Kamran NƏZİRLİ — Dördüncü möhür(romandan parça)

kamrannəzirli  Yazıçı Kamran Nəzirli artıq “Dördüncü Möhür” romanını çapa hazırlayır. Orijinal bədii-fəlsəfi-psixoloji məzmuna malik romanda tarixi faktlardan və sənədlərdən də istifadə edilib. Əsərin qəhrəmanı iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızdır. Yeniyetməlik çağlarından bəri taleyin bütün ağır zərbələrini – baba, ata, əmi, oğul və digər qohumların itkisini yaşamış bu gənc qız sınmır, Türkiyədə tibbi təhsil alır, vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca düşür, birinci evlilik həyatı uğursuz olur, doğma balasını itirir, yenə əyilmir, elmi araşdırmalarını davam etdirir, nəhayət, dünyanın qibtə edə biləcəyi tanınmış həkim-psixiatr olur. Məhz bundan sonra o anlayır ki, insanların psixoloji durumunda böyük problem var. 


Ümumiyyətlə, dünya əhalisinin yarıdan çoxunun psixoloji durumu acınacaqlı vəziyyətdədir.

Müharibələr, etnik münaqişələr, qaçqınlıq, xəstəliklər, terrorlar… bəlkə elə bütün bunlar psixoloji pozuntularla bağlıdır? Bu, qlobal problemi aradan qaldırmaq üçün gənc alim yollar axtarır, təlim proqramı hazırlayır. Onun psixo-analitik mülahizələri dünya alimləri tərəfindən maraqla qarşılanır və əsərin qəhrəmanı ailə-nəsil şəcərəsi fonunda öz taleyi ilə əcdadlarının ruhi əlaqələrini araşdırır, birinci, ikinci, üçüncü və dördüncü nəsil əcdadlarının acınacaqlı talelərinin mənfi enerjilərini dünyanı idarə edən gizli qüvvələrlə əlaqələndirir, beləliklə, onun elmi mülahizələri daha dramatik şəkil alır; o, dünyanın xilas olunmasının yeganə düzgün yolunu göstərməyə çalışır. Bu yol nədən ibarətdir? Ümumiyyətlə, bu mümkündürmü? Romanda lirik-psixoloji epizodlarla yanaşı, müəllif tarixi sənədlərə də istinad edir.

K.Nəzirlinin “Dördüncü Möhür” romanından bir parçanı oxuculara təqdim edirik.

…Banu düşünürdü ki, insanın sinir sisteminə ilk öncə hava təsir edir. O, qəti əmin idi ki, dünyada yaşayan əksər insanların psixi sarsıntılarının əsas səbəbkarı da havadır, daha doğrusu, havasızlıqdır. O, darısqal yataqxana otağının pəncərələrini açdı, həyətə boylandı. Yamyaşıl hündür ağacların başında quşlar nəğmə oxuyurdular, havadan tər güllərin ətri gəlirdi. Səs-küy yox idi, uzaqdan tələbə şəhərciyinə açılan darvazaların yanında bir-iki maşın dayanmışdı. Elə bil bu boyda şəhərcikdə heç kim yaşamır, heç nə hərəkət etmir, təkcə sərçələr civildəşir, yaşıl çəmənlikdəki güllərin ətrindən və ətrafdakı səliqə-səhmandan məst olub bir-birlərinə eşq elan edirlər. Necə oldusa, kənddəki evləri yadına düşdü. Uzun qış gecələri pəncərə qabağında oturub lampa işığında kitab oxumağı, bacısı Reyhanın hər şeydən xəbərsiz, qayğısız-qayğısız yatması, ata-anasının hər səhər tələsə-tələsə məktəbə getməsi, gur yanan peçin üstündə anasının boyat təndir çörəklərini qızdırması, sonra da əlləri yana-yana çörək tikələrini götürüb üstünə kərə yağı sürtməsi, bacısına və ona verməsi… onları xarç-xarçla yeməsi… sonra ilk dəfə məktəbə yollanmasını, daha sonra Gorusdan ona dəri gödəkçə alıb gətirdikləri gün ata-anasının necə sevindiklərini, bəxtəvər-bəxtəvər bir-birləriylə zarafatlaşdıqlarını… daha nələri… xatırladı. Sonra Daşdəmirlə Rəşidin ilk dəfə kəndə gəldiyi gün gözləri önündə canlandı. Elə bil dünən olmuşdu, həmin gün necə sevinmişdilər! Oğlanlarla tay-tuşları kimi söhbət edir, danışır, gülür, zarafatlaşır, Rəşidin gülməli anekdotlarını eşidib uğunurdular. Necə şirin, necə maraqlı günlər idi!

Birdən Rəşidin lovğa baxışları, ikibaşlı eyhamları və sırtıq hərəkətləri yadına düşdü. Qız elə bil nədənsə iyrəndi, qeyri-ixtiyari dala çəkildi. “Görəsən o, mənimlə doğurdanmı məzələnirdi? Ya bəlkə…Axı bu, heç sevgiyə də oxşamırdı? Yox… yox… belə sevgi olmaz! O, nəyi öyrənmək istəyirdi? Nə idi, o, Daşdəmirgildə nə dedi mənə? Heç yadıma düşmür! Hə, hə, deyəsən, dedi ki, xəstədir… yox, elə demədi! Dedi oğurluq eləməyə gəlib! Necə dedi, yadımdan çıxıb… Nəsə oğurluqdan söhbət düşdü, sonra dedi… məni… yox… eeee… məni oğurlaya bilməz! Eeeeeeee…. Bu hardan düşdü yadıma? Lap uşaq kimi düşünürəm. Hər şey arxada qalıb… o da bir uşaqlıq şıltaqlıqları idi… Eh, Bakı, Bakı! Sənin üçün burnumun ucu göynəyir! Bircə evə tez çatsaydım…”

lll

Atəşkəsdən sonrakı beş ilin təfərrüatlarını təsvir etməyə lüzum yoxdur. Camaat kimi Kamal Axundzadənin ailəsi də tədricən sarsıntı və məşəqqətləri unudurdu. Camaat məhrumiyyətlərdən yavaş-yavaş xilas olurdu. Tədricən ailənin rifahı, əhval-ruhiyyəsi düzəlirdi. Tezliklə Reyhanla Daşdəmirin hər iki ailənin üzvləri ilə münasibətlərində buzlar əriməyə başladı, doğmalıq və dostluq qalib gəldi. Xurşud Fərzəlibəyli arvadı Mənzərlə Ağcabədinin Kəhrizli kəndinə köçməmişdən qabaq uşaqların hər ikisinə xeyir-dua verdi, böyük gəlinin birdən-birə ağarmış saçlarını (atəşkəsdən üç ay keçmiş İbrahimi cəbhə bölgəsində əlində videokamera çəkərkən erməni snayperi vurdu, onun həyatını xilas eləmək mümkün olmadı!) Daşdəmirlə Reyhana göstərib elə bil sonuncu tapşırığını verdi:

– Cavan ağbirçək ananızdan muğayat olun!

Aylar ötdü. Reyhanla Daşdəmirin ailə xoşbəxtliyi Qaratelin nənə sevincinə qarışdı, Reyhan oğul doğdu. Kiçik qızının təbiətən qərarsız və laqeyd olmasını Daşdəmirin qətiyyəti və mərdliyi örtmüşdü. Cavan ailə ilk vaxtlar çətinliklə də olsa, yola gedirdi, artıq onların evində uşaq böyüyürdü. Reyhan ana olandan sonra  qəlbindəki analıq atəşi yavaş-yavaş közərməyə başladı. O, bu sevincin nədən ibarət olduğunu getdikcə daha çox anlayırdı. Hərdən cavan ana Banuyla kompüter vasitəsiylə “dərdləşir”, İstanbulda oxuyan bacısına giley-güzar dolu məktublar yollayırdı, bacısından cavab alınca çox peşiman olurdu. Çünki onun ağıllı və sakitləşdirici cavablarını oxuyanda anlayırdı ki, “ağlamaq” heç də yaxşı əlamət deyil, insan bu dünyadakı bütün problemlərini özü həll etməlidir, sızıltılarını özgədən gizlətməlidir. Məsələ bundaydı ki, Daşdəmir müharibədə güllə yarası almışdı, güllə onun buduyla baldır sümükləri arasında ilişib qalmışdı. Rütubət olanda, ya da hava bir balaca tutulanda Daşdəmirin ağrıları başlayırdı, özü də bu ağrılar elə dəhşətli olurdu ki, onun əvəzinə az qala Reyhan inildəmək istəyirdi. Hara gedirdi, hansı xəstəxanaya müraciət edirdi, bu mürəkkəb əməliyyatı heç kim boynuna götürmürdü. Əvvəla, əməliyyat çox mürəkkəb olacaqdı, çünki zərif yerdi, omba və baldır sümüklərini bir balaca zədələsəydilər Daşdəmir ömürlük şikəst qala bilərdi. İkincisi, bu əməliyyat çox bahalıydı, deyirdilər ki, gərək İsrailə gedəsən, ən yaxşı həkimlər ordadı, ora getmək üçün də bir ətək pul lazımdı! Bir sözlə, müharibə veteranı qapı-qapı düşürdü, hamı ağız büzür, bəzən heç bir həkim və xəstəxana onu qəbul eləmirdi. Bütün dövlət və qeyri-dövlət qurumları onun üzünə bağlanmışdı və buna görə də gənc veteranın gərgin, hirsli, qəzəbli olması evdə çox vaxt əsəbi bir mühit yaradırdı. Cavan ər-arvad bəzən belə bir əsəbi mühitin ucbatından küsüb-barışırdı. Barışan zaman hər ikisinin kefi durulur, “Min bir gecə” nağıllarındakı qəhrəmanlar kimi bir-birlərini oxşayıb əzizləməkdən həzz alırdılar. Belə şirin anlarda Reyhan adəti üzrə ərinə eyni sualları verirdi:

–Düzünü de, o ilan doğrudan sənin əlini sancmışdı? Yoxsa yalandan edirdin, özünü mənə göstərmək istəyirdin…

–Özümü sənə göstərmək istəyirdim… Amma ilan doğruçu ilan idi…- deyə hər dəfə Daşdəmir də eyni cavabı verir, sonra da gülürdü.

Sonra Reyhan kənddəki həyətlərində söhbətin sonunu onun yadına salırdı, deyirdi:

–Sən elə o vaxtdan söz vermişdin ki, mənə yaxşı xəbər deyəcəksən, nooldu, indiyədək niyə gizlədirsən?

Daşdəmir də hər dəfə ona deyirdi ki, o “xoş xəbər”in məqamı yetişməyib…

Reyhan da inanırdı və uşaq kimi ərinin ona deyəcəyi “xoş xəbər” xəyalıyla yaşayırdı. Lakin bir dəfə Daşdəmir dedi ki, sən demə, bu “xoş xəbər” Banuyla bağlıymış. Reyhan bunu biləndə çox təəccüb elədi. Hələ o vaxt Rəşidlə Daşdəmir onlara qonaq gələn gün dostlar xısın-xısın pıçıldaşıblar və Rəşid Daşdəmirə deyib ki, mənim Banudan xoşum gəlir! Daşdəmir də dostunun artıq seçim etdiyini görüb Reyhanın dalına düşüb. O, ilk günlər elə-belə, Reyhanın başını qatmaq istəyirmiş ki, Rəşidlə Banu təklikdə söhbət eləsinlər, bir-birlərini daha çox tanısınlar. “Sirr” yalnız bundan ibarət imiş. Daşdəmirgildə olanda isə Rəşidlə aralarında bir balaca söz oldu, o da acıq eləyib getdi. Daşdəmir də Reyhana vuruldu, ondan əl çəkmədi.

Reyhan bu təzə və köhnə “xoş xəbər”i bacısına yazdı, Banu kompüterində Reyhanın mesajını oxuyanda dodaqları aralandı, yanaqları allandı. Lakin az sonra qürur Banuya güc gəldi və bacısına istehzalı bir cümlə yazdı:

“Mən belə bir adamın olub-olmadığını xatırlamıram… Banu”.

lll

Banunun ali təhsilli həkim-psixiatr kimi Bakıya dönməsi əməlli-başlı toy-bayrama döndü. Qaratel gah fərəhindən gülür, nəmli gözləriylə qızının boyunu, qamətini, bütün vücudunu acgözlüklə nəzərdən keçirir, arabir əllərini qızının başına, çiyinlərinə, üzünə sürtür, düşünürdü: “Görəsən doğrudanmı bu, mənim qızımdır?”

Dünyayi-aləm dəyişmişdi və Banu da dəyişmişdi. Onun makiyajı, saç düzümü, bədən quruluşu, qaşı-gözü, baxışları, oturuşu-duruşu, nitqi, məntiqi, əyin-başı tamam dəyişmişdi. O, bir qədər özündən razı, bir qədər narazı, bir qədər həlim, bir qədər sərt, bir qədər dalğın, bir qədər də gümrah və şən görünən Banu olmuşdu. Üzündən təbəssüm əskik olmurdu, onu görən yad bir adamın ilk təəssüratı yalnız bu olardı ki, bu qız nadir azərbaycanlı nüsxəsidir. Yumru sifətinin almacıqları bir balaca qızarmışdı, xırda ətli dodaqları təbii çəhrayı rəngini qoruyub saxlamışdı, uzun saçlarını kəsdirmişdi, qısa, lakin bir qədər qabağa çıxmış çənəsinə qədər sallanmış şabalıdı hörükləri bütün simasına cazibəli, həm də sirli bir aura vermişdi.

Nənəsi Süsən dərhal narazılığını bildirdi:

–Nahaq yerə saçlarını kəsdirmisən!

Bacısı Reyhan isə:

–Belə daha yaxşıdı, Banu, yaraşır!- deyib əlavə etdi ki, o da saçlarını kəsdirmək istəyir. Qaratel qızına göz ağardıb işarə elədi ki, olmaz…

Banu gələndən sonra babası Kamal daha əvvəlki kimi “inqilabçı” çıxışlar etmirdi, lakin yenə hesab edirdi ki, ölkədə və dünyada baş verən bütün olayları  hansısa “gizli qüvvələr” idarə edir. Son illər bu diri kişidən əsər-əlamət belə qalmamışdı, gücdən düşmüşdü, çox ağırlaşmışdı, bəzən təzyiqi ikiyüzü vururdu. Belədə Süsəndən daha çox Qaratel narahat olur, dərhal təcili yardım çağırırdı. Qaratel yaşlansa da qıvraqlığını itirməmişdi, cəld idi, ev-eşiyə əl yetirirdi, mətbəxdən çıxmırdı. Yemək hazırlayır, paltar yuyur, ev-eşiyi təmizləyir, hələ bir arada Reyhanın oğluna da baxırdı. Reyhan qəzetlərin birinə müqavilə ilə işə düzəlmişdi. Daşdəmir isə hələ də işsiz idi və bu işsizlik bəzən onu bezikdirir, az qala intihar həddinə çatdırırdı. Və ən pisi də bu oldu ki, onun bütün cəbhə dostlarını əmisi Nadirlə birlikdə tutub basmışdılar içəri. Şəhərdə xəbər gəzirdi ki, “Nadirin dəstəsi” hərbi çevriliş etmək istəyirmiş, amma hökumət vaxtında ayıldı və bunun qarşısını aldı. Daşdəmiri bəlkə də əmisinə görə yaxın buraxan yox idi. Hətta o, bir dəfə Rəşidin atasının yanına da getdi. Elə-belə, Rəşiddən xəbər bilməyə getmişdi. Seyfi onu həmişəki kimi qarşılamadı, ayaqüstü əl verib görüşəndən sonra dedi ki, tələsir, görüşə gedir, “ayrı bir vaxt gələrsən danışarıq!” Daşdəmir çox pərt oldu, bu görüşdən sonra hətta özünü öldürmək də istədi, amma yaxşı ki, Reyhan onu anladı, sakitləşdirdi.

–Onların əli yuxarıların ətəyindədir… Hava satmaqla varlanan adamdan nə gözləyirsən ki? Əmini ilişdirdilər, hələ yaxşı ki, sənə toxunmadılar…Darıxma, bizim qapımızda da toy olar…- deyə Reyhan ümidsiz-ümidsiz dərindən ah çəkdi. O, hər dəfə ah çəkəndə əslində arzusu gözündə qalan qadınlar kimi düşünürdü. Axı, hələ uşaqlıqdan arzulamışdı ki, gəlinlik donu geyinsin, el adətiylə çal-çağırla köçsün, ata-anası əməlli-başlı ona toy çaldırsın. Qismət olmadı, qoşulub qaçdı. Daşdəmirin beş-altı dost-tanışı ilə “hadisə”ni qeyd elədilər, vəssalam! Bütün bunlar arxada qalmışdı, indi tamam başqa zaman idi.

Camaat hər şeyi unutmuşdu. O uqandalı xəstəni də yada salan yox idi. Axı kimin nəyinə lazım idi – “spidi” Bakıya kim gətirib? Axı kim ağlına gətirərdi ki, hansısa sahibkar nə vaxtsa “hava” satıb? Necə olsa, neçə illər keçmişdi, dünya büsbütün dəyişmişdi, şəhərlər, kəndlər, yollar, körpülər… dağılmış, təzədən qurulmuşdu. Köhnələr getmiş, təzələr gəlmişdi. Yeni ailələr, yeni nəsillər yetişirdi. O vaxt kimlər nə satmışdı, kimlər nə almışdı, bunlar indi camaat üçün duyğusal məsələlər deyildi!

Əsas hadisə buydu ki, Banu Türkiyədə Tibb fakültəsini bitirib həkim-psixiatr kimi evə qayıtmışdı. Professor Kamal Axundzadə və onun ailə üzvləri üçün bu qayıdış sonsuz sevincin, habelə bütün uğur və xoşbəxtliklərin əlamətdar başlanğıcı kimi görünürdü. Uzun illər sovetin hərbi hissələrində mühəndis-alim və zabit kimi çalışan, sonradan Yerevan Universitetinin hərbi kafedrasında işləyən, məcburən ordan qovulub Bakıya üz tutan bu adam indi təqaüdçü ömrünü yaşayırdı, pensiya alırdı. Son vaxtlar səhhətindəki problemlərlə (o, 90-cı il Yanvar faciəsi günlərində güllə yarası almışdı) bağlı heç yerdə işləmirdi. Aldığı altı yüz manat təqaüd pulundan başqa heç bir gəliri yox idi. Arvadı Süsən xanım Bakıya gələndən sonra bir müddət orta məktəbdə coğrafiya müəllimi işlədi, səkkiz saat dərs yükü qarşılığındakı əmək haqqı qadının xırda-para xərclərini güclə ödəyirdi. Bundan əlavə qadın repetitorluqla da məşğul olur, üç-dörd nəfər şagirddən qazandığı qeyri-rəsmi gəlir onun üç ayda məktəbdən aldığı rəsmi maaşına bərabər idi. Süsən xanım lap bu yaxınlaradək əlli-ayaqlıydı, onu qonum-qonşuda diribaş, bacarıqlı, namuslu və zəhmətsevər qadın kimi tanıyırdılar. Son on ildə   Qaratelin, Banu və Reyhanın ev və çöl işləriylə bağlı öhdəliklərini də nəzərə alsaq, nənə demək olar ki, ailənin qayğı yükünün yarıdan çoxunu əlində, çiynində və ən əsası isə qəlbində daşıyırdı. O, hər gün sübh tezdən durur, yemək hazırlayır, tələsə-tələsə məktəbə qaçır, dərs deyir, məktəbdən gəlir, gah qaz, işıq, telefon pullarını ödəyir, gah repetitorluq edir, gah da paltar yuyur, xörək bişirir, evin səliqə-səhmanı ilə məşğul olur, əri şəhid olan, qəlbi paralanmış, xəstəhal qızının da qulluğunda dururdu. O, tipik Azərbaycan qadını idi və bütün azərbaycanlı qadınlarda olduğu kimi onun da təbiətində evə, ailəyə bağlılıq güclü idi. Bu müqəddəs teli Allahdan başqa heç bir qüvvə qıra bilməzdi. Əgər Avropa və Asiya insan hüququ təşkilatları öz çoxsaylı sənədlərinə günlərin bir günündə əlavələr və dəyişikliklər etmək fikrinə düşsələr və əgər “dünyanın ən evcanlı qadınlarının hüququ” nominasiyası üzrə mükafat təsis etməli olsalar, məsləhət görərdik ki, siyahının başına Azərbaycan qadınının adını yazsınlar. Bəlkə o zaman onun zəhməti layiqincə qiymətləndirilər.

Bu illər ərzində Qaratel anasının Bakıdakı gərgin və işlək həyatına mane olmaq istəmirdi, həm də içində öz-özünə acıyırdı ki, ona tutarlı kömək göstərə bilmir. Bir yandan da Reyhanın onları taleyin ümidinə buraxıb qaçması ona çox əzab verirdi.

Ailə nə yoxsul, nə də varlı deyildi. Dolanışıq və həyat tərzinə baxanda onlara orta təbəqənin nümayəndələri də demək olmazdı. Bu evdə ən zəngin süfrə qonaq-qara olanda və bir də bayram günləri açılırdı. Belə vaxtlarda professor xüsusi canfəşanlıqla sifarişlər verir, dükan-bazara gedib lazım olan ərzaq, ya da tərəvəz növü alıb gətirir, qızı və arvadına şəstlə deyirdi ki, filan yeməyi bişirin. Süsən xanıma elə gəlirdi ki, qızı və nəvələri qədim milli yeməklərimizi tamam unudub, daraşıblar dönərlərə, ya da MakDonaldz zir-zibillərinə. Reyhana, daha sonralar isə Banuya  da tez-tez deyirdi ki, çöldə-bayırda o zir-zibillərdən yeməsinlər, mədələri pozular. Bundan başqa nənə fisincan plovun, yaxud da turşulu aşın necə bişirilməsini dəfələrlə qızına və nəvələrinə izah edirdi, yenə görürdün ki, yaddan çıxarırlar. Bir dəfə arvad hirsləndi, dərhal Qaratelə əmr etdi ki, dəftər-qələm gətirsin, onun dediklərini sırayla yazsın. Beləcə, o, hər hansı xörəyə nəyi nədən sonra vurmağın, qaynatmağın vacib olduğunu həm qızına, həm də Reyhana başa saldı. Uşaqlar ona “müəllim” kimi baxmırdı, ona bəzən zarafatla “alim nənə” deyə müraciət edirdilər. Bir dəfə (bu, lap əvvəllər olmuşdu, o vaxt Bakıya təzəcə gəlmişdilər!) Banuyla Reyhan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabını müzakirə edirdilər. Bu romanı qızların hərəsi bir cür başa düşmüşdü, başladılar mübahisə etməyə. Necə oldusa, nənə qızların mübahisə etdiyini eşitdi.

– Noolub, a bala, niyə qırırsız bir-birinizi?- soruşdu.

– Nənə, de görüm, heç beşmərtəbəli evin altıncı mərtəbəsi olarmı?

Süsən xanım nədən söhbət getdiyini dərhal anladı, çünki bu əsəri o, özü də oxumuşdu, bir anlıq duruxdu, ürəyində nəvələrini qınadı. “Yenə başladılar höcətdəşməyə də!” (Bacılar artıq analarının darağı üstündə yox, kitablar üstündə mübahisə edirdilər. Lap bu yaxınlarda “Qara paltarlı qadın” şeirini müzakirə etmişdilər, sonda yenə dava-dalaşa çıxmışdılar, biri deyirdi məncə, o şair o şeiri anamıza yazıb, o da daim qara paltar geyinir, dərd çəkir, göz yaşı tökür atamız üçün… o biri deyirdi ki, axı atamız anamızı heç vaxt ağlatmayıb, ona hər zaman nəvaziş göstərib… yox, sən düz demirsən, şair o şeiri naməlum qadına yazıb…

Nəhayət, Süsən xanım nə düşündüsə, zarafata salıb cavab verdi:

– Olar, a bala, niyə olmur? Əslində müəllif o qadın obrazını “altıncı mərtəbəyə” qaldırıb, yəni o qadını ucaldıb… Siz belə şeyləri başa düşməzsiniz…

Qızlar susdular, beləliklə, mübahisə sülh yolu ilə “həll” olundu.

Son illər nənə gücdən düşmüşdü, daha məktəbə getmirdi. Dini kitablar oxumağa başlamışdı, Müqəddəs Kitabın azərbaycancaya tərcümə edilmiş variantını demək olar ki, əzbər bilirdi, ayələrin təfsirini də verə bilirdi. Özünün dediyinə görə, bu istedad ona ilahidən verilib. Amma ailəni yaxından tanıyanlar bilirdilər ki, Süsən xanımın atası Nəminli Hacı İsgəndər üləma olub, İsfahanda ali ruhani məktəbini bitiribmiş, gözünün ağı-qarası bircə qızı Süsənə də şəriət və İslamla bağlı bütün bildiklərini o öyrədibmiş. Sonradan Süsəngil İran Astarasından Sovet Astarasına köçüblər. Qadın orda hərbi qulluqda olan Kamal Axundzadə ilə tanış olmuş və beləliklə də onlar evlənmişlər. Daha sonralar isə ailə hərbçi həyatı yaşamışdı- onlar Sovet İttifaqının müxtəlif regionlarında olmuş, nəhayət, Kamalın doğulduğu Ermənistana qayıtmışdılar. Hər halda, göz qabağında olanı buydu ki, Süsən xanımın təbii zəkası vardı və son illər camaat qadına daha ehtiramla yanaşır, dini təlimlərlə, şəriətlə bağlı moizələrinə maraqla qulaq asırdı.

Banu Türkiyədən gəlməmişdən qabaq ailənin həyatında daha mühüm bir hadisə baş verdi: onların yaşadıqları köhnə üslublu beşmərtəbəli evin söküləcəyini, əvəzində isə Yeni Yasamalda beşotaqlı mənzil veriləcəyini bildirdilər. İlk vaxtlar ailə çox pərişan oldu, ümidsizlik və nigarançılıq evə hüznlü bir əhval-ruhiyyə gətirdi- adamı öz sığınacağından, evindən üçüncü dəfə çıxardasan, hələ bu da azmış kimi, bu boyda “xruşşovka”nı verəsən buldozerin altına, necə olarsan?! Buna oxşar sarsıntı hallarını Qaratel iki dəfə yaşamışdı, birinci dəfə Ağdüdən didərgin düşəndə, ikinci dəfə Laçından qaçıb gələndə… Ata-anası üçün də belə hal tanış idi, çünki hələ dərdləri istiydi, soyumamışdı. Buna görə də bu xəbərə bir o qədər əhəmiyyət vermədilər. Lakin…həyatın get-gedə daha maraqlı, daha cəzbedici olduğu bir vaxtda qəflətən gəlib dedilər ki, sənin evini sökürük, yerində də göydələn, ya da şadlıq sarayı tikirik, əlbəttə, onlara yer elədi. Ailə bir müddət özünə gələ bilmədi, heç olmasa əməlli-başlı kompensasiya versələr, dərdin yarısı ola bilərdi. Sonradan bu sarsıntılı anlar və günlər də təbii axarlara qovuşdu. Kamal bütün keçmiş əziyyətlərini, dövlət üçün, vətən üçün can qoyduğu namuslu əməyini unutdu, bu günün gerçək cazibə qüvvəsiylə barışmalı oldu. Bütün ümid və həyəcanlar Yeni Yasamaldakı hündürmərtəbəli yaşayış binasına bağlandı. Günlərin bir günü Sosial Təminat Nazirliyi Qaratelə qəhrəman şəhid ailəsi olduğu üçün bir minik maşını da bağışladı. Ailənin başının üstünü qara kabus kimi alan dumanlı gərginliklər birdən-birə yox oldu. Amma professorun keçirdiyi əsəb sarsıntıları ucbatından keçmiş yaraları sanki oyanmışdı, içində baş qaldıran ağrılar get-gedə şiddətləndi və o, qızına verilən minik maşınından bir qədər istifadə edəndən sonra onu həyətdə saxladı, dedi:

– Daha sürə bilmirəm, qoy qalsın, Banu gəlib sürər.

Beləliklə, Banu gələndən bir neçə gün sonra ailə üçün biri-birinin dalınca əlamətdar hadisələr baş verdi: tezliklə Yeni Yasamaldakı çoxmənzilli hündür yaşayış binasının sonuncu mərtəbəsindəki təmir edilmiş, hər cür avadanlıqla təchiz olunmuş beş -otaqlı mənzilin açarını Kamal Axundzadəyə təqdim elədilər. Onlar dərhal yeni mənzilə köçdülər. Ordan bütün Bakı görünürdü. Ailə Yeni ili təzə mənzildə qarşılamağa hazırlaşırdı. Dekabr ayının sonuncu günü idi…

Qaratelin saçları ağarmışdı. İllər onun kübar qamətini bir qədər də əymiş, yaddaşına da əl gəzdirmişdi. Qadın əvvəlki kimi oturub-durmur, hərəkət və davranışlarında ağırlıq hiss edirdi. Süsən qızını belə vəziyyətdə görəndə bəzən bir küncə çəkilib namaz qılır, Allaha dua edir, yalvarırdı ki, heç olmasa, qızının bundan sonrakı ömrünü rahat və xoşbəxt eləsin. “Alim nənə” ilin son gecəsini layiqli qarşılamaq üçün bütün günü əlləşib zəngin yeməklər hazırlayan ailənin bayram süfrəsinə qatılmadı. Banu, Reyhan və Daşdəmirin, üç yaşlı balaca Ruslanın təkidlərinə baxmayaraq, öz otağına çəkilib Müqəddəs Kitabı əlinə götürdü. Gur işıqlı, geniş mənzildə nəvəsi Banu üçün niyyət elədi, Qurana baxdı. “Bismillah” deyib Kitabı açdı, gözünə sataşan ilk cümləni oxudu: “Allah bəndələrini əmin-amanlıq yurduna çağırır və istədiyini doğru yola salır…”. Nənənin sevincdən gözləri yaşardı, Kitabı ehmalca örtüb gözünün üstünə qoydu, öpdü. O biri otağa yeridi, içkidən gözləri süzülən ərinə və yorğun görünən Qaratelə dedi: “Banu üçün yaxşı gəldi, şükür Allaha! İşi düzələr, inşallah!”. Sonra su sonası kimi ayaqlarının ucunda mətbəxdən çıxan Banuya üzünü tutub əlavə etdi: “Yanvar ayı uğurlu olacaq, nənə qurban! Baxarsan, mənim dualarımı Allah eşidəcək!”.

Yazıya 824 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.