Nobel Mükafatları Komitəsinin qərarı ilə 1924-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı tanınmış polyak yazıçısı Vladislav Reymonta verildi. İsveç Akademiyası öz təqdimatında yazıçının bu ali ədəbiyyat mükafatına “dəyərli eposa – “Kəndlilər” romanına görə” layiq görüldüyünü vurğulayırdı.
Ümumən götürsək, V.Reymont Polşanın Nobel mükafatı almış üçüncü nümayəndəsi idi. Ancaq bu sırada ən önəmli yer tutan böyük alim Mariya Skladovskaya-Küri milliyyətcə polyak olsa da, Nobel mükafatını Fransa təmsilçisi kimi qazanmışdı.
Yeri gəlmişkən, o, Nobel ödülü almış ilk qadın olmaqla bərabər, həm də bu mükafatı iki dəfə qazanmış birinci şəxs idi. 1903-cü ildə əri Pyer Küri ilə birgə fizika sahəsində mükafat alan bu xanım 1911-ci ildə kimya üzrə də mükafata layiq görüldü. M.Skladovskaya-Küridən sonra yalnız daha üç alim – ABŞ kimyaçısı Laynus Polinq (1954, 1970), fiziki Con Bardin (1952, 1972) və ingilis kimyaçısı Frederik Senger (1958, 1980) böyük elmi kəşflərinə görə belə ali şərəfə layiq görülüblər.
Ədəbiyyat üzrə laureat Henrik Senkeviç isə 1905-ci ildə bu mükafatı alanda faktiki olaraq Polşa dövləti mövcud deyildi. Ölkə Rusiya, Avstriya-Macarıstan imperiyaları və Prussiya arasında bölünmüş vəziyyətdə idi. Birinci Dünya müharibəsi nəticəsində həmin dövlətlərin süqut etməsi polyak xalqına birləşmək və Polşa Respublikasına 1918-ci ildə öz müstəqilliyini elan etmək imkanı verdi.
Konkret olaraq ədəbiyyat mükafatlarından söz açsaq, yenə də Nobel Komitəsinin polyak ədəbiyyatına xüsusi “isti” münasibəti bir qədər anlaşılmaz görünür. H.Senkeviç çox geniş yaradıcılığa malik olsa da, dünyada yalnız bir əsəri – tarixi-fəlsəfi “Kamo qryadeşi?” (“Yolun hayanadır?”) romanı ilə tanınır. Hərçənd, etiraf etmək lazımdır ki, bu roman həqiqətən dahiyanə əsərdir, amma müqayisə üçün onu da qeyd edək ki, məsələn, dünya ədəbiyyatına polyak ədəbiyyatı ilə müqayisədə dəfələrlə artıq töhfələr vermiş və təsir göstərmiş rus ədəbiyyatı nümayəndələri bir neçə dəfə namizəd göstərilməsinə baxmayaraq, o vaxtacan hələ də Nobel mükafatı ala bilməmişlər. 1924-cü ilin laureatı V.Reymont da dünya ədəbiyyatı miqyasında hər hansı bir “hünər”i ilə xüsusi seçilən qələm sahibi deyildi. Belə görünür ki, 1923-cü ildə olduğu kimi, bu dəfə də yenicə suverenlik qazanmış ölkənin mükafatlandırılması amili həlledici rol oynamışdı.
Vladislav Stanislav Reymont 1867-ci il mayın 7-də Polşanın Radom əyalətindəki Kobele Velke kəndində yoxsul bir ailədə doğulmuşdu. Kənd kilsəsində orqançalan işləyən atası Yozef doqquz uşaqlı ailəni çətinliklə dolandırırdı. Vladislavın üç yaşı tamam olmamış ailələri Lodz yaxınlığındakı Tuşino qəsəbəsinə köçür. Bu qəsəbədə kilsə daha böyük, orqançının qazancı isə nisbətən çox idi. Ata ailənin sonbeşiyi olan Vladislavın onun sənətini davam etdirməsini istəyirdi. Ancaq uşağın nə musiqi istedadının, nə də təhsilə marağının olmadığını görüncə kənd məktəbinin üçüncü sinfini bitirən kimi atası onu Varşavaya – dərzi işləyən qardaşının yanına sənət öyrənməyə göndərir. Əmisindən dərzilik sənətini həvəslə öyrənməyə başlayan Vladislav 1880-1884-cü illəri burada keçirir. Lakin fəhlə nümayişində iştirak etdiyinə görə Varşavadan çıxarılan yeniyetmə yenidən valideynlərinin yanına qayıtmalı olur. Çox keçmir ki, sərt təbiətli atasının və qatı dindar olan anasının tələbkarlığına dözməyərək evdən qaçır və səyyar teatr truppasına qoşularaq onlarla birlikdə ölkəni dolaşmağa başlayır. Teatr sənətinə qəlbən vurulan, lakin aktyorluq istedadı olmayan Vladislav tezliklə truppadan uzaqlaşsa da, burada topladığı həyat təcrübəsi və zəngin təəssüratlar gələcək yaradıcılıq fəaliyyətində onun çox karına gəlir.
Bundan sonra bir neçə il ürəyincə məşğuliyyət axtararaq bir müddət hətta Yasna Qoradakı Çenstoxovo monastırında rahib kimi vaxt keçirməli olur. Nəhayət, Vladislav dəmir yolunda nəzarətçi vəzifəsinə işə düzəlir. Bu işdə boş vaxtı çox olan gənc meylini mütaliəyə salır. Hələ uşaq yaşlarından romantik şeir kitablarını əlindən yerə qoymayan Vladislav gənclik dövründə daha ciddi ədəbiyyat nümunələrini oxumağa başlayır. Sistemli təhsil ala bilməsə də, mütaliəyə vurğunluq sayəsində gələcək yazıçı, bütün polyak klassikasını dərindən mənimsəməklə yanaşı, tərcümələr vasitəsilə rus, ingilis və fransız ədəbiyyatı nümunələri ilə də tanış ola bilir.
İş yerindən ona yaşamaq üçün stansiya yaxınlığında balaca bir koma da vermişdilər və gənc tənha gecələrin uzunluğunu qısaltmaq üçün yazmağa başlayır. Təbii ki, onun forma və janrca son dərəcə “zəngin” olan ilk qələm təcrübələri oxuduğu əsərləri yamsılamaqdan ibarət idi. Yazıçının sonralar xatırladığına görə, heç birini üzə çıxarmadığı bu cızma-qaralar içərisində şeirlər, hekayələr, hətta roman və pyeslər də varmış. Bir müddət sonra yazdığı novellalardan altısını tanış ədəbiyyatçıya göstərən Vladislav onun müsbət rəyindən xeyli ruhlanır. Yalnız bundan sonra 1893-cü ildə hekayələrdən bəzilərini ədəbi mətbuatda dərc etdirir.
Tezliklə dəmir yolundakı işini itirsə də, “yaradıcılıq uğurları”ndan həvəslənən Vladislav həyatını bütövlüklə yazıçılıq fəaliyyətinə həsr etmək məqsədilə Varşavaya gəlir. Çörək pulu qazanmaq üçün iş tapa bilməyən gənc ilk vaxtlar çox ağır günlər keçirir. Onun həyatının bu mərhələsi başqa bir Nobel mükafatçısı, böyük Norveç yazıçısı K.Hamsunun “Aclıq” romanında müstəsna ustalıqla təsvir olunmuş gənclik illərini xatırladır. Dünya ədəbiyyatının bir sıra görkəmli nümayəndələri kimi kiçik yaşlarından hər cür məhrumiyyətlərlə üzləşərək sistemli təhsil və təlim görməyən V.Reymont böyük rus yazıçısı M.Qorkinin təbirincə desək, məşəqqətli “həyat universitetləri” keçərək ardıcıl mütaliə və yaradıcılıq inadkarlığı sayəsində Tanrının verdiyi istedadı, taleyin verdiyi şansı reallaşdıra bilir. V.Reymontun bioqrafiyasında K.Hamsunla eynilik təşkil edən daha bir cəhət hər iki yazıçının məhz kənd həyatı mövzusunda yazılmış bir romana görə dünyanın ən nüfuzlu ədəbi mükafatına layiq görülməsidir.
Nəhayət, bəxti üzünə gülən gənc ədəbiyyat həvəskarı Varşavada nəşr olunan ədəbi jurnalların birindən ictimai mövzuda məqalə yazmaq sifarişi alır. Və yazısını Polşada cox məşhur olan, özünün də şəxsi həyat təcrübəsindən yaxşı bələd olduğu Çenstoxovo monastırına həsr etmək qərarına gəlir. Beləliklə, 1894-cü ildə onun peşəkar ədəbiyyatda ilk addımı sayılan “Yasna Qora zəvvarları” oçerki jurnalda çap olunur.
1896-cı ildə yazıçının yenə də canlı təəssüratlara əsaslanan “Komediantka” romanı nəşr edilir. Əsər səyyar teatr aktrisasının həyatından bəhs edir. Bu mövzunu yazıçı 1897-ci ildə nəşr etdirdiyi “Fermentlər” adlı növbəti romanında da davam etdirir. Bu əsərlərdə dəbdə olan naturalist və simvolist cərəyanların güclü təsiri aydın görünürdü.
1897-ci ildə V.Reymontun ilk kitabı – “Görüş” adlı hekayələr toplusu, 1902-ci ildə isə “Sübhdən öncə” adlı ikinci kitabı nəşr olunur. 90-cı illərin axırlarında səyahətə çıxaraq Avropanın əsas mədəniyyət mərkəzlərini – London, Paris, Berlin, Roma şəhərlərini gəzməsi onun dünyagörüşünün və yaradıcılıq vüsətinin genişlənməsinə təkan verir.
1899-cu ildə yazdığı “Vəd olunmuş torpaq” romanında yazıçının daha çox klassik tənqidi realizm metodunun prinsiplərinə uyğun gələn öz yaradıcılıq üslubunun elementləri müşahidə olunmağa başlayır. XIX əsr fransız və rus nəsrinin ən yaxşı ənənələrindən yaradıcılıqla bəhrələnən müəllif bu əsərdə ictimai ideyaları ön plana çəkərək Lodzda cərəyan edən fəhlə hərəkatının nümunəsində sənayeləşmə dövrünün ədalətsiz sosial münasibətlərini ustalıqla əks etdməyə nail olur. Əsərdə müəllif yalnız qazanc barədə düşünən yırtıcı kapital hakimiyyətinin insanların mənəvi dünyasını, mərhəmət, xeyirxahlıq kimi humanist duyğularını məhv etdiyini açıb göstərir. Polyak mənşəli ABŞ ədəbiyyatşünası Yeji Krjijanovskinin yazdığına görə, bu romanda müəllif özünü yazı texnikasını tam mənimsəmiş, istənilən ideyanı əks etdirə bilən dolğun əsər yazmağa qadir yetkin sənətkar kimi göstərə bilmişdir. Yeri gəlmişkən, dünya şöhrətli Polşa kinorejissoru Anjey Vaydanın bu roman əsasında 1976-cı ildə çəkdiyi bədii film də beynəlxalq miqyasda böyük rəğbət qazanmışdır.
1900-cü ildə V.Reymont Varşava – Vyana sərnişin qatarında qəzaya düşərək ağır xəsarət alır. Qəza nəticəsində sağlamlığını itirsə də, dəmiryol şirkətinin ödədiyi yüksək məbləğli kompensasiya sayəsində maliyyə çətinliklərini aradan qaldırır və dolanışığını biryolluq təmin edir. Bununla da yazıçı maddi təminat qayğısından can qurtararaq həyatını tamamilə bədii yaradıcılığa həsr etmək imkanı qazanmış olur. Xəstəxanada yatarkən Aureliya Çablovska adlı tibb baçısı ilə tanış olan yazıçı tezliklə onunla ailə qurur və müalicəsini davam etdirmək üçün xanımı ilə birgə Parisə yola düşür. Bu minvalla həyatının on ildən artıq bir dövrünü orada keçirməli olur.
Elə müalicə dövründə V.Reymont nəsr yaradıcılığının ən uğurlu nümunəsi olan dörd cildlik “Kəndlilər” romanı üzərində işləməyə başlayır. Əsər 1902-1909-cu illər ərzində nəşr edilərək böyük ədəbi hadisə kimi qarşılanır. Polşa ədəbiyyatında polyak kəndinin epik mənzərəsini “Kəndlilər” qədər mükəmməl əks etdirən ikinci bir əsər tapmaq mümkün deyil. Adətən xalq həyatının bu cür panoram mənzərəsini epos təfəkkürü ilə əks etdirən çoxcildlik romanlarda müxtəlif nəsilləri təmsil edən surətlərin ömür yolunun bir neçə onillik dövrü əhatə olunur. V.Reymont isə bir ailənin timsalında, cəmi bir il ərzində baş verən hadisələr fonunda bu mürəkkəb vəzifənin öhdəsindən gəlməyə nail olmuşdur.
Əsərin süjeti eyni bir qadına aşiq olmuş ata və oğulun faciəvi məhəbbəti nümunəsində polyak kəndinin ümumi faciəsini əks etdirmək üzərində qurulub. Hadisələrin cərəyan etdiyi ilin hər fəslinə uyğun olaraq, yazıçı romanın cildlərini də “Payız”, “Qış”, “Yaz” və “Yay” adlandırmışdır. Romanda müxtəlif sosial təbəqələr arasındakı ictimai kolliziyalar, surətlər arasındakı psixoloji konfliktlər, kəndli məişəti ənənələri, kəndlilərin torpağa, xalq adətlərinə bağlılığı kimi məsələlər öz əksini tapmışdır. Əsərin uğurlu alınmasının bir səbəbi də məllifin təsvir etdiyi mühitə uşaq vaxtlarından yaxşı bələd olması idi. Ümumbəşəri ideyalar daşımasına baxmayaraq, “Kəndlilər” romanı həm təsvir olunan mühitin, həm də personajların xarakterinə görə tam milli səciyyə daşıyan bir əsərdir. Pomanın ifadə tərzi görkəmli rus yazıçısı İ.S.Turgenevin Azərbaycan oxucusuna yaxşı tanış olan lirik nəsr üslubunu xatırladır. Maraqlıdır ki, əsərin birinci cildini çapa vermək ərəfəsində son redaktədən sonra müəllif onu yandıraraq bütün cildi təzədən yazmışdı.
Çap olunan kimi müəllifinə böyük şöhrət qazandıran roman ümumilikdə otuzdan artıq dilə tərcümə edilmişdi (Təəssüf hissi ilə onu əlavə etmək istərdik ki, bir sıra Nobel mükafatçıları kimi, V.Reymontun da heç bir əsəri indiyə qədər dilimizə tərcümə edilməyib və ölkəmizdə çap olunmayıb).
Əsər 1909-cu ildə Polşa Elmlər Akademiyasının xüsusi mükafatına layiq görüldü. “Kəndlilər”dən sonra V.Reymont çox əsərlər yazsa da, bu romanda qazandığı uğuru bir daha təkrarlaya bilmədi. 1910-cu ildə onun xatirələrlə zəngin olan memuar xarakterli “Xəyalpərəst”, 1911-ci ildə isə insanın həyatda öz yerini axtarmasına həsr olunmuş “Vampir” romanları çap edilir.
1914-cü ildə vətəninə qayıdan V.Reymont Birinci Dünya müharibəsi illərini Polşada keçirir. Bu illər ərzində (1914-1918) yazıçı “1794-cü il” adlı iki cildlik tarixi romanını yazır. Polşaya dövlət müstəqilliyini bərpa etmək şansı vermiş müharibə zamanı onun belə bir mövzuya müraciət etməsi təsadüfi deyildi. Əsər Polşa tarixinin şərəfli bir dövründən – polyak xalqının general Tadeuş Kostyuşkonun başçılığı ilə Prussiya və Rusiya asılılığına qarşı milli azadlıq mübarizəsindən bəhs edir.
1919-1920-ci illərdə ABŞ-a səfər edən yazıçı bundan sonra Varşava yaxınlığında səfalı bir yerdə tikdirdiyi Kolaçkovo malikanəsində yaşamağa başlayır. Ancaq çoxlu yaradıcılıq planları olan, sakit şəraitdə ancaq yazıb-yaratmaq barədə düşünən ədib bu niyyətinə çata bilmir. Ağır ürək xəstəliyi onu heç Nobel mükafatının təqdimat mərasimində iştirak etməyə də qoymur. Müalicə aldığı Paris xəstəxanasından Nobel Komitəsinə göndərdiyi kiçicik məktubda yazırdı: “1922-1923-cü ildən ürəyimdə ağrılar başlayıb. Deməyə sözüm çoxdur. Yazmaq istəyirəm, lakin bilmirəm, ölüm imkan verəcəkmi?” Ölüm imkan vermədi… və yazmaq arzusu gözündə qalan yazıçı dünyanın ən nüfuzlu ədəbi mükafatı ilə təltif olunandan cəmi bir il sonra – 1925-ci il dekabrın 5-də dünyadan köçdü.
Nobel mükafatçısının cismi Varşava qəbiristanlığının fəxri xiyabanında – Polşanın adlı-sanlı elm və mədəniyyət xadimləri ilə bir sırada dəfn edilsə də, ürəyi Polşa incəsənətinin digər görkəmli nümayəndəsi, böyük bəstəkar F.Şopenin ürəyi kimi Krakovdakı Müqəddəs Xaç məbədinin sütununa gömüldü.
V.Reymontun sağlığında çap etdirdiyi son əsəri olan “Qiyam”(1924) adlı alleqorik romanında fermada saxlanılan heyvanların “hüquq bərabərliyi” uğrunda mübarizəyə qalxmaları və bu “etiraz aksiyası”nın ferma sahibi tərəfindən amansız terrorla qarşılanması təsvir olunur. Bu hadisələri kəskin satirik qələmlə təsvir etməklə, yazıçı dövrün ictimai reallıqlarına tənqidi münasibətini ifadə etmişdir. Əsərlə bağlı belə bir fikir formalaşmışdı ki, bu roman Rusiyadakı 1917-ci il Oktyabr İnqilabına parodiya kimi yazılıb. Buna görə də Polşada 1945-1989-cu illərdə mövcud olmuş kommunist rejimi dövründə bu əsər qadağan olunmuşdu.
Ölümündən sonra V.Reymontun vətənində və Qərb ölkələrində çox da yüksək olmayan populyarlığı daha da səngidi. Bu gün onun adı yalnız mütəxəssislərə məlumdur. Otuz cildlik yaradıcılığından isə təkcə “Kəndlilər” romanı xatırlanır.
V.Reymontun aforizmlərindən seçmələr
– Biliklərimiz əbədiyyət zülmətində yanan kibrit çöpü kimidir.
– Bütün həyatını yalnız bir ideyanın xidmətinə həsr edən heç də qürrələnməsin, sadəcə, onun bundan artığına qabiliyyəti çatmayıb.
– Xeyirxahlar və bədxahlar yoxdur, ağıllılar və axmaqlar var.
– Öz övladlarının gələcəyi naminə çalışmasını Allah insan üçün günah saymır.
– Əbədi həyat qazanmaq üçün vaxtında ölməyi bacarmaq lazımdır.
– Vətən yolunda canından keçmək vətənə xidmətin ən asan yoludur.
– Toxum səpən hər kəs bol məhsul arzusu ilə yaşayır.
– Allah səsvermə yolu ilə seçilmir deyə polyaklar onu bu qədər sevirlər.
– Ömrünü vətənə xidmətə həsr etmək insana övladlarının gələcəyi barədə düşünməyi qadağan etmir.
– İnsanlar Allahın, dünya isə insanların xəyalıdır.
– Sevə-sevə oxuduğun kitabın son səhifəsini çevirərkən keçirdiyin sevinc və qüssə qarışıq hissi başqa heç zaman duya bilməzsən.
– Darıxmaq varlıların xəstəliyidir.
– İnsan təbiəti fəth etdi və onun təsiri altına düşdü, maşınları yaratdı və onların köləsinə çevrildi.
– Qələbə həmişə məğlubiyyətdən baha başa gəlir.
– Yalnız axmaqlar hər şeyi pula qurban verə bilər.
– İt də öz damı üçün darıxır.
– Həyatın xülyalarla məşğul olmağa vaxtı yoxdur.
– Bəzi adamlar şöhrətə o qədər aludədirlər ki, yaxşı, ya pis mənada şöhrət qazanmağın onlar üçün fərqi yoxdur – təki şöhrət olsun.
– İnsanın böyüklüyü onun mənsub olduğu mühitin, xalqın böyüklüyündən birbaşa asılıdır.
– Bizim sivil görkəmdə görünmək cəhdimiz cırtdanın nəhəngin paltarını geyinməsinə bənzəyir.
– İnsanın əməllərini öz iradəsi yox, həyat zərurəti müəyyən edir.
– Dindarla ateistin fərqi axmaqlığın dərəcəsindədir.
AYB.az
Yazıya 1065 dəfə baxılıb