Səndə ölüm var!
Qara yanvar!
Səndə ah-nalə,
vaxtsız getmiş neçə can,
Nahaq axıdılmış
günahsız qan var!
Yaşsan!
Kədərsən!
Qəmsən!
Qüssəsən
El-obama.
Qarasan,
lap qapqara!
Anaların
nifrətinə boyanmısan,
Ataların
qəhərinə budanmısan.
20 Yanvar –
Ay qara gün!
Əgər bacarsaydım,
səni büsbütün silərdim
təqvimdən.
Qapqara
rəng tökərdim
adının üstünə
qapqara qələmimdən.
Bircə hiss,
Bircə duyğu
nifrətimə “dur” deyir.
O qanlı bağrından qopan
azadlıq duyğusu.
“Nifrətini düşmənlərin kəlləsinə vur!”
– deyir.
Cavanşirə güc verən,
Babəkə yol göstərən,
Koroğlunu,
Nəbini
döyüşlərə səsləyən,
Bahadırlıq duyğusu
çağladı neçə soydaşımın
köksündə.
Şimşək çaxdı,
İldırım parladı
igidlərin gözündə.
Azadlıq!
Vətən! –
deyə hayqırdı
milyonların səsi.
Sən qana boyandın,
Yarandı azadlığın
20 Yanvar zirvəsi!
18.01.2009
Yazıya 4 dəfə baxılıb









