Aydın Xanın “Zamanın Arifi” məqaləsini təqdim edirik.
Elə insanlar var ki, ana təbiətin ruhu sayılan zaman sankı müəyyən vaxt və məkan çərçivəsində onu özünün bir hissəsi olaraq yaradır, bu dünyaya gətirir, başqalarına nümunə kimi yaşadır, nə qədər qəribə görsənsə də, tələsik geri qaytarır. İndi haqqında çətinliklə xatirə yazmaq istədiyim, müəllimim, tənqidçi-alim, yaradıcı həmkarım Arif Əmraoğlu haqqında düşünəndə, onun da məhz belə bir şəxsiyyət olduğunu anlayıram…
Hələ Bakı Dövlət Universitetinin filologiya fakultəsində ali təhsil alan zaman şəxsən tanıdığım, hərəkətlərindən tutmuş baxışlarına qədər, addımlarından başlamış ciddiliyinə kimi başdan-ayağa əsl qədimi Azərbaycan kişisini xatırladan Arif Əmrahoğluyla yaxından ünsiyyətim olmuşdum: bu abırlı, cavan olmasına baxmayaraq, yaşından artıq aqil görünən, saçlarına dən düşmüş ağırtəbiətli müəllimə sayğı bəsləməmək mümkün deyildi. Ötən əsrin ağır doxsanıncı illərinin bütün problemlərinə baxmayaraq alicənablığını bir az da itirməyən, tədris etdiyi Türk xalqları ədəbiyyatı tarixini biz ərköyün gənclərə sevdirə bilən, söz sənəti vasitəsilə qədim türk etnosunun böyüklüyünü tələbələrinə layiqincə çatdıran Arif müəllim həm də içində istedad işığı sezdiyi yaradıcı düşüncə sahibləribnin pənah apardıqları tək-tük pedaqoqlardan idi.
Biz onun mühazirələrini əvvəldən-axıra qədər diqqətlə dinləyirdik: lazımi kitablar olmasa da, Arif müəllim heç vaxt təkid etməzdi ki, dediklərini dəftərə köçürək: əksinə, hər vaxt diskussiya və müzakirələrə şərait yaratmaqla tələbələrin kreativ-intellektual düşüncəsinin inkişafına təkan verirdi. Biz çox-çox sonralar bildik ki, saçları vaxtından-əvvəl ağarmış bu sevimli müəllimimiz yaşca bizdən bir elə də böyük deyilmiş, cavan olmağına baxmayaraq, o zaman Prezident Aparatında məsul vəzifədə çalışır, tənqidçi-ədəbiyyatşünas kimi çoxsaylı yazıları, araşdırmaları, tərcümələri var: ən əsası isə bütün bu cəhətlərini heç vaxt bildirmədən öz sevimli müəllimlik peşəsi ilə vicdanla məşğul olur. Halbuki onun həmkarlarının əksəriyyəti o zamanlar az məvacibə görə mağazalar açır, universitetdən çox öz fərdi bizneslərini inkişaf etdirməklə məşğul olurlar…
Daha sonralar əyani aspirantı olduğum Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda, Azərbaycan Yazıçılar Birliyindəki ünsiyyətimiz bizi daha da doğmalaşdırdı, dostluğumuz bu dəyərli insanın ölüm gününə qədər davam etdi: zatən, sevdiyimiz adam fiziki olaraq bizi tərk edə bilər, mənən – ruhən hər zaman içimizdədir, Arif müəllim kimi.
Arif Əmrahoğlu AYB-dəki yaradıcılıq və gənclər üzrə katib kimi fəaliyyət göstərdiyi vaxtlardan bu yana biz onunla çoxlu layihələr həyata keçirtdik: Gənc Yazıçıların ilk Forumu, Qurultaylararası ədəbi müzakirələrin təşkili, AYB Gənclər Şurasının yaradılması, Yazıçılar Birliyinin saytının və xüsusi kitab bülletenlərinin hazırlanması, kitab nəşrləri, yüzlərlə ədəbi-mədəni tədbirlər, yubileylər, məclislər, kitab bayramları… İndi də xatırlayanda heyrətlənirəm ki, heç bir maddi məqsəd gedmədən Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına yönəlik o fəaliyyətimiz çoxları tərəfindən görməməzliyə vurulsa da, unutdurulsa da, tarixin yaddaşına böyük hərflərlə yazılıb, zaman heç vaxt pozmayacaq onları…
Arif müəllim doktorluq, mənsə namizədlik işimizi yubadırdıq və hər dəfə görüşəndə ya söhbətimizin əvvəlində, ya da axırında zarafatla bir-birimizi “tənqid edirdik” ki, elmi yaradıcılığımızı “yaddan çıxarmayaq”. Fəqət o da, mən də əla bilirdim ki, ədəbiyyata xidmət yalnız yazılarla, məqalələrlə, kitablarla deyil, həm də gördüyümüz ictimai-mədəni işlərlə ölçülür: hələ televiziyadakı yüzlərlə ekspert iştirakımızı, mətbuat və İnternetdəki müsahibələrimizi, açıqlamalarımızı, saysız tədbirlərdə, müzakirələrdə çıxışlarımızı, universitetlərdəki mühazirələrimizi qoyuram bir yana.
Bizi ruhən də, düşüncə etibarilə də birləşdirən çoxlu cəhətlər vardı: ikimiz də gedən müasir proseslərə, gündəlik həyata, tarixə, ədəbiyyata, humanitar-estetik, ədəbi-mədəni, elmi-ictimai düşüncəmizə kulturoloji-intellektual yanaşmağın tərəfdarıydıq; ədəbi tənqid, ədəbi publisistika, ədəbiyyat nəzəriyyəsi, fəlsəfə, tənqid və dünya söz sənətinə, mədəniyyətinə yanaşmamız daha qlobal idi. Onda da, elə indinin özündə də şüur etibarilə Biləcəridən o tərəfə adlaya bilməyən əksər insanlarımıza bu yanaşma qəribə, yad, liberal gəlsə də, Azərbaycanın dünyaya açılışları daha intensivləşdiyi indiki dövürdə bizim necə düzgün yolda olduğumuzgün kimi aydın görünməkdədir.
Alman, rus, fransız kulturologiya məktəbi, postmodernist estetika, multikulturalizm, Azərbaycan ədəbiyyatına dünya bədii-estetik dəyərlər çərçivəsində qiymət verilməsinə tərəfdarı olaraq özümüzün sevimli müəlliflərimiz, filosof və kulturoloqlarımız vardı: M.F.Axundov, Mirzə Cəlil, F.Dostoyevski, J.Derrida, U.Eko, M.Bulqakov, Q.Q.Markes, Baxtin, Lotman, Y.Qarayev, O.Pamuk… Siyahı böyük idi, amma ideya bir: bu yaradıcı intellektualları bizə sevdirən cəhətlər – bəşəri, qlobal, əbədi məsələlərə münasibətdə fikirlərimizin yaxın olması…
Arif müəllim Azərbaycan Yazıçılar Birliyinin katibi olaraq müstəqillik dövrümüzün yeni ədəbiyyat – mədəniyyət quruculuğundakı rolu, söz ola bilməz, ədəbi-mədəni ictimaiyyətimiz tərəfindən yüksək qiymətləndirilir: o bəlkə də azsaylı ədəbiyyat adamlarımızdan idi ki, gənc, orta və yaşlı nəsiz yaradıcı qüvvələr arasında əsl inam körpüsünə çevrilmişdi. Nəsil-nəsil ədəbi gəncliyin yaşlı yazarlara, zəmanəyə, sözə qarşı “qiyamlar”ını dağıdıcı “inqilab”lardan harmonik – “kreativ islahatlar”a yönəldən şəxsiyyət idi.
Məhz Arif Əmrahoğlunun əsas amalı bu idi: çevirilişləri, liberal dəyişiklikləri real həyatdan çox, ədəbiyyatda, sənətdə, düşüncədə, estetik dəyərlərdə etmək vacibdir ki, cəmiyyəti, insanları dəyişmək, qabağa aparmaq, zəmanəni idarə etmək mümkün olsun. Əslində bu amal da onu gözümüzdə – indi isə xatirəmizdə yüksəldir, Arif Əmrahoğlu bu mənada özü də Zamanın Arifinə çevrilə bildi…
Artıq bir neçə aydır ki, ədəbi-mədəni ictimaiyyətimiz Arifsiz qalıb: onun yeri həyatda da, söz və intellekt sahəsində də, dostlarının qəlbində də görünsə də, sevgimizin-sayğımızın bir ünvanı olaraq ruhumuzda yaşamaqdadır bu zəmanəmizin Arifi, çünki həyatı, fəaliyyəti, yaradıcılığı, düşüncələri ilə birlikdə zamanın özünün bir hissəsinə çevrilməyi bacaran şəxsiyyət idi o…(kulis.lent.az)
Yazıya 497 dəfə baxılıb