(İradə Aytelin “Ölüm nədi ki, a zalım” başlıqlı şeirindən sonra…)
Ölüm nədi ki, a zalım,
ölümdən də var betəri,
Bilirsənmi nələr çəkdim,
…nələr
səndən ötəri.
elə susdum
eşitmədin…
ahımı da çəkdim içə.
heçmi səni üşütmədi
yad qoynunda keçən gecən?
Heçmi əlin titrəmədi,
Heçmi dilin dolaşmadı,
Heçmi özgə baxışında
Büdrəmədin, dolaşmadın?
Məni saran bu səssizlik
Heçmi sənə ulaşmadı?
Soyuq evə, otağıma,
Balışıma, yatağıma,
Özgələrə, öz-özümə
Səpələnib dağıldıqca
Yığmağa heyim olmadı,
Bilirsənmi əl uzadıb
Hay ver, hoy ver söyləməyə
Nə Yerim, Göyüm olmadı.
Bilirsənmi arzularım
Sur oldu, qayım olmadı,
Bilirsənmi elə öldüm,
…öldüm
vayım olmadı.
Ölüm nədi ki, a zalım,
ölümdən də var betəri.
Bilirsənmi nələr çəkdim,
…nələr
səndən ötəri.
İradə AYTEL
Bu şeir, insanın daxili aləmində baş verən ən ağır mənəvi qəzanın – səssiz və tənha məğlubiyyətin poetik tablosudur. Müəllif fiziki ölümü bir son deyil, sadəcə bir keçid hesab edir və əsl faciənin insanın ruhən, həm də tamamən unudaraq, unudularaq məhv olmasında görür.
Bu şeirin bədii və fəlsəfi təhlilini bir neçə əsas xətt üzrə qruplaşdırmaq istəyirəm: şeir “ölüm nədi ki, a zalım, ölümdən də var betəri” fəlsəfi bəyanatı ilə açılır və elə bu xətlə də qapanır. Burada ölüm adiləşdirilir, çünki ölüm fiziki bədənin sonudur. Müəllif üçün əsl “betər” olan şey isə – yaşaya-yaşaya ölmək, sevgidə və xatirələrdə yox olmaqdır. Şair fiziki ölümü deyil, hisslərin qəbrini təsvir edir. “Vayım olmadı” ifadəsi ilə insanın öz yasını belə tək, kimsəsiz və adsız-sansız saxlaması faciənin kulminasiya nöqtəsidir.
Mətndə diqqətçəkən ən güclü motivlərdən biri səssizlikdir. Bu, passiv bir sakitlik deyil, daxili gərginliklə dolu bir hayqırışdır:
“elə susdum eşitmədin… ahımı da çəkdim içə.”
İnsanın öz ahını içinə çəkməsi, ətrafa yayılmaq istəyən ağrını zorla boğması deməkdir. Müəllif bu səssizliyin bir müddət sonra hüdudları aşaraq qarşı tərəfə yetişəcəyinə ümid edir (“Məni saran bu səssizlik, heçmi sənə ulaşmadı?”), lakin bu ümid də boşluqda qalır.
Şeirdə “yad” və “özgə” anlayışları qarşı tərəfin xəyanəti və ya uzaqlaşması kontekstində verilir. Lirik qəhrəman sevdiyi insanın yad qoynunda, özgə baxışında büdrəməsini, peşman olmasını gözləyir. İnsani bir təbiətlə, qarşı tərəfin vicdanının sızlayıb-sızlamadığını sorğulayır. “Heçmi əlin titrəmədi, Heçmi dilin dolaşmadı?” Bu suallar əslində bir qisas hissi deyil, itirilmiş doğmalığın yaratdığı dərin bir təəssüf və heyrətdir.
Şeirin ən təsirli bəndlərindən biri lirik qəhrəmanın daxili dünyasının və məkanının parçalanmasıdır:
“Soyuq evə, otağıma, balışıma, yatağıma… və.s. səpələnib dağıldıqca” insan daxilən elə bir fəlakət yaşayır ki, onun mənəvi varlığı hissələrə bölünərək əşyalara süzülür. Və bu dağınıqlığı toplamağa fiziki və mənəvi güc (“hey”) qalmır.
Arxasınca gələn “Nə Yerim, Göyüm olmadı” misrası tənhalığın miqyasını kosmik səviyyəyə qaldırır. İnsan artıq nə yerə sığır, nə göyə; o, varlığın tam mərkəzində tamamilə köksüz və sığınacaqsız qalır. Eyni zamanda, müəllif burada etiraf edir ki, o, nə fanilərə – insanlara (Yerə) sığına, nə də Əbədiyə – Allaha (Göyə) tapına bilir; acısını isə nə sözə, nə də duaya çevirə bilir.
Arzuların “sur” (yəni keçici, bəlkə də qiyamət şeypuru kimi bitirici bir səs) olması, lakin “qayım” (möhkəm, dayanıqlı) ola bilməməsi ümidlərin birdəfəlik dəfnidir.
Forma və ahəng baxımından şeir sərbəst və klassik xalq poeziyası elementlərinin (bayatı və qoşma ruhunun) sintezindən doğub. Format fərqli olsa da, misraların daxili ritmi və qafiyə sistemi (otağıma, yatağıma, olmadı, qaldı ruhunda) ona klassik bir axıcılıq verir.
Müəllif tərzinin bədii gücü misraların pilləli düzülüşü (“…nələr,səndən ötəri”,”…öldüm, vayım olmadı”) oxucunun nəfəsini tənzimləyir, sanki şairin danışarkən hıçqırdığı, dayandığı, dərindən ah çəkdiyi anları vizuallaşdırır. Biz burada şairin iç səsi ilə yanaşı, misraların da hıçqırığını eşidirik. Diqqət yetirsək görərik ki, əsasən gərayılı vəznində, səkkiz heca üzərində qurulan misralar bəzi bəndlərdə qırılaraq yeddi hecaya enir. Sanki şeirin özü də səsini içinə çəkib sükuta məğlub olur, yaxud hayqırtısını sükuta təslim edir…
Xalq dialektinə və mifologiyaya uyumlarıyla “Hay ver, hoy ver”, “vayım olmadı”, “sur”, “qayım” kimi ifadələr şeirin bədii dilini ağırlaşdırmır, əksinə, ağrının genetik hafizədən gələn köklərini üzə çıxarır.
Bu şeir sadəcə bir ayrılıq mətni deyil. Bu, mənəvi olaraq tamamilə talan edilmiş, lakin buna baxmayaraq öz dərdini ləyaqətlə, səssizcə və böyük bir poeziya gücü ilə daşıyan insanın daxili monoloqudur.
Sonda, alqışlayıram, duyğusal hissilərini bədii tablonun teatrında çox ustalıqla dramatikləşdirən müəllifi…
Dərin hörmət və izzətlə;
VAQİF HİCRAN
Yazıya 17 dəfə baxılıb








