Küləklə sovrulan Vivyen Li

vivyen-li-2_54e715b56df2e

Vivyen Li kino tarixinin ən parlaq və sevilən simalarından biridir. Ecazkar gözəlliyi, zəngin daxili aləmi və yaratdığı obrazları yaşamaq istedadı onu hələ sağlığında dünya kinosunun əfsanəsinə çevirib. “Küləklə sovrulanlar” filmindəki Skarlet, “Şəhvət tramvayı” filmindəki Blanş rollarına görə iki dəfə “Oskar” mükafatına layiq görülüb. Teatrda da bir-birindən maraqlı obrazlar yaradan aktrisa Kleopatra, Cülyetta, xanım Maqbet kimi klassik obrazlarla sevilib.

 

Üç yaşından səhnədə

Vivyen Meri Hartli 1913-cü il noyabrın 5-də Hindistanda anadan olub. Atası etnik ingilis Ernest Hartli zabit olub və Hindistanda xidmət edib. Damarlarında irland, fransız və ingilis qanı axan anası Gertruda Robinson ev işləri və uşaqların tərbiyəsi ilə məşğul olub. Vivyenin valideynləri Londonda tanış olub, evləniblər. Toydan bir qədər sonra cütlük şəhər-şəhər, ölkə-ölkə gəzib. Darcilinq şəhərində anadan olan Vivyen də sonra ailəsi ilə birlikdə Banqlora köçüb və uşaqlığının əsas hissəsi bu şəhərdə keçib.

Aktrisa haqda yazılan çoxsaylı məqalə və kitablarda onun hələ üç yaşında səhnəyə çıxdığı qeyd olunub. Üç yaşlı Vivyen Li Hindistanda xidmət edən ingilis hərbçiləri qarşısında çıxış edib və “Balaca Bo Pip” şeirini oxuyub. Aktrisanın anası da həvəskar teatr truppasında çalışıb, valideynləri balaca qızın yaradıcı potensialının üzə çıxması üçün əllərindən gələni əsirgəməyiblər. Anası Vivyeni Hans Xristian Andersen, Lyuis Kerol, Redyard Kiplinq yaradıcılığı və yunan mifologiyası ilə tanış edib. Balaca Vivyen evə gələn xüsusi müəllimlərin köməyilə dünya ədəbiyyatını, poeziyanı, musiqini mükəmməl öyrənib.

1920-ci ildə 7 yaşlı Vivyen İngiltərəyə yola düşüb. Burada gələcək aktrisa “Müqəddəs ürəklər” monastırında təhsil alıb. Monastırda Vivyen sonralar məşhur aktrisa olan Morin Osallivanla dostlaşıb və böyük aktrisa olmaq qərarına gəlib.

İlk nikah və ilk film

Təhsilini Avropada davam etdirən Vivyen 1931-ci ildə İngiltərəyə, valideynlərinin yanına qayıdıb. Valideynləri onun aktrisa olmaq istəyini müsbət qarşılayıblar. Atasının köməyilə Vivyen Li Londondakı Dram Sənəti Akademiyasına (Royal Academy of Dramatic Art) qəbul olunub. Öz üzərində yorulmadan çalışan Vivyen professional aktrisa olmaq yolunda inamla addımlayıb.

Akademiyada təhsil aldığı illərdə aktrisa vəkil Herbert Li Holmanla tanış olub. Vivyendən 13 yaş böyük vəkil Holman incəsənət və teatrı qətiyyən sevməyib. Mühafizəkar təbiətli Herbert sevdiyi xanımın işləməsinə kəskin etiraz edib. Bütün ziddiyyətlərə rəğmən Vivyen və Herbert 1932-ci il dekabrın 20-də ailə həyatı qurublar. Ev işləri, ailə qayğıları ilə məğul olan Vivyen Akademiyanı çətinliklə də olsa başa vurub. 1933-cü ilin oktyabrında aktrisanın qızı Syuzanna dünyaya gəlib. Amma Vivyen səhnəsiz, sənətsiz yaşaya bilmədiyini çox tez anlayıb. Ev qadını obrazından bezən Vivyen 1935-ci ildə “Skvayr kəndi” komediyasında səhnəyə çıxıb. Eyni ildə aktrisa “İşlər yolundadır” filmində kino debütünə imza atıb. “Xeyirxah adamın maskası” tamaşasındakı rolu ona əsl məşhurluq gətirib. Tənqidçilər gənc Vivyenin ifasını olduqca yüksək qiymətləndiriblər.

Elə ilk tamaşadan sonra aktrisa Vivyen li Holman adını qısaltmaq qərarına gəlib. Prodüserinin “Eypril Morn” olmaq təklifini rədd edən gənc qız Vivyen Li olub.

Olivye ilə tanışlıq

“Xeyirxah adamın maskası” tamaşası aktrisanın həyatını doğrudan da dəyişib. Nümayişlərin birində əfsanəvi aktyor Lourens Olivye Vivyenin qrim otağına gəlib. Uğurlu çıxışa görə onu təbrik edib. Vivyen və Lourens tezliklə dostlaşmağı bacarıb. “İngiltərə üzərində alov” filminin çəkilişləri zamanı bu dostluq sevgiyə çevrilib.

Hər ikisi evli olsa da çəkiliş prosesində yaranan münasibətləri gizlətmək mümkün olmayıb. Lourenslə yaşadığı eşq macərası Vivyenin daha çox məşhurlaşmasına və yeni rollar qazanmasına səbəb olub.

Li sevimli aktyoru və rejissoru Lourensin “Old-Vik” teatrında hazırladığı “Hamlet” tamaşasında Ofeliyanı oynayıb. Nə Vivyenin, nə də Olivyenin həyat yoldaşları boşanmağa razı olmadıqları üçün cütlük yeni mənzilə köçmək qərarına gəlib.

“Yankilər Oksfordda” filmində aktrisa Robert Teylor, Layonel Berrimor və Morin Osallivanla tərəf müqabili olub. Məhz bu film Vivyen Linin Birləşmiş Ştatlarda məşhurlaşmasına səbəb olub.

1940-cı ilin fevralında Vivyen və Lourens Santa-Barbarada ailə həyatı qurub. Mərasimdə yalnız iki nəfər – nikah şahidləri iştirak edib.

Li və Olivye “Leydi Hamilton” filmində tərəf müqabili olublar. Vivyenin yaratdığı Emma Hamilton obrazı onun Hollivud ulduzu statusunu möhkəmləndirib. Film və aktrisa İngiltərə baş naziri Uinston Çörçilin sevimlisinə çevrilib.

1939-cu ildə ekranlara çıxan “Küləklə sovrulanlar” filmi aktrisaya dünya şöhrəti gətirib. Skarlet roluna görə Vivyen ilk “Oskar”ını qazanıb. Bu gün də çoxları Vivyen Lini məhz Skarlet Ohara kimi xatırlayır.

Xəstəlik baş qaldırır

Vivyen və Lourensin Brodvey səhnəsində hazırladığı “Romeo və Culyetta” tamaşası gözlənilən marağı oyatmayıb. Uğursuzluq bütün maddi və mənəvi gücünü bu layihəyə yatıran cütlük üçün əsl faciə olub.

1943-cü ildə cütlük İngiltərəyə qayıdıb və Linin Şimali Afrika turnesi start götürüb. Aktrisa səhhətində yaranan problem ucbatından turneni yarımçıq qoyub. Həkimlər Vivyen Liyə vərəm olduğunu deyəndə əsəbləri zəif aktrisa huşunu itirib. Qısamüddətli müalicədən sonra “Sezar və Kleopatra” filmində oynayan Vivyen hamilə olduğunu öyrənib. Bədbəxtlikdən körpəsini itirən aktrisa dərin depressiyaya düşüb. Tamaşaların birində özündən çıxan Vivyen Lourensə hücum çəkib və səbəbsiz qışqırmağa başlayıb. Huşunu itirən Li ayılanda olanları xatırlamayıb.

Viven səhhəti ucbatında bir çox layihələrdən kənarda qalıb. Maniakal depressiyadan əziyyət çəkən Li çətin xarakterli və kaprizli aktrisa imici qazanıb. Buna görə də çox vaxt rejissorlar onunla işləməkdən boyun qaçırıb. Vərəm xəstəliyinə yoluxması isə aktrisanın onsuz da zəif olan əsəblərini sıradan çıxarıb.

1940-cı illərin sonlarında Li və Olivye cütlüyü teatrda yaratdıqları silsilə obrazlar sayəsində münasibətlərini yoluna qoyub. Cütlüyün Avstraliya və Yeni Zellandiya turnesi böyük uğurla keçib. Amma yuxu problemi ucbatından Vivyen çox vaxt səhnəyə çıxa bilməyib, onu dublyoru əvəz edib.

Özünü faciə janrında sınamaq qərarına gələn Vivyen Li Tennesi Uilyamsın “Şəhvət tramvayı” tamaşasında Blanş Dyübua obrazını canlandırıb. Tamaşa 326 dəfə oynanılıb. Eyniadlı filmdə Marlon Brando aktrisanın tərəf müqabili olub. Sonralar müsahibələrinin birincə Vivyen Blanş Dyübua obrazının ona hakim kəsildiyini və dəlilik həddinə çatdırdığını etiraf edib. Filmdəki obrazına görə Li ikinci “Oskar”ını və “BAFTA” mükafatını qazanıb.

Küləklə sovrulanlar…

“Şəhvət tramvayı”ndan sonra aktrisa ancaq üç filmdə – “Tünd göy dəniz”, “Roma yazı missis Stoun” və “Səfehlər gəmisi”ndə rol alıb.

1953-cü ildə “Fil cığırı” filminin çəkilişləri zamanı Vivyen növbəti əsəb sarsıntısı keçirib. Aktrisa dərhal Londondakı psixiatriya xəstəxanasına aparılıb. Onun əvəzinə baş rolu Elizabet Teylor ifa edib.

Mütəmadi depressiya və əsəb pozğunluğundan əziyyət çəkən Vivyen kino və teatrdakı işlərini yarımçıq qoymalı olub. Müalicə onu tamamilə dəyişib, Lourenslə münasibətləri də dözülməz həddə çatıb. Evdən və Vivyendən uzaqlaşan aktyor çəkiliş meydançasında həmkarı Coan Plouraytla tanış olub və eşq yaşayıb.

Vivyen Li ilə yaşamağın mümkünsüz olduğunu görən Lourens Olivye 1960-cı ildə boşanmaq istədiyini bildirib. Aktrisaya boşanmaq qərarını teleqramla yazan Lourens bir il sonra istəyinə nail olub. Vivyendən boşanan kimi də Coan Plouraytla ailə qurub və cütlüyün üç uşağı dünyaya gəlib.

Tezliklə Vivyenin xəstəliyi ağırlaşıb, 1967-ci ildə isə növbəti vərəm tutması ölümlə nəticələnib. 1967-ci il iyulun 7-də 53 yaşlı aktrisa Londondakı evində gözlərini əbədi yumub. Vəsiyyətinə əsasən, Vivyen Linin cənazəsi yandırılıb və Şərqi Sasseks qraflığının yaxınlığındakı gölə səpilib.

Son ana qədər aktrisa ona Lourensdən qalan leydi titulunu qoruyub saxlayıb. Çoxsaylı təkliflərə və sevgi etiraflarına baxmayaraq bir də ailə həyatı qurmayıb. “Vivyen Olivyeni çox sevirdi, buna şübhə ola bilməz. Son günə qədər aktyorun şəkli onun çarpayısının yanında idi. Olivye onun həyatının sevgisi olub”,- Olivye Lourensin oğlu Tarkuin xatirələrində belə yazıb.

Leyla

    Yazıya (947) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.