Dekabrın 24-də Atatürk Mərkəzində Mikayıl Bozalın tərtib etdiyi, Ehtiram İlhamın redaktorluğu ilə ərsəyə gələn “Sözün Tovuz fəsli” adlı şeir antologiyasının təqdimat mərasimi keçirilib. Azərbaycan ədəbi mühitində xüsusi maraqla qarşılanan bu tədbir Tovuzun zəngin söz və saz ənənələrinin, eləcə də bölgənin ədəbi irsinin təbliği baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.
Təqdimat mərasimində ziyalılar, media nümayəndələri, antologiyada şeirləri yer alan müəlliflər, el sənətkarları və aşıqlar iştirak ediblər.
Tədbiri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı aparıb. O, çıxışında Tovuz ədəbi mühitinin tarixi kökləri, bu mühitin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli sənətkarlar və “Sözün Tovuz fəsli” antologiyasının ideya-estetik əhəmiyyəti barədə geniş məlumat verib. Professor Məhərrəm Qasımlı bu nəşrin təkcə bir bölgənin deyil, bütövlükdə milli ədəbiyyatımızın yaddaş kitabı olduğunu xüsusi vurğulayıb.
Daha sonra söz çıxışçılara verilib. Yazıçı və tədqiqatçı Bəsti Əlibəyli, professorlar Nazim İmamverdiyev, Mayıl Əsgərov, Nazim Vəliyev, Rəfail Bəşiroğlu, Tovuz Xeyriyyə Cəmiyyətinin sədr müavini Çingiz Abbasov, şair və publisistlər Rəfail İncəyurd, Əkbər Qoşalı, Murad Köhnəqala, İslam Sadıq, İslam Əlibəyli, Ağacəfər Həsənli, Mübariz Məsimoğlu, Ayaz Arabaçı, Süleyman Abdulla, rəssam Nəvai Mətin və digər çıxış edənlər antologiyanın elmi-ədəbi dəyərindən söz açıblar. Onlar “Sözün Tovuz fəsli”ni Tovuz ədəbi mühitinin Azərbaycan ədəbiyyatına verdiyi sanballı töhfə kimi qiymətləndirərək, bu cür nəşrlərin bölgə ədəbiyyatının sistemli şəkildə öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Tədbir bədii-musiqili ovqatla da yadda qalıb. Mərasimdə iştirak edən Aşıq Şəhriyar Qaraxanlı və Aşıq Cəmaləddin Ürfan Əlioğlunun sazda ifa etdikləri havalar tədbirə xüsusi ruh və kolorit qataraq Tovuzun söz-saz ənənəsinin canlı nəfəsini hiss etdirib.
Təqdimat mərasimi sonda xatirə şəkillərinin çəkdirilməsi ilə yekunlaşıb. Qeyd olunub ki, “Sözün Tovuz fəsli” antologiyası Tovuz ədəbi mühitinin həm tarixi, həm də müasir mənzərəsini əks etdirən dəyərli mənbə kimi oxucuların və tədqiqatçıların diqqətini cəlb edəcək.







Fotoların müəllifi: Şakir Rəhman
Yazıya 22 dəfə baxılıb








