklifi rədd edərək bir çox dəfə etdiyi kimi dağlara gedər və bir ağac koğuşunda xəlvətə girər. Ancaq bu sırada qaçan oğruları tutmağa çalışan mühafizlər tərəfindən orada gizləndiyi düşünülərək oğru zənn edilib həbs olunar. Edam ediləcəyi əsnada kim olduğu aydın olar və sərbəst buraxılar. Bu hadisənin ilahi bir xəbərdarlıq olduğunu anlayan Pir Ömər dərgaha gələr və məqama keçər.
Yolunun Xəlvətilik adlandırılmasının səbəbi də xəlvətə olan düşkünlüyü səbəbindəndir. Xəlvətiliyin bəzi üsulları və xəlvəti tacının şəkli onun tərəfindən seçilib təyin edilmişdir. Rəvayətə görə, qırx dəfə ərbəini tamamladıqdan sonra başına məna aləmində dörd tərk və qırx budaqlı taci-şərif Allah elçisi (s.ə.s) tərəfindən qoydurulmuşdur. Tacın şəklinin bir çox şərhi olsa da məşhur olanı, dörd tərkin İxlas surəsinin ayə sayına, qırx budağın isə ərbəinə işarə olmasıdır. Pir Ömər Xəlvəti, Xarəzmdən başqa Heri, Təbriz və Xoy tərəflərində olmuş, bir müddət Misirdə yaşamış və burada ikən yeddi dəfə həccə getmişdir. Rəvayətə görə, Cəlairli sultanı Üveysin (1356-1375) dəvəti və xahişi ilə Təbrizə gələrkən yolda vəfat etmişdir. Pirin həyatının sonlarında Şirvana gəldiyi və burada vəfat etdiyinə dair dəlillər vardır. Təriqətin ondan sonrakı dövrdə bu bölgədə davam etməsi ilə yanaşı, Şeyx Yusuf Məxdum Şirvani də onun Şamaxı yaxınlığındakı Avaxıl kəndindən olduğuna işarə etmişdir. Həqiqətən də burada “Ömər Sultan” deyə bilinən bir qəbrin olması bu ehtimalı qüvvətləndirir.
Xəlvətilik irfanını Pir Ömərdən sonra Şirvanda davam etdirən mürşidlər ardıcıllıqla Əxi Əmrəm (v.800/1398?), İzzəddin Türkmani (v.812/1410) və Sədrəddin Şirvanidir (v.826/1423-24). Əxi Əmrəm Kırşəhirdə yaşamışdır və həyatı haqqındakı məlumatlar Gülşəhri ilə üst-üstə düşməkdədir. Sədrəddinin xəlifələrindən İlyas Amasi, pirdaşı Seyid Yəhya Şirvanidən əvvəl Xəlvətiliyin Anadoludakı nümayəndəsidir. Onun varisləri Amasiya və ətrafında Xəlvətiliyi yaymışlar.

PİRİ-SANİ SEYİD YƏHYA ƏŞ-ŞİRVANİ ƏL-BAKUVİ

Xəlvətilik təriqətinin formalaşması və yayılmasında ən böyük pay sahibi, şübhəsiz ki, Piri-sani, Seyid Yəhya əş-Şirvani əl-Bakuvidir. Bir çox tədqiqatçının da qeyd etdiyi kimi, o, gətirdiyi yeni əsaslar ilə Xəlvətiliyin müstəqil bir təriqət halına gəlməsinə və yayılmasına səbəb olmuşdur.
Seyid Yəhya Şirvani XIV əsrin sonlarında Şamaxıda dünyaya gəlmişdir. Tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyyid Bəhaəddin əş-Şirvani əş-Şamaxı əl-Bakuvidir. Nəsli-paki, Museyi-Kazım həzrətlərinə söykənən həzrəti pirin ataları nəqiblər nəslindən olmuşdur. Atası Bəhaəddin əfəndi, Şirvanşahlar dövlətinin nəqibül-əşrafı idi. Uşaqlıq və gənclik çağlarında, fiziki və əxlaqi cəhətdən üstün xüsusiyyətlərə sahib bir insan olaraq ətrafda tanınmışdır. Demək olar ki, hər qaynaqda onun bu yönünə diqqət verilmiş, “kamal və camal sahibi, fövqəladə zahiri gözəlliyi və batini kəmalatı olan bənzərsiz bir yaradılışda, son dərəcə gözəl və təsirli bir çöhrəyə malik, qırx gün hücrəsində xəlvətdə qalıb çıxınca, üzündə nurani bir parlaqlıq olar, onu görənlərin gözlərini qamaşdırardı” kimi sözlərlə vəsf edilmişdir. “Cəmaləddin” ləqəbini alması da bununla bağlıdır. Hulvi “Ləməzat”ında, Seyid Yəhyanın uşaqlıq illərində başından keçən belə bir mənqibə də nəql edir: Bir gün anası ilə birlikdə yolda gedərkən bir şəxs gələrək əlindən tutar, havaya qaldırar. Onu ümmətin seçkinləri və böyük seyidlərin olduğu mənəvi bir məclisə aparar. Ortada şam kimi ətrafa nur saçan bir şəxsin yanına gəlirlər. Onlardan biri o nurani şəxsdən Seyid Yəhyanı ona əmanət etməsini tələb edir. Bunun üzərinə Seyid Yəhyanı ona təslim edərlər. O da “Sən indi ananın yanına get, vaxtı gəlincə mən səni taparam” deyər. Seyid Yəhya bir anda özünü anasının yanında görər.
Əsərlərindəki dərin elmi izahlardan Seyid Yəhya həzrətlərinin yaxşı bir təhsil gördüyü aydın olur. Şamaxıdan ayrıldığına dair bir məlumatımız olmadığına görə, təhsilini burada tamamlamışdır. O dövrdə burada yaxşı təhsil verən mədrəsələr və alimlər olduğu bilinməkdədir. “Şəfaul-Əsrar” adlı əsərində elm təhsil etdiyi dörd müəlliminin adını çəkir, onları xeyirlə yad edir. Bunlar: Şəmsəddin Axsıkəti, Hafizəddin əl-Gərdəri, Tacəddin və Qütbəddin əs-Sərabidir.
XIV əsrin əvvəllərində Azərbaycan-Şirvanda doğulub çiçəklənən Xəlvətilik təriqətinin mərkəzi, bu dövrdə, Şirvanşahların paytaxtı Şamaxı şəhərində idi. Xəlvətiliyin ən böyük təkkəsi burada idi və mürşidi Şeyx Sədrəddin Xiyavi də burada yaşayırdı. Seyid Yəhyanın çox gənc yaşlarında ikən təsəvvüf ilə tanış olmasına qarşılaşdığı bir hadisə səbəb olmuşdur. Belə ki, bir gün yoldaşları ilə birlikdə çövkan oynayarkən oradan keçməkdə olan Xəlvəti dərvişləri ilə qarşılaşır. Yəhya, hörmət göstərərək, onların qarşısından keçmir. Onu tanıyan və bu hərəkətindən olduqca məmnun qalan sufilər, təriqətlərinə girməsi və əcdadı kimi vilayət sahibi olması üçün dua edirlər. Gecə məna aləmində Hz. Peyğəmbər (s.ə.s) Seyid Yəhyanın əlindən tutaraq Şeyx Sədrəddinə təslim edir və onun bundan sonra mənəvi atası olduğunu, yolunun öz yolu olduğunu, bu yoldan ayrılmamasını ifadə edən tövsiyələr verir. Gördüyü yuxunun təsiri ilə Pirzadənin yanına gedən Seyid Yəhya onun vasitəsilə Şeyx Sədrəddinin dərgahına gedir və ona bağlanıb müridi olur. Atası, əvvəllər onun bu qərarına qarşı çıxaraq sufilərlə olmasını, dünya işlərindən marağını kəsməsini və xəlvətə çəkilməsini xoş qarşılamır. Onu qərarından daşındırmağa çalışsa da müvəffəq ola bilmir. Daha sonra şeyxi təhdid etmək, hətta güc tətbiq etmək düşüncəsində ikən, Yəhyada gördüyü hal və şeyxlə qarşılaşması əsnasında şahid olduğu hadisə qarşısında təslim olaraq özü də şeyxin müridi olur.

XV ƏSRDƏ MƏNA ALƏMİNİN PAYTAXTI – BAKI

Seyid Yəhya uzun illər şeyxinin dərslərinə davam edir, xəlvət və zikrlər ilə seyrü-sülukunu tamamlayaraq kamil və arif bir şeyx olaraq yetişir. Şeyx Sədrəddinin vəfatından sonra mürşidinin vəsiyyətinə uyğun olaraq irşad məqamına keçməsi lazım gəlir. Ancaq ondan daha qidəmli (təcrübəli) olan Pirzadə posta oturur. Seyid Yəhyanın şeyxlik üçün hələ gənc olduğunu irəli sürən yaşlı müridlər də Pirzadəyə beyət edirlər. Belə olduqda Seyid Yəhya, şeyxindən intiqal edən “sirri-əsma” ilə Şamaxıdan ayrılır, Bakıya doğru yola çıxır. Seyid Yəhya, 1420-ci illərdə Şamaxıdan ayrıldıqda Şirvanşahlar dövlətinin başında Xəlilullah xan var idi. Bu zaman dilimində ölkənin paytaxtı da müvəqqəti olaraq Bakıya nəql edilmiş idi. Cəlaləddin Süyutinin ədalət və həmiyyət sahibi bir dövlət adamı olaraq təriflədiyi Xəlilullah xan təsəvvüfi fəaliyyətlərini davam etdirməsi üçün Seyid Yəhyanı Bakıya dəvət edərək burada qarşılayır və sarayının yanındakı Keyqubad məscidini ona təsis edir. Beləcə Xəlvətiliyin islam dünyasında yayılmasına mənbə olacaq tarixi xanəgah burada təsis edilir. Xəlilullah xan təkkə ətrafında, içində xəlvətxanaların də olduğu bir məscid, ailə üzvləri üçün də bir türbə inşa etdirir. Şirvanşah ona böyük hörmət və izzət göstərir. Seyid Yəhya da yazdığı “Kəşfül-qulub” adlı əsərini ədalətini təriflədiyi Xəlilullah xana ithaf edərək aralarındakı yaxın münasibəti göstərir.
Seyid Yəhya Şirvani həzrətləri 1463 və ya 1466-cı ildə Bakıda vəfat etmiş və “canişini-cənnət” ifadəsi tarix düşülmüşdür.
Seyid Yəhyanın qəbri dərgahının qiblə tərəfində, səkkiz guşəli olaraq klassik üslubda inşa edilmiş türbəsindədir. XVI əsrdə Səfəvilərin hücumları nəticəsində zəbt edilən şəhərlə birlikdə saray və xanəgah da dağıntılara məruz qalır. III Muradın səltənəti dövründə Bakı Osmanlı idarəsinə keçincə Şirvan valisi Özdəmiroğlu Osman paşa tərəfindən yenidən abadlaşdırılır və xanəgahın girişində, dövrün və bölgənin arxitektura xüsusiyyətlərini əks etdirən bir tac qapı bina edilir. Bu qapı hələ də salamat qalıb Sultan Murad qapısı adlandırılır. Saray və məscid Bakının XIX əsrin əvvəllərində rus işğalı əsnasında və 1918-ci ilin martında ermənilərin şəhərdə törətdiyi qırğınlar zamanı məhv olmuşdur. Dərgahın avlusundakı şeyx qəbirləri və məscidin qalan hissəsi Sovet dövründə tamamilə ortadan qaldırılır. Külliyyədən yalnız türbə salamat halda günümüzə qədər gəlmişdir və indi də Şirvanşahlar saray-muzeyi içərisindədir.
Seyid Yəhyanın üç oğlu olduğu bilinməkdədir. Böyük oğlu Fəthullah atasından sonra bir ilə yaxın dərgahda şeyxlik etmişdir. Ortancıl oğlu Əmir Güllədir. Seyidin kiçik oğlu Nəsrullah Şirvani Krım xanı tərəfindən dəvət edilərək Krıma getmiş, burada onun üçün təxsis edilmiş təkkədə şeyxlik və nəqibül-əşraflıq etmişdir. Xəlvətiliyin Krım və ətrafında onun tərəfindən yayıldığı Şeyx Həsən Krımi tərəfindən nəql edilmişdir. Dərgahda daha sonra şeyx olan Afyonlu Şükrullah əfəndi və Kəmaləddin Şirvani bilinən son şeyxlərdir.

MƏNƏVİ SİFƏTLƏRİ VƏ ZÖHD HƏYATI

Seyid Yəhyanın təsəvvüfə girişindən vəfatına qədər bütün həyatı zöhd və cihad içində keçmişdir. O, çox isti aylarda azuqəsiz və susuz səhralara çıxır, oralarda günlərlə qalır, ibadətlə məşğul olurmuş. Xəlvət girmək, tək olaraq tənha bir yerdə qalmaq və ibadət etmək onun dəyişməz adətlərindən imiş. Çox az qida ilə kifayətlənir, xəlvət boyunca qırx gündə yalnız üç dəfə iftar edərmiş. Qaynaqlarda vəfatından öncəki son altı ayda bir şey yemədiyi nəql edilmişdir. Dədə Ömər Rövşəni Divanında mürşidinin dünyaya və axirətə qarşı rəftarını və təqva halını belə nəql edir:
Qüsl edər idi, könlünə nagah gəlsə idi xəyali üqbanın,
Abdəst alırdı, keçsə idi xatirindən hədisi dünyanın.
Vəfatından sonra yuxusunda şeyxi görən dostları ona “Allahu Təala sizə necə rəftar etdi” deyə soruşarlar. Seyid: “Mənə kamal və lütfləri ilə təcəlli etdi. Ərşi-əlada bir nurani sədirə oturtdu, səfalı ruhları da ətrafıma toplayaraq: “Yəhya! Dünyada ikən ətrafına dərvişləri yığıb virdini oxuduğun kimi burada da oxu, bunlar da dinləsinlər” dedi. Mən də virdimi oxuyuram” deyə cavab verər.
Özünü fəqir, aciz, heyran və miskin deyə səciyyələndirən Seyid Yəhya üçün qaynaqlar, hörmət və mədh ifadə edən bir çox sifət ilə doludur: Nəqiblər nəqibi, nəciblər nəcibi, şeyxlər şeyxi, seyidlərin seçkini, arifi-billah, Xəlvətilik təriqətinin feyz qaynağı, qüdvətüs-sani, həqiqət məşrəbində imamur-Rəbbani, qütbül-arifin, Safiyyə üləmasının böyüklərindən, qavs, silsileyi-tahirədən, övliyanın qütbü və s. Sənayi Həsən əfəndi, mənzum Xəlvəti silsilənaməsində onu belə vəsf etmişdir:

Anın piri dəxi Yəhyayı-Şirvanidir, ey sultan,
Siyadət bağına güldür, odur bil mədəni-irfan.
Ki qütbiyyətlə qavsiyyət belə fərdiyyəti cami,
Vücudi-pakini xəlq içrə ali eyləmiş Rafi.

Həririzadə bütün bu sifətləri toplayaraq bunları söyləyir: “Fərideyi-sədəfçeyi-zaman, cərideyi-nəvadiri-fünunü-irfan, ədib və ərib, həsib və nəsib, müşfiq və həlim xasiyyətli bir zatı-məhasini-vəsim idi. Müqtədayi-güruhi-övliya, pişuvayi-zümreyi-ətqiya, əvvəli-mübarizi-meydanı-mübarizə və əvvəli-sədr-nişini-müşahidə və əvvəli-aləmi-karhayi-hidayət, kamili-bargahi-inayət, əl-qütbür-Rəbbani, vəl-qavsüs-samədani, əs-Seyid əş-Şeyx Yəhyayı-Şirvani.”
Aydınlı Dədə Ömər Rövşəni çox sevdiyi şeyxini divanında belə mədh edir:

Səgi-??kuyinin ayağı tozuyəm, Seyyidi-Haşimi-Yəhyanın,
Bizi ol boşladı qılavuz olub, doğru yoluna Haqq Təalanın.
Tapusu mərcəiydi sadatın, qapusu məcməyi Mövlanın
Hər kişi görər idi asarın, çöhrəsindən əyan təcəllanın.

Bir başqa yerdə belə demişdir:

Taciyəm desəm nola hər şeyxi-şüyuxun, çünki mən,
Seyyidi-sadat, Seyyidi-Yəhya xaki-rəhiyəm.

Hüseyn Vəssaf bir beytində Seyid Yəhyanı belə vəsf edər:

Necə vəsf eyləyə bu zati-şərifi Vəssaf,
Zatı zahirdə vü batində məaniyi- Kəşşaf.
Nəsəbi-silsiləsi Heydəri-Kərrara çıxar,
İrqi-tahirlə odur ibni-nəqibül-əşraf.

Bu gözəl vəsflər içərisində Mehmet Əli Ayninin bu sözləri cümləsini xülasə edir: “Seyid Yəhya, zaman sədəfinin tək incisi, elm və irfan nadirliklərinin sənədi, ədib və ağıllı, möhtərəm və nəcabətli, şəfqətli və yumşaq, gözəl üzlü və daxili gözəlliklər sahibi bir zat” idi.
Xəlvətilik təriqəti Seyid Yəhya Şirvani həzrətləri tərəfindən yenidən formalaşdırılıb yayıldığı üçün Xəlvətilik qollarının hamısının başında onun adı olur. Onun təriqətə gətirdiyi yeniliklərdən bəziləri bunlardır:
– Allahın yeddi əsmasına beş isim də əlavə edərək on iki əsma ilə seyrü-sülukun tamamlanması. Bu üsul bəzi qollar tərəfindən tətbiq edilir;
– Xəlvəti dərvişlərinin gündəlik həyatlarında və sufilik yolunda riayət etmələri lazım gələn ədəb qaydaları;
– Virdi-Səttarın tərtibi. Bununla Xəlvətiliyin müstəqil bir təriqət kimliyi qazandığı deyilir;
– Təriqət ədəbinə dair əsasların yazıya alınması;
– Quran və hədislərə əsaslanan elmi təsəvvüf anlayışının yerləşdirilməsi;
– Xəlvət və zikr üsulunun açıqlanması;
– Ətrafa mürşidlər göndərərək təriqəti yayması;
– Yazdığı əsərlərlə Xəlvətilikdə təsəvvüfi-ədəbi ənənəni başlatması.

ƏSƏRLƏRİ

Seyid Yəhya Şirvani sıravi bir sufi deyildi. O, öz sistemini qurmuş, məktəb sahibi, ədib, mütəfəkkir və şair bir mürşid idi. Yazdığı əsərlər ilə ədəbi-təsəvvüfi bir məktəb quraraq Xəlvəti sufi ədəbiyyatı adlı çox zəngin bir ədəbi məhsulun meydana gəlməsinə zəmin hazırlamışdır. Xəlifələrindən etibarən bu təriqətə mənsub sufi mürşidləri öz əsərləri ilə yanaşı Seyid Yəhyaya nəzirə və şərhlər yazaraq yolunu və üsulunu davam etdirmişlər.
Seyid Yəhya Şirvani, yazdığı əsərlərlə ədəbi müvəffəqiyyətini göstərməkdən əlavə, Xəlvətiliyin prinsiplərini və fəlsəfəsini ilk olaraq təsbit edən şəxsiyyətdir. Beləliklə, bu təriqətin düşüncə sistemi və üsulları dəyişmədən günümüzə qədər gələ bilmişdir. Şirvani “Bu fəqir, bir çox kimsəyə soruşub, bir çox təfsirlər oxudum” deyə özünün ifadə etdiyi kimi, oxuyub araşdıran, dərin təfəkkür sahibi, dövrünün böyük bir alimidir. Xəlvətiliyin elm, sənət və ədəbiyyat dairələrinin ən çox seçdiyi təriqət olmasına səbəb onun bu xüsusiyyətlərinin sonrakılar tərəfindən davam etdirilməsi olmuşdur. Onun məktəbi, XV əsrin ikinci yarısından etibarən yetişdirdiyi sufi mürşidlər tərəfindən Şirvandan başqa, Osmanlı, Ağqoyunlu və Məmlük cəmiyyətləri və hakimiyyət dairələrində tanınmış, xalqla birlikdə idarəçi və ziyalı sinif tərəfindən böyük hüsnü-rəğbət görmüşdür. XVI əsrdən etibarən, Seyid Yəhya ədəbi-fəlsəfi məktəbi bütün islam dünyasına yayılmış, xüsusilə də Osmanlı coğrafiyasında böyük məhəbbətə nail olmuşdur. Bu və sonrakı əsrlərdə Osmanlıda Xəlvətiliyə mənsub bir çox intellektual şeyx yetişmiş, minlərlə nəzm və nəsr əsər meydana gətirmişlər.
Seyid Yəhyanın yetişdirdiyi ilk şeyxləri izləyən XVI əsrdə bir çox şair-şeyx var. Bunlar arasında İbrahim Gülşəni, Cəmali, Seyid Nizam, Xəyali, Haləti, Safvəti, Sofyalı Bali, Əli, Arifi, Behişti, Bəliği, Bəyani, Cövhəri, Fəzli, Xatəmi, İlahi, Kaşifi, Lətifi, Layihi, Lövhi, Məhvi, Muhyi, Nevi, Rusuxi, Saili, Saliki, Sani, Şani, Sihri, Siyami, Üsuli, Vəhdəti, Valihi, Yəhya bəy, Yetim, Yiğitbaşı, Zəifi, Şəmsəddin Sivasi, Sümbül Sinan, Mərkəz Əfəndi, Ümmi Sinan kimi sufi şairlər vardır. Bunlardan başqa, XVII-XX əsrlərdə yaşamış Niyazi Misri, Ömər Fuad, Quşadavi, Nəzmi, Suzi, Yusuf Sinanəddin, Nurəddin Cərrahi kimi önəmli ədəbi şəxsiyyətlər vardır.
XV əsrin böyük sufi mütəfəkkiri, Xəlvəti təriqətinin ikinci piri, Seyid Yəhya nəsr əsərlərini ərəb, fars və türk dillərində, nəzm əsərlərini isə fars dilində qələmə almışdır. Şeirlərində “Seyid” təxəllüsünü istifadə etmişdir. Şirvaninin təsəvvüfi məzmuna malik əsərlərinin sayı qaynaqlarda tam olaraq verilməmişdir. Seyid Yəhyanın əsərləri müridləri vasitəsilə Anadoluya intiqal etmiş və burada dəfələrlə üzü köçürülərək çoxaldılmışdır. Əsərlərin bir qismi məcmuə şəklində, bir qismi isə təkbaşına kitab olaraq mövcuddur. Məcmuələr farsca əsərlərdən ibarətdir. Son təsbitlərimizə görə, əsərlərinin sayı 19 ədəddir. Azərbaycan türkcəsində və ərəbcə yazılmış əsərləri nəşr olub fars dilində olan əsərlərinin nəşri üçün aparılan işlər davam edir.
1. Şəfaül-Əsrar: Seyid Yəhyanın Azərbaycan türkcəsində yazdığı tək və ən irihəcmli əsəridir. Təsəvvüfün ümumi məsələləri ilə yanaşı, Xəlvətiliyin fəlsəfəsi və üsuluna dair qiymətli məlumatları ehtiva etməkdədir. Əsər tək nüsxə halında Süleymaniyyə kitabxanasında mövcuddur. Azərbaycanda və Türkiyədə nəşr olunmuşdur.
2. Virdi-Səttar: Seyid Yəhyanın əsərləri içində xüsusi bir yeri vardır. Təriqət mənsublarının hər gün oxuduqları bu vird ərəb dilində olub çox səlis bir üsluba malikdir. Məzmununu üç hissəyə ayırmaq mümkündür. Birinci hissədə Allaha dua və səna edilir. İkinci hissədə Allahın sifətləri və doxsan doqquz adı xatırlanır. Üçüncü hissədə Hz. Məhəmmədə (s.ə.s.), ilk dörd xəlifəyə, Əhli-Beytə, Hz.Həmzə və Abbasa dua və salam edilir. Müridlərin səsli olaraq icra edəcəkləri bu virdin sonunda səssiz oxunan qısa bir dua da vardır. Övradı-Yəhya, virdi-Səttar, virdi-Yəhya, virdi-Xəlvətiyyə kimi adlarla da adlandırılan bu əsərə bir çox şərh yazılmışdır. Kitabxanalarda bir çox əlyazması olmaqla yanaşı, çap variantları da mövcuddur.
3. Əcaibul-qülub: Seyid Yəhya Şirvaninin böyük sufilərin sözlərindən tərtib etdiyi bu məcmuədə, məşhur sufi Bəyazid Bistaminin qəlbin əhvalı, Yəhya bin Muazın məqamat və hallarından bəhs edən ifadələri, eləcə də Abdullah əl-Ənsaridən bəzi ibarələr nəql edilməkdədir. Bilinən tək nüsxəsi, İstanbul Universiteti Mərkəz Kitabxanası, Fy.956/HE.8194 şifrəsi altında qeydiyyatdadır.
4. Ətvarul-qəlb (qülub): Məsnəvi tərzində mənzum bir əsər olub, “qəlb necə bir şeydir” sualı üzərində qurulmuşdur. “Qəlbini gör ki qəlb Allahın ərşidir/ Onda şahın gizli cövhərləri vardır” deyərək qəlbin təsəvvüfdəki əhəmiyyətini və hallarını izah edir və qəlbin yeddi halı olduğundan bəhs edər. Bunlar: sədr, qəlb, şegaf, fuad, heyyətül-qəlb, süveyda və behçətül-qəlbdir. Bu halların mənzum təsəvvüfi şərhini verir. Bəzi kitabxana qeydlərində “Risaleyi-ətvarül-qülub” adı altında qeyd edilməkdədir. Millət kitabxanasında “Gülzarı-səadət” adı ilə qeydiyyatdadır. 772 beytdir.
5. Bəyanül-elm: Mənzum məsnəvi tərzində olub 550 beytdir. Nət və ilk dörd xəlifəni mədh edən mənzumələrdən sonra bəzi şəriət və təsəvvüfi nəsihətlər verilir. Fərzin başının Allahı bilmək və tanımaq olduğu, bunun üçün də Allah zikrinə davam etmənin əhəmiyyəti izah edilir. Zikrullahın xəstə qəlblərə və qafillərə şəfa verib, xəbərdar edərək inandırdığı fikri işlənir. Qeydlərdə “Risalə dər-bəyani-elm” “Elmi-Lədunni” deyə də keçir.
6. Kəşful-qülub: Əsər dörd bölüm olub Ağıl, Qəlb, Ruh, Nəfs və onun seyrü-süluku ilə kamilləşməsinin metodu izah edilir. Seyid Yəhya əsərini bu xüsuslar haqqında yönəldilən suala cavab olaraq qələmə aldığını söyləyir. Əsəri Şirvanşah Xəlilullah xana bu ifadələrlə ithaf etmişdir: “Bu risaləni yazma müvəffəqiyyətinin səbəbi uca ədalət əmiri, aləmdəki sultanların ən şərəflisi, əl-Məlikül-Mənnanın hökmünün davam etdiricisi, Xəlilür-Rəhmanın adaşı Sultan ibni Sultan Əmir Xəlilullahın (uca Allah onu bütün aləmə və alemdəkilərə yaydığı rəhməti ilə ən uca mövqeyə çıxarsın) gündən-günə artan dövlətinin etidalı vasitəsilə tapdığım təhlükəsizlik və əmin-amanlıq ilə yazdım.”
7. Qisseyi-Mənsur: Məşhur Sufi Həllac Mənsurun dar ağacında ikən bir məcnun ilə olan müsahibəsinin rəvayət edildiyi farsca mənzum məsnəvi tərzində yazılmış bir əsərdir. İlk baxışda bu şeir Əttarın əsərlərinin birindən alınmış kimi görünsə də onun eyni vəzndəki “İlahinamə”si ilə “Əsrarnamə”sində bu hekayə yoxdur. Buna görə də bu əsərin Seyid Yəhya Şirvaninin qısa məsnəvilərindən biri olduğunu qəbul etmək lazımdır.
8. Mənazilül-aşiqin: Məsnəvi tərzində yazılmışdır və 1797 beytdir. Əsərdə təsəvvüf yolunun saliklərinin yetişməsi lazım gələn mənzillər izah edilir. Bu mənzillərin sayı qırx olub aşağıdakılardır: Niyyət, inabət, tövbə, iradə, cəhd, müraqibə, səbir, zikr və fikir, nəfsə müxalifət, riza, razılıq, təslimiyyət, təvəkkül, zöhd, ibadət, vəra, ixlas, sədaqət, xof, rica, fəna, bəqa, eynəl-yəqin, mərifət, vəlayət, şövq, məhəbbət, vəhdət, qürbət, vüsal, kəşf, hüzur, təcrid, təfrid, inbisat, təhəyyür, nəhayət, təsəvvüf, qürbətin qürbəti. Əsərin adı bəzi nüsxələrdə “Çihil Mənazil” olaraq keçir. Əbu Səid Əbul-Xeyr (967-1049) “Məqamatı-Ərbəin” adlı əsərində qırx məqamdan bəhs edir ki, bunlar Seyid Yəhyanın “Menazilül-aşiqin”də ələ aldığı məqamlar ilə, bir neçəsi istisna olmaqla, bənzər olsa da şərhləri fərqlidir.
9. Məqamat: Təsəvvüf yoluna girən kimsənin Allaha çatmaq üçün mənəvi səfərə ehtiyacı vardır. Seyid Yəhya əsərində bu mənəvi səfərin yeddi mərtəbəsindən bəhs edir. Bunların hər birinə məqam deyilir. Bu məqamlar bunlardır: Seyr iləllah, seyr lilləh, seyr aləllah, seyr məallah, seyr fillah, seyr anillah, seyr billah. Məqamat bəzi nüsxələrdə ayrı bir kitab olaraq verilmiş isə də, bir çox nüsxədə “Mənazilül-aşiqin”in davamında bir bölüm olaraq var.
10. Ramuzul-İşarat (Təvilü və Təfsirü İhdinəs-siratəl-müstəqim): Seyid Yəhyanın “Bir ədalətli şahın hüzurunda soruşulan” deyərək Xəlilullah xanın olduğu bir məclisdə, çox ehtimal ki onun tərəfindən soruşulan bir suala verdiyi cavabdır. Fatihə surəsinin 5-ci ayəsi olan “Bizə doğru yolu göstər” məzmunlu “İhdinəs-siratəl-müstəqim” sözünün təfsir və şərhi nöqtəsində, işarə, mükaşifə və müayinə əhlinin qəlb yolundan hasil etdiyi nədir? Bizim ixlas və inancımızın artmasına səbəb olması üçün bu ayənin mənasının soruşulması üzərinə etdiyi şərhi bir risalə olaraq daha sonra qələmə almışdır. “Bu izahlar təfsir kitablarına bağlı olmadan könülə doğan şərhlərdir” dedikdən sonra “O gün belə soruşuldu ki ənbiya və övliya necə olur ki, özləri də bizi doğru yola yönəlt” deyib dilərlər. Onlar onsuz da doğru yol üzrə deyildirlərmi ki, doğru yol istərlər?” deyərək soruşulan digər suala da cavab vermişdir. Əsərin Bakı nüsxəsinin adı “Təvilu və təfsiru-ihdinəs-siratəl-müstəqim”dir. Mənsurdur.
11. Şərhi-Əsmai-səmaniyyə: Mənzum təsəvvüfi bir əsər olub Məsnəvi tərzində yazılmışdır. Allahın Həyat, Elm, Səmi (eşitmə), Bəsər (görmə), Qüdrət, Kəlam, İradə, Bəqa kimi ad və sifətlərinin mənaları təsəvvüfi baxımdan açıqlanmışdır. Cəmi 610 beytdir.
12. Şərhi-Məratibi-Əsrarul-qülub (həft vadi): Allaha varmaq üçün sufilər tərəfindən aşılması lazım gələn “Ətvarus-səba”dan (yeddi mərtəbə, yeddi məqam) bəhs edir. Bu mərtəbələr ardıcıl olaraq: “Ürək, Eşq, Mərifət, İstiğna, Tövhid, Heyrət və Fəqrü-fəna” olaraq ifadə edilir və hər hissədə bir mərtəbə açıqlanır. Müəllif bu mərtəbələrin hər birinə vadi adı verdiyi üçün bu əsərə “Həft vadi” (Yeddi vadi) də deyilmişdir. Məsnəvi tərzində yazılmış 880 beytdir.
13. Təsərrüfat ü Mükaşəfat; Hz. Peyğəmbər (s.ə.s): “Bir kimsə aşiq olar, iffət göstərər, eşq sirrini kimsəyə açmadan ölərsə, şəhid olaraq ölər.” məzmunlu hədisin şərhidir. Seyid Yəhya bu hədisdə bəhs edilən eşqin Allah eşqi olduğunu əsərində nəzmən açıqlayır.
14. Şərhi-sualatı-Gülşəni-Raz: Məşhur azərbaycanlı sufi Mahmud Şəbüstərinin (1288-1340) “Gülşəni-Raz” adlı məsnəvi şəklində olan əsərinin şərhidir. Ruh, nəfs, könül, sirr, qəbz-bast, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, xəsarət, elməl-yəqin, eynəl-yəqin, həqqəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Şəbüstərinin bu əsəri sufilər arasında böyük rəğbət görmüş, bir çox şərh yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın “Şərhi-Sualatı-Gülşəni-Raz” adlı şərhi olub 1071 beytdir.
15. Mə lə budd batiniyyə (Əsrarül-vüdu vəs-salat): Təsəvvüfi baxımdan dəstəmaz və namazın məna və mahiyyəti üzərinə izahlardan ibarətdir. Mövzu başlıqları bunlardır: Təmiz su, niyyət, dəstəmaz, sətri-övrət, vaxt, istiqbalı-qiblə, qiyam, təkbirətül-ihram, fütuhatul-kitab, rüku, sücud, əl-etidal, ət-təşəhhüd, əs-salatun-nəbiyyi, əs-salam. Əsərin son qismində bəzi nəsihət və tövsiyələr vardır.
16. Mənaqibi-əmirəl-möminin Əli (k.v.): Hz. Əlinin fəzilətləri bildirilir. Əsərdə Seyid Yəhya, Hz. Əliyə olan məhəbbət və bağlılığını böyük bir səmimiyyətlə izah edərkən, ona inanmayanın kafir olduğunu, onu sevənlərin isə xilas olacağını ifadə edir. Mənzum olaraq, qəsidə janrında yazılmış 116 beytdən ibarətdir.
17. Qəzəliyyat: Seyid Yəhya farsca olan 15 ədəd qəzəlində ilahi eşq mövzusunu işləmişdir. Əsərdə dərmansız bir bəla olan eşqin, əslində, Allahın sevdiyi qullarına bir lütfü olduğunu söyləyir.
18. Risalə fi salatin-nəbi: Hz. Məhəmmədə (s.ə.s) salat və salam gətirmənin əhəmiyyətinin izah edildiyi bu qəsidə səkkiz müsəddəs qitə halında olub 56 beytdən ibarətdir.
19. Məkarimi-əxlaq: Seyid Yəhyanın nadir nəsr əsərlərindəndir. Mövzusu əxlaq olan əsərdə saleh əməl və əxlaqın imanın əsası olduğu mövzusu işlənir. Hz. Peyğəmbərin (s.ə.s) və onun yolunda olanların ən əhəmiyyətli xüsusiyyətlərinin əxlaq olduğu deyilir. İnsanda pislik duyğularının nələr olduğu və bunlardan xilas olmanın yolları göstərilir. Təsəvvüfün “Allahın əxlaqı ilə əxlaqlanmaq” olduğu vurğulanır. İstanbul Universiteti kitabxanasındakı nüsxənin adı “Əxlaqı-Məhmudat”dır.

SİLSİLƏSİ

X əlvətilik islam dünyasında yayılmış ən mühüm təsəvvüfi məktəblərdən biridir. Təriqətin piri-sanisi olan Seyid Yəhya Şirvani bu məktəbə son və kamil formasını verən şeyxdir. Əbdülqahir Sührəverdidən başlayaraq, Qütbəddin Əbhəri, Zahid Gilani və Ömər Lahıci tərəfindən inkişaf etdirilən təriqətin ideoloji quruluşu, Seyid Yəhya tərəfindən bir sistem halına gətirilərək yenidən formalaşdırılmışdır. Buna görə də “Piri-sani” ünvanı ilə bütün Xəlvətilik qollarının silsilələrinin başında onun adı yer alır.
Xəlvətilik silsiləsində Hz. Peyğəmbərdən Pir Əbu Abdullah Ömərə qədər 18, Piri-sani Seyid Yəhya Şirvaniyə qədər 22 şeyx iştirak etməkdədir. Bu mübarək silsilə Hz. Peyğəmbər əfəndimizdən Şeyx Seyid Cəmaləddin Yəhya əş Şirvani əl-Bakuvi həzrətlərinə bu şəkildə çatır:
Seyyidül-əvvəl vəl-axır Məhəmməd Mustafa (s.ə.v.) (12/632)
Əbul-Həsəneyn İmam Əli bin Əbu Talib (k.v) (v. 40/660)
Seyyidüt-Təbiin Şeyxüş-şüyux Həsən əl-Bəsri (v. 110/729)
Əş-Şeyx əl-Həbib bin Mahmud Əl-Naşi (v. 156/774)
Əş-Şeyxul-Kəbir Əbu Süleyman Davud bin Nasır ət-Tai (v. 165/783)
Əş-Şeyxul-Fahim Əbul-Məhfuz Məruf Əli əl-Kərxi (v. 200/816)
Əş-Şeyxul-Kərim Əbul-Həsən Sərriyüs-Saqati (v. 253/867)
Seyyidüt-Taifeyi-Sufiyyə Əbul-Qasım Cüneyd b. Məhəmməd əl-Bağdadi (v. 297/910)
Əş-Şeyx Əbu Əli Əhməd Mümşad ət-Dinəvəri (v. 299/912)
Əş-Şeyx Əbu Abdullah Məhəmməd Dinəvəri (v. 370/980)
Əş-Şeyx Əbu Hafs Ömər Vəcihüddin əl-Qazı əl-Bəkri əs-Sührəverdi (v. 442/1050)
Əş-Şeyx Əbun-Nəcib Ziyaüddin Əbülqahir əl-Bəkr əs-Sührəverdi (v. 563/1168)
Burada silsilə iki qola ayrılmaqdadır. Biri Sührəverdiyyə təriqətinin qurucusu Şeyx Şihabəddin Sührəverdi, digəri isə Əbhəriyyə təriqətinin qurucusu Qütbəddin Əbhəri ilə davam edir. Xəlvətilik ikincisini təqib edir.
Piri-təriqəti-Əbhəriyyə Əbu Rəşid Qütbəddin əl-Əbhəri (v. 622/1225)
Əş-Şeyx Rüknəddin Əli bin Heydər bin Məhəmməd Sincasi (v. 628/1230?)
Əş-Şeyx Şihabəddin Mahmud Təbrizi (v. 702/1302?)
Əş-Şeyx əs-Seyid Cəmaləddin Məhəmməd Şirazi, əl-Əzhəri (v. 652/1255?)
Piri-təriqəti-Zahidiyyəyi-Xəlvətiyyə İbrahim bin Rövşən, Zahid Gilani (v. 681/1282)
Əş-Şeyx Kərimüddin Əxi Məhəmməd əl-Xəlvət əl-Xarəzmi (v. 780/1378?)
Piri-təriqəti-Xəlvətiyyə əş-Şeyx Əbu Abdullah Siracəddin Ömər bin əş-Şeyx Əkməlüddin əş-Şirvani əl-Lahıci əl-Xəlvəti (v. 750/1350)
Əş-Şeyx əl-Fani Əxi Mirəm (əmrəm) əl-Xəlvət (v. 800/1398?)
Əş-Şeyx Hacı İzzəddin Mahmud bin Mevdudi bin Əhməd ət-Türkmani Əxi-Şamaxı əl-Xəlvət (812/1410)
Əş-Şeyx Sədrəddin əş-Şirvani əl-Xiyavi (826/1423-24)
Piri-Sani Seyyidətüt-taifətül-Xəlvətiyyə əş-Şeyx əs-Seyid Cəmaləddin Yəhya bin əs-Seyid Bəhaəddin əş-Şirvani əl-Bakuvi əl-Xəlvəti (870/1466).

XƏLİFƏLƏRİ

S eyid Yəhyanın Bakıda qırx ildən çox davam edən irşad xidməti nəticəsində iyirmi minə yaxın müridi olduğu, bunlardan üç yüz altmışına xilafət verdiyi qeyd edilir. Yetişdirdiyi məşhur sufi mürşidlər arasında Məhəmməd Bəhaəddin Ərzincani, Aydınlı Dədə Ömər Rövşəni, Aksaraylı Həbib Qaramani, Afyonlu Şükrullah, Əlaəddin Rumi, Yusuf Ziyaəddin Müsküri Şirvani, Kastamonulu Seyid Əhməd Sünnə, Çankırılı Həmzə əfəndi kimi şəxsiyyətlər vardır. Xəlvətilik təriqəti Seyid Yəhyanın xəlifələri və onların davamçıları vasitəsi ilə Anadolu, İran, Azərbaycan, Orta Şərq, Şimali Afrika və Balkanlarda geniş şəkildə yayılmışdır. Xəlvətilikdə ən çox xəlifə yetişdirən və ətrafa göndərən Seyid Yəhya olmuşdur. Xəlifələrinin qabaqda gələnləri Osmanlı və bəyliklər Anadolusundan gələn şəxsiyyətlərdir. Onların bir çoxu şeyxlərinin tövsiyəsi ilə yenidən Anadoluya qayıtmışlar və buralarda xəlvətiliyi yaymışlar. Bu şeyxlər ilə onların davamçıları vasitəsi ilə Xəlvətilik XV əsrin ikinci yarısından etibarən, türk və islam dünyasının ən böyük təriqətlərindən biri halına gəlmişdir. Seyid Yəhyanın vəfatından bir əsr sonra isə, qırxdan çox şöbə və qol ilə Osmanlı dövləti içərisində ən çox müntəsibi və təkkəsi olan təsəvvüf məktəbi olmuşdur. Bu vəziyyət XX əsrə qədər davam etmişdir. Buna görə mənsublarının sayının yüz minlərə çatdığı təxmin edilə bilər. Bu vəziyyət Xəlvətiliyin necə böyük bir təsir gücünə və yayılma qabiliyyətinə sahib olduğunu göstərməkdədir. Xəlvətilik kəmiyyət və keyfiyyət etibarilə, Osmanlı cəmiyyətinin dini-ictimai həyatında iştirak edərək, dövlət və millət bütünlüyü içində, əmin-amanlığın yaradılmasına kömək olmuşdur. Başda Anadolu olmaq üzrə Osmanlı coğrafiyasındakı bu yayılma, Seyid Yəhyanın Anadolunun müxtəlif yerlərindən gələn müridləri vasitəsi ilə olmuşdur. O dövrdə İzmir, Afyon, Karaman, Erzincan, Amasya, Kastamonu, Aksaray kimi, Bakıya çox uzaq yerlərdən gələn yüzlərlə müridi varlığı, Seyid Yəhyanın şöhrətinin Anadoluda çox geniş bir sahəyə yayıldığını göstərir. M. Əli Ayni, Osmanlı dövlətində lədunni maarif qaynağının Şirvan olmasını və S. Yəhyanın buradakı təsirini belə ifadə edir: “Şirvan, Seyid Yəhya sayəsində bir vaxtlar aləmin təvaf yeri olmuşdu. Seyid Yəhya Xəlvətilik təriqətinin ikinci piridir. Xəlvətilik yolunu əsasən Siracəddin Ömər Xəlvəti qurmuşdu. Ona da bu yolun ədəb və təlimləri, doğru silsilə ilə İmam Əli Əfəndimizdən gəlmişdi. Ancaq Xəlvətilik yolunun başçılığı Seyid Yəhyaya gəlincə, təriqət sürətlə hər tərəfə, hətta Misirə, Hicaza, Hindistana qədər yayılmağa başladı. Hələ bizim tərəfdən bir-biri ardınca həqiqətə susamış bir çox şəxslər Bakıya qaçdılar. “Seyid Yəhyanın Anadoludan gələn xəlifələrinin qırxına xilafət verdiyini ifadə edən Hüseyn Vəssaf da bunları söyləyir: “Şirvan ətrafı xalqın irşad əsnasında diyarı-Rumdan təlqin və irşada istedad sahibi bir çox kəslər olduğunu ilhamı-Rəbbani ilə kəşf edərək bu ətrafda təşrif ilə mərifətullaha rəğbəti olan bir çox zatlar, şamı-cəmi-mədəniyyətə, məclisi-ərkanlarına pərvanə idilər.” Seyid Yəhya, xəlifələrini Azərbaycanın Şamaxı, Quba-Xaçmaz, Gəncə, Bərdə və Qarabağ diyarlarına göndərərək buralarda da təriqətinin yayılmasına çalışmışdır. Dədə Ömər Rövşəni, Bərdə-Qarabağda olduğu əsnada Uzun Həsənin dəvəti üzərinə Təbrizə gedərək Sultanın xanımı Səlcuq Xatunun inşa etdirdiyi dərgaha yerləşmişdir. Xəlvətiliyin Rövşəniyyə qolunu öz adları ilə Qahirədə davam etdirəcək olan İbrahim Gülşəni, Şeyx Dəmirtaş, Şahin Xəlvəti, Həsən Bayatı Mahmudoğlu kimi şəxsiyyətləri də burada yetişdirmişdir. Xəlvətilik təriqəti Seyid Yəhyanın xəlifələri və onların ardıcılları tərəfindən qurulan dörd ana budaq, qırxdan çox şöbə və qola ayrılaraq hər rəng və zövqə uyğun böyük bir mədəniyyət coğrafiyası meydana gətirmişdir.

AZYB.NET

Yazıya 821 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.