Dekabr ayı idi
Bir qız xəbər verdi televizorda.
15 il bundan qabaq…
Əlindəki çubuğun ucunu
Büzüşərək xəritənin köksünə soxulan nöqtəyə qoyub: “Axşam hava kəskin dəyişəcək,
Şimal-şərq küləyi əsəcək,
Yağış yağacaq,
Çovğun olacaq,
Sel gedəcək” dedi…
Hamı təşvişə düşdü evimizdə.
“Neyləyim, necə eyləyim?!” dedilər…
Mən qıza aşiq oldum…
İlan kimi boyunana dolanan boyunbağı
Köynəyin yaxasına sığışmayan,
Başını qızın üsyankarcasına azadlıq istəyən döşlərinin arasına qoyub yatmışdı…
İlk dəfəydi ki, aşiq olurdum,
Bunu içimdəki çəkisizlikdən hiss edirdim…
Axşamüstü atam traktoru daxalın şimalına verdi,
Lafeti şərqində ayırdı…
Allahdan aşağa
Evimizə sıxışmayan dar günlərimizdə
Ciyərlərindəki tüstünü Əyri burnuyla havaya buraxan Traktordan başqa heçkimimiz yox idi…
Anam yurdda qalan itimizin balasını zəncirindən çəkərək Daxalın dəhlizinə saldı.
Qabağına bir para çörək də qoydu.
Nənəm bir bayatı dəmlədi…
Yurdda qalan itimiz
Nənəmi yuxuda da rahat buraxmırdı.
Səhərə qədər ulayıb
Yuxusuna haram qatırdı.
Bir neçə dəfə mən də eşitmişdim o amansız ulartını…
Hava qaraldı,
Göy üzü çökdü üstümüzə.
Qaranlıq uçub töküldü başımıza…
Bağdan qopan it kimi
Külək qopdu hardansa.
Daxalın üstünü sinəsinə alıb apardı,
Vəhşi caynaqlarıyla didişdirdi
Kürkü nazik daxalın divarlarını…
Nənəm Allahı söydü
“Ay səni qoca qəhbə…”,
Nə bilim nə….
“Üzümü güldürmədin bircə dəfə!”
Anam əliynən nənəmin ağzını tutub
Nəsə deyib Kürdcə kövrəldi…
Atam bir bükmə də eşdi çarəsizliyimizə.
Nə yağış dayandı,
Nə külək kəsdi.
Bizi kimsəsiz görüb bir az da gücləndilər…
O gecə sel getdi,
Yağış evimizin içinə yağdı.
Külək daxalın “sümüklərin”i gəmirdi…
Səhərə qədər yatmadıq…
Daha sevmədim o qızı…
Mənə elə gəldi ki,
Evimizi o xəbərçi qız yıxdı
Əlindəki sehirli çubuqla…
İndi nənəm də hərdən deyir:
“Bizə nə elədisə o ləçər elədi”
Yazıya 846 dəfə baxılıb