Oyuncağı tel arabası,
Gözəl olur,
Tozlu küçələri.
Günlər gözəl olur,
Xəstə olmasın,
Kasıb uşağı,
İcazə versin anası,
Tozlu küçəyə,
Onda xoşbəxt olur,
Kasıb uşağı.
Sahibsiz həyətlərdən oğurlayır,
Alça, ərik, gilas,
Ağzını marçıldadıb yeyir,
Oğru deyil,
Qürurludu, mərddi,
Bir əyləncə, bir yeni macəradı,
Alça oğurluğu,
Beləcə xoşbəxtdi,
Kasıb uşağı.
Hələ anlamır,
Dünyanın etibarsızlığını,
Çox keçmir,
Küsür tel arabasından,
Tez böyümək istəyir,
Sütunla, ağacla boyunu ölçür,
İşarə qoyur,
Bu ildən o ilə,
Yeni arzular, yeni həvəslər,
Düşür arzusuna,
İncə bir gözəlin,
Yuxularında, xəyallarında,
Arzulayır o gözəli,
Görür iki təkər üstündə özünü,
Boyu da uzanıbdı bir xeyli,
Küçələr də tozlu deyil,
Axı batar,
Gözəlinin ayaqları,
Bir gün arzusunu dilə gətirir,
Velosiped almaqdır niyyəti,
Etirazlar, üsyanlar,
Maşın vurar səni,
Olmaz sənə velosiped,
O bilir,
Bir xülyadır velosiped,
Alça kimi pulsuz deyil,
Onun arzusu çox bahadı.
O çox sevir bu gözəli,
Qürurludu, mərddi,
Alça oğrusu,
Unudur,
Pula satılan,
Etibarsız gözəli.
Zirəkdi, bacarıqlıdı,
Dostları kitablardı,
Öyünür qabiliyyəti ilə,
Əlaçıdı,
Alça oğrusu,
Tozlu küçələrin,
Balaca şahı.
İllər ötür,
Tozlu küçələrdən,
Böyük şəhərə gedir,
Tələbədi,
Kasıb uşağı,
Yenə bir arzusu var,
Yeni arzular, yeni həvəslər,
Yenə düşür arzusuna,
İncə bir gözəlin,
Yuxularında, xəyallarında,
Arzulayır o gözəli,
İndi boyu da uzanıbdı,
Bir gün arzusunu dilə gətirir,
Yenə etirazlar, yenə üsyanlar,
Velosipeddən bahadı arzusu,
Özü böyüyüb arzusu da,
Xatırlayır,
Velosipedi unutduğu günləri,
Qürurludu, mərddi,
Alça oğrusu,
Yenə unutdu,
Pula satılan,
Etibarsız gözəli.
Məzun oldu, başı cübbəli,
Tozlu küçələrin, balaca şahı,
Başına qoydu, qotazlı tacı.
Yenə bir arzusu var,
Yeni arzular, yeni həvəslər,
Yenə düşür arzusuna,
İncə bir gözəlin,
Yuxularında, xəyallarında,
Arzulayır o gözəli,
Anasının da arzusu,
Çiçək açıbmış,
Bu yaz çiçəyindən,
Xəbəri yoxmuş,
Çox sevirdi yazı,
Elə bir yaz səhəri,
Arzusu çin olur,
Tel arabası sürdüyü günlər kimi,
Xoşbəxtdi,
Kasıb uşağı,
Zəngindi,
Alça oğrusu.
Arzuları çin olmuş,
İz qalıbdı,
Keçmişindən,
Xatirəsi qalıb,
Tozlu küçələrin,
Tel arabasının,
Dadı qalıb damağında,
Sümürdüyü alçanın,
Nə tozlu küçə qalıb,
Nə tel arabası,
Amma keçmişindən,
Bir iz qalıb,
Kasıb uşaqların dünyası,
Çoxlu adətlər qalıb,
Kasıblığından,
Burnu axa-axa gəzmək,
İncitməzdi onu,
Qolunun balağına,
Silərdi burnunu,
Bir sağa, bir sola,
Bu adət yaşayırdı onunla,
Bir əziz xatirə kimi,
Dəsmalı unudardı cibində.
Dilləndi bir gün,
Çin olmuş arzusu,
Pinti küçə uşaqları kimi,
Silmə burnunu,
Güldü ürəkdən,
Bu nə adətdi?
– Kasıb uşaqların,
Öz dünyası var,
Keçmişindən bir izdi qalıb,
Hər əməlin bir tarixi var,
Gördüyün zənginliklərin içində,
Bir kasıbın həyatı var,
Romanlar yazılır,
Bu həyatdan,
Nobel alır romanlar,
Zəngindi həyatı,
Rənglidi həyatı,
Alça oğrusunun.
Oyuncağı ilə, arzusu ilə,
Öz həyatı ilə,
Yazır bir yeni roman,
Alça oğrusu,
Tozlu küçələrin,
Balaca şahı…
Yazıya 639 dəfə baxılıb