Ölmək ölüm deyil, unudulmaq ölümdü

memmed aslan

XATİRƏLƏR
“Duymadınmı bu pıçıltı kimindir?
Tanımadın pıçıltımdan sən məni?!”
Məmməd Aslan.

“Ölmək ölüm deyil, unudulmaq ölümdü”, – deyib aqillər. Mən də heç vaxt unudulmayan, söz dünyasında xüsusi yeri olan, dilimizə və ədəbiyyatımıza yaxşı bələd bir şair haqqında söz açmaq istəyirəm. Heyf ki, ömrünün barlı-bəhərli, aqillik çağında aramızdan getdi O…
Görünüb, tanınmaq adi haldır. Görünməmişdən tanınmaq aqillərə, qəhrəmanlara, söz-qələm sahiblərinə xasdır.
Pıçıltısından, hənirindən tanınan, bir kəlmə sözlə ürəklərə toxtaqlıq verən insanlar xoşbəxtdirlər.
Məmməd Aslan da görünməzdən qabaq tanınan, pıçıltısıyla, həniriylə seçilən şair idi. O, həmkarlarından fərqli bir xüsusiyyətlə seçilirdi; istəmədiyini eləməz, xoşlamadığını yeməz, görünməyə və deyilməyə layiq olmayanı nə görməz, nə də deməzdi.

“GÖZÜMƏ KƏLBƏCƏR TORPAĞI TÖKÜN” PIÇILTISINDAN TANINAN ŞAİR HAQQINDA
“GÖZÜMƏ KƏLBƏCƏR TORPAĞI TÖKÜN” PIÇILTISINDAN TANINAN ŞAİR HAQQINDA

O, “ömrünə qadağa qoyar, dilinə qadağa qoymazdı”. Sözü yerində deməyi bacarırdı. Ucuz pilləyə çatmaq üçün heç vaxt iməkləməyib. Onun yəhərə qançığa, xurcuna gözək, dükcəyə qulaqça olanlardan heç vaxt xoşu gəlməyib. Ortada tesi kimi fırlanmaqdansa, küncdə buxarı kimi yanmağı üstün tutub. Nə olubsa, özü olub, nə yazıbsa, özünün yatımlı dili ilə yazıb. Çeynənilmiş qafiyə, çiy söz işlətməkdən qaçıb, boyat fikir söyləməyib. Rəvan tələffüzü, şirin deyimi ilə həmişə diqqəti cəlb edib.
Məmməd müəllim onu yaxından tanımaq istəyənlərin aynasının qabağından heç vaxt qaçmayıb. Şərt odur ki, güzgünü üzünə düz tuta biləsən. Mən də gənclik illərində Məmməd Aslanı görməmişdim, amma şeirlərindən tanıyırdım. Qardaşım Həsənin cib dəftərindən onun şeirlərini, xüsusən, məhəbbət mövzusunda olan şeirlərini uşaq çılğınlığı ilə gizli-gizli oxuyurdum. Bütün bunlara görə Məmməd Aslanla bağlı yaddaşıma köçən bir neçə mürgülü xatirələrimi oxuculara çatdırıram. Qoy, onun ruhu şad olsun, torpağı soyumamış məzarı nurla dolsun.

“GÖZÜMƏ KƏLBƏCƏR TORPAĞI TÖKÜN” PIÇILTISINDAN TANINAN ŞAİR HAQQINDA

1966-cı ildə rayona istehsalat təcrübəsinə gəlmişdim. O vaxtlar Məmməd müəllim “Yenilik” rayon qəzetinin məsul katibi işləyirdi. Mən onu yalnız o vaxtlar gördüm və tanıdım. İstehsalat təcrübəsində fəallıq göstərdiyimə görə Məmməd müəllimin təşəbbüsü ilə “Yenilik” qəzetinin 16 fevral 1967-ci il tarixli nömrəsində şəklimlə birlikdə “O, sənətini sevir” başlıqlı bir məqalə verilmişdi və həmin qəzet institutun rektorluğuna göndərilmişdi.
O vaxtkı tələblərə görə vəzifə sahiblərinin şəklinin qəzetdə verilməsi üçün rəhbər orqanların xüsusi razılığı olmalı idi. Amma Məmməd müəllim bunu öz təşəbbüsü ilə etmişdi. Bu, şəxsi münasibət və təkcə məni tərifləmək üçün deyildi, Məmməd müəllimin gənclik axtarışı idi.
O, həmişə gənclik, təbiət, günəş axtarışında, bahar, bənövşə, qönçə gül axtarışında olub, şeirlərində olduğu kimi…
Mən həmin qəzeti bu günə qədər tarixi bir töhfə kimi saxlayıram. Çünki o mənim bir daha geri qayıtmayan gəncliyimdən yadigardır.
Nə isə… illər keçdi, mən Kəlbəcər rayon Komsomol Komitəsinin birinci katibi seçildim. (İndiki gənclər təşkilatının sədri) Bundan sonra Məmməd müəllimlə əlaqələrimiz daha da genişləndi. Həmişə ictimai tədbirlərdə və xeyirdə-şərdə birlikdə olardıq.
Bir dəfə bir müəllimin ad günündə iştirak edirdik. Məclisdə Məmməd müəllimə söz verildi. O, sözünə şeirlə başladı:

“GÖZÜMƏ KƏLBƏCƏR TORPAĞI TÖKÜN” PIÇILTISINDAN TANINAN ŞAİR HAQQINDA
“GÖZÜMƏ KƏLBƏCƏR TORPAĞI TÖKÜN” PIÇILTISINDAN TANINAN ŞAİR HAQQINDA

- Səni qala bilib, aləmə yaydım,
Gözümdə möhtəşəm qalaydın elə.
Kaş, səni yaxından tanımayaydım,
Mənimçün örtülü qalaydın elə.

Dərdi gözəl əkdin, gözəl də dərdin,
Sən elə zəhərdin, gözəl dadardın.
Tükün məxmər çalar, göz aldadardın,
Paxırı gizlədən qalaydın elə.

O, fikrini tamamladı: – Gəlin, ayna kimi şəffaf olaq, paxırı gizlədən qalay kimi parıldayıb sonradan da qaralmayaq. Biz bir-birimizin ürəyində möhtəşəm qala olaq. Bunun arxasınca ikinci bir şeirini oxudu, yadımda bir bəndi qalıb:
- De, səni kim sevməz, kim saxlamazdı,
Kim candan keçməzdi vüsalın üçün?
Namusun ləkəli, başın qapazlı,
De, kim günahkardı bu halın üçün?

Söz yiyəsi sözü götürdü. Məclisdə olanlar hamı gülüşdü və bu şeirin kimə yazıldığı məlum oldu.
Məmməd həmişə gəlib-keçən söz demirdi, dəlib keçən söz deyirdi. O, təkcə şair yox, həm də fəal ictimaiyyətçi, yaxşı ziyalı, güclü qələm sahibi idi. Hələ o vaxtlar tez-tez onun imzası ilə mərkəzi mətbuatda yazılar verilirdi. Onun çox gözəl əl qabiliyyəti – rəssamlığı vardı. Kitablardakı illüstrasiyalar onun özünündür, öz təxəyyülüdür.
Həmişə təbiətin vurğunu kimi, onun qorunmasına aid şəkillər, bəzən karikaturalar da verər, gəncləri bu işdə fəal mübarizəyə çağırardı. Bir dəfə “Təbiət və gənclik” mövzusunda məsələ müzakirə olunurdu. Mən “Yenilik” rayon qəzetinin nümayəndəsi kimi Məmməd müəllimə də çıxış verdim.
O, kürsüdən salona üz tutaraq: – “Ay bizim gələcəyimiz olan gənclər! Biz Allahın Kəlbəcərə verdiyi füsunkar gözəlliyi qoruya bilmirik. Meşələr qırılır, məhv edilir, bəzən də Murovun dağ keçilərini, xınalı kəkliyini, meşələrin cüyürünü ovlayıb, vəzifə sahiblərinin bığının altından keçmək üçün pay verirlər. Haram olsun, o bığ, o şlyapa həmin vəzifə sahiblərinə ki, onlar təbiət düşmənləridir… Gəlin, hamımız birlikdə belə hallara qarşı mübariz olaq”.
Rəyasət heyətində mənimlə yanaşı oturmuş bir rəhbər işçi dözmədi və mənə tərəf əyilərək, pıçıltı ilə, ay yoldaş İsmayılov, bu şair nə danışır? – dedi.
Məni gülmək tutdu və zarafatla dedim:
- Yəqin sizə gələnləri şairə deyiblər.
Bax, Məmməd belə Məmməd idi, heç nədən çəkinmədən sözünü yerində deməyi bacarırdı.
1974-76-cı illərdə Bakı Ali Partiya Məktəbində oxuyurdum. Cəbrayıl rayonundan olan Qorxmaz Bayramovla bir kursda idik. O, Universiteti Məmmədlə bir qurtarmışdı. Şeir-sənət vurğunu idi. Məmməd Aslanı əzbər bilirdi. (Allah ona rəhmət eləsin.) Məmməd müəllim tez-tez yanımıza gəlirdi. O, “Azərbaycan gəncləri” qəzetində xüsusi müxbir işləyirdi. Bir gün bizi Sahil bağına gəzintiyə dəvət etdi və dedi ki, sizi Azərbaycan yazıçılarının bir nəhəngiylə tanış edəcəyəm.
Biz bağa gələndə gördük ki, böyük yazıçımız Süleyman Rəhimov Məmməd Aslanla qoşa gəzirlər. Süleyman Rəhimov çox şəxsiyyətli adam idi, ciddi və cəlbedici görkəmi vardı. Əl verib görüşdük, mən bu görüşdən çox sevindim, görüşə vaxt ayırdığına görə ona minnətdarlığımı bildirdim.
Dedi: – Ay cavan oğlanlar! Siz, rəsmi adamlarsınız, oxuduğunuz Partiya məktəbinin təlim bazası belə qurulub. Deyin görüm, bədii ədəbiyyat, şeir oxuyursunuzmu? Mənim əsərlərimdəki hansı qəhrəmanlar daha çox xoşunuza gəlir?
Böyük bir ədibin belə bir sınaqlı sualına cavab vermək, söz yox ki, biz cavanlar üçün çətin idi. Amma sinəsindən süd əmdiyim, zirvəsindən qürurla baxdığım dağlardan mənə bir güc gəldi. Dedim:
- Süleyman əmi, siz, bütün əsərlərinizdə qəhrəmanların şəxsiyyətini öz şəxsiyyətiniz səviyyəsinə qaldırmısınız. Qəhrəmanlarınızın hamısında özünüz kimi acizlikdən uzaq, qorxmaz və mübariz bir Azərbaycanlı kişisi obrazı yaratmısınız. Dədə Şəmşirin sizin 60 illik yubileyinizə həsr etdiyi qoşmada yazdığı kimi:
“Şamo”n yaxın dostum, dayağım olsun,
“Ağbulaq dağları” oylağım olsun.
“Mehman”ın ən əziz qonağım olsun,
Amma “Qaloşlu”dan haşa, Süleyman.
(bu adlar S.Rəhimovun əsərlərinin qəhrəmanlarının adlarıdır).
- Siz bizim dağların və bütün Azərbaycan övladlarının hər birinin ürəyində mübariz bir Mehman, əziz bir qonaqsınız.
Süleyman əmi güldü və mənim hazırcavablığım Məmməd müəllimə ləzzət verdi.
- Hə, Süleyman əmi, gördünüz papaq altda nə oğullar var? Kəlbəcərin altı-üstü maddi sərvətlərlə zəngin olduğu kimi, insanları də mənən zəngindir.
Dedi:
- Düz deyirsən, Məmməd bala, dağ rayonları içərisində kəlbəcərlilərin bədii təfəkkürü daha güclüdür. Sizin adamların şeir dili, qoşma deyimi çox axınlı və cəlbedicidir. Axı, Kəlbəcərin Aşıq Qurbanı, Dədə Şəmşiri, Ənvər Rzası, Şamil Əsgərovu, Bəhməni və bax belə telli-toqqalı Məmməd Aslanı var. (O vaxt Məmmədin çox uzun, dalğalı saçları vardı).
“GÖZÜMƏ KƏLBƏCƏR TORPAĞI TÖKÜN” PIÇILTISINDAN TANINAN ŞAİR HAQQINDA[/center] Bu sözlər böyük bir yazıçının Kəlbəcərə və onun ziyalılarına verdiyi çox yüksək tarixi bir qiymət idi.
Biz xeyli gülüşdük və bir xatirə şəkli də çəkdirdik. Həmin şəkil mənim üçün çox qiymətli bir yadigardır. Həmin günü ömrümün tarixi bir günü sanıram və səbəbkarı olan Məmməd müəllimə minnətdaram.
Başqa bir xatirə: 1997-ci ilin aprel ayının 2-də Kəlbəcərin işğalının 4-cü ildönümü ilə əlaqədar, kəlbəcərli köçkünlərlə ulu öndərimiz Heydər Əliyev cənablarının görüşü keçirilirdi. Yığıncağı həmyerlimiz professor Şahlar Əsgərov aparırdı. Digər ziyalılarla yanaşı Məmməd Aslan da rəyasət heyətində Ulu Öndərlə yanaşı oturmuşdu.
Nəhayət, görüş qurtardı. Bir neçə nəfər Məmməd müəllimə yaxınlaşıb dedi:
- Ay Məmməd müəllim, fürsət düşmüşdü, niyə cənab prezidentdən özünə bir ev verilməsini xahiş etmədin? Sənin də xidmətlərin var bu vətən qarşısında. Axı, əziyyət çəkirsən, Sumqayıtdakı evdə qalmısan.
O, çox soyuqqanlılıqla cavab verdi:
- Əzizlərim, biz bura torpaq dərdini, Kəlbəcər dərdini çəkməyə, yurdumuza qayıtmaq yollarını axtarmağa gəlmişik, Məmməd dərdini ağlamağa gəlməmişik. Məmmədlərin dərdi kiçik məsələdir.
Bax, bu, Məmmədin böyüklüyü və əsl vətənpərvərliyi idi.

* * *
… Bir dəfə ailəliklə Hacıkəndlə Toğana kəndi arasındakı bulağa getmişdik. Biz oturduğumuz yerdən azca aşağıda bir nəfər oturmuşdu. Dedim ki, bu yoldaşı da süfrəyə dəvət edək. Bir az aşağı düşüb səslədim. Əli ilə mənə işarə verib, dayan dedi. Bir az keçdi, baxdım ki, bu oturan Məmməd Aslandır. Görüşdük, dedi:
- A zalım, az qala mənə mane olmuşdun. Mən dörd gündür burda oturub Kəpəzi çəkmək istəyirəm. Yağış, duman imkan vermirdi. Duman indicə çəkilib gedirdi ki, sən gəldin. Axı, mən Kəpəzi dumandan biçilmiş ağ örpəyini atanda çəkmək istəyirdim. Kəpəzin haçalanmış aşırımı çılpaq daha gözəl görünür. Mən elə bilirəm oradan doyunca baxsam cənnəti görərəm, ölmərəm. Axı, oradan Laçın qayanın havası məni vuracaq.
Bax, Məmməd bu duyumla yaşayırdı. O, dünya varı axtarmır, ulu babalar yadigarı qədim dağlarımızı, yurdlarımızı, gədiklərimizi, adət-ənənələrimizi çəkib, gələcək nəslə yadigar qoyur. Çünki o, Kəlbəcər dağlarının zirvəsində doğulub. Laçın yuvalı, Laçın qayanın qoynundakı Laçın kəndində dünyaya göz açıb. Ona görə də həmişə o, dağları, dağlar onu özünə çəkirdi.

“GÖZÜMƏ KƏLBƏCƏR TORPAĞI TÖKÜN” PIÇILTISINDAN TANINAN ŞAİR HAQQINDA

Bir ilin yayında Məmməd müəllim Zaqatalada dincəlirdi. Zəng vurdum. Dedi ki, müalicə olunuram, Rüstəmlə Təbrizə balam (Təbrizə qızı, Rüstəm onun həyat yoldaşıdı) mənə qulluq göstərirlər, nəvəm Məmməd Kamal başımı qatır, sənin və mənim dostum bəyzadə Mütalib Muradoğlu da tez-tez qonağım olur, indi də yanımdadır. Sizə salam deyir. Amma özüm… bir az tutuldu… sonra sözünə davam etdi: – Deyirəm, ömür imkan verə bu yay da Böyük Qafqazı gəzəm; Qubanın, Qusarın çiçəkləri bu gün-sabah solacaq, çəkə bilməyəcəm, Bakıya qayıdanda birlikdə o yerlərə gedək, yaxşı bir mənzərə çəkim, dünya ölüm-itimdi.
Dedim:
- Məmməd, bizi kövrəltmə. Bəlkə gəlib sənə baş çəkə bilmirik, bizdən küsmüsən, nədir? Axı, biz sənin 70 illik yubileyini bir yerdə qeyd etməyə hazırlaşırıq. Mən sənə məəttəl qalmışam, heç özündən danışmırsan, demirsən bir müalicəyə gedim, dincəlim. Amma dağlarda solan güllər üçün, Kəpəzin arxasında batan günəş üçün narahatsan, darıxırsan.
Dedi:
- Vəliyəddin, sən nə danışırsan? Bizə nə qalsa o çəkdiklərimiz, yazdıqlarımız qalacaq, onsuz da bu dünya fanidir, insanın yediyi, tikdiyi, yığdığı özünə qalmır. Daim yaşayan elədikləri, dedikləri və təmiz adıdır. Həm də bilirsən, mənim içimdə bir gül-çiçək həsrəti, bir “Nərgiz”, dağ həsrəti var. Ona görə də nə gül-çiçəkdən, nə də dağlardan doymuram… Mütalib sənə salam söyləyir, – deyib, telefonu söndürdü.
Artıq mən köklənmişdim, şair olmasam da Kəlbəcər havası başımda, şirin kəlmələr ana dilimdə idi… Məmmədə belə bir şeir yazdım.

HAQQ DEYƏN ELLƏRIN SƏSISƏN, MƏMMƏD!

Sən möhkəm adamsan, kövrək deyilsən,
Bəlkə də bizlərdən küsmüsən, Məmməd!
Axı, dərd anlayıb, mətin durmaqda,
Sən ki, hamımızdan üstünsən, Məmməd!

Məmməd Kamal bir igiddir yanında,
Sultan bəyin qeyrəti var qanında.
Mütalib tək dost olanda yanında,
Nə qılınc lazımdı, nə kəsən, Məmməd!

Əzəl gündən düz söyləyib babalar,
“Maya buddan, nər bud oğul doğular”.
Təbrizən var, bəy Rüstəm var, nəvən var,
Sən də ki, onlara töhfəsən, Məmməd!

Sənsiz abad olmaz yolu dağların,
Xallı kəpənəklə dolu dağların.
“Nərgizsiz” yas tutan ulu dağların,
Dumanı, çiskini, sisisən, Məmməd!

Getsən, “Laçın qaya” nə söylər sənə?
Qartallar qıy vurar, səs eylər sənə.
“Bir qaya kölgəsi bəs eylər sənə”,
Bunu ki, əzəldən demisən, Məmməd!

“Bir ovuc torpaqsan, bir içim susan”,
Buluddan süzülüb, lap durulmusan.

Əzəl bünövrədən düz qurulmusan,
Demirlər: – Kiminsə, kimisən, Məmməd!

“Vətən gözdü, biz kirpiyik” demisən,
“Bax bu gözə keşikçiyik” demisən.
Millətim millətdi, Türkük demisən,
Sözündə qətisən, kəskinsən, Məmməd!

Xan Arazın dumanına bürünən,
Təbriz deyib, dizin-dizin sürünən.
“Ərzurumun gədiyindən” görünən,
Xoydakı boransan, çiskinsən, Məmməd!

Yubiley çatır, təpər saxla özündə,
Yetmiş nədir, dost-tanışın gözündə.
Əldə qələm doxsanında, yüzündə,
Bax, belə qalasan, belə, sən, Məmməd!

Sən şairsən qundağından çıxandan,
Günəş kimi dan yerindən baxandan.
Misiroğlu əl götürməz yaxandan,
Dərdli Kəlbəcərin səsisən, Məmməd!
Güneyli – quzeyli Azərbaycanın,
Haqq deyən ellərin səsisən, Məmməd!

Bakı şəhəri
23.07.2009-cu il.

Şeiri telefonla oxudum. Çox diqqətlə qulaq asdı.
Axı, Məmməddən boğazdanyuxarı cavab almaq olmaz, nə varsa onu deyəcək.
Mən duruxdum… – Yaxşıdır dedi: – Əgər mənə həsr olunmasaydı, daha yaxşı deyərdim. Çox sağ ol! Amma xahiş edirəm şeiri Mütalibə də oxu… (Mütalib onun qudasıdı, laçınlı məşhur Sultan bəyin əmizadəsidi).
Bir neçə gündən sonra Məmməd müəllim mənə zəng vurdu, hal-əhval tutduq, kefi yaxşı idi. Dedi ki, “525-ci qəzet”də bir şeirim verilib. “Ağrımı götürüb “Ağrı”ya getdim”. Oxuyarsan.
Qəzeti alıb, şeirləri oxudum. İndi cavab yazmaq asan idi, çünki mövzunu
Məmməd müəllim özü vermişdi.

OYATDIN, MƏMMƏD!

Dərdini götürüb “Ağrıya” getdin,
Ağrıya qarğıya-qarğıya getdin.
Əyriyə çönmədin, doğruya getdin,
Dərdin şəfa tapdı, qayıtdın, Məmməd!

“Ağrıdağ” silkindi, açdı ürəyin,
Dedi: – Murovdadı arzun, diləyin.
Qars mənim, Van mənim, Göyçə deyənin,
Söndürdün çırağın, qaraltdın, Məmməd!

“Dəmir qapı Dərbənd”, Göyçə harayın,
Ərdəbil, Zəngəzur bağlı sarayın.
Ənzəli bu tayın, Kərkük o tayın,
O taylı, bu taylı ayıltdın, Məmməd!

Borçalı boğçasın hərdən bağlayır,
“Mexseti” ah çəkir, Kıprız ağlayır.
Ürəklər qövr edir, yara bağlayır,
Qaysaqlı yaralar qanatdın, Məmməd!

“Savalan” Kəpəzi görürmü, görən?
Urmiya saçını hörürmü, görən?
Qüdsdəki qardaşın bilirmi, görən?
Bağdada boylandın, boy atdın, Məmməd!

Vətənsiz kim çəkməz qəmi, kədəri,
Unutma “Tutqun”u, Dəli Tərtəri.
“Nərgiz”dən sən ayrı düşəndən bəri,
Dərdlərə say verdin, sanatdın, Məmməd!

Mən dağları, dağlar məni çağırdı,
Dilim dönmür, qabar olub, yağırdı.
Vəliyəddinəm, elsiz dərdim ağırdı,
Yaxşı ki, səslədin, oyatdın, Məmməd!

Bakı şəhəri,
30 iyul 2009-cu il.

Şeiri yenə telefonda ona oxudum. Diqqətlə qulaq asdı, – aram-aram oxu, – dedi. Qurtaranda fikrini belə bildirdi:
- Vəliyəddin, Türk dünyasında hara hənir salmaq istəmişdimsə, sən o yerlərin hamısına şeirində ayaq basmısan. Yəqin ki, 70 illik ömür yolumla bağlı kitab buraxdırsam, sənin bu şeirlərini ümumi başlıq altda verəcəyəm. Çox sağ ol, Bakıya gələndə görüşərik.
2009-cu ilin noyabr ayında Məmməd Aslanın yenə də “525-ci qəzet”də “Qızıl gül həşəm oldu” başlığı altında silsilə şeirləri çap olunmuşdu. İki qoşması diqqətimi çox cəlb etdi.

Min il də gözlərəm demişdin, səni!
Hələ yüz keçməyib sözündən, Nərgiz.
Bir ömür arxanca dönüb dolandım,
Ot kimi göyərdim izindən, Nərgiz.

Deməli, Məmməd müəllimin “Nərgizli” dünyasının sirri indi açılırdı. Əhsən bu istəyə! İndi bildim şair niyə güldən-çiçəkdən “nərgizli” dağlardan doymurmuş…
Burda yadıma bir şeir düşdü:

- Nərgizli dağlarda qaldı nərgizim,
Nərgizlər içində itər, qorxuram.
Mənsiz tellərini çəmənə verib,
Dönər bənövşəyə, bitər, qorxuram.

Aydındır ki, Məmməd müəllim də ən çox həsrətini çəkdiyi Nərgizi itirməkdən qorxurmuş…
Başqa bir şerində Məmməd müəllim ömrün yetmişini həsrətlə yad edir, elə bil dünənmiş deyir.

Sən gedəli dünya məndən dönəndi,
Fələk ləzzət alır tüstümdən, sanki.
Mənə sul* əkdiyin fürsət dünəndi,
Yetmiş il ötməyib üstündən sanki.

Misralarındakı deyimin gücünə bax! Aşiqin tüstüsündən fələk ləzzət alırmış, yetmiş il ömrünə sul əkilən aşiq məhəbbətdən doymur, məhəbbətin min bir çalarlı rəngini gözünə sürtür.
Əhsən, şair qələminin gücünə, məhəbbət deyiminə!
Məmməd Aslanın qələmi Murovda, Dəlidağda döyülüb, “Laçın qaya” ilə ovxarlanmışdı, Tərtərlə sulanmışdı, onun üçün bu qədər kəsərli və itidi.
Bu, bir oxucu kimi mənim Məmməd Aslanın yaradıcılığına verdiyim mübaliğəsiz qiymətdir, düz qiymətdir. Nə isə… Bu şeirləri oxuduqdan sonra Məmməd müəllimə aşağıdakı məktubu yazdım.
“ Qardaşım Məmməd!
Salamlar olsun!
Mən Bərdədə bir qohumun yas mərasimində idim. Siz mənə zəng vurdunuz, hal-əhval tutdunuz. Sonra da bildirdiniz ki, bu günkü “525-ci qəzet”də bir neçə şeirim çap olunub, qəzeti tapıb oxuyarsan. Həmin gün – 14 noyabr 2009-cu il tarixdə qəzet rayona gəlməmişdi. Bakıya – oğlum İlqara zəng vurdum və qəzeti satışdan almağı tapşırdım. Az keçmədi ki, İlqar mənə zəng vurdu və dedi: – Ata, qəzetin bir neçə nüsxəsini aldım, qəzetdə Məmməd əminin silsilə şeirləri çap olunub. Amma “Nərgiz” rədifli qoşması daha çox xoşuma gəldi.
Hə, bildim ki, qağam nəyə işarə vurur və cavanlıqdakı şeir boxçasının düyününü açıb.
Dedim: – Ay gidi dünya! Məmməd qağam onun üçün vaxtilə deyirmiş:

- Məmməd xəyalınla min il qızınmış,
İnsanın ömründən eşqi uzunmuş.

Ona görə mən də şairin harayına cavab verməli oldum.

OĞULSAN, MƏMMƏD!

Silmə şəkilimi barı gözündən,
Boylanım dünyaya gözündən, Nərgiz.
M.Aslan.

Səslə ki, “Nərgizin” oyansın, gəlsin,
Görsün ki, sönmürsən, yanırsan, Məmməd!
Versin alovuna üzün, sinəsin,
Desin ki, Nərgizəm, danırsan… Məmməd?

“Ot kimi göyərdin onun izindən”,
Bəlkə də şirinmiş, sözü özündən.
“Silməsin şəklini barı gözündən”,
Deməsin yuxusan, nağılsan, Məmməd!

Bir zaman sevərdim, mən də sənin tək,
Ərşə çəkilərdim, dan sökülən tək.
Səndəmi olmusan, yoxsa mənim tək,
Yaman məzəlisən, mağılsan, Məmməd!

Misiroğlu duaçıdır Allaha,
Nə ola yuxuna nərgizlər yağa.
Sən ki, tablaşmısan bu qədər dağa,
Vallah, oğulsan ki, oğulsan, Məmməd!

Bakı şəhəri,
18 noyabr 2009-cu il.

Məmməd müəllim xalqını istəyən adam idi. Xalqın dilinin, ədəbiyyatının, mədəniyyətinin, folklorunun tədqiqatçısı idi. O, həmişə söz axtarışında, kəlmə, rəvan dil axtarışında olmuşdu. Dilin, deyimin, musiqinin qorunması üçün həmişə haray çəkirdi. Sazın-sözün Dədə Qorqud köklərindən bəri bizə miras qaldığını deyirdi. Kökümüzə, tariximizə əyilməyi gənclərə tövsiyə edirdi.
Bir dəfə H.Əliyev adına sarayda “Sazın-sözün sehrində” adlı aşıqlar gecəsi keçirilirdi. Gecəni Zəlimxan Yaqub aparırdı. Musiqi fasiləsində Məmməd Aslana söz verildi:

- Əl saxla, ay aşıq! Bu nə əfsundur,
Bir dön, gözlərimin hiddətinə bax.
Sən sazı çalmadın, qəlbimi çaldın,
O yeddi barmağın qüdrətinə bax.

- rədifli qoşmasını oxudu. Məmməd müəllim çıxışının sonunda çox dəyərli, kəskin, tarixi bir söz dedi:
- Əzizlərim! Kim ki, aşıqların, o cümlədən burda çalıb-oxuyan ustad Ədalətin, Ədalət Dəlidağlının, aşıq Mehdinin, Fəzail Miskinin və başqalarının ifalarını duymursa, aşıq havalarına qulaq asa bilmirsə, o bizdən deyil. Əgər saza köhnəlik qalığı kimi don geyindirirsə, iki qat bizdən deyil! – deyib, – iti addımlarla səhnədən düşdü və tamaşaçılar bu sözü sürəkli alqışlarla qarşıladılar.
Dədə Şəmşir deyirdi:

- Əgər deyə bilsən yeri gələndə,
Qılıncdan kəskindir söz vədəsində.

Söz yerində deyilmişdi.
Mən bu xatirəmi Məmməd Aslanın 75 illik yubileyi ərəfəsində yazdığım bir yazı ilə tamamlamaq istəyirəm.
“Məmməd müəllimin çox böyük tarixi bir arxivi vardır. Orada canlı xatirələr, rəsmlər, tablolar, təbiət mənzərələri, fotolar və lent yazıları cəmləşmişdir. Məmmədin saçının hər bir tükündən də yurdumuzla, elimizlə, obamızla bağlı bir dəfinə asılmışdı. Yaddaşında şeirlər, bayatılar, xalq deyimləri, lətifələr qalaq-qalaqdı. Arzumuz budur ki, Məmməd müəllim bu bogçanı açsın, ömrünün bundan sonrakı illərində də bir gününü, bir saatını itirmədən məhsuldar işləsin. Xalqın bu varlı xəzinəsinin incilərini bir də təzələsin, göydəki ulduzlar sanında üstümüzə çiləsin. Onsuz da biz hamımız ondan ömrün Kəlbəcərli günlərində daha çox yazmaq, yaratmaq umacağındayıq. Hamımız o ümidlərlə yaşayırıq.
Məmməd müəllimin 75 illik ömür yolu mübarək olsun! Bu yol uzandıqca uzansın! Bundan sonra da daha gümrah yaşasın.
Onun həyat yolunda əzab da olub, nailiyyət də. Əzab onun özünün, nailiyyəti isə bizim, dilimizin, ədəbiyyatımızın, şeirimizin olub.
Arzumuz budur ki, Məmməd Aslanın 80 illik yubileyini Kəlbəcərdə, 100 illiyini Laçın qayanın üstündəki düzdə keçirək. “Ərizə” qayasında, “Yəhər yurd”da at çapaq, “Göy yal”dan gül-çiçək yığaq. Dağların döşündə saçaqlı “nərgiz”i axtaraq, meşə talasından qan bənövşə dərək. “Gözlü bulağ”ın, “Pir bulağ”ın suyundan içib “oxqay” deyək. Bu yurdlar Məmmədin ana vətənindədir.
Ata-baba qəbirlərini ziyarət edək, dua oxuyaq, salavat çevirək.
“Amin”, “Amin”, yüz “Amin”…
Xatirəmi Məmməd Aslanın vaxtilə yazdığı şairlik ömrünün şah bəndi sayılan bir şeiri ilə tamamlayıram:

- Varlıqla-yoxluqda ağlım çaşmadı,
Nəfsimi öldürdüm, harınlaşmadı.
Bu əllər bircə yol dolub-daşmadı,
İnşallah, boş qalmaz torpağın altda.

Düz deyirsən, Əziz dost! Ağıllı adamları nə varlılıq, nə də ki, kasıblıq dəyişə bilmir. O, həmişə olduğu kimi görünür. Nəfsinə qalib gələn adam Allahın əziz bəndəsidir – sən də onlardan biri…
Sənin əllərin heç vaxt boş olmayıb. O əllərdə ağıldan süzülən bir xəzinə var. Bu xəzinə xalqın dili, ədəbiyyatı, mənəviyyatıdır, sənin deyimlərindir. Xərclə bu xəzinəni xalqına, qardaş! Xərclə! Nə qədər xərcləsən, qurtaran deyil…
Torpağın altına saxladığın dolu əllərindəki isə sənin nəsillər boyu yaşayacaq adın olacaqdır ki, bu da dünya durduqca əksilən deyil.
Onu da düz deyirsən ki,

Tərsinə dolanır daha vaxt, vədə,
Dünya kimə qaldı, qala Məmmədə.

Və heç birimizə…”.
… Bu kövrək sonluq mənə elə bil əvvəldən agah olmuşdu. Məmmədin dəfn mərasimində bu cümlələr içimi göyüm-göyüm göynədirdi. Kövrəldiyimdən mərasimdə çıxış etmədim. Deyəcəklərimi xatirə yazıma saxladım.
Qəbrin nurla dolsun, rahat yat! Sənin bütün türk dünyasına, bu vətənə istəyin heç vaxt yaddan çıxmayacaq.

“Vətən gözdü, biz kirpik,
Gözümüzün keşiyini çəkirik” – deyirdin.

Biz sənin özünü qoruya bilməsək də, kəlmələrinin, sözünün və ən çox da gələcək nəsillərə yadigar qoyduğun yaradıcılıq arxivinin keşikçisi olacağıq. Amma sənin ruhuna borcumuz var; axı, sən şeirlərinin birində deyirdin: “Gözümə Kəlbəcər torpağı tökün”…
Bax, bunu bacarmadıq… Allah sənə qəni-qəni rəhmət eləsin!
“GÖZÜMƏ KƏLBƏCƏR TORPAĞI TÖKÜN” PIÇILTISINDAN TANINAN ŞAİR HAQQINDA

Vəliyəddin MİSİROĞLU (İsmayılov).
Yazıçı-publisist,
“Qızıl Qələm” mükafatı laureatı.

    Yazıya (1035) dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.