Müsahibimiz “Tovuz Xeyriyyə Cəmiyyəti” Ağsaqqallar Şurasının üzvü, Polkovnik-leytenant Qələndər Çobanovdur.
Q.Çobanov: “Vaxtında yolpulu düzəldib Bakıya gələ bilmədim. Bir aydan sonra gəldim və gördüm ki, məni institutdan xaric ediblər”.
“Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasov və Cəmiyyətin bir neçə üzvü Polkovnik-leytenant Qələndər Çobanovu ziyarət etdi. Ustad aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə “Tovuz Xeyriyyə Cəmiyyəti”nin təsis etdiyi “Mikayıl Azaflı – 100” yubiley medalını, “Mikayıl Azaflı-100” döş nişanını və aşığın şeirlərindən ibarət kitabı Q.Çobanova Ç.Abbasov təqdim etdi:
Ç.Abbasov – Əmi, bu mübarək mükafata Cəmiyyətimizin fəal yaradıcı üzvləri, söz-sənət adamları layiq görülür. Siz də ölkəmizdəki ictimai-siyasi, mədəni inkişafda, torpaqlarımızın qorunması uğrunda çox böyük işlərə imza atmısınız. Cəmiyyətimizin həm yaradıcı, həm də fəal üzvüsünüz. Bu gün sədrimiz Musa Süleymanovun, Ağsaqqallar Şurasının sədri Qəzənfər Paşayevin, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının xeyir-duası və burada iştirak edə bilməyən üzvlərimizin ehtiram və salamları ilə Sizin görüşünüzə gəlmişik. “Mikayıl Azaflı-100” medalını Sizə təqdim etmək xoşbəxtliyi isə mənə qismət oldu…
Q.Çobanov – Çox sağ olun! Təşəkkür eləyirəm! Mikayıl Azaflıya Allah rəhmət eləsin! Onun xatirəsini yaşadanlara Allah-təala cansağlığı versin! Sizin gəlişinizə çox sevindim. Dostların salam-duası məni xoşbəxt elədi. Gəncliyimə, Tovuzdakı xoşbəxt günlərimə qaytardı…
İradə Aytel: – Qələndər müəllim, Tovuz deyəndə ilk olaraq yadınıza nə düşür?
Q.Çobanov: – İlk olaraq uşaqlıq illərim, xoşbəxt günlərim yadıma düşür. Bildiyiniz kimi mən Tovuz rayonunun Böyük Qışlaq kəndində doğulmuşam. Orta məktəbi də doğulduğum kənddə bitirmişəm. Onu da xüsusilə vurğulayım ki, bizim məktəb çox məşhur məktəb idi. Hələ Sovet qurulanda Tovuzda ilk orta məktəb bizdə tikilmişdi. Məktəbi bitirəndən sonra sənədlərimi Azərbaycan Dövlət Universitetinə təqdim etdim. Yeddi imtahan verməli idim, iki imtahandan ”4” aldım, dörd imtahandan “5”. Sonuncu imtahan kimyadan idi. Heç vaxt yadımdan çıxmır, imtahanda iki nəfər müəllim iştirak edirdi, məni və məndən başqa iki nəfəri ən sona saxlamışdılar. Müəllimlər heç bir sorğu-sual etmədən “bunlar heç nə bilmir, ona görə də sona qalıblar” – deyərək, üçümüzü də imtahandan kəsdilər. Onda Pedaqoji İnstitutda əlavə qəbul var idi, sənədlərimi verdim ora. Kimya imtahanından əla qiymət aldım. Disturu elə həll elədim ki, imtahan götürən müəllim heyranlıqla soruşdu, bala, sən haranı qurtarmısan? Fəxrlə cavab verdim, Tovuz rayon, Böyükqışlaq orta məktəbini. Bütün imtahanları uğurla verdim və döndüm kəndimizə. Dərs başlandı, vaxtında yolpulu düzəldib Bakıya gələ bilmədim. Bir aydan sonra gəldim və gördüm ki, məni institutdan xaric ediblər. Kənd Təsərrüfatı Texnikumunda qəbul var idi, sənədlərimi təqdim etdim. İki günə üç imtahan verdim, üçündən də “Əla!” qiymət aldım. Texnikumu qırmızı diplomla bitirdim. Sonra kəndə getdim, kolxozda məni baş mühasibin müavini vəzifəsinə təyin etdilər. İşləyə-işləyə, imtahan vermədən D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna qiyabi qəbul oldum. 1959-ci ildə, ikinci kursa keçəndə məni əsgər apardılar. Əsgərliyim Tiflisdə oldu Əsgərlikdən kiçik leytenant rütbəsi ilə döndüm.. Hərbidə ola-ola ali təhsilimi də davam etdirdim, vaxtlı-vaxtında imtahanlara gəlib-getdim və 1962-ci ildə universiteti bitirdim. Elə həmin il məni rayon Partiya Komitəsinə təlimatçı kimi işə götürdülər. Aradan bir neçə ay keçəndən sonra Ağstafada yeni yaradılan Kənd Təsərrüfatı İstehsalat İdarəsinə iqtisadçı olaraq göndərdilər. Bir neçə ay işləyəndən sonra isə məni Qazağa Mərkəzi Komitəyə çağırdılar ki, səni kolxoz sədri göndəririrk. İstəmirdim o vəzifəni, gənc idim. İki il orada işləyəndən sonra rayon Partiya Komitəsinin katibi Qaravəliyevin qəbulunda oldum.
Ç.Abbasov – Barat Qaravəliyev rəhmətlik. Tovuz üçün onun da müstəsna rolu, xeyirxah işləri olub…
Q.Çobanov – Bəli, çox yaxşı insan idi. Ona izah etdim ki, mən öz gücümə ali təhsil aldım, inkişaf eləmək istəyirəm, kolxozda qalmaq istəmirəm. Kömək etdi, məni əvvəlcə yeni yaradılmış Maşın Hesablama İdarəsinə müdir göndərdilər, bir müddət sonra isə raykoma çağırdılar ki, Daxili İşlər orqanında yeni iş yeri açılıb – Sosialist Dövlətinin Əmlakının dağıdılması ilə Mübarizə dəstəsi. Respublika üzrə 800 nəfərlik ştatı olan idarəyə hərbi xidmətdə olmuş, ali təhsilli, partiya mənsubiyyəti olan, bir sözlə, nümunəvi adamlar seçiləcək. Mən də namizədliyimi verdim və məni Gəncə şəhərinə Sosialist Dövlətinin Əmlakının dağıdılması ilə Mübarizə dəstəsinə rəhbər göndərdilər. Əvvəl Gəncədə, sonra Bərdədə, Şəmkirdə, Şəkidə eyni vəzifəni icra etdim. İşlədiyim müddətdə paralel olaraq Moskvada Polis Akademiyasını, Sankt_Peterburqda ixtisasım üzrə təkmilləşməni bitirdim. Sonra Bakıya Polis Məktəbinə Əməliyyat üzrə müəllim göndərildim, altı il orada işlədim və 27 illik stajla Daxili İşlər orqanlarından Polkovnik-leytenant rütbəsi ilə tərxis olundum, hazırda təqaüddəyəm.
Ç.Abbasov – Əmi, uzun illər vəzifə sahibi olan hər kəsə təqaüdə çıxandan sonra da xalq tərəfindən sevilmək, hörmət, ehtiram sahibi olmaq qismət olmur…
Q.Çobanov – Bu günə şükür! İndiyə kimi kimsə qapımı döyüb “filan vaxtı mənə filan pisliyi eləmisən” deməyib. Ali təhsilli iki övladım, 6 nəvəm var. 10 nəticə babasıyam, onların da ali təhsilli, vətənə gərəkli övladlar olacağına inanıram.
Ç.Abbasov – Sizin keçdiyiniz şərəfli ömür yolundan hamımız xəbərdarıq. Elə buna görə də inanırıq ki, övladlarınız, nəvələriniz kimi nəticələriniz də sizin adınıza layiq yetişəcəklər.
– Çox sağ ol, eloğlu. Allah bütün valideynlərə övlad sevinci qismət eləsin!
İ.Aytel – Qələndər müəllim, siz TXC Ağsaqqallar Şurasının üzvüsünüz. Müstəqil Azərbaycanla həmyaş olan Cəmiyyətin bu il 35-ci ildönümüdür. Bu günə qədər “Tovuz Xeyriyyə Cəmiyyəti” çox böyük işlərə imza atıb. 90-cı illərin əvvəllərində torpaqlarımız işğalla üz-üzə qalanda Tovuz ziyalıları, el təəssübü çəkən oğullar bir araya gələrək ordunun, sərhəddə yerləşən kənd sakinlərinin yanında oldular. Hamımıza məlumdur ki, məhz Sizin kimi oğulların sayəsində Tovuzun bir qarış torpağı da düşmən əlinə keçmədi. Birinci Qarabağ müharibəsi dönəmində də, ikinci Qarabağ döyüşlərində də Cəmiyyət üzvləri öz maddi və mənəvi dəstəklərini ordudan əsirgəmədilər. Şəhid və Qazi ailələrinin elm-sənət adamlarının, qabaqcıl gənclərin, aztəminatlı ailələrin yanında olan Cəmiyyət müxtəlif adda tədbirlərin, yubileylərin keçirilməsində, qalaq-qalaq kitabların, dərgilərin dərcində və s. Tovuzun ictimai-siyasi, mədəni həyatında müstəsna işlərə imza atdı. Bütün bunlar bu gün də davam etməkdədir. Cəmiyyət barədə fikirlərinizi bilmək çox xoş olardı…
Q.Çobanov – Biz o Cəmiyyəti yaxşı ki, yaratdıq. Cəmiyyətin tərkibində çox böyük, ölkəmiz üçün lazımlı işlər gördük. O zamanlar yığıncaqlarımız, görüşlərimiz daha tez-tez olardı. Bəli, çox doğru deyirsiniz, o zamanlar biz sərhədyani kəndləri qarış-qarış dolaşmasaydıq, o kəndlərin sakinlərinə maddi və mənəvi dəstək olmasaydıq, düşmənlə üz-üzdə dayanan kənd adamları yurd-yuvalarından perik düşərdilər. O zamanlar ermənilər tez-tez şaiyələr yayırdılar, guya filan yer, alındı, ermənilər filan kəndə hücuma hazırlaşır və s. O vaxt rayonun bir sıra kəndlərində – Əlibəylidə, Ağdamda, Əsrik Cırdaxanda, Qaralarda, Koxa Nəbidə döyüşlər gedirdi. Düşmənlə üz-üzə duran tovuzlulara mənəvi-psixoloji dəstək olmaq, onları silahlandırmaq, ərzaqla, geyimlə təmin etmək, ən əsası yayılan şaiyələrin qarşısını almaq bizim üzərimizə düşürdü.
Ç. Abbasov – Cəmiyyətin yaranmasında rolu olanları böyük hörmətlə anırıq. Müseyib Müseyibov, Məmməd İsmayıl, Cəfər Quluzadə, İlham Rəhimov, Mikayıl Məhərrəmov, Fətulla Hüseynov, Nəriman Sadıqov, Zakir Zeynalov, Zilli Rzayev, Mayıl Məhərrəmov, Mikayıl Əliyev, Qələndər Çobanov, Nəriman Şirinov, Məmməd Qarayev, Çingiz Müseyibov, Qənbər Hüseynov, Qamət Əliyev, Qəzənfər Paşayev, Ramiz Mirzəyev, Fuad Əsədov, Vilayət Quliyev, Məmməd Məmmədov, Zakir Həsənov, Əsgər Quliyev, Rəşid Heydərov, Babək Pənahov, Vilayət Hümbətov… Allah dünyasını dəyişənlərə rəhmət eləsin, qalanlara isə cansağlığı arzu edirəm.
Q.Çobanov – Amin! Allah ölənlərin ruhunu şad eləsin, qalanlara uzun ömür qismət eləsin! İlk olaraq biz xeyriyyə aksiyaları keçirdik, ön cəbhəyə kömək üçün xeyli vəsait topladıq, hücuma məruz qalan kəndlərə səfərlər, yardım karvanları təşkil etdik, döyüşçülərimizə hər cür maddi-mənəvi köməkliklər göstərdik. Mən qətiyyətlə deyirəm ki, Tovuzun sərhəd kəndləri müharibənin ilk illərində bizim Cəmiyyətin dəstəyi və yerli özünümüdafiə dəstələrinin qəhrəman döyüşçülərinin hesabına bir qarış da olsa torpağını düşmənə vermədi.
İ. Aytel – Qələndər müəllim, bizim bugünkü görüşümüzə ustad aşıq Mikayıl Azaflının 100 illik yubileyi vəsil oldu. Görüşümüzün ilk dəqiqələrindən saz-söz, poeziya ab-havasına büründük. Söhbət əsnasında siz Azaflını, Zəlimxan Yaqubu, Məmməd İsmayılı, Rasim Kərimlini və bir çox saz-söz sənətkarlarını yada salaraq, onlardan örnəklər səsləndirdiniz. Bütün bunları videolentə almışam. İzninizlə onları da poeziyasevərlər üçün yayınlayacam. Çox maraqlıdır, texniki universitet bitirən, uzun müddən Daxili İşlər orqanlarında çalışan bir dövlət məmuru necə oldu ki, poeziyaya bu qədər bağlandı?
Q.Çobanov – Doğulduğum kəndin, böyüyüb boya-başa çatdığım dərənin füsunkarlığı məni ədəbiyyata daha meylli etdi. Mən Mikayıl Azaflı rəhmətliyin, Aşıq Usubun musiqiləri ilə böyümüşəm. Azaflı bizim evə tez-tez gələr, sazda ifa edərdi. Bu gün də mənim evimin baş guşəsində saz dayanır, üç ədəd sazım var. O ustadlardan gördüm, götürdüm, elmə-kitaba, şeirə, sənətə bağlandım. Bundan başqa, müəllimlərimdən öyrəndim. Müəllimlərimdən təkcə qələm tutmağı, yazıb-oxumağı deyil, etika-estetikanı, davranışı, həyatı öyrəndim. O vaxt müəllimlər var idi ki, biz onun qarşısından keçəndə papağımızı çıxarıb baş əyib keçirdik. Bizim vaxtımızda təhsil sistemi belə deyildi. Təhsilimizdəki bu üsul, test üsulu məni heç qane etmir, indi sanki əzbərçilik baş alıb gedir. Təhsilimizin daha da təkmilləşməsini, təhsil sistemində dəyişiklikləri arzu edərdim. Əvvəlki təhsil sistemi çox gözəl idi, kaş yenə də elə olaydı… Zəlimxan Yaqub deyir ki,
O zaman əkmişdim, indi biçirəm,
Bir körpü salmışdım, üstdən keçirəm,
Çörəkdir yeyirəm, sudur içirəm,
Qismət var, ruzi var xatirələrdə….
Mən də o zaman əkdiklərimi indi biçirəm.
Ç.Abbasov – Əmi, sizin kitabxana Tovuzda məşhurdur. Hansı kitabı axtarsaq, sizdə tapırıq.
Q.Çobanov – Bəli, mənim çox zəngin kitabxanam var. Bu evimdəki kitablarla yanaşı, Tovuzdakı evimdə də çox sayda kitabım var. Hətta oğlumun evindəı də kitabxana yaratmışam. Mən bu yaşımda da hər gün oxuyuram. İnanın, oxumadığm gecə yata bilmərəm. Çox oxuyan çox bilir, çox oxuyanın nitqi inkişaf edir, söz bazası çoxalır.
İ.Aytel – Maraqlıdır, bu gecə nə oxumusunuz?
Q.Çobanov – Bu gecə Yunis Əmrəni oxumuşam. Hətta yaddaşıma da həkk olunub:
Dolandım dünyanı, geymədim başıma tac,
Nə zəngini tox görmədim, nə fəqiri ac.
Rəbbim, qismətimizi özün ver,
Nə namərdə, nə mərdə eyləmə möhtac.
İnsana qalan ən böyük sərvət elmdir, bilikdir. Pul yığmaq sərvət sahibi olmaq deyil…
İ.Aytel – Qələndər müəllim, təhsil sistemimizdə dəyişiklik arzu edirsiniz. Bu günkü gənclik, Qarabağı azad edən oğullar bu sistemin yetirmələridir. Gənclik barədə nə demək istəyərdiniz? Ümumiyyətlə, Sovet dönəmində bu günü görürdünüzmü? Bu günün gələcəyinə inanırdınızmı?
Q.Çobanov – Bugünkü gənclik Qarabağı azad edən gənclikdir. Gəncliyimiz, mərddir, qorxmazdır, cəsurdur, vətənpərvərdir. Etiraf edim ki, Sovet dönəmində milli ideologiya deyilən məfhum yox idi. Sovetin sistemi elə bir sistem idi ki, insanların beynini bütünlüklə öz ideologiyaları ilə zəbt edirdilər. Sovet idelogiyasında patriotizmə yer yox idi. Millətçilik, yerlipərəstlik torpaq təəsübü, Azərbayçançılıq məfhumu demək olar ki, aradan götürülmüşdü. Gəncləri elə yükləyirdilər ki, sabahı düşünməyə zamanımız olmurdu. Biz Sovet ideologiyası ilə doğulduq, təhsil aldıq, peşə fəaliyyətinə başladıq. Bir zaman öz müstəqilliyini elan etmiş Azərbaycan Cümhuriyyətini yenidən qurmaq ideyasını Sovet ideologiyası yox eləmişdi. Çox az, işıqlı, ziyalı təbəqə arasında işara bilərdi bu arzu. Əlbəttə, biz bu günü arzu edirdik, bu günə can atırdıq, amma həyata keçirmək üçün zaman lazım idi. Şükürlər olsun ki, bu günü gördük! Azərbaycan xalqı müstəqilliyini qazandı! Azərbaycan gəncliyi, başda Ali baş Komandanımız İlham Əliyev olmaqla, Azərbaycan ordusu torpaqlarımızı azadlığına qovuşdurdu. Bu günkü gənclik bizim baş ucalığımızdır. Allah bizim gəncliyi bütün dünyanı narahat edən pis vərdişlərdən, narkomaniyadan uzaq eləsin!
İ.Aytel – Qələndər müəllim, o dövrdə işsizlik problemi yaşanırdımı?
Q.Çobanov – Qətiyyən! Orta məktəbi bitirdin, ali məktəbə qəbul olmadınsa, mütləq şəkildə iş stajın olmalı idi növbəti ilin imtahanına. Əsgərlikdən döndün işə başlamadınsa, sahə müvəkkili evinə gəlir, səni aparıb işlə təmin edirdi. O vaxt iş yerləri çox idi. Bircə nəfər də olsun işsiz adam olmazdı.
Ç.Abbasov – Əmi, Cəmiyyətimiz qurulan zamanlarda bir amalımız var idi, torpaqlarımızı işğaldan azad etmək və qorumaq. İndi isə arzumuzun sərhədləri böyüyüb. Biz TURAN uğrunda yola çıxmışıq. Cəmiyyətimizin logosunda da belə bir şüar var – OĞUZ YOLU – TURAN YOLU! Siz də bu yolun yolçularındansınız. Sizcə, bu müqəddəs yolun harasındayıq? Bu yolu başa vurmaq nəsibimiz olacaqmı?
Q.Çobanov – Mütləq olacaq! O günü biz yaşlılar görməsək də, gələcək nəsillər, Qarabağı azad edən oğullar görəcək. Mən buna əminəm! İnanıram ki, dünyada yeganə, ədalətli hakimiyyət İslam aləminə məxsus olacaq. Bu həqiqət keçmişdə də söylənilirdi və artıq yetişib. O gün mütləq gələcək!
Söhbəti qələmə aldı: İradə Aytel
Yazıya 91 dəfə baxılıb