Xuraman Hüseynzadə — Biganəliyin qurbanları

Xuraman Hüseynzadə

      Xuraman Hüseynzadə

Banklara krediti, mağazalara, dost-tanışa borcu olduğu üçün intihar edənlərin, ürəyi xəstə düşənlərin sayı artır. Buna yalnız statistika “ölüm”, yaxud “xəstəlik” deyə bilər. Əslində onların çoxu biganəliyin qurbanı olur…

“Evində ölü tapıldı”-son vaxtlar artan xəbərlərdəndi… Bu yaxınlarda evində ölü tapılan kişinin qulağını, burnunu həşəratlar yemişdi. Onların hamısı tənha, kimsəsiz deyil ki!..

İllər öncə evində ölü tapılan M. dayının oğlu da vardı, qızı da, qohum-əqrəbası da. Sağlığında bir adam onunla maraqlanmadı. Dəfnində iynə atsaydın, yerə düşməzdi amma. Oğlanları, qızları, onların qohumları, iş yoldaşları… hamısı gəlmişdi. Təmtəraqalı yas mərasimi təşkil elədilər rəhmətliyə. Hələ gül-çiçəyə qərq olan məzarını demirəm…

Evində tək-tənha ölmüşdü M. dayı. Dəhşətli qoxu bürümüşdü məhəlləni. Xeyli axtardıqdan sonra iyin hansı tərəfdən gəldiyini tapmışdı qonşular. Mərmər baş daşından boylanan M. dayı uzaqlara baxırdı. Elə bil, oğlanlarının, qızlarının, qohumlarının üzünə baxmaq istəmirdi. Evdə meyiti iylənən kişi utanırdı sinə daşına düzülən güllərin ətrindən.

İllər öncə evimizə gedən yoldakı ensiz səkinin üstündə ağzıüstə düşmüş kişi meyiti gördüm. Gömgöy göyərmişdi. Heç kim yaxın gəlmirdi. Adamlar elə etinasızlıqla ötüb keçirdi ki yanından, elə bil bu, dağ kimi kişinin cansız bədəni yox, lazımsız əşyaydı. Bir ağsaqqala yaxınlaşıb dedim ki, burda adam ölüb, niyə heç kim maraqlanmır? Gedə-gedə əlini yellədi ağsaqqal: “Əşi, nəyimə lazımdı, sonra şahid kimi dindiril, get-gələ düş…”

Parkda skamyada yanımda əyləşən qadın özünü pis hiss elədiyini dedi. Bu biri tərəfimdə əyləşmiş gənc qız tez durub uzaqlaşdı. Qarşı tərəfdəki aptekdən valerian alıb gətirdim. Qadın bir az özünə gəldi və durub getdi evinə. Parkdan çıxanda həmin qızı gördüm. Soruşdu ki, o xanım necə oldu, dedim, elə ciddi bir şey deyildi, dərman içdi, düzəldi. Sonra mən onun niyə durub getdiyini soruşdum. Çiynini çəkib mızıldandı: “Nəyimə lazımdı e, qohumum deyil, tanışım deyil, başım niyə ağrısın ki?”

Çox adam xəstələnəcəyini, öləcəyini ağlına belə gətirmir. Biganəlik, rəhmsizlik elə burdan başlayır.

Tolstoyun “İvan İliçin ölümü”nü xatırladım. O da öləndə adamlar fikirləşirdi ki, nə yaxşı ölən mən deyiləm, filankəsdi…

Qafqaz.info

Yazıya 560 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.