“Ulduz” jurnalında yazıları bir qonaqlığa çap edirdilər”

 irade

Moderator.az-ınsuallarını yazar İradə Aytel cavablandırır.
– Oxuculara və sizi sevənlərə özünüzü necə təqdim edərdiniz?
– Elə özüm kimi – İradə Aytel.
– Yazmağa nə vaxtdan başlamısınız?
– Yazmağa yox, oxumağa çox tez başlamışam. Beş yaşımda yazıb-oxumağı bacarırdım. Yadımdadı, birinci sinifdə yaşıma uyğun bütün nağıl kitablarını oxumuşdum. Məktəbimizin iki kitabxanası var idi, hər ikisinin üzvü idim.  İkinci sinifdə kiçik həcmli hekayələr oxuyurdum, üçüncü sinifdə macəralar kitabxanasının kitablarını oxumağa başladım, artıq dördüncü sinifdə kitabxanalarımızda yaşıma uyğun kitab qalmadı və roman oxumağa başladım. Romanları da anamın adı ilə alırdım. Yazmağa isə təxminən üçüncü sinifdən başlamışam. Beşinci sinifdə şeir dəftərim də var idi, evdəkilərdən gizlin saxlayırdım. Təəssüf ki həmin dəftəri itirdim…
– İlk yazdığınız əsər, yaxud roman necə adlanıb və nə vaxt ərsəyə gəlib?
– Sinifimizdə bir oğlan var idi. İlk dəfə onun adının baş hərflərindən ibarət şeir yazmışdım. Əgər şeir demək olardısa. Amma mətbu orqanda ilk dəfə orta məktəbdə çap olunmuşam – Göy göl rayonunda nəşr edilən “Göy göl” qəzetində. Sinif yoldaşlarımın da şeir yazdığımdan xəbərləri yox idi. Məni təbrik edənlərdən isə qaçırdım, istəmirdim şeir yazdığımı kimsə bilsin.
– Nədən bəhs edirdi o şeir?
– Vətənpərvərlikdən.
– Bəs ən axırıncı yazdığınız kitab nədən bəhs edir və necə adlanır?
– Ən sonuncu kitabım “Bağışla” adlı şeirlər toplusudur. Son illərdə yazdığım şeirlərdən ibarətdir. Redaktoru  Gəncəmizin və Azərbaycanın fəxri, şair Bahadur Fərmandır. Bu günə qədər çap olunan şeir kitablarım məhz Bahadur Fərmanın redaktorluğu ilə işıq üzü görüb: “Sevgidən doğulan işıq”, “Çiçək  açan  dərdlərim”,  “İkimizin bir evimiz varıydı”  və sonuncu kitabım “Bağışla”.
– Yeni nəşr edilən kitabınız – “Bağışla” adlanır. Bu gün yaradıcı insanlar daha çox yeniliyə can atır, hətta əsərlərinə də elə ad qoyurlar ki, daha nəzərə çarpan, cəlbedici olur. Siz niyə məhz bu ada müraciət etdiniz?
– Doğru iraddır. Lakin bu kitab sanki ürəyimdəki, içimdəki “Ona” bir ismarıc idi. Kitabdaki şeirlərin əksəriyyəti bir ünvanda görüşür və bəlkə də o şeirlər bir araya gəlib mənim deyə bilmədiklərimi söyləyir – “Bağışla” deyir…
Ona deyin, verdiyi
Dərdi də sevər oldum.
Gözüm hər acısını
Gördü də, sevər oldum.
 
Ona deyin, əcəl də 
Məndən üz çeviribdi.
Təxti olan köksümü
Atəşi deviribdi!
 
Ona deyin, bahara
Çıxmam!
Çıxmam bu qışla.
Ona deyin can verən,
“Can” deyəni bağışla!
Ona deyin,
Bağışla!
 
– Siz doqquz kitab müəllifisiniz. O biri kitablar barədə də oxucularımıza məlumat verərdiniz.
– “Partizanın acı həqiqətləri” sənədli roman Böyük Vətən müharibəsində partızanlıq etmiş Mirdamət Seyidovdan bəhs edir, “Bir cüt  qızılgül” Qarabağ döyüşlərində ağır yaralanan və gənc ikən dünyasını dəyişən Əhməd Həsənovun döyüş və həyat yollarından bəhs edir, “Sədnik Paşa Pirsultanlı nəsri” elmi-monoqrafiya adından göründüyü kimi, böyük alim Sədnik Pirsultanlının nəsri haqqında monoqrafiyadır, “Eynək taxan Günəş” uşaqlar üçün yazdığım hekayələrdən ibarətdir, “Qanlı öpüşlər” isə hekayələr kitabıdır.
– Axırıncı kitabınız digərlərindən nə ilə fərqlənir?
– Ədəbiyyat baxımından fərqlənirmi bilmirəm, məncə bu fərqi oxucu daha yaxşı görəcək. Bəlkə bu şeirlər əvvəlkilərdən zəifdir, yaxud əksinə… Bunları deyə bilmərəm, bircə onu bilirəm ki, bu kitabda sevgim cilalıdır, dərdlərim ucadır, böyükdür, hiss etdiklərim içim boydadır, bəlkə bu kitab bir az ağıllıdır, müdrikdir… Bir sözlə, bu kitabda yalnız mən və mənim yaşantılarım var.
– Oxucu hər hansı bir yazıçının romanını oxuyanda birinci nəyə fikir verməlidir? Eyni zamanda romanın maraqlı olması üçün yazıçı nə etməlidir?
– Oxucu məni bağışlasın, ancaq mən yazanda heç vaxt oxucunu düşünmürəm. Oxucu ilə mənim ünsiyyətim əsərin çapından sonra başlayır. Bəzən yazdığıma görə utanıram, peşman oluram, gərək bunu deməyəydim, yazmayaydım düşünürəm. Məncə yazdıqlarının maraqlı olması üçün yazıçı həyatı tanıyan, bilən, dünyanın ağını qarasından seçən, mütaliəli və ayrı-ayrı elmlərə vaqif olmalı, yaratdığı obrazların xarakteri ilə yanaşı həyat tərzini, işini də yaxından bilməli, qələmə almalıdır.
– Sizcə, bir roman yazmaqla tanınmış yazıçı olmaq olarmı?
– Əlbəttə olar! Şota Rustaveli ədəbiyyat tarixinə “Pələng dərisi geymiş pəhləvan” əsəri ilə düşdü, Nekrasov  “Kapitan Vrungelin macəraları” adlı kitabı ilə məşhur oldu. Və araşdırsaq bu siyahı kifayət qədər böyüyər.
– Kitab oxumağı sevirsiniz?
– Kitab oxumağı sevmədən kitab yazmaq mümkün deyil. Kitab oxumağı sevmədən sevə-sevə yazmaq mümkün deyil. Kitab oxumağı sevmədən oxucunu sevmək mümkün deyil.
– Axırıncı dəfə oxuduğunuz kitab hansıdır?
– Etiraf edim ki, son zamanlar mütaliəm azdır. Başqaları kimi “buna vaxtım yoxdur” bəhanələri gətirməyəcəm. Çünki kitab oxumaq nəfəs almaq, yemək, geymək kimi həyatın içində və özünün ayrıca zamanı olan bir keçilməzdir. İşim ağırdır, hansısa müəssisədə rəhbər işləmək asan deyil, məsuliyyət və zaman tələb edən işdir, lakin bu, kitab oxumağa heç də mane olmur. Sadəcə özüm tənbəlləşmişəm, bəlkə ruhdan düşmüşəm, bəlkə… Sonuncu dəfə yazıçı Qərib Mehdinin “Duel” kitabını oxumuşam və kitab haqqında resenziya da yazmışam.
– Gənclərdən kimləri oxuyursunuz?
– Gənclərdən sevdiyim imzalar var, amma adlarını çəkməyəcəm. Bu gün gənclərimiz qəribə müştəbehliyə qərq olublar. O müştəbehliyin xatirinə ad çəkmirəm.
– Sizcə, yaxşı yazıçı olmaq asandır?
– Yaxşı yazıçı olmaq çətin deyil. Çətin bugünkü ədəbi xaosda yaxşı olduğunu sübut edə bilməkdir. Kütləvi informasiya vasitələri çoxaldıqca hər bir sahədə olduğu kimi ədəbiyyatda da təbəqələşmə yox kütləviləşmə – kütləşmə sürətlə inkişaf etdi. İndi yaxşı əsərlə pis əsəri seçmək üçün söz adamı olmalısan. Efirlər ədəbiyyata dəxli olmayanları kütləyə ədəbiyyatçı adı ilə elə sırıyırlar ki, oxucu arasında da çaşqınlıq yaranır və yaxşılar pislərin kölgəsində qalır.
– Siz hər hansı bir əsər, yaxud konkret bir obrazla bağlı ideyanı haradan götürürsünüz?
– Yaşadıqlarımdan. Hər bir əsərimdə, hər bir obrazımda mən varam!
– Hadisə və ya ideya ilə rastlaşmaq üçün mətbuatı izləyirsinizmi? Axı indi elə qəribə xəbərlər oxuyuruq ki, işləsən, bəlkə də bir əsərdir…  
– Mətbuatda mövzu axtarmıram. Yeniliklərdən xəbərdar olmaq üçün izləyirəm.
– Hazırda əlinizdə yazdığınız, yaxud işləmək istədiyiniz əsər varmı?
– Bəli var. İllər öncə bir roman başlamışdım, bitirmək üzrə idim. Atam vəfat edəndən sonra sanki o romanımdan da küsdüm. İndi həmin romanı tamamlamaq istəyirəm. Lakin əvvəlki ovqata köklənə bilmirəm…
– Ümumiyyətlə, yaxşı roman yazmaq üçün yazıçıya birinci növbədə nə lazımdır, nə kimi amil o romanı maraqlı edə bilər?
– Yazanda bunları düşünmürəm. Yəni mən məqsədli şəkildə, ağılla yazmağı bacarmıram. Hisslərimlə yazıram və əsərimin gələcəyi barədə düşünmürəm.
– Özünüzü tanınmış yazıçı hesab edirsiniz?  
– Qətiyyən! Tanınmış yazıçı deyiləm.
– Mənim bir tanışım var, bu yaxınlarda dedi: “Mən, heç vaxt şair, jurnalist, rəssam, yazıçı tipli adamlarla evlənmərəm. Yaradıcı adamla evlənmək hər qadının işi deyil”. Bəlkə əhli-kef və o qədər də məsuliyyətli olmalarına görə. Buna münasibətiniz və fikiriniz necədi?
– Yaradıcı adamla ailə qurmaq məncə də çətindir. Çünki yaradıcı insanlar fəsillər kimi dəyişkən olur, həm xaraktercə, həm də ovqatla. Onlara dözmək hər insanın işi deyil. Həm də yaradıcı insanlar bir az da uşaq kimidirlər, qayğı, nəvaziş istəyirlər. Əgər ortada böyük sevgi olarsa, ailə də möhkəm olar, qarşı tərəf ömür yoldaşının bütün şıltaqlığına dözər. Hərdən düşünürəm, yaradıcı “O” ilə ailə qursaydım, mütaliəm daha geniş olardı, yazılarımın redakəsində mənə kömək edərdi, mən ona kömək edərdim, ümumi mövzumuz, maraqlı mübahisələrimiz olardı… olardı… olmadı!
– Sizi necə təqdim etməyi istərdiniz, tanınmış yazar, yoxsa kifayət qədər tanınan yazıçı?
– Axı mən nə tanınmış deyiləm, nə də kifayət qədər tanınan. Ona görə də hər iki təqdimata sıxılaram. Yazıçı deyə təqdimat xoşuma gəlir. Düzdür, mən ədəbiyyata poeziya ilə gəlmişəm, çox illər sonra publisistikaya və nəsrə keçmişəm. Lakin heç vaxt istəməmişəm ki, məni şair deyə təqdim etsinlər.
– Maariflənmək, savadlı olmaq, əlavə biliyə yiyələnmək üçün bizə mane olan nədir?
– İnsanın heç bir istəyinə maneə yoxdur. İstək sərhəd tanımır, əgər həqiqətən istək olarsa.
– Yaxşı əsər yazıb ortaya çıxarmaq üçün yazıçıya nə qədər vaxt lazımdır?
– Vaxt lazim deyil, yenə də istək, sevgi lazımdır. Öz əsərinə sevgi lazımdır ki, yolları çiləkənləməsin.
– Gənclər niyə kitabxanaları ziyarət etmir? Gənclərimiz niyə kitab oxumaqdan qaçırlar? Hətta saatlarla kompüter arxasında oturmağı kitab oxumaqdan üstün tuturlar…
– Gəncləri qınamaq da olmur. Əsrimiz kompüter əsridir.  Bu, bütün dünyanın qarşılaşdığı problemdir.
– Kitab təqdimatları keçirirsiniz?
– Təqdimatdan qaçıram. Bəlkə də təqdimatın məsuliyyətini dərk etdiyimçün qorxuram. Təqdimat aludəçisi olanları isə dəstəkləmirəm. Bir kitab çıxarırlar, kitabda oxucu üçün heç nə olmadığı halda camaatı yığırlar ki, bəs mən yazaram. Cəmi bir dəfə kitab təqdimatı etmişəm –  Tiflisdə tələbə gənclərlə bir yerdə. Əslinə qalsa, o da təqdimat deyildi, gənclərlə görüş idi, orada yeni çıxan kitabımı tələbələrə hədiyyə etmişdim.
– Yazıçılıqla sevərək məşğul olursunuz, yoxsa maddi maraq üçün yazırsınız?
– Maddi durumumu qarşılayacaq dərəcədə yazıçı deyiləm. Bununçün böyük yazıçı olmaq lazımdır. Yazmağım yaşamağımdır. 2003-cü ildə övladımı itirdim. O hadisədən sonra heç nə yaza bilmirdim… çətin idi. Sanki içimdə məni sıxan, boğan, intihara sürükləyən bir qüvvə var idi. Və “Yetim laylalar” hekayəmi yazdım. Bəlkə də yenidən həyata qayıtmağım üçün Tanrı yazdırmışdı o hekayəni. İnanın, o yazıdan sonra sanki bütün ağrılarımı, dərdlərimi kağıza tökdüm və duruldum. İçimdəkiləri yazmasan içim məni qətlə yetirər…
– Oxucularla ünsiyyətdə olmaq sizin üçün nə dərəcədə önəmlidir?
– Çox önəmlidir, amma oxucudan çəkinirəm…
–  Xalqın Yazıçısı ya Xalq Yazıçısı olmaq daha yaxşıdı?
– Əlbəttə xalqın yazıçısı olmaq lazımdır. Saxta adlar, mükafatlar, mədhiyyəçilik yazarı gözdən salır. Mən gözdən düşmüş, adlı-sanlı yazıçı olmaq istəmirəm. Sevilən, hörmət qoyulan ədəbiyyat adamı kimi yaşasam bəsimdir.
– Bu gün böyük və görkəmli şair və yazıçılarımız tənqid olunur, hətta onları  lağa qoyub yaradıcılığını bəyənməyənlər də var. Buna münasibətiniz necədir? O insanlara haqq qazandırmaq olarmı?
– Bu məni hirsləndirir. Özündən müştəbeh yaşlı yazarlar heç marağımda da deyil, lakin bu tərbiyədə böyüyən gəncliyi sinirə bilmirəm. Belə olmaz!
– Onlar, yəni böyük şair və yazıçılarımız Azərbaycan ədəbiyyatında böyük iz qoyub getdilər bəs onları bəyənməyənlər, tənqid edənlər nə ilə yadda qalacaq? 
– Yaxşı yazarlar heç vaxt özündən əvvəlkilərə toxunmurlar, toxunanlar isə tarixdə qalası deyillər, istedadsiz şüvənçilərdir.
– Gənc yazıçıların sayı həddindən artıq çoxdu, hətta bir neçəsinin kitabı işiq üzü görüb, bəzi kitabların üzünü açar-açmaz insanın hətta ürəyi bulanır… Səviyyəsiz yazarlar çoxalıb, ya yaza bilmirlər?
– Gəl səviyyəsiz, istedadsızlardan danışmayaq, onların ən böyük cəzaları özlərini görmədən Öz olmağa can atmaqlarıdır. Amma istedadlı gənclərimiz çoxdur.
– AYB-nın üzvüsüz?
– Bəli üzvüyəm. Eyni zamanda, Jurnalistlər və Uluslararası Aktivist Sanatçılar birliklərinin üzvüyəm.
– AYB-da bu gün baş verən hadisələrə məsələn: istefalara, qovulmalara münasibətiniz necədi?
– AYB heç kimi qovmur. AYB elə bir ocaqdır ki, hər bir istedad sahibi o ocağın sahibidir. Sadəcə AYB də elə istedad düşmənləri var ki, yazarları o ocaqdan perikdirir. Şəxsən mən Əvvəllər “Ulduz” jurnalına yazı göndərmirdim. Elçin Hüseynbəylinin bir qonaqlıq üçün kimləri çap edib, kimləri kölgədə qoyduğundan xəbərim var idi. Fikir verirsinizmi, son zamanlar “Ulduz” jurnalında nə qədər yeni istedadlara rast gəlirik. Bu baxımdan Qulu Ağsəsdən çox razıyam. O, yazarın kimliyinə yox, istedadına, əsərinə diqqət edir.
– Xoşbəxtlik sizin üçün nədir? Ümumiyyətlə, özünüzü xoşbəxt insan hesab edirsiniz?
– Xoşbəxt anlarım olub, xoşbəxtliyi görmüşəm, tanıyıram. O – xoşbəxtlik məni atdı…
– Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır? 
– Maraqlı sualdır (gülür). Pis cəhətim çoxdur. Bəyəndiyim pis cəhətim isə… çox maraqlıdır, gərək düşünüm… Axı pis cəhətimi necə bəyənim? Tez hirslənənəm, bəzən deyilməsi lazım olmayan sözü deyirəm, üzr istəməyi bacarmıram, iradəsizəm…
– Qəhrəmanınız kimdir? 
– İradə Aytel!
– Həyat fəlsəfənizi hansı şüar ifadə edir?
– “Mənsiz də keçərdi dünyanın işi, əcəba, nə üçün cahana gəldim?”
– Gənc yazıçılara tövsiyələriniz və məsləhətləriniz…
– Əslində özümü tövsiyyə və məsləhət verəcək birisi hesab etmirəm. Mütaliəyə üstünlük vermələrini istəyərəm. Yazmağa tələsmək lazım deyil. Gəncləri qınayanda özümün də ədəbiyyata yeni gəlişim yadıma düşür. Bir epizodu deyim, ilk kitabım yenicə çapdan çıxmışdı. Kitabda bütün sevdiyim şairlərin misraları var idi. Amma mənə elə gəlirdi ki, mən çox əla şairəm, kitabım da var artıq. Gəncədə rəhmətlik Sədnik Paşayevin rəhbərlik etdiyi “Pirsultan” nəşriyyatında redaktor işləyirdim. Onda Gəncə ədəbi birliyi ilə də tanışlığım yox idi. Bahadur Fərman iş yerimə qonaq gəlmişdi. Sədnik müəllim məni ona təqdim etdi və şair şeirlərimdən birini oxumağımı istədi. Uzun bir şeirimi həvəslə və təkəbbürlə ifa elədim. Sonda Bahadur Fərman dedi ki, yaxşıdı, istedadın var, amma bu şeiri bir az qısa da yaza bilərdin. Onda elə hirslənmişdim ki, mən “dahi”yə göstəriş verilmişdi. Həmin hadisə hər yadıma düşəndə həm xəcalət çəkirəm, həm də gülümsəyirəm və gəncliyi qınamıram. Onlar birazdan biləcəklər ki, heç də düşündükləri kimi deyillərmiş…
– Gələcək fəaliyyətinizdə sizə uğurlar arzu edirəm və bir daha xoş və səmimi söhbətə görə təşəkkür edirəm.
– Çox sağ olun, Leyla xanım. Mən də sizə və əməkdaşı olduğunuz media rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm.
Leyla Namazova
Moderator.az

Yazıya 905 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.