Sənsizlik “Sən” “Siz” olanda başlayır

eminproKultur.az  Emin Pirinin “H2O” şeirini təqdim edir.

Payız…

Xəzan pıçıldayır

ağacın qulaqlarına:

“Gözlə məni yazacan”.

Sən də gözlə məni,

bir başqa qadından doyanacan…

Barmaqlarım tellərində yellənər,

yelləncəkdə yellənən

dəcəl uşaqlar kimi.

Sinəndəki cüt göyərçin

qonar dodaqlarıma

ağzımda dən varmış kimi.

Hələ,

məktəb illəri…

kimya dərsində

quruyardı boğazım

baxışlarım tutanda

çəhrayı dodaqlarını.

Əllərindən

bir ovuc su istəyən

ürəyimi oxuyardın.

Və…

Lövhəyə iri hərflərlə yazardın:

H2O…

Bu gecə yuxum gəlmədi…

Yuxum gəlmir,

barı sən gəl…

Amma barmağında bəxtin saralır,

İndi ki payız deyil.

Ölçüləri kiçildilmiş xəritədə

şəhərlərimiz əllərindən

daha yaxındı mənə.

Dayan…

Baxım görüm döyən kimdi

ürəyim yaman döyünür.

Xoş gəlir

bu gələn

sənsizliyə oxşayır…

Sənə demişdim də…

Sənsizlik

“Sən” “Siz” olanda başlayır…

Yazıya 864 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.