“QABUSNAMƏ”dən dəyərli fikirlər

14328406038679405855567699bdba48

 “Qabusnamə” dünyanın acı-şirinini dadmış, isti-soyuğunu görmüş qocaman bir atanın Ziyarilər xənədanının son hökmdarı olan  Keykavus ibn İsgəndər ibn Qabus ibn Vəşmgir ibn Ziyar tərəfindən 475-ci  hicri-qəməri (1082-1083 miladi) ildə oğlu Gilanşaha bir “vəsiyyətnamə” və “nəsihətnamə” dir..Kitabın müqəddiməsində ata oğluna  belə müraciət edir:

Ey oğul, öz adımı bu dünyadan köçənlər siyahısında  gördükdə, belə qərara gəldim ki, “köç naməsi” mənə çatmamış mən sənə bir “namə” yazım, orada  dünyanın yaxşı və pis işlərini,  dövranın  düz və gəc gərdişini təsvir edim, fürsət əldən  getməmiş yaxşı bir ad qoyum.Ey oğul, zəmanə səni yumşaltmamış sən öz  ağlının gözləri  ilə mənim sözlərimi oxu və ona əməl et… Sən mənim dediklərimdən yaxşı  fayda götürə  bilməsən də heç olmazsa mən atalıq borcumu yerinə yetirmiş olaram.Bir də elə  adamlar tapıla bilər ki, onlar dəyərli sözlərə qulaq asıb ona əməl etməyi qənimət sayarlar….”

*Bu dünya tarla kimi bir şeydir, yaxşıdan-pisdən nə əksən onu da biçəcəksən. Yaxşı adamlar bu dünyada aslan təbiətli  olarlar, pis adamlar isə it  təbiətli. İt tapdığı şeyi ordaca  yeyər, aslan isə ovladığını  başqa yerdə. Bu dünya bir ovlaqdır, sən isə ovçu, sənin ovunda-yaxşı əməllərin.Çalış indi yaxşılıq elə ki, sonra  xeyrini görəsən….*

*Amandır oğlum, dünyada  boş şeylərə könül vermə və demə ki, namazı qılmamaq da olar. Əgər sən namazı din  xatirinə  qılmaq istəməsən, heç olmazsa sağlam düşüncə əsasında qıl. Bilməlisən ki, namazın bir neçə faydası var. : birinci 5 dəfə vacib namaz qılan adamın  həmişə bədəni və paltarı  təmiz olar, təmizlik isə , hər halda natəmizlikdən yaxşıdır; ikincisi, o təkəbbür və qeybətdən uzaq olar, çünki namazın əsasını təvəzökarlıq  təşkil edir, təbiətini təvəzökarlığa  alışdırsan bədən də təvəzökarlığa adət edər.*

*Miras xatirinə  ana və atanın ölmünü arzulama.Ata-anan ölməsə də sənin ruzin yetişəcəkdir, çünki hər kəsin qisməti özünə çatacaq*

*Qədir bilməyən adama  yaxşılıq etmək nadanlıqdır. Sən də nadanlıq adını qazanmağa çalışma. Öz övladının sənə  qarşı necə  olmalarını  arzulayırsansa, sən də öz ata və anana  qarşı elə ol ! Övlad meyvəyə bənzər , ana-ata isə ağaca.*

*Nə sənətin sahibi olursan ol, ancaq  sözü yerində  deməyi bil, çünki yersiz deyilən söz nə qədər gözəl  olsa yenə də çirkin  görünər. Faydasız sözlərdən qaç, çünki faydasız sözlərdən həmişə ziyan gələr.Camaat içində heç kəsə nəsihət etmə.Deyiblər ki, “Adamlar içərisində nəsihət məzəmmətə  bərabərdir”.*

*Sənə pis deyəni onu sənə xəbər gətirəndən tez bağışla.*

*Dostunun az olmasını istəmirsənsə, kin saxlayan olma!*

*Artıq dərəcədə kədərli olmaq istəmirsənsə paxıl olma.*

*İstəyirsən ki, asudə yaşayasan, işlərini hadisələrin  gedişinə uyğun qur.*

*İstəmirsən ki,  sənə divanə  desinlər, tapılmayan şeyi axtarma.*

*Ən aldadılmış adam ona deyərlər ki, nağdı nisyəyə dəyişə.*

*Ey  oğul,  bir şeyi ələ gətirmək mümkünsə, fürsəti fövt etmə, lakin hər şey üstündə özünü təhlükəyə də  vermə.Səy et, hər şeyi özünə layiq, ən yaxşı üsulla ələ gətir. Elə ki, gətirdin, möhkəm saxla, heçə-puça xərcləmə, əldə saxlamaq ələ gətirməkdən  çətindir.

 

*Xoş söz və adamların köməyi ilə düzələ bilən işlərə pul sərf etmə. Yoxsul adamın qədir-qiyməti olmaz.İnsanın ən ağır günü ehtiyacdır..

 

*Hər bədbəxtliyin bir səbəbi vardır, yoxsulluğun da səbəbi israfçılıqdır.İsrafçılıq yalnız mal-dövləti xərcləməkdə deyil, yemək, işləmək, danışmaq-Hər iş olur-olsun, israf etmə, çünki israf bədəni taqətdən salar, ruhu incidər, ağlı çaşdırar,ömrü söndürər.

 

*Öz işində səhlənkarlıq göstərən bəxtindən fayda götürə bilməz və arzularına  çata bilməz.Nəyin varsa və sənə nə lazımsa hamsını özünə xərclə.Doğrudur, mal şirin olar, lakin candan şirin ola bilməz

 

*Pul sələmə verib, sələmə alma, borc istəməyi  ən böyük rəzalət və həyasızlıq hesab et, bacardıqca özün də heç kəsə bir dirəm belə borc vermə, xüsusilə dostlara, çünki dostlardan borcu geri istəmək ən ağır işdir.borc verdikdə onu artıq özünki hesab etmə, ürəyində elə tut ki, o pulu dostuna bağışlayıbsan. Özü qaytarmayınca istəmə ki, bunun nəticəsində dostluq pozulmasın, çünki dostu düşmən etmək asandır, düşməni isə dost  etmək çox çətindir.

 

*Ey oğul evlənsən öz hörmətini qoru, mal şirin  olsa da onu arvad-uşağdan əsirgəmə. Arvadı yaxşı saxla, övladı üzüyola, mehriban tərbiyə et, bu sənin əlindədir. Amma arvad alanda malına görə alma, çox gözəlini də axtarma, gözəlliyə görə  məşuqəni seçərlər. Özündən daha adlı-sanlı arvad alma. Bakirə qız var ikən ,ər görmüşə meyl salma, qoy onun  qəlbində sənin məhəbbətindən başqa heç kəs olmasın, elə təsəvvür etsin ki, bütün kişilər eyni cür olar, başqa kişilərə meyli düşməsin..

 

*Arvaddan şübhələnib onu qısqanmasan, pulunu ondan gizlətməsən və yaxşı saxlasan, Allahın verdiyindən onu yaxşı  dolandırsan, o sənə atadan, anadan və  uşaqlarından  daha mehriban olar. Sən özünə ondan daha yaxın, daha səmimi bir dost tapa  bilməzsən. Lakin şübhələnib qısqansan, o sənə  min düşməndən daha  qorxulu düşmən olar. Yad düşməndən qorunmaq olar, lakin arvaddan yox.

 

*Ey oğul, elm və sənətdən hər nə öyrənmək  lazımsa, hamsını  övladına öyrət, beləliklə sən atalıq borcunu  və atalara  xas olan  mehribanlıq  vəzifəsini  yerinə yetirmiş olarsan. Pul, qızıl  hər nə arzu edirsə, imkan daxilində ondan əsirgəmə, qoyma ki, o pul xatirinə  sənin ölmünü istəsin, miras üçün bədnam olsun. Elm alıb sənət öyrənmək  övladın haqıddır. Övlad pis də olsa  sən ona baxma, elm və sənət öyrətməkdə  səhlənkarlıq göstərmə.Heç bir dərrakəsi olmasa, sən öyrətsən də, öyrətməsən də həyat onu öyrədəcəkdir. Deyiblər ki” Ata-anası tərbiyyə etməyəni  gecə və gündüz tərbiyyə edər”

 

*Oğluna qız alarkən və ya qızını ərə verərkən çalış öz qohumlarından olmasın, qızı özgələrindən al, qohumu alsan da almasan da onun əti ətindən, qanı qanındandır. Başqa qəbilədən al ki, həm sənin  qəbilən  qohumluğunda qalsın, həm də özgə bir qəbilə yeni qohumun olsun, beləliklə , gücün ikiqat artsın,  köməyin iki olsun.Gözəl kürəkən seç, qızını kifir adama vermə. Adaxlı gözəlüz, əlidüz, təsərrüfatdan başıçıxan olmalıdır. Bilməlisən ki, o qızının xərcini haradan və hansı  yolla  ələ gətirir. Lakin, kürəkən həm dövlətdə, həm şöhrətdə səndən aşağı olmalıdır ki, o səninlə fəxr etsin, sən onunla yox. belə  olduqda  qızın da rahat yaşayar.

 

*Ey oğul, bil, insan nə qədər sağdır, onun dosta ehtiyacı var. Tez-tez dost dəyişdirməyi adət etmə. Namərdlə dostluq etmə,  Badə dostlarını dost hesab etmə, çünki onlar qədəhi dost tuturlar, səni yox.

 

*Mümkün qədər çalış özünə düşmən qazanma. Lakin düşmənin olsa ,kədərlənmə, ondan da qorxma.Hər kəsi öz yerində  oturtmağı bacar.Öz qədrini  bilməyən adamın mərdliyində  nöqsan var.

 


    Yazıya (1905) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.