Tovuzun işıqlı oğlu – Rəşid Rüstəmov (fotolar)

Rəşid Rüstəmov: “Məni yaşadan Tovuz xatirələrim, o dağlar, dərələr, meşələr, bulaqlardır”.

“Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasov və Cəmiyyətin bir neçə üzvü TXC Ağsaqqallar Şurasının üzvü, İqtisad elmləri doktoru, dosent Rəşid Rüstəmovu ziyarət etdi.  Ustad aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə “Tovuz Xeyriyyə Cəmiyyəti”nin təsis etdiyi “Mikayıl Azaflı – 100” yubiley medalını, “Mikayıl Azaflı-100” döş nişanını və aşığın şeirlərindən ibarət kitabı Cəmiyyətin sədri Musa Süleymanovun, Ağsaqqallar Şurasının sədri Qəzənfər Paşayevin, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının xeyir-duası ilə Rəşid Rüstəmova Ç.Abbasov təqdim etdi.

Rəşid Rüstəmov Cəmiyyət rəhbərliyinə və üzvlərə minnətdarlıq edərək Mikayıl Azaflı ucalığına, ozan-aşıq sənətinə olan sevgisini belə ifadə etdi: “Aşıq sənəti bizim üçün hava, su kimi yaşayış zərurəti, sağlamlıq mənbəyi olub. Biz saz və sözlə ruhən sağalmışıq, ruhən dincəlmişik. Aşıq havaları bizi mənəvi cəhətdən bir-birimizə bağladığı kimi, bizdə insanlara, insanlığa, Azərbaycan folkloruna, ədəbiyyatına sevgi, ehtiram oyadıb. Uşaqlığım Tovuzun Cirdək kəndində keçib. Yaxşı yadımdadır, o zamanlar hər gün saat 5-də radioda aşıq konserti olurdu. Mən də dağlarda qoyun-quzu otarırdım.  Qoyun-quzunu buraxırdım, qaça-qaça evə gəlirdim ki, radionu açım, o konserti dinləyim. Babamdan gizlin dinləyirdim. Bilsəydi ki, heyvanı buraxıb gəlmişəm, məni tənbeh edərdi. Mikayıl Azaflı Azərbaycan üçün, Azərbaycan saz-söz sənəti üçün əvəzedilməz bir insandır. Ustadımız zamanından asılı olmayaraq həqiqəti deyib, qorxu nədir bilməyib. Elə ona görə də başı çox bəlalar çəkib. Allah ona rəhmət eləsin! Azaflının nəvəsi Romanda babasının səsinə oxşarlıq var. O oxşarlığa görə Romanı tez-tez dinləyirəm”.

Azərbaycan Dövlət İqtisad Universitetinin yetirməsi, uzun illər məzunu olduğu universitetdə müəllim kimi çalışmış Rəşid Rüstəmov Azərbaycan gəncliyi barədə də öz ürək sözlərini söylədi: “Ölkəmizin gələcəyi gənclərdən asılıdır. Gənclər bizim bu günümüz, sabahımız, həyatımızdır. Bizi yaşadan gənclərdir. İşğaldakı torpaqlarımızı azad edən, qoruyan, başımızı dünyada həm elm, həm mədəniyyət sahəsində uca edənlər də gənclərimizdir. Ona görə də bu gün biz ziyalılar və dövlətimiz gənclərə nəzarət etməli, onları qorumalı, zamana görə tərbiyələndirməyi, gənclərin təhsilində, peşə sahibi olmasında, ailə qurmasında, istedadlı uşaqların parlamasında onlara dəstək olmalıyıq”.

“Tovuz Xeyriyyə Cəmiyyəti” yarandığı ilk günlərdən maddi və mənəvi dəstəyi ilə Cəmiyyətin sıralarında olan Rəşid Rüstəmov Azərbaycan torpaqlarının, Tovuz rayonunun sərhəd kəndlərinin qorunması uğrunda çox böyük işlərə imza atıb. Ziyalımız Birinci Qarabağ müharibəsi dönəmində də, İkinci Qarabağ döyüşlərində də ordumuzun, sərhədyani kəndlərdə yaşayan sakinlərin, Qazi və Şəhid ailələrinin yanında olub, onlardan öz köməyini əsirgəməyib. Tovuzun işıqlı oğlu Cəmiyyətin yarandığı günləri belə xatırlayır: “Zaman insanı qəhrəman da edir, oğru da, qatil də, pis vərdişli birisinə də çevirməyi bacarır. Biz düşmənlə üz-üzəydik. Bizi də zaman, zamanla baş verən qorxu, məsuliyyət, torpaq, vətən təəssübü, ana-bacı heysiyyatı yetişdirdi. Biz bu qəhrəmanlığa, ayıq-sayıqlığa həm də məcbur idik. “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sıralarında bir araya gələn, sərhəddimizdə dayanan döyüşçüləri də zaman yetişdirdi. İlk illərdə rəhmətlik Akif Fəttahov, Çingiz Abbasov, Mayıl həkim, Aşıq Xanlar Məhərrəmov, mən və adını çəkə bilmədiyim üzvlərimiz həftədə bir dəfə görüşər, Cəmiyyətin məsələlərini həll edərdik. Cəmiyyətimizin yarandığı ilk günlərdə əlimizdə silah-sürsat da yox idi və Tovuz torpaqlarının işğala məruz qalmaq təhlükəsi başımızın üstünü almışdı. İlk günlər biz düşmən üzərinə əliyalın getdik, od-alovlu silahların önünə canımızla, qəlbimizlə, ruhumuzla atıldıq. Təsəvvür edin ki, şüşə qablar toplayır, içərisini neftlə doldururduq ki, düşmən tankının üzərinə gedə bilək. Zaman-zaman Tovuzun imkanlı oğulları Cəmiyyətə maddi dəstək oldu, biz silah-sursat aldıq, sərhəddə dayanan döyüşçülərə, onların ailələrinə yardım etdik. Bu gün Tovuz torpaqlarının qorunmasında, sərhəd kəndlərimizin bir qarışına da düşmən ayağının dəyməməsində bizim böyük əməyimiz var”.

Doğulduğu el-obaya, torpağa, insanlara böyük sevgi ilə yanaşan, səhhəti ilə bağlı olaraq doğma yurd-yuvasını ziyarət etməkdə çətinlik çəkən ziyalımız bu gün tovuzlu xatirələrlə yaşadığını söylədi: “Məni yaşadan Tovuz xatirələrimdir. O dağlar, dərələr, meşələr, bulaqlardır. Dünyanı az-çox dolaşmışam. Bizim yerlər əvəzedilməzdir. Gəzdiyim ölkələrin, hətta Azərbaycanın da Tovuzun təbiətinə bənzəyən ikinci bir bölgəsi yoxdur. Bir az Kəlbəcər təbiəti bizim təbiətə yaxındır. Bizim çəmənlər də çox fərqlidir. O çəmənlərdə quzu otardığım, o gül-çiçəyə qərq olduğim günlər heç xatirimdən çıxmır. Çəmənlikdə özümü gül-çiçəkli xalça üzərində hiss edirdim. Həyat o idi…”

Kultur.az

Yazıya 220 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.